Üçüncü hissə
Страница 12 из 13 · 85%
Sadıq xan diz çöküb, itaətkar bir səslə:
– Təsəddüqün olum, şah, – dedi, – Məmməd bəy qalada yoxdur, axtartdırıram...
Şah ayaqlarını taxtdan sallayıb, qollarını ölçərək cır səsi ilə çığırdı:
– Məlun köpək, sabah bir siyasət işlədim ki, ibrəti-nazirin olsun! Kəllələrdən bir minarə qoyduracam, yuxarısında da sənin başın!
Şahın sulu gözləri hədəqədən çıxmışdı. Cır səsi hirsindən tutularaq dedi: – Məmməd bəyin bacılarına söylə ki, axşama kimi qardaşları hüzuruma gəlməsə, onları sərbazlara xərabəliyə verəcəyəm! Mürəxxəs! Sadıq xan titrəyərək yerdən qalxdı və dalı-dalı otaqdan çıxıb, ipək pərdənin arxasında yox oldu. Bir dəqiqədə şəhərin bu başından o başına qədər carçılar düzüldü:”Məmməd bəy heyy! Axşama kimi qibleyi-aləmin hüzuruna gəlməsən, bacıların sərbazlara xərabəliyə veriləcək!” – deyə səslər şəhərin hər tərəfinə yayıldı.
Sarayın həyətindəki intizar davam edirdi. Rəcal və sərkərdələr arasında altı nəfər qolu bağlı dustaq vardı. Mirzə Əliməmməd ağa da o cümlədən idi. Mirzə Əliməmmədin o sakit qüruru sönmüşdü, rəngi qaçmış, qımıldanmağa belə halı yox idi. Gözlərini yerə dikib, sakit durmuşdu. Şahın vəziri Mirzə Şəfi təlaş içində idi, o gözünü rəngli şişəli pəncərədən çəkmirdi, birdən pərdə tərpəndi. Mirzə Şəfi o saat torpağa düşdü. Bütün saray adamları da eyni vəziyyət aldı.
Sərapərdə qaldırıldı, şahın cır səsi eşidildi. Mirzə Şəfi übudiyyət izhar edib, sonra dustaqların kim olduğunu söylədi. Şah istehzalı təbəssümlə:
– Beşinə paz çalınsın, Mirzə Əliməmməd seyid olduğu üçün tənəflənsin!
Cəlladlar bir dəqiqədə əl-ayağa düşdülər. Dustaqların şalvarları sıyrılıb, paz soxuldu. Mirzə Əliməmməd də oturdulub, boynuna sabunlu tənəf salındı. Qışqırtı, söyüş küfr həyəti ağzına almışdı. Əli çəkicli cəlladlar dustaqların arasında dolaşıb, pazlara çəkic döşəyirdilər.
Mirzə Əliməmməd son nəfəsində idi, boğulduqca rəngi qaralır, gözləri hədəqəsindən çıxırdı:
– Ay zalım, Allah bu zülmü yerdə qoymaz! – deyə həyatından ayrıldı. Paz çalınanların ahu-zarı ürək yandırırdı, onlar yalvarıb, tez öldürülmələrini istəyirdilərsə də, qulaq asan yox idi. Cəlladlar yenə çəkicdən vurub, onların qışqırtısını daha da artırırdılar.
Bütün bu mənzərəni Iran şahı dərin bir ləzzətlə seyr edib, istehza ilə gülümsəyirdi.
Bu əsnada darvaza açıldı, içəri ala gözlü, sarı qısa saqqallı, geniş kürəkli sadə geyinmiş bir adam girdi. O, cəsur addımlarla pəncərənin önünə gəlib, şaha baş əydi. Onun torpağa düşməməsi hər kəsin nəzərini cəlb etdi. Sadıq xan diz çöküb:
– Qibleyi-aləm, Məmməd bəy Cavanşir budur! – deyə şaha ərz etdi.
Qibleyi-aləm Məmməd bəyi süzərək gülümsədi:
– Bəli... Lap qəssabdır. Mənim qoşunumda belə tənumənd adam yoxdur, – şah Mirzə Şəfiyə yönələrək: – Gözəl gözləri var, elə deyilmi? – deyə əlavə etdi.
Mirzə Şəfi şahın işarəsini anladı, bildi ki, Məmməd bəyin gözlərini çıxarmaq istəyir, dedi:
– Doğru buyurursunuz, təsəddüqün olum!
Məmməd bəy gülümsünərək:
– Yaxşı igidin adın eşit, üzün görmə! – dedi.
Şah ciddi ifadə ilə:
– Ağamın ərvahi haqqı, – dedi, – doğru deyirəm. Sənin kimi tənumənd bircə adam görmüşdüm, o da Zənd Lütfəli xan idi. – Şahın birdən sifəti dəyişildi, qorxunc istehza dodaqlarına yayıldı və əlavə etdi:
– Sabah danışarıq. Sadıq xan, Məmməd bəyi sənə tapşırıram, bərk saxla! Mürəxxəs!
Sərapərdə salındı, şah gözdən itdi.
İşgəncə edilənlərin kimisinin ürəyi gedib, yerə yıxılmış, kimisi hələ zarıldayırdı. Günəş qüruba doğru əyilirdi. Gündüzün istisindən sonra axşamçağının sərinliyi qorxu və aclıq içində əzilən xalqa bir xoş təsəlli kimi görünürdü. Ordaburda ələ keçirilmiş xan tərəfdarları yenə saraya doğru gətirilirdi. Bunların içində qolları bağlı bir müsinn kişi də vardı. Sərbazlar saraya çatdıqda dustaqları darvazada saxlayıb, içəri xəbər verdilər. Qapıya şahın sərkərdələrindən Məmmədhüseyn xan Qacar çıxdı. Lopa bığlarını əlinin dalı ilə o yan-bu yan edib soruşdu:
– Bu qoca kimdir?
– Bu həmən Molla Pənah Vaqifdir ki, eşidibsiniz! – deyə cavab verdilər.
Məmmədhüseyn xan “Vaqif” adını eşitdikdə üzünü turşudub, söyüşə başladı:
– Ay pədər suxtə! Qoca köpək!
Vaqif özünə məxsus mülayimliklə xanın söyüşlərini kəsib dedi:
– Ey xan – əzimüşşəm! Siz böyük şəxsi-dövlətsiniz varsınız, dəstgir və giriftarlara yaman kəlmələr və hədyan sözlər buyurmaq sizing rütbə və məratibinizə şayistə deyil...
Məmmədhüseyn xan Vaqifin nəzakətinə qarşı laqeyd qalaraq, söyüş yağdırmaqda davam edirdi. Bunu görən Vaqif özündən çıxdı:
– Ey xani-nanəcib, mən əgər dustağam, şah dustağıyam, sən nəçisən!
Bəlkə şah sabah məni azad edəcəkdir və ya fələki-kəcrəftar və təqdiripərvərdigar bəlkə bir qeyri yol gedəcəkdir. “Şəb abistənəst, ta ci zayət bəruz”*.
Məmmədhüseyn xan Vaqifin sözlərinə əhəmiyyət verməyərək,
sərbazlara tərəf yönəldi:
– Qibleyi-aləmin buyruğuna binaən bu məlunu zindana salın, sabah əcrinə çatacaq!
Sərbazlar Vaqifi götürüb getdilər.
22
Gecə yavaş-yavaş düşür, dərin bir sükut hər yeri qaplayırdı. Yalnız bürclərdən cırcırama səsi gəlir və bir də uçurumun dərinliyində axan Daşaltı çayının şırıltısı eşidilirdi. Dağlardan və dərələrdən süzülən xoş bir qoxu, sərin hava ilə bərabər şahın açıq pəncərəsindən içəri dolaraq onu xəyala daldırırdı. Lakin şahın xəyalı da sönük bir şam kimi can sıxırdı.
O yenicə namazını qurtarmışdı, indi isə təsbeh çevirərək dua oxuyurdu. Lakin dua ona təsəlli verə bilərdimi? Onun şəxsi həyatı çocuq ikən söndürülmüşdü, buna əvəz olaraq onda hakimiyyət duyğusu və bu duyğu ilə bərabər dünyaya və bütün məxluqa qarşı bir kin doğmuşdu.
Onun vuruş meydanlarında, səltənət ətrafında olan müvəffəqiyyətləri artdıqca, kini də artır və dərinləşirdi. O, səltənət uğrunda qardaşlarından birinin gözlərini çıxartdırmış, o birini isə öldürtmüşdü. Həm də namərd-
cəsinə öldürtmüşdü. Qardaşı Isfahan hakimi olmaq istəmiş, şah razı olmamış, onun nüfuzundan qorxmuşdu. O da küsüb, Astrabada çəkilmişdi.
Astrabadda bir əngəl törətməsin deyə çağırtdırır, gəlməyir. Anasını dalınca göndərir. “And içsin ki, mənə dəyməyəcək”. Şah and içir. Qardaşı Tehrana gəlir. Hörmətlə qarşılanır. İkinci gün vəliəhd Baba xana qoşur: “Get təzə tikdirdiyim imarətə bax, gör xoşuna gəlirmi?” – deyir.
Qardaşı gedir. Içəri girdikdə xəncər köksünə soxulur...
Nə qədər belə qanlar tökülmüşdü! Şah təsbehi çevirdikcə təsbehin dənələri adam kəllələri kimi barmaqlarına toxunub, onu coşdurur, daha da qan tökmək, dünya ləzzətlərindən məhrum olduğunun qisasını almaq istəyirdi.
İpək pərdə tərpəndi. Şəqaqi Sadıq xan içəri girdi. Şah hələ acı xəyallar və xatirələr içində dolaşırdı. Varlığa qarşı bəslədiyi kin dodaqlarının istehzalı ifadəsindən süzülürdü.
– Nə var? – deyə qışqırdı.
– Təsəddüqün olum, Səfərəli bəy dedi ki, qibleyi-aləm səni çağırır.
Şah hiddətlə:
– Səfərəli! – deyə çağırdı.
Pişxidmət hazır oldu.
– Sənə kim dedi Sadıq xanı çağır?
– Təsəddüqun olum, yarım saat əvvəl buyurdunuz.
Şah yanındakı təklüləni götürüb, Səfərəlinin döşünə dirədi:
– Yalan deyirsən, köpək!
Səfərəli titrədi, ancaq yerindən tərpənmədi:
– Bəlkə qulağıma belə gəlib!? – dedi.
Şah cümə axşamı olduğunu xatırlayıb, Səfərəlini öldürmək istəmədi, təklüləni kənara qoyub dedi:
– Qulağın pis eşidirsə, get onu kəsdirt!
Sadıq xanla Səfərəli otaqdan çıxdılar. Şah yenə tək qalıb, gözlərini gümüş piysuza dikib, acı düşüncələrə daldı. Hava daha da sərinləşmişdi.
Qəzəbli bir sükut hər şeyə hakim idi. Yalnız qonşu otaqdan bir həzin zarıltı səsi gəlirdi. Şah tirmə xirqəsini dizlərinin üstünə çəkib, qulaqlarını şəklədi. Zarıltı Səfərəlinin zarıltısı idi. Şahın cır və qəzəbli səsi havanı titrətdi.
Səfərəli bəylə pişxidmət Abbas bəy içəri girdilər. Səfərəlinin bir qulağı dəsmalla bağlı idi, dəsmal qana batmışdı. Şah qışqırdı:
– Sən arvad deyilsən ağlayırsan! Şad ol ki, bir qulağın kəsildi, hələ öldürmədim! Abbas bəy, sən niyə bərkdən danışıb, yuxuma haram qatırsan? Ah, azğınlar! Sabah elə bir siyasət eləyim ki, tarixlərdə deyilsin!
Bir minarə qurduracağam, sizin də başınız, atamın ərvahi haqqı, lap yuxarıdan asılacaq! Gedin dəmirçilərə deyin minarə üçün çoxlu mıx qayırsınlar!
Gecədən çox keçmişdi. Lakin Sadıq xanla Məmməd bəyin gözlərinə yuxu getməyirdi: qabaq-qarşı oturub, sabahın dərdinə qalmışdılar.
Bu əsnada nökər içəri girib, şahın yanından adam gəldiyini xəbər verdi. Qorxudan diksindilər. Gecənin bu vaxtında şahın adam göndərməsi nə demək idi?
– Gəlsin!
Səfərəli bəy içəri girdi. Sadıq xan hövləki soruşdu:
– Xeyir ola?!
Səfərəli suçlu-suçlu nağıl eləməyə başladı. Şahın qəzəbini, sabah siyasət işlədəcəyini, Sadıq xanı, Məmməd bəyi və başqalarını öldürəcəyini, kəllələrdən minarə qurduracağını birər-birər söylədi.
Sadıq xan şübhə ilə dinləyir, bir şey demək istəmirdi. Onun zənnincə, şah Səfərəlinin vasitəsi ilə onların sadiq olub-olmamasını sınayırmış.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-ucuncu-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Qumarbazın arvadıYayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.