Страница 1 из 2

Yuxudan anlaşılmaz bir nikbinliklə ayıldım. Dünya mənə o qədər gözəl, o qədər cazibəli göründü ki, heyrətimdən şaşdım, qaldım, halbuki vəziyyətim seviniləcək bir halda deyil idi. Bir ay idi ki, fabrikdən qovulmuşdum, yeni iş tapmaq mümkün deyil idi, aclıq da məni tabdan salmada idi. Bunlara baxmayaraq xoş bir hisslə yataqdan qalxdım, geyindim, yuyundum. Birdən mənə bir zəiflik gəldi, vücudumu tər basdı, kürsünün üstə çökdüm, başım gicəlləndi. Bir neçə gün idi ki, bişmiş yeməmişdim, dünən bir parça yavan çörəyi belə güclə tapmışdım. Bu sabah yavan çörəkdən belə məhrum idim.

Bir-iki dəqiqə qulaqlarım cingildədi, sonra özümə gəldim. Nikbin və ümidbəxş hiss məni tərk eləməmişdi; dünya yenə gözəl, həyat yenə dadlı idi. Bir də ağlıma bir fikir gəldi – cəld durub, divardan asılan paltarlarımın ciblərini axtarmağa başladım. Dəlik-deşik cibləri birbəbir əlləşdirdim, böyük diqqətlə tədqiq etdim, əlimə bir şey keçmədi. Qəribə burasıdır ki, köhnədən, yaddan çıxıb qalmış pul olar, deyə son həftə hər sabah bu ciblər eyni diqqət və ümidlə araşılmışdı, bir şey tapılmamışdı. Bunu bilə-bilə bu dəfə də paltarlardan şübhə ilə aralandım, fikirləşdim və ümid məni tərk etmədi.

Dolaba yanaşdım. Sınıq qapısını cırıltı ilə açdım, camaşırları qaldırdım, üst gözü nəzərdən keçirdim – nə pul və nə də yeyiləcək bir şey gözə çarpdı. Orta gözü daha diqqətlə araşdırdım: bir boşqab, bir fincan və bir sapılcadan ibarət mətbəx müxəlləfatımı bir tərəfə topladım, boş şəkər qutusunu itələdim... Burada da qarın doyuracaq bir şey tapa bilmədim.

Təkrar kürsünün üzərinə çökdüm, nəfəs almağa başladım, zəiflikdən vücuduma gələn təri soyutmağa çalışdım... Xoş və tühaf hisslər ruhumu oxşamaqda idi.

Bir də məndə bir laqeydlik hasil oldu: yaxşı və yaman, ləzzət və əzab, səadət və bədbəxtlik... gözümdə əsil mənalarını itirdilər. Bu boşluq içərisində ayağa qalxdım, istər-istəməz dolabın alt gözünü nizama salmağa başladım. Qəzet və kitabları bir tərəfə yığdım, kirli camaşırı bağladım və atılıb qalmış köhnə kordon qutuları yerbəyer etdikdə heyrətimdən donub qaldım... siçanlar tərəfindən qaçırılıb burada tərk olunmuş bir parça çörəyə rast gəldim. Bilmirəm hansı bir nagahani qüvvə ilə barmaqlarım bu qurumuş və toz basmış parçaya sarıldı...

Bir dəqiqə koridora çıxıb, çörəyin tozunu təmizlədim, qurna altında yudum və sonra dəsmala sarıyıb yastığımın altına qoydum.

Oturub, çörəyin yumşalmasını gözləyirkən laqeydlik vücudumu tərk etmişdi. Çörəyi yeyib, eyni hisslə də oteli tərk etdim.


Otelçiyə bir neçə yüz frank borcum var idi. Onun üçün qapıdan elə çıxdım ki, otelçi məni görmədi. Küçədə rahat və asudə nəfəs ala bildim. Ac idim, lakin iştaham elə küsmüşdü ki, könlüm nə istədiyini belə kəsdirə bilmirdim. Fikirsiz və müəyyən plansız bir halda küçə ilə getdim.

Sena çayına tərəf yönəldim, bir də durdum: yediyim çörək parçası daş kimi mədəmə yığılıb, məni incitməyə başladı. Nəfəsim kəsilən kimi oldu, elektrik dirəyinə söykənib qaldım. Tər vücudumu təkrar bürüdü. Yanımdan keçən bir müsyönün papiros tüstüsü məni bir müddət məşğul etdi. Havada layla duran tüstüyə burnumu yaxınlaşdırıb qoxuladım, dərin bir həzz duydum. İki gün dəf olunmamış tütün nəşəsi bir az sakit oldu və süst fikrim açılmağa başladı. Məndə anlaşılmaz bir ümid canlandı, həyata və yaradılışa qarşı istehza ibraz edən bir təbəssüm dodaqlarımı əydi.

Sancıdan özümü toxdadıb, bir az da getdim: fabriklərin mənhus bacaları gözümə sataşdıqda, sinirləndim, içimə dərin bir soyuqluq çökdü, geri döndüm.

Məqsədsiz və plansız yürüməmdə yenə davam etdim. Fikrimdə bir boşluq hökmfərma idi. “Dünən” və “sabah” mənim üçün mənadan məhrum idi. Yaxşı, yamanlıq, toxluq və aclıq məfhumlarına qarşı yenə yad və laqeyd idim.

Bu boşluq və laqeydlik içərisində yürüdüm. Bir də yolla keçənlərdən birisi nəzərimi özünə cəlb etdi:

– Xristofor! – deyə bağırdım.

Ayaq saxladı, durdu. Sərt bir nəzərlə mənə ayaqdan başa qədər baxdı, tanımadı.

Yaxınlaşdım. Laübalı bir surətdə əl uzatdım:

– Bakıda məktəbdə bərabər oxuyurduq, unutdunmu? – dedim.

Heyrətəngiz bir təbəssüm üzünə yayıldı, cürətsiz əlini uzadıb, əlimdən yapışdı:

– Familiyanız nədir? – dedi.

Özümü nişan verdikdə bərk-bərk əlimi sıxdı:

– Bağışla, heç tanımadım, – dedi, – təbii deyilmi, o zamandan neçə il keçir?

Bir az fikirləşdim, hesabladım, dedim:

– On yeddi il!

– On yeddi! – deyə içini çəkdi, qəhqəhə ilə güldü və sonra siması cəld dəyişdi:

– Bu on yeddi il nə tez gəlib getdi, – dedi və dərin fikrə qərq oldu.

Mən də məyus oldum: həyatımın gözəl bir hissəsinin keçdiyini yavaş-yavaş dərk etməyə başladım. Nikbinlik dumanı fövrən qəlbimi tərk etdi və həyatımın nə qədər acı olduğunu duyub kədərləndim. Bir də sancı təkrar məni incitməyə başladı, tər içində divara söykəndim.

Xristofor sevinc və heyrətlə:

– On yeddi il əvvəl söyləsə idilər ki, bir zaman Parisin kənarında kiçik bir şəhərdə görüşəcəksiniz – inanmazdıq. Gör həyat nə qədər qəribədir...

İndi de görüm, burada nə qayırırsan? Nə təhər oldu ki, buralara düşdün?

– Oldu, görürsən buradayam. Sən nə vaxt gəldin? Üç ildir buradayam, sənə ilk dəfə təsadüf edirəm..

– Mənim işim uzundur. Gedək qəhvəxanaya bir şərab içək.

Getdik və yol gedərkən dostumu nəzərdən keçirdim – başdan ayağa şıq geyinmişdi. Bunun halı məndə ümid doğurdu; dedim: “Yəqin xidməti var, mənə də bir yer tapar, aclıqdan qurtararam”.

Halbuki məsələ mənim təsəvvür etdiyim kimi deyilmiş. Qəhvəxanada birinci qədəhdən sonra Xristofor halını anlatdı.

– Əzizim, – dedi, ömrümüzün ən ləzzətli vaxtı məktəb zamanı imiş. Ondan sonra yollarımız ayrıldı. Bilirsən ki,mən hərbi məktəbə getdim; daha bir də bu günə qədər görüşmədik. Dünya müharibəsi, vətəndaş davaları, Vrangel ordusunun çəkilib getməsi – bunların hamısında iştirak etdim... təfsilata hacət varmı? – İllərcə sipərlərdə, ölüm qarşısında...

Xristofor susdu. Dərin bir yanğı ilə qədəhi başına çəkdi. Papiros çıxartdı. Qutuda qalmış son iki papirosu bölüşdük.

Böyük bir həzlə çəkə-çəkə soruşdum:

– Bəs Krımdan nərəyə getdin? Mən səni İstambulda görmədim.

– Bizi Çanaqqala civarına götürdülər, oradan Yunanıstana qaçdım.
Əvvəllər işlərim fəna deyildi: arvadımla bir restoran açdıq. Bir az pul qazanıb bir avtomobil aldım, şoferlik elədim. Bir gün arvadımın bir qrek tacirinə qoşulub getdiyini bildim. Həyatım alt-üst oldu. Məni vaxtilə sevən, yolumda göz yaşları axıdan bir qadının yoxsul günümə təhəmmül edə bilməyəcəyini təsəvvür etməzdim. Haldan çıxdım, dünya bütün ləzzətini gözümdə qaib etdi. Cinayətə qəsd etdim. Bir gün dənizə qayıq seyri yapdıqları vaxt qadını öldürüb, qreki də yaraladım.

Xristoforun rəngi üzündən götürülmüşdü, dodaqları titrəyirdi...

– Sonra? – deyə cəld soruşdum.

– Sonra nə olacaq ki, avtomobilə minib qaçdım, bir şirkətlə müahidə bağlayıb, əmələ sifəti ilə Fransaya gəldim. Məni Parisdən uzaq bir kənddə ziraət işinə qoydular... onda əcnəbinin və qürbətin nə olduğunu anladım. Bunlar bizim müttəfiqlərimiz idi. Axırda “müttəfiq”in nə zibil olduğunu bildim...

Xristofor yenə susdu. “Müttəfiq” sözü elə bil Fransada çəkdiklərini təkrar gözlərinin önünə gətirdi. Ruhunda qopan qələyan simasına da sirayət etdi – hiddətləndi, qəhvə dəsgahının qarşısında gəzinməyə başladı. Bir də cəld mənə yanaşdı:

– Əzizim, “müttəfiq”lərimizin mənim kimi zabitləri gətirib mehtərliyə qoyacağını bilsə idim müharibənin ilk günü padşahıma və hökumətimə qarşı üsyan yapardım!

Mən maraqla:

– Neçə aydır Fransadasan? – dedim.

– Altı aydır!

– Bəs nərədə idin?

– Beş ay kənddə işlədim. Sahibim hər sabah məni saat beşdə oyadırdı.

Vəzifəm səkkiz at və on beş inəyə baxmaq idi. Bunları təmizlədikdən sonra məni tarlaya göndərirdi. Axşam saat səkkizə qədər işləyirdim.

Yeməyimdən başqa mənə beş frank verirdi. Bu da papirosuma və dəlləyə gedirdi. Zatən dəlləyə getməyə belə vaxt yox idi. İşdən çıxar-çıxmaz başımı bir yerə atıb yatırdım... Pasportum sahibimdə, yol kirayəsi də yox – deməli qaça da bilməzdim. Nə isə, bir gün saxta bir pasportla özümü Parisə yetirdim... Bu gün, görürsən, bir yerdəyik.

Sözünü qurtarar-qurtarmaz Xristofor qəhqəhə ilə güldü və nəşə ilə məndən soruşdu:

– De görüm, harada qulluq eləyirsən?

– Heç yerdə!

– Bəs necə dolanırsan?

– Hər kəs kimi.

– Deməli, acsan, otelçiyə borclusan... iləx... xi-xi-xi! Deməli, mənim kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mirzə Əbdülvahab

Mirzə Əbdülvahabın bir sandıq dolusu kitabı var. Əksəri qayış cildli Təbriz basmasıdır. Mirzənin çox vaxtı bu kitablar ilə keçdiyi üçün özü də bir növ kitab olmuş – tərpətsən şer tökülər. Zahiri də xalis Təbriz basmasıdır–qulaqlarından tutmuş burnunun ucuna qədər bitən tüklər şikəstə xətt ilə yazılmış beytlərə bənzəyir.Mirzə Əbdülvahabın özünün də təbi-şeri var. Gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamini kimsəyə oxumaz. Çünki zamanımızda şerlərinə qiymət verəcək bir adam təsəvvür etmir. Şair deyə tanınmış adamlara da salam verməz və haqlarında ən kəskin, ən kirli mühakimələr yürüdər.

5 мин
Yüksəliş

Səndələyə-səndələyə qapıya yanaşdı, sol əli şüursuz bir halda qalxıb qapını tıqqıldatdı. Səsə gələn olmadı. Gecənin yarısı idi. Qapı qarşısında qara kölgə təşkil edən adam qəribə bir qiyafəyə malik idi. Yuvarlaq kepkasından başlayan düzgün cizgi ənsəsində qırılır, lobba düşmüş mürəkkəb kimi, kənara qeyri-müntəzəm xətlər ayrılırdı, kürəyində yarımdairə şəkli alaraq aşağıya doğru enir və şalvarının arxasında yenə cizgi qırılıb, bir sıra didiklər əmələ gətirirdi. Ayağının uclarında və dizlərində də eyni cizgi qırıqları gözə çarpırdı...Qapı təkrar döyüldü, səs sükut içində uyuyan dalana düşüb, nərədə isə əkssədalar doğurdu. Kölgə yerində duraraq düşünür, lakin düşünüşü məntiqsiz və məqsədsiz idi. Gözlərinə görünən şeylər sabit bir şəklə malik deyildi. Bir də əyri çərçivəyə yerləşməyib, sallana qalan çatlaq qapı onun gözlərinə sataşır. “Qapı-qapı” – deyə gülümsəyir; bir dəqiqə sonra həm qapı, həm də qapı ətrafında dolaşan düşüncə qaib olub gedirdi. Davamının çoxmu, azmı sürdüyünü bilmədiyi bir boşluq onu bürüyürdü. Sol əli yenə şüursuz bir halda qapını döyməyə davam edirdi...

12 мин
İstirahət günü

Xırda bir işçi otağı. Maşınkanın üstündə iri qazan. Arvad paltar yuyur. Əri otura-dura ona kömək edib girib-çıxır, su gətirir, əlinə tökür, kirli su aparır. Arabir hayxırır, küncdəki qaba tüpürür. Bəzən çarpayının üstə yarı uzanır. Arvad sinirlənir, deyinir. Onu köməyə çağırır. Kişi istər-istəməz yerindən qalxır. Yenə köməyə qoşur. Vedrəni dışarı çıxardanda arvadı şikayətlənir:– Şüşə zavodu... Bir az artıq pul verirmiş... Bu da artıq pul: ciyərləri

3 мин
Vasvası

O, Bakıda böyümüşdü, həm təhsilini orada bitirmiş, həm də qulluğu orada idi. İyirmi beş yaşa çatmış da, rayonlarımızı gəzməmişdi və qəza onun təsəvvüründə qızdırma, ilan və əqrəb yuvası kimi bir şey idi. Odur ki, o həmişə Bakıda qalmağı, Bakıda çalışmağı səfalı bir qəzadan belə üstün tuturdu.Bir gün onu maarif komissarlığına çağırdılar. Şöbə müdiri onu oturdub

5 мин

Стихи других поэтов