Страница 11 из 13 · 77%

– Yanını bir az yerə qoy, dincəl! – deyə Kazımı oturtdu.

Ətrafa göz gəzdirdi, yeyiləcək şey axtardı. Görünür oradan bir az əvvəl at keçmişdi, təzəyi yerdə dururdu. Allahqulu şərik çıxılmasın deyə qorxan bir adam kimi ətrafa baxıb, özünü təsin üstünə saldı və acgöz bir halda onu eşib, arpalarını ovcuna yığdı.

Kazım sevinc ifadə edən gözlərlə dostuna baxır və bəzən onda, –

“Birdən Allahqulu özü yeyər də, mənə verməz”, – deyə xudbin şübhələr də oyanırdı. Lakin yerindən tərpənməyirdi, özünü kədərə qərq edərək, sakit olurdu. Allahqulu yarım ovuc arpa yığmışdı, o, arpaları bir daşın üstə töküb, əziklədi, sonra Kazım ilə bölüşdülər.

Arpanın çeynənməsi, ağızların marçıltısı, sonra dişlərin dibinin dil ilə yoxlanıb, əmilməsi bir neçə dəqiqə çəkdi.

Kazım gülümsünərək:

– Allahqulu, – dedi, – ağa atının təsi da can dərmanı imiş. Bir az quşəppəyi ver yiyək duraq. Yoxsa, atın dalınca adam düşər, əlimiz təsdən çıxar.

Allahqulu daşların dibindən bir az quşəppəyi qopardı, yedilər, sonra yollarına düzəldilər.

Şəhərin Xəlfəli qapısına yaxın bir yerdə Səfərə rast gəldilər. Səfər atını səyirdərək gəlirdi. Dayandılar. Səfər bir söz demədən xurcunundan bir parça çörək çıxarıb, iki böldü, yarısını Kazıma, yarısını da Allahquluya uzatdı. Allahqulu çörəyi o saat qapdı, Kazım isə zəif səslə:

– Səfər, mən yola gedərəm, payımı evə ver, uşaqlar acdır, – dedi. Səfər sevinclə:

– Al, – dedi, – iki bütövü də var, evə aparıram. Bilirsən bu çörəkləri haralardan gətirirəm?

Kazım çörəyi aldı.

İndi dostların ikisi də çörəkləri ovuclarının içində bərk-bərk tutub, hərdən bir dişləyir və ansızın qismət olmuş bir nemət kimi ləzzətlə çeynəyirdilər.

20

İbrahim xanın Yekaterina və Zubovun yanına göndərdiyi heyətlər qayıdıb, müvəffəqiyyətlə gəlmişdilər. Heyətlər gözəl qəbul edilmiş İbrahim xana kömək və himayə vəd olunmuş və bir çox da hədiyyələr gətirilmişdi. Yekaterina xüsusilə Vaqifə üstü daş-qaşlı bir qızıl əsa göndərmişdi.

Bu hadisə sarayda böyük bir ümid və sevinc oyatmışdı. Lakin davam edən aclıq sarayı belə sarsıdaraq, sevinci söndürürdü. Xanın qoşunu belə aclığa davam etməyərək qaçıb dağılmışdı. Qala gün-gündən müdafiə qüvvəsini itirirdi. Yekaterinanın vədləri ilə iş aşmırdı. Bir az sonra Zubovun öz qoşunu ilə bərabər Şirvandan çəkilib, Rusiyaya dönməsi vədlərdən doğan ümidi belə qırdı. Bəlli oldu ki, Yekaterina ölmüş və taxta yeni çıxmış Pavel Qafqaz səfərinin lüzumsuz olduğunu bildirmişdir. Vəziyyət olduqca ağır idi, indi artıq Ağaməmməd şaha müqavimət göstərmək qətiyyən mümkün deyildi. Barışıq da ola bilməzdi, çünki düşmənçilik çox dərinləşmişdi.

Vaqif yenə ümidini Şimaldan kəsməyərək məsələni aydınlaşdırmaq istədi:

– İrakli xan urusa bizdən daha yaxındı, – dedi. – Hər halda gedib, bir onun fikrini bilmək lazımdı.

Xan bu fikrə razı oldu. Tiflisə getməyi Vaqifin özü ilə muğanlı

Cəmil ağaya tapşırdı:

– Gedin görək, hal-qəziyyə nə minval üzrədir. Əyər vaxtında kömək olmayacaqsa, biz də başımızın çarəsini qılaq.

Məclisdəkilər bu “çarə” sözünü eşidib, bir-birinin üzünə baxdılar.

Ağalardan birisi:

– Nə çarə, xan? – deyə soruşdu.

Xan hiddətlə:

– Nə çarə olacaq! – dedi. – Axta xan Muğanda oturub, qalanı güdür, bir də gördün başımızın üstünü kəsdi... Qoşun, sursat olmayandan sonra nə qayıra bilərəm ki! Əhli-əyalı götürüb, vaxtkən Avar xanının yanına çəkilməkdən başqa çarə varmı?

Məclisə dərin bir sükut çökdü. Məclisdəkilər heç bir vaxt İbrahim xanı belə aciz halda görməmişdilər. Onun səsi belə əvvəlki hökmdar ahəngini itirmişdi.

Məclis dağıldı. Hər kəs öz hesabını anlayıb, məyus bir halda evinə getdi. Vaqif ilə Cəmil ağanı o biri gün Tiflisə yola saldılar.

Bir səhər İbrahim xanın bütün ailəsi ilə bərabər Cara qaçdığı şəhərə yayıldı. Aclıq camaatdakı marağı öldürmüşdü, kimsə bu məsələyə əhəmiyyət vermədi. Hər halda bir dəyişiklik olar deyə, bir çoxları ümidlənməyə başladı. Yenə şah məsələsi meydana çıxdı. “Budur gəldi, odur gəlir” – deyə gündə min şayiə ac evləri və boş bazarı dolaşdı.

Nəhayət, bu şayiələr doğrulmağa başladı. Ağaməmməd şah İbrahim xanın qaçmasını eşidər-eşitməz, on min atlı götürüb, çaparaq Şişəyə doğru qoşdu.

İlk çapar şəhərə girib, şahın yolda olduğunu bildirdikdə, dərin bir qorxu əhalini qapladı.

Müstəbidi duz-çörəklə qarşılamaq lazım idi. Hər məhəllədən ağsaqqal seçib, bir heyət təşkil etdilər. Kazım ilə Allahqulu da bu heyətə daxil idi. Boğçadan təzə paltarlarını çıxarıb, geydilər, duz-çörək götürüb yola düşdülər.

Kazım gülə-gülə qorxu içində çırpınan dostuna təsəlli verirdi:

– Əşi, qorxma! Kim eşşək olarsa, biz ona palan olarıq. Nə olacaq ki... İndi sən gör şahın necə xoşuna gələcəyik!

Allahqulu candərdi gülümsünərək, dedi:

– Ay canım, padşahdır, birdən tərs damarına düşər, başımızı kəsdirər...

– Qorxma, ölsək də, bir ölərik, zərəri yoxdur.

Kazımın zarafatı və qəhqəhəsi Allahqulunu hiddətləndirirdi.

– Amma zarafata vaxt tapdın! – deyə heyrət edirdi.

Şəhərin Iravan qapısından çıxdıqda heyət bir neçə yüz adamdan ibarət idi. Yayın isti bir günü idi. Hamı tər tökürdü. Qorxu da bir tərəfdən camaatı üzürdü. Şüşü kəndinə tərəf endilər. Aşağıdakı qayaların arasından toz qalxırdı. Şah yaxınlaşırdı. Yüz addımlıq bir məsafədən camaat dizi üstə çöküb, məcməyidəki üstü örtüklü duzçörəyi irəli uzatdılar. Heç kəs qorxusundan dik baxa bilmirdi. Lakin Kazım hərdən bir qaşlarının altından irəlini süzürdü. Toz arasından atlıların yaxınlaşması görünürdü. Öndə təqribən on beş yaşlı çocuğu andıran bir adam gəlirdi. Çəlimsiz vücudu, tüksüz üzü, sərt baxışı vardı. Ətrafı bürüşmüş gözləri sulanırdı. Tez-tez xırda çocuq əli ilə gözlərini silirdi. Incə dodaqlarının ucları nədənsə Kazımı qorxutdu.

O, başını aşağı salıb, bir azdan sonra təkrar ehtiyatla qaldırdı. Çocuq sifətli adamın şah olduğunu başındakı yuvarlaq tacdan, geyməsinin boynuna və döşünə düzülmüş daş-qaşdan anladı. İndi günəş onun üzərinə düşüb, onu parıl-parıl parıldadırdı. Kazım artıq sakit olmuşdu, ona elə gəlirdi ki, bu xırda padşahdan adama heç bir xətər toxuna bilməz.

Şah atını saxlayıb, qarşısında diz üstə düşən qarabağlıları qürurla seyr etməyə başladı. Xırda gözləri bir az gülümsəyirdi. Bu əsnada şahın qoşunundan bir dəstə ayrılıb, atdan düşdü və oxuya-oxuya camaata yanaşdı:

“Gəlmişik, gətirmişik bir əjdaha!” – deyə süzməyə başladılar.

Kazım bu halı görən kimi Allahqulunun qolundan dartıb, durğuzdu və şahın adamlarına cavab olaraq oxudu:

“Qovmuşuq, itirmişik bir tülkünü!”

Kazıma baxaraq, qarabağlılardan da bir dəstə ayrılıb, süzməyə və oxumağa başladı.

Bu oyunlar və şərqilər şaha görünür çox xoş gəlirdi. O gülür və güldükcə də gözlərindən su axırdı.

Beləcə camaat şahın qəzəbini yatırdıb, onu “Allah-Allah!” səsi ilə şəhərə gətirdi.

21

Ağaməmməd şahı Məmmədhəsən ağanın sarayında yerləşdirdilər. Sarayın qarşısındakı düzdə qoşuna çadırlar quruldu. Sanki artıq hər bir məsələ həll olundu. Şah Iran tərəfdarlarına sovqatlar, xələtlər göndərdi, eyni zamanda düşmənləri də unutmadı: İbrahim xanın adamları birbir tutulub zindana atıldı. Lakin bir həftə qan olmadı, cəlladlar işsizlikdən darıxmağa başladılar. Əhali bu sakitliyin qorxunc bir hadisə ilə qurtaracağına inanaraq, vahimə içində çırpınırdı. Heç kəs sabahından arxayın deyildi. Günlər keçdi, Qarabağ tarixində unudulmaz bir yer tutan cümə axşamı yetişdi. O gün ziyarət günü idi. Dövlət adamları həyətə yığılıb, şahın pəncərədə, pərdə arxasında görünməsini gözləyirdilər. Lakin şah görünmürdü.

Şahın qəzəblənməsi xəbəri ağızdan-ağıza keçib, hər kəsi qorxuya salırdı. Pişxidmət Səfərəli bəy ətrafa göz gəzdirərək pilləkəndən cəld endi, ona-buna müraciət edə-edə:

– Sadıq xan hanı? Qibleyi-aləm istəyir? – deyirdi.

Bu əsnada şəqaqilər sərkərdəsi Sadıq xan darvazadan içəri girdi. Səfərəli bəy cəld ona yanaşıb, nə isə pıçıldadı. Sadıq xanın rəngi üzündən götürüldü. O tələsik pilləkənə doğru qoşdu.

Şah sarayın arxa tərəfindəki xırda bir otaqda qalırdı. Daş döşəmənin üstünə qiymətli bir xalı salınmışdı. Divarın dibinə şahın səfər taxtı qoyulmuşdu, üstünə ətrafı inci və daş-qaşla işlənmiş sumağı məxmərdən bir süzəni salınmışdı. Sadıq xan içəri girəndə şahı bu taxtın üstündə gördü. Arıq qılçalarını qucaqlayıb oturmuşdu. Onun sulu gözlərindən kin yağırdı. Üzünün qırışları daha da dərinləşmiş, istehzalı dodaqları qorxunc idi.

Sadıq xan uzun müddət şah ilə səfər yoldaşı olmuş, onun hər bir hərəkətini incədən-incəyə öyrənmişdi, lakin üzündəki bugünkü ifadə olduqca acı və qorxulu idi.

Şah hiddətlə dedi:

– Sadıq xan, sən də belə! Sən bir həftədən bəri Cavanşir Məmməd bəyin imarətində olursan, bir demirsən, niyə Məmməd bəy qibleyialəminhüzuruna gəlmir?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Toy

Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»

3 мин
Üç

Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:

3 мин
Sərhəd məsələsi

– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.

6 мин
Qumarbazın arvadı

Yayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.

6 мин

Стихи других поэтов