Страница 7 из 9 · 67%

25 həziran. Dünən evdən çölə çıxmadım. Bu gün də deyəsən çıxmayacağam. Bazar ertəsi bazarda şenlik olmur. Çox darıxıram. Gündüzlər evdə, gecələr də getməyə yer yox. Qiraətə də meylim kəsilib.
Gətirdiyim “İctimaiyyət və arvad”, “İqtisadi söhbətlər” oxunmamış durur. Nəqahətim var. Bu istidə yorğana bürünüb otururam. Qoy ömürdən yarıyanlar ölümdən qorxsunlar. Mən ki, dirilikdən bir fayda görmədim. Vəfasız ömür. Birinə xoş, birinə acı ömür. Mənə qara boyanmış ömür. Doğrusu səndən narazıyam. Çünki nəzərini məndən çəkmisən. Bir cansağlığı nədir ki, onu da məndən əsirgəyirsən. Mənə mal-dövlət vermədin, yaxşı tərbiyə vermədin, şöhrətli milli ad vermədin, şəxsi səadət vermədin...

27 həziran. Gördüm. Ziyarətinə nail oldum. Kitabxanaya gedirdi.
Arxasınca getdim. Bütün yollar onun lətif qoxusu ilə dolmuşdu. Damağım cənnəti duydu. Gözəl, kitab qiraəti ilə məşğuldur. Görəsən nə oxuyur? Romanmı? Qəhrəmanlara rast gəldikdə məni yad edirmi?
Görəsən eşq qəmini duyurmu? Mənim çəkdiklərimin mində birini hiss edirmi?..

28 həziran. Allah bizi müsəlmanların qaranlığından hifz eləsin.
Amin!

Müsəlman şagirdlərinin içində Qulam adlı birisi var. Bu bədbəxt Qulam 18 yaşında hələ üçüncü sinifdədir. Oxumaqdan soyuyub. Məktəbdən çıxmaq istəyir. Dədəsi də buna çox razıdır. Mən buraya gələni Qulam mənimlə dost olub və təhsilində davam etməyə qərar verib. Yenidən dəri papağını çıxardıb şapka qoyub. Dədəsi rus şapkasından dilgir olub deyir:

– Murdar şapkaları başına qoyunca gəl gül kimi dükanımızda otur, alış-veriş elə. Və “gül kimi dükan”da baqqal dükanıdır. Məndən təvəqqeeləyir ki, Qulamın başından oxumaq sevdasını çıxardım. Mən də işə qarışmıram...

Dünən axşam qapılarını döyürəm, dədəsi çıxır. Salam verirəm və deyirəm:

– Qulam evdədirmi?

– Evdədir. Nə eləyirsən başına dönüm? – deyir.

– Kluba aparmaq istəyirəm.

“Klub” sözünü eşitcək, kişi dəli olur, tüstüsü vurur başına, özünü güclə sakit edib deyir:

– Ağrın alım, bu sözü səndən heç gözləmirdim. Klub mənim oğlumun yeri deyil.

Məsələyə meydan verməyib keçirəm.

Bu gün yeznəmi bazarda tutub, gilayə torbasını açıb. Klubu biədəb bir yer sanırmışlar. Yazıq müsəlmanlar. Fahişəxanalara övladlarını göndərməyə heç də maneə göstərmirlər. Çocuqların pak bir şadlıq mənbəyi klubdan qorxurlar. Yazıq bizə!

29 həziran. Qəribə işlər. Özüm də məəttəl qalmışam. Ciddi adamlara yaraşmayan hərəkət. Dünən bazarda “Qaragözləri” gördüm. Mənə adi təbəssümünü bağışladı. Məst olaraq arxasınca getdim. Yolda qarşıma Qulam çıxdı. Birinci dəfə olaraq duydum ki, Qulam da “Qaragözlərin” düşkünüdür. Qulamdan təvəqqe elədim ki, getsin bazara. Fikrim bu idi ki, tanış olam və sonra Qulamı da tanış edəm. Qulam getdi. Mən “Cənnət guşəsinə” çəkildim. “Qaragözlər” bacılığı ilə küçədə gəzirdi. Yavaş-yavaş getdim. Bunlar da mənim dalımca.

Aralarında pıçı-pıçı danışıb gülürdülər. Mən duruxdum. Bunlar qarşımdan keçdilər. Ürəyim şiddətlə döyünməyə başladı. Qulaqlarıma gurultu dolurdu. Keçdikdən sonra dönüb dala baxdılar. Yenə gülümsündülər. Guya mənimlə oynamaq istəyirdilər.

Ay ağacların arasından çıxmışdı, bədirlənmişdi. Elə bil mənim halıma gülürdü. Birdən utandım. Ciddi sima ilə geri döndüm. Küçənin döngəsində marağım ciddiyyətimə qələbə çaldı. Dönüb geri baxdım.
Könlüm “Qaragözləri” yenidən şiddətlə istəməyə başladı.

30 həziran. Kefsizləmişəm. Xalam yanımdan bir dəqiqə uzaqlaşmır.

2 təmuz. Mən bazara çıxmayandan bəri çox işlər olub. Axşamçağı küçə ilə keçirdim. Gördüm uşaq-muşaqlar oturub “Qaragözlərin” evinin qabağında. Qulamı da burada gördüm. (Deməli Qulam “Qaragözlərilən” tanış olub). Xülasə təzim edib keçdim. Birdən Qulam məni çağırdı. Döndüm. Mən döndükdə “Qaragözlər” bacılığı ilə durub qaçdılar evlərinə. Qulam da məni çağıra-çağıra bir də başladı öyüd verməyə. Guya qızları mən qaçırmışam. Çünki tanış deyilmişəm. Pərt oldum. Acığım tutdu. Nə qədər fikirləşdim, özümdə heç bir təqsir görmədim. Bütün qəbahət Qulamda oldu. O məni çağırma-

“Qaragözlərin” iqamətgahı mənim üçün cənnət güşəsidir (müəllif)
2 Iyul

saydı, mən də geri dönməzdim. Geri döndüyüm üçün də qızlar pərakəndə düşdülər. Bu nə vəhşilik? Mən xortdan deyiləm ki, məndən qızlar qorxurlar?..

3 təmuz. Dünəndən bəri çox dəyişilmişəm. “Qaragözlərin” məndən qorxub qaçması közlərimi açdı. Indiyə kimi onun yolunda çəkdiyim qüssələrimə heyfsilənirəm. Heyf ürəyimin sızıltılı həyəcanı, heyf közlərimin bakir yaşları. Bütün çəkdiklərim vəhşi bir qızcığaz üçün imiş.

Ayıldım. Ağlımın ürək hiyləsinə uğradığını duydum. İxtiyar və iqtidarım da ayıldı. Varlığımın dərin guşələrindən səslər eşidilir; ağıl qüvvəsini toplasın, ürək sərhəddinə çəkilsin. Bütün şiddətimlə əmr edirəm: nəfsim ağlıma tabe olmalıdır, gözlərim çocuq hərəkətindən əl çəkməlidir. Ayaqlarım arsız bir surətdə südəmər uşaqların dalınca yüyürməməlidir, Bədənimin cəmi əzası nizamını itirməyərək öz vəzifəsi ifasına məşğul olmalıdır. Bunlar olmalı.

4 təmuz. Məsələ aydınlaşdı. O gündən rahatlıq görməyən Murad bu gün sakit oldu. Bir şagirdlə danışdım. Görünür ogünkü hərəkətimdə heç bir qəbahət yoxmuş. Ancaq mən “tatar” olduğumdan bir azca şübhəli imişəm. Sözün açığı: ləkəli imişəm.

Mən belə güman etdim ki, mənə də adi nəzərlə baxılır. Çünki mən edadi şagirdiyəm. Ağlım və biliyim də qeyrilərindən əskik deyil. Amma yox – mən “tatar” imişəm. Mənim üçün din və millət bir o qədər də mənalı şeylərdən deyil. Millət və məzhəb ayrılığı olmayaraq bəşəri sevirəm. Insanlar arasında məncə fərq yoxdur. Ancaq qüsurum bu imiş ki, “tataram”.

Cavanam. Bakir paklığıma xələl yetişməyib. Bütün qız və arvadları bacı deyə, tanıyıram. Günahım yalnız budur ki, “tataram”.

5 təmuz. Dünən dərd məni götürmüşdü. Axşam baş götürüb şəhərdən çıxdım. Hava sərin idi. Dərin sükut içində yaşayan qum təpələrinə qəmli addımlar ata-ata çıxdım. Məsud həyatdan uzaq, təbiətin laqeyd ağuşuna yıxıldım. Bütün varlıqdan bezmişdim.

Ay buludlar arxasında gizlənmişdi. Ayın bu gizlənişində guya dərin bir sirr var idi. Guya ağca buludlar onun eşqinə mübtəla olub ətrafına toplanmışdılar. Hərdən ay buludlardan xilas olub bədirlənirdi və narın şüasını sədəf danələri tək kainata səpirdi. Bu bədirlənməkdə o qədər hüsn və məlahət var idi ki, buludlar məst olurdular və ayı yenidən bağırlarına basıb kökslərində gizləyirdilər. Buludların səadətə nail olmaqlarına həsəd aparırdım. Çünki mən də onlar kimi eşq sevdasına mübtəla olduqda məhbubəmə həsrət qalmışdım və çoxdan bəri tanışlığa müvəffəq olmayıb hicranına odlanırdım. Buludların xoşbəxt dəqiqələrinə tamaşa edib həsəd aparırdım. Bunlar azad idilər. Din və milliyyətə tabe deyildilər. Bunlar üçün təzyiq və məhdudiyyət yox idi.

Mən də bulud olmaq xəyalında idim. Ağca buludlar, – deyirdim – sizing ruh və qəlbiniz də ağ, gününüz ağ, könlünüz şad, meydanınız geniş. Ağca buludlar – qəmsiz dərvişlər. Mən də sizin kimi məsud olmalı idim.

6 təmuz. Kluba getmişdim. Bir uşaq vasitəsilə “Qaragözlərlə” (adı Asiya imiş) danışdım. Görünür, heç kəs mənim hərəkətimdən təhqir olunmayıb. Ancaq... mən “tatar” olduğum üçün bir az şübhəliyəm...

7 təmuz. Asiyanı gördüm. Həmişəki deyil. Dodaqlarındakı təbəssüm yox olub. Gözləri də qəmli görünür. Yəqin bilir ki, mən ondan rəncidə-xatir olmuşam. Yenə eşq odu məndə şiddətlənir. Çünki Asiyanın gözləri qəmləndikcə mən də qəmə boğuluram. Yox, onun könlü sıxılınca mənim həyatım məhv olmalıdır.

8 təmuz. Asiya evlərinin qabağında oturmuşdu. Qəsdən yan küçəyə döndüm ki, onunla qarşı-qarşıya çıxmayım. Rəsmi tanışlıq axtarıram ki, mübahisəyə kirişim. Milli qüsurlara görə millətdən nifrətlənməməlidir.
Bu barədə ciddi olaraq danışmalıdır.

10 təmuz. Bazarda yoldaşların arasında birdən gəzmək fikri meydana çıxdı. Şad bir halda, toplandıq. Getdik tədarük görməyə. Ət aldıqda tacir Səfər gördü. Marağı, görünür, həyəcana gəldi. Arxamızca düşdü. Səfər istəyirdi bizim orucluqda gəzməyə getməyimizi isbata yetirsin. Dükanbədükan gəzdikcə bu da bizimlə gəzirdi. Axırda tab edə bilməyib soruşdu. Biz də cavab vermədik. Sabah tezdən küçəni kəsdirmişdi; işi dürüst bilmək istəyib.

Şeyləri faytona yığdıq və qarmon çala-çala yola düşdük. Yandı töküldü.

Tacir Səfərin azarı var. Şəhərdə olan hadisələrdən onun gərək xəbəri olsun. Gecələr pəncərələr dalında pusar, gündüzlər də küçələrdə pələsək vurar.

Qəribə insanlar var.


Gəzmək çox gözəl keçdi. Amma axşam şəhərə qayıtdıqda bir az qorxduq. Bazarda güllələr atıldı. Dedilər dava düşdü. Xalq bir-birinə dəydi. Görünür, dükan basıb pul aparırlarmış.

11 təmuz. Gün gündən keçir. Tanışlıq yoxdur. Əvvəlcə asan görünən getdikcə müşkülə düşür... Bu saat Asiya yanımda olsa idi, diz üstə düşərdim. Tövbəsi qəbul olmuş asi kimi şadlıq yaşları tökərdim. Başımı söykərdim onun pak qoluna, Kəbə ziyarətini duyardım. Amma o burada yoxdur, ürəyim xəzan görmüş bülbül kimi nalə və fəryad eləyir...

Случайное стихотворение

Другие произведения автора

Qibleyi-aləmin xalısı

Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.

3 мин
Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 мин
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 мин
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 мин

Стихи других поэтов