Страница 5 из 9 · 44%

– Nə dərnək?

– Gəncədə Süleyman Mehmandarov adlı bir gimnaziya tələbəsi var. Bu tələbə sosialistdir. Buraya gəlib, beynəlmiləl bir təşkilat yapmışdır.

Xaçaturyan da onun üzvüdür. Xaçaturyan bizə leksiya oxuyacaq.

– Bu yaxşı fikirdir, ancaq heyf ki, mən gedirəm. Istəyirsən, Mürsəli

cəlb et.

Rəcəb düşündü.

– Nə bilim, görək, – dedi.

Bu əsnada Həsənlə Mürsəl yanaşdı. Həsən həmişəki kimi bığlarını burub, zümzüməsinə davam edirdi, Mürsəl də belini əyib, çənəsindəki yumşaq tükləri burmaqda idi.

Həsən istehza ilə:

– Gecə keçir, – dedi, – gəlin gedək, bozbaşımızı yeyək, yataq.

Yoxsa indi atam gələr əlində fanus bura çıxar, qızların yanında rüsvay olaram.

Hamımız qəhqəhə çəkib güldük. Həsən zarafatında davam edirdi:

– Zalım oğlunun bir papağı da var arşın yarım. Atalarımızın arasında yenə Mürsəlinkindən yaxşısı yoxdur. Bir iş var ki... onun da papağı təkər kimidir. Buradan buraxsan düz bulvarın aşağısında dayanar.

Ha-ha-ha.

Atalarımızın sözü danışılanda utanardıq, Mürsəl də qızarıb, Həsənin qoluna girdi və ortalığa söz qatmaq üçün:

– Bir segah de, qulaq asaq, – dedi. Həsən gülə-gülə:

– Segahı neynirsən? Indicə evə çatdıqda atamız bir elə segah deyəcək ki, dadı sabaha qədər damağımızdan getməyəçək. Bu saat yatıblar (xasiyyətləridir – gün batan kimi soyunurlar), elə ki, darvazanın döyəcəyini üç dəfə kəlmə-kəlmə vurdum, biləcək mənəm. Bu kifayətdir, zümzümə başlayacaq: “Başınıza dönüm, – deyəcək, – adam da bir bu qədər gəzərmi? Axır bilmirəm o bulvarda nə var ki, bu oradan üəl çəkmir. Biz görmüşdük bağa gəzməyə gündüz gedərlər, daha gecə getməzlər, özü də hər gün yox, düşəndə bir. Bu, iş-peşə eləyib...”.

Deməli qapıya gəlincəyə qədər “çalacaq”. Mən də adət eləmişəm, heç dinmirəm. Deyir, deyir, yorulur.

Rəcəbin də yaraları təzələndi, o da atasından şikayətə başladı:

– Mənimki də tutub ki, gəl məktəbdən çıx, səni evləndirim. Həmişə də məsəl çəkər, deyər: “Uzun ayaq zibil gətirər”.

Həsən gülə-gülə Rəcəbin sözlərini kəsdi:

– Sənin də ayaqların yaxşı ki, gödəkdir. Ha-ha-ha. Yoxsa kişinin evini lap zibillərdin.

Rəcəb Həsənin sözlərindən pərt oldu. Çünki alçaqboy və gödək ayaqlı olduğundan dilgir idi. Bunların xatırlanmasını istəməzdi.

Bir müddət sakit keçdi. Ermənilərin işıq və geniş küçələri bitib, bizim dar və qaranlıq küçələr başlandı...

Həsən sükutu pozdu:

– Başına daş düşsün, müsəlman, – dedi. – Bircə küçələrə bax, uçuq daxmalara bax. Barı lağımların üstünü də örtdürmürlər ki, bəlkə bu üfunət kəsilə.

– Kim örtdürəcək, – dedim. – Şəhər idarəsində adamımız yoxdur ki. Orada bir neçə hacı var, onlar da iclas zamanı yatırlar.

Hamı susdu. Sanki bu xalqın ayılmasına kimsənin inamı yox idi.
Mən də şapkamı qəmli gözlərimin üstə çəkib, dərin bir sükuta daldım.

7 həziran. Eyni məsələ, həyat məsələsi həmişə məni düşündürür.
Şüur nə böyük əzabdır! Dünyada insan bir dəfə yaşayır, gənclik müvəqqəti bir hədiyyədir – bunları dərk edirəm, lakin istifadə edə bilmədiyimdən yanıb bitirəm. Yaşayışımız bir yaşayışmı? Çıxacaq lazım – bunu da bilirəm, ancaq yolu itirmişəm... Atalar deyir: “Sabah gününə qızmayan axşam gününə heç qızmaz”. Mənim gənclik sabahım elə sislərə dalmış ki, günəşin istisinə ümidim heç də qalmamışdır. Gəncliyimin bütün zinəti yoxsulluqdan ibarətdir. Başqaları qızların nəzərini cəlb etmək üçün gündə bir paltar geyir. Mənim də allahdan istiğasəm budur ki, çəkməm tez yırtılmasın, şalvarımın arxası tez deşilməsin. Çünki (Allah eləməsin) mənə belə bir müsibət üz versə, tamamilə halım xarablaşar. Odur ki, səhər yuxudan oyanar-oyanmaz təftiş başlanır: acı bir iztirabla çəkmələri qaldırıb altlarına baxıram, üstlərini əlləşdirirəm, dabanlarını gözdən keçirirəm. Sonra qorxa-qorxa şalvara əl atıram, qaldırıb arxasını işığa tuturam... Süzülüb işıq verdikdə şalvar əlimdən düşür, ixtiyarsız halda donub qalıram. Bir az keçmiş öz gözlərimə inanmamağa başlayıram: yenidən şalvarı qaldırıb diqqətlə tamaşa edirəm. Hövsələdən çıxıram. Əlac nədir? Bilirəm atam pul verməyəcək, “niyə tez yırtıldı?” – deyə hələ məni də lazımınca məzəmmət edəcək. Özümün də ki, pulum yoxdur, iyirmi-otuz manta dərsdən pul qazanmışdım, o da kitaba, dəftərə və başqa xərclərə getdi. Ümidimi yenə atama bağlayıram. Anamı öyrədirəm ki, atamı yola gətirsin. Atamın da yola gəlməsi neçə ay çəkir. Tərs kimi də paltarın yırtılması mayisin sonuna təsadüf edir. Istidən paltolu gəzmək olmaz, paltosuz da cırıqlar göz qarşısında... Başqaları gəzib əylənəndə mən də evdə oturub cırıq dərdi çəkirəm.

Bədbəxtliyə bax ki, bu gün baxıb görürəm çəkməmin üstü çatlamış. Bilirəm bir-iki gündən sonra deşiləcək...


Bu axşamı da keçirdik getdi. Bu gün Rəcəb axşamadək bizdə idi. Naharı da bir yerdə elədik. Rəcəblə dostam. Onunla mənimki tutur. Qeyri-mütəəllimlər kitabdan dilxordurlar. Rəcəbdə bu sifət yoxdur. Bu da mənim kimi şairpərəstdir. Həmişə şairlərin xoşumuza gələn əsərlərini bir yerdə oxuyuruq. Bunun ən sevdiyi şair Lermontovdur, mənimki lord Bayron. Mən də Lermontovun aşiqiyəm, amma təqlidim Bayronadır. Tez-tez tərcümeyi-halımı onunku ilə müqayisə edirəm.
Onun təsviri həmişə yanımda olur.

Bu gün də Henrix Heynedən bir qədər tərcümə elədik. Şeir albomum bir az da dövlətləndi. Dindar bir adam müqəddəs kitablardan həzz anlayan kimi mən də şeir albomumdan ruhani bir ləzzət aparıram. Ürəyim dərdlənəndə bağçanın bir guşəsinə çəkilib oxuyuram. Kərəm kimi od tutub yanaram, göz yaşlarım həzin-həzin yanağım aşağı axar. Özgələrin şeirləri dərdlərimə tərcüman ola bilməzsə, öz şeirlərimlə halımı bəyan etməyə çalışaram. Amma şeirlərimi bir kəsə oxumaram. Çünki onlar hisslərimin vasitəsidirlər. Bu vasitəlik bir sirri-müqəddəslə əhatə olunmalıdır. Mən özümü balaca bir şair hesab eləyirəm. Ürəyim də şair ürəyi kimi yaralıdır. Dərdlənəndə yaralarımdan soyuq qan axmağını hiss eləyirəm...

8 həziran. Sabah tezdən gedirəm. Allah eləyəydi, daha tək səbir gəlməyə idi. Bir tərəfdən sevinirəm, bir tərəfdən də ürəyim açılmır. Şad ola bilmirəm. Həmişə mənim şad olmağımda da bir ürək sızıltısı gərək olsun. Tutqun qəlbimlə ətrafımdakılara “xudahafiz” deyirəm. Əlvida! Ey sevgili kitabxanam. Sağlıqla qal, istəkli Bayronum. Kim bilir, bəlkə geri qayıtmayacağam. Bəlkə qəza qürbət ellərdə mənə əcəl şərbəti hazırlayır. Bağçam təkcə qalacaq. Gül bülbülsüz, bağça Muradsız olarmış. Salamat ol, gözəl bağçam. Rayihənlə damağımı çox oxşamısan. Qəmli dəqiqələrimi, ənbərəfşan çiçəklərinlə əhatə edib mənə şadlıq nə olduğunu dəfələrlə anlatmısan. İndi səni, zəhmətlərim məhsulunu qoyub gedirəm... Ağlama, vəfasız yarlı qızcığazlar kimi çox da döyükmə. Ötər aylar, dönər illər, məni də unudarsan. Keçmişim qəm, hal-hazırım qəm, gələcəyim naməlum...

15 həziran. Dünən sabah ertə gəlib A şəhərinə çıxdım. Hava qayət isti idi. Belə isti mən ömrümdə görməmişdim. Lakin istidən artıq dilgir olmuram.

Çünki şəhərimiz məni o qədər təngə gətirmişdi ki, oradan çıxıb cəhənnəmə də getməyimə razı idim. Bura ki, cəhənnəm deyil. Bizim şəhərdən çox-çox gözəldir, O köhnəlik, qədim adət və qaydalar gərək burada olmasın. Camaatı da sözbaz, əxlaqı pozğuna bənzəmir – çoxu əcnəbidir.

Düşdüyüm evdən də razıyam. Xalam və əri pis adama bənzəmirlər. Mənim yolumda çox zəhmət çəkirlər. Dünən axşam mənim görü-

Söhbət Aşqabaddan gedir.

şümə çoxluca kişi gəlmişdi. Bunların birini də tanımıram. Şəhərimizdən çoxdan çıxıblar. Xalamın əri qonaqların yanında mənimlə aşkarca fəxr eləyirdi. Mən danışdıqca hamı gözlərini tabe bir halda mənim ağzıma dikirdi. Biçarələr elə yazıqdırlar, elə elmsizdirlər. Başları xırda ticarətə qarışıb, bilmərrə dünyadan xəbərləri yoxdur. Xalamın əri bir balaca arifləşib, özünün savadı yoxdursa da, “Molla Nəsrəddin” oxunanda guş və huşla qulaq verir. Tez-tez gülür və deyir: “Köpək oğlu Molla Nəsrəddin qərib bijdir”. Xalam avam bir arvaddır. Şapkama yapışdıqdan sonra əlini suya çəkir, deyir onu urus tikib.

Dünən axşam qonaqlar gedəndən sonra məni o ki, var üzərlik tüstüsünə verdi, qorxur ki, qonaqların gözü mənə dəysin. Xülasə, bura da bizim ev kimi avamlıq və nadanlıqdır. Lakin incimirəm: xalam və əri çox sadəlövh və səmimi adamdırlar. Məni də çox istəyirlər.

16 həziran. Bu gün şənbə olduğu üçün bazarda şenlik çox idi. Məni bir xeyli müsəlmanla tanış elədilər. Görünür, şəhərdə iki müsəlman studenti və bir neçə gimnaziya şagirdi var. Bir xeyli də xırda məmur var. Bunlar buranın arifləridirlər. Qəribə burasıdır ki, cəmi şəhərdə məndən başqa realni şagirdi yoxdur. Amma qəribə qızlar da var. Buranın məktəb qızları göy zolaqlı paltarda və ağ döşlükdə gəzirlər. Bu libas qızlara çox yaraşır. Bunları gördükdə adamın ruhu həllənir.

Случайное стихотворение

Другие произведения автора

Qibleyi-aləmin xalısı

Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.

3 мин
Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 мин
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 мин
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 мин

Стихи других поэтов