Страница 14 из 20 · 65%

Nə qəşəng atı da var!..

Qəmərin gözəlliyi ağızdan-ağıza keçib, bütün xalqı dolaşdı, sorğu-suallar başladı. Nəhayət, süvarinin də kim olduğu meydana çıxıb ətrafa yayıldı.

Telli qulağına inanmırdı;

– Ay qız, Gülnaz! O hardan oldu Səfər. O, Səfərin adamıdır, Səfər deyil!

– Nə deyirsən ay qız, camaatın elə hamısı yalançıdır. Qaçaq Səfər sizə gəlib deməyəcəkdi ki, mən Səfərəm...

Telli gözlərini Səfərdən çəkmir və Səfərlə Qala qapısının arasındakı məsafənin yaxınlığına heyfsilənirdi... Qəmərin nallarından qopan səslər Qala qapısının tağına düşüb, cingildədi... Telli arxadan gələn əsirlər qafiləsini, əlvan geyimli əsgərləri, nizə başlarındakı qaralmış insan başlarını... görməkdən aciz idi. Onun fikri, qara gözləri və çırpınan qəlbi ancaq Səfərin yanında idi.

17

Gəncə səfəri İbrahim xanın nüfuzunu Azərbaycan xanlıqları arasında bir qat daha artırdı. Sarayda böyük şadyanalıq oldu. Xələt-barat paylandı. Şəhər çıraqban olub, toplar atıldı. Lakin bu nəşəni İranı otuz ildən bəri vəkil adı ilə idarə edən Kərim xan Zəndin ölüm xəbəri pozdu.

Sarayı yenə əndişələr qapladı. İbrahim xan bu xəbəri alar-almaz Vaqifi yanına çağırdı. Sarayın otaqlarından birinə qapandılar. Burada Şərqdə törəyən övza təfsilatı ilə müzakirə olundu. Vaqif özünəməxsus soyuqqanlılıqla dedi:

– İran hər iyirmi-iyirmi beş ildə bir hərc-mərclik keçirir. Deməli, Nadir şahın zühurundan əvvəlki vəziyyət təkrar başlayır. Hər şəhərdən bir xan baş qaldıracaq, müsəlman qanı su yerinə axacaq...

Xan təlaş ilə:

– Bunun sonu yəqin bizə də pis olacaq? – dedi və diqqətlə Vaqifin üzünə baxdı.

Vaqif yüsur təsbehini aramla çevirərək:

– Labüddən, – dedi, – o xərabənin keşməkeşi nə vaxt bizi yaralamamışdı ki? Nadir ölkədə sağ yer qoymadı – hər yer xərabəyə döndü.

Qarabağ və Şirvan əhalisini sürüb Xorasana aparmadımı? Nə qədər adam tələf oldu...

Araya sükut çökdü. Ikisi də yaxın keçmişdəki acı hadisələrin xatirəsinə daldı...Vuruşmalar, qan, yanğın. Aclıq, vəba... Fəlakətin həddihüdudu yox idi...

İbrahim xan qalxıb, təkrar bardaş qurdu, ipək püştəni sol dirsəyinin altına çəkib söykəndi:

– Cəhənnəm! – dedi, – heç olmasa nə oyunları var, Arazın o tayında çıxaraydılar, xətəri bizə toxunmayaydı!

– Heç ola bilərmi? Bizdən itaət etmək tələb olunacaq; etsək bir dərd, etməsək iki dərd.

Xan yenə iztirabını ifadə edən bəzi hərəkətlər yapır, qəlyanı çəkib, neypuşun ucunu saqqalına dayayaraq, Vaqifin üzünə baxırdı. Vaqif gülümsünərək:

– Hələ ehtiyata lüzum yoxdur, – dedi. – Övzayə görə hərəkət edərik.

Hələlik Tehran ilə qohumluğumuz var, bəylərbəyi ilə irsal-mərsulu35artırarıq, əhvalatdan baxəbər olub tədbir tökərik.

Vaqifin sakit danışığı xana da sirayət etdi; o, bir az düşünüb, mətin səslə dedi:

– Vəkilin məsləhət və təsiri-bipayani sayəsində Fətəli xan bir az həya edirdi, indi qorxuram o da tüğyan eləyə.

Vaqif üzündə ikrah ifadəsi göstərərək dedi:

– Fətəli xan cibindən başqasını tanımaz. O kim çox əşrəfi versə, onun havasını çalır. Dörd il bundan qabaq rus qoşununu Dərbəndə çağırmadımı?

Tabasaran və Qazıqumuq mahallarını ruslarla bir yerdə yəğma etmədimi? Bu məlun dini-mübini islamın yağısıdır. Hədis var ki, Dərbəndə kafir qədəm qoysa, islamın beli qırılar. Bu məlun islamın belini öz əli ilə qırdı.

– Bir qıran, bir də qırmazmı?

Vaqif bir az acıqlı:

– Fətəli xandan beş vaxt namazdan başqa nə desən çıxar, – dedi. – Amma güman etmirəm ki, rus qoşunu əlan gələ bilsin. Gəlmişdi, dayanmadı. Deməli, bir əngəl var ki, dayanmadı. Osmanlı dövləti ilə Yekaterina arasında sülhnamə var, yəqin rusun buralara gəlməyə haqqı yoxdur. Olsaydı, güman edirəm, Dərbənd kimi bir qaladan top-topxanasını çəkməzdi...

Xan ilə Vaqif uzun-uzadı fikir yürüdüb, bəzi tədbirlər görülməsini lazım bildilər: Məmmədhəsən ağa ilə Mirzə Əliməmmədi Araz qırağına göndərib, xan ilə Vaqifin də Kür qırağına getməsi, qoşun və sursat tədarükü görülməsi qərara alındı.

Xan asudə nəfəs alaraq, mina qəlyanaltıda suyu nəşə ilə guruldadaraq, yenə Vaqifə baxdı, çöhrəsində minnətdarlıq ifadəsi vardı. Pişxidməti çağırdı, o dəqiqə hazır oldu:

– Qəlyanı apar!

Pişxidmət ehtiyatla qəlyanı götürüb apardı. Aralı qalmış qapıda

Şahnisə xanım göründü:

– Yenə, ay aşiq, xanla nə baş-başa vermisiniz? – dedi, içəri girdi.

Vaqif qalxıb, yerini xanıma verdi. Şahnisə xanım töyşüyərək oturdu:

– Kərim xana, deyəsən, təziyə saxlamaq istəyirsiniz, – deyə rişxəndlə güldü və sonra tutularaq əndişə ilə soruşdu: – Axund, bəylərbəyinə bir şey olmaz ki?

Vaqif ciddi sima ilə:

– Bəylərbəyi təxt-səltənət sevdasına düşməzsə, nə olacaq ki, – dedi.

Şahnisə xanım ah çəkdi və çəpgəninin pərək düzülmüş qolunu oynadaraq:

– Nə bilim, görünür, tanrının qisməti belə imiş, – dedi və doluxsundu.

İbrahim xan açıq pəncərədən dışarı, şəhərin günbatan tərəfini seyr edib, nə isə düşünürdü. Köçərli məhəlləsinin çubuqdan hörmə evləri, bacalarından tüstü fısqıran qara damlar, təzək qurudan arvadlar, nişanə qoyub ox atan çocuqlar, ağaclarının altında mil oynadan qısa şalvarlı bir neçə gənc bir-bir onun gözünə ilişib keçdi. Sağ tərəfdə yastı bürcün yanında Cavanşir və Otuz iki elinə mənsub əsgərlərin top ətrafına yığılıb məşq etmələri onun diqqətini cəlb etdi: sərt üzü bir az nəşələndi. Yuxarıda kol-koslu qayalıqlar, bunların da üstündə qara buludlar oynaşan qaşqabaqlı göy görünürdü... Xan bu mənzərədən düşüncə ilə ayrılaraq:

– Axund, – dedi, – İrakli xana xəbər verməli, hazır olsun. Bir kağız yazarsan!

– Baş üstə, xan, axşam yazıb hazırlaram. Qasid nə vaxt gedəcək?

Xan cəld dedi:

– Elə günü sabah! Durmaq vaxtı deyil... Nə deyirsən de, amma Fətəli xandan gözüm su içmir. – Xan düşünüb əlavə etdi: – Bir kağız da Ömər xana yaz, qoy hazır olsun.

Vaqif yenə itaətkar bir halda:

– Baş üstə! – deyib, xanın üzünə baxdı və bir şeylər daha dinləyərək kimi, müntəzir bir vəziyyət aldı.

18

Vaqif saqqalının xınasını yuyub qurulandı. Evə çağırılmış dəllək onu gözləyirdi. Oturdub üzü oyma naxışlı güzgünü təqdim etdi. Vaqif güzgüyə baxaraq:

– Başla görək, – dedi, – usta, getməli yerim var.

Dəllək qırmızı fitəni Vaqifin döşünə çəkib, uclarını çiynindən aşırdı, başını su ilə islatmağa başladı. Dəlləklər boşboğaz olan kimi bu dəllək də zəvzək idi, lakin söz torbasını açmağa bir bəhanə arayırdı.

Xına məsələsi bir başlanğıc oldu.

– Axund, xına çox bahalanıb, buna xan niyə bir tədbir görmür? – dedi və Vaqifin başını islada-islada əyilib onun üzünə baxdı.

Vaqif dinmədi. Dəllək cavab almadıqda bir az güzəştə getməli oldu:

– Amma, – dedi, – adam öləcəkdir, gərək düzünü deyəsən, bahadırsa da, əla xınadır. İnsanı sikkəyə mindirir.

Vaqif yenə dinmədi. Dəllək kisəbəndindən enli ülgücünü çıxarıb qırxırdı. Biriki yerdə əli büdrəyib kəsdi, fitənin ucu ilə qanı sildikdə Vaqifin əti çimçəşdi. Lakin yenə dinmədi. Dəllək qana da bir missal çəkdi:

– Kəsilən yerdən qan çıxar – deyərlər. Atalar yaxşı deyib...

Vaqif dəlləyin bütün həkimanə kəlamlarına səbir edib axıradək bir kəlmə belə cavab vermədi. Dəllək başını qırxıb qurtardı, saqqalını və bığını düzəltdi, sonra fitəni götürüb artırmadan çırpmağa getdikdə, yenə də bir-iki misal çəkmək istədi. Lakin Vaqif ayağa durdu, kisəsindən bir neçə bisti36çıxarıb dəlləyə verdi və:

– Usta, – dedi, – xına bahalanıb, bilirəm, əlalığı da bəlli; kəsilən yerdən də qan çıxar, bu da yerində deyilmişdir. Ancaq bir deyilmiş şey də var, onu unutdun:

Qolunda var gücün, usta,
Qanım olsun töycün, usta.
Başımı qırxdığın yerdə,
Sınaydı ülgücün, usta!

Vaqif sözünü bitirib, qonşu otağa keçdi. Qızxanım balaca güzgünü pəncərəyə qoyub tellərini düzəldirdi. Gülab qoxusu otaq ilə bir olmuşdu.

Pəncərənin rəngli şüşələrindən düşən işıq onun yanaqlarında min bir rəngə çalırdı. Qara gözləri öz əksindən ilham alaraq fərəhlə dolmuşdu.

Ağ biləklərə kəhrəba qolbaq necə də yaraşırdı.

Vaqif cecim pərdənin dalında durub, işvə və nazla səmada dolaşan bir məlakəyə baxırmış kimi onu seyr edirdi. Qızxanımı güzgüyə, pəncərəyə, işığa və bütün cahana qarşı qısqanmağa başladı. O, bir dəqiqə daha dayandı. Ona yasaq olunmuş bu gözəlliyin ahənginə uymağa ça-

lışdı. Lakin özünü aldada bilmədi: acı bir kədər varlığının dərinliyində qaynayaraq, bütün vücudunu sarsıtdı. Qapını bərk örtüb, laqeyd bir halda içəri girdi. Qapının səsindən Qızxanım diksindi, ürkmüş ceyran kimi qanrılıb yana baxdı: başı araqçınlı, uzun arxalıqlı Vaqif nə isə arayırdı. Vaqif gözünün ucu ilə ona baxırdı: artıq bu Qızxanım bir dəqiqə əvvəl tellərinə sığal verən Qızxanım deyildi. Çöhrəsinin o məlakə ifadəsi əvəzində indi başqa bir ifadə vardı; bu ifadə şair qəlbinə yağı kəsilmişdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 мин
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 мин
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 мин
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 мин

Стихи других поэтов