Üçüncü hissə
Страница 9 из 13 · 62%
– Şah Muğandan çəkilib getdi. Görəsən bir də gələrmi?
– Gələcək! Şübhəsiz! İranda yenə bir tüğyan baş verib, onu yatıra bilsə, öldürülməsə, yazı gözünün altına al!
– İndi xanın tədbiri nədir?
– Cavad xanın burnunu ovmaq! İrakli xan qoşun yığır. İbrahim Xəlil xanla Ömər xan da hazırlaşır. Bu günlər tərpənəcəklər. Urus qoşunu Dərbəndə çatana kimi Gəncə alınmalıdır.
Söhbət get-gedə qızışdı. Bir az sonra Saatlı Mirzə Məmmədqulu da gəldi. Bu, Vaqifin yerlisi olaraq, çoxdan Qarabağa köçənlərdən idi.
Sarayda müəyyən vəzifələr daşıyırdı. Vaqif onu çoxdan görmədiyi üçün çox sevindi:
– Yerli, – dedi, – kəmməhəlsən! Imarətdə görüşdük, görüşdük; görüşməsək, heç bir deməzsən görüm aşıq necə oldu.
Mirzə Məmmədqulu üzr istədi, çox vaxt kənddə olduğunu söylədi:
– Şah getmiş ikən bir az da əkin – biçinə baxmalıyıq, yoxsa işlər xarabdır.
Vaqif təsvib edici bir gülümsəmə ilə:
– Vallah, qoçaqsan, hər işdə barmağın var! Içinizdə ən fərsizi mənəm, oturduğum evdən başqa gümanım heç bir şeyə gəlmir.
15
İrakli oğlu Aleksandrın komandası altında Gəncəyə qoşun göndərmişdi.
Gəncə üç ay idi ki, mühasirədə idi. Lakin gürcü qoşunu get-gedə qaçıb dağılırdı. Çünki sursat bitir, silah yox, qoşunun ayağı belə yalın idi. İraklinin xəzinəsi boşalmışdı, qoşununu heç bir cəhətdən təmin edə bilmirdi. Zatən, Gəncə səfərindən başlıca məqsədi Cavad xanı itaətə gətirib, bac almaq və maddi vəziyyətini düzəltmək idi. İbrahim xanla Ömər xan qoşun ilə Gəncənin üstünə gəldikdə orada yüzcə gürcü qalmışdı.
Qarabağ və Avarıstan əsgərləri yetişər-yetişməz vəziyyət dəyişildi: bağlarda səngər qayıran gəncəlilər qalaya doğru çəkilməyə başladılar.
Gəncə çargül bir hasara malik idi. “Qarabağ” və “Tiflis” adlı iki qapısı və qərb tərəfdə bir bürcü vardı. Qalanın mərkəzini kərpic tikili xan sarayı, narın qala və məscid təşkil edirdi. Qarabağ qapısına yaxın yerdə bir quyu var idi ki, şəhərə su verirdi. İbrahim xan Gəncə qalasına bələd olduğu üçün qoşunu ilə Gəncə çayını keçib, topları düzdürdü.
Bir-iki top atəşindən sonra qoşun hücuma keçdi. Barılar qumbaraların zərbindən deşik-deşik olmuş, aman səsi göylərə çıxmışdı. Bir qədər sonra Qarabağ qapısının üstündə ağ ələm göründü, bu amana gəlmək əlaməti idi. Buyruq verildi, hücum dayandırıldı. Qala qapısı açıldı, əlləri duz-çörəkli ağsaqqallar heyəti iki qat olaraq İbrahim xanın hüzuruna gəldilər.
Əlində quran tutmuş bir qoca:
– Xan sağ olsun, – dedi, – müsəlman qanı tökülməyə hərgiz razı olmazsınız. Nə əmriniz olsa, nökərçilik etməyə hazırıq.
İbrahim xan hirsli:
– Cavad xanın özü hanı! – dedi.
Ağsaqqallar üzr gətirdilər, müqəssir olub, üzə çıxmağa utandığını söylədilərsə də, xan razı olmadı. Nəhayət, əlac kəsilib, Cavad xanın özü gəlməyə məcbur oldu. Yerə qədər əyilərək təzim edir, şaha köməyə getməklə böyük səhv etdiyini irəli sürərək, günahını yumaq üçün hər bir cəzaya razı olduğunu söylədi.
İbrahim xan Ömər xanla məsləhətləşib, çadıra çəkildilər. Cavad xan da oraya gəlib, müzakirəyə başladılar. Qaliblər böyük bacdan başlayıb, yavaş-yavaş güzəştə getməyə məcbur oldular. Cavad xan yalvardı, verə bilməyəcəyini irəli sürdü. Axırda İbrahim xana on beş min manat pul, oğlunu zaval və bacısını hərəmə verməyə razı oldu. Qarabağ xanı pulu və zavalları alıb sakit oldu. Ömər xan da hər əsgərinə qırx qızıl alıb Gəncədən çəkiləcəyini bildirdi.
Barışıq xəbəri ətrafa yayılmışdı, xalq tökülüb gəlir və uzaqdan çadırı
çevrələyirdi. Nəhayət, bir dəstə ayrılıb, İbrahim xanın yanına gəldi, ayağına döşəndi:
– Xan sağ olsun, bizi balalarıyın başına çevir!
Xan heyrətlə:
– Nə olub? – dedi.
– Xan, əyalımız neçə aydan bəri qalada əsirdir, – dedilər. İş-gücümüz tökülüb qalır, körpələr də ələm-yesir kökündədir!
İbrahim xan məsələni soruşub bildi. Bəlli oldu ki, Cavad xan kəndlilərin tüğyan etməsindən qorxaraq, kəndlilərin arvadlarını qalaya girov gətirmiş imiş.
İbrahim xan da müstəbid idi, xalqa olmazın zülmün edərdi, lakin arvadları zaval gətirmək ağlına gəlməmişdi. Qalibiyyət ona bir alicənablıq bəxş etmişdi, bundan istifadə edərək arvadların buraxılmasını Cavad xana tapşırdı:
– Bu qədər zülm olurmu? – dedi.
Cavad xan utandı. O dəqiqə adam göndərib, arvadları buraxdırdı. Qala qapısından çıxan min beş yüzə qədər arvad ərlərinə və övladlarına rast gələrək hönkürtü qopardılar. Bir çoxlarının ürəyi gedib, yerə yıxıldı. Bu cansıxan mənzərənin şahidi olan bir çox əsgər belə doluxsunub ağladı.
Barışıq olub bitmişdi. İbrahim xan dönüb Qarabağa getmək istərkən İrakli xan yeni toplanmış qoşunla gəlib Gəncəyə çıxdı. İbrahim xanla görüşdülər, məsələni anlayıb hiddətlə:
– Barışıq oldu? – deyə sordu.
İbrahim xan dedi:
– Oldu. Cavad xan zaval verib, canını qurtardı. Bundan sonra bir də Irana ümid bağlasa, oğlu cəllad əlində qalacaq.
– Bəs mən?
İbrahim xan İraklinin bac almaq meylində olduğunu anladı. Ehmal səslə:
– Bilirsən, – dedi, – İrakli xan, bir başa iki yumruq cəbrdir. Cavad xanın da işləri yaxşı deyil. Bu il mədaxili olmamışdır.
İrakli hirsindən titrədi:
– Mənim də şəhərim dağılıb, adamlarım qırılıb. Iravan Axta xanda,
Qazağı və Şəmsəddini də şah məndən ayırıb, Iravana yapışdırdı... İbrahim xan dinmədi. İrakli bir az deyindi. Nəhayət:
– Zərər yoxdur! – dedi, – urus gələr, hər şey düzələr: onda Qarabağı da səndən alıb, mənə verər!
İraklinin hədəsi İbrahim xanı sarsıtdı. Yenə köhnə şübhə onda baş qaldırıb, ruhunu əzməyə başladı.
Cavad xan İraklini razı buraxmaq üçün, Ağaməmməd şahın gətirib Gəncədə buraxdığı dörd yüz gürcü əsirini yığdırıb, ona təslim verdi.
Buna baxmayaraq yenə də İrakli xan pərt bir halda Tiflisə qayıtdı.
16
Ağabəyim ağa bu gün yataqdan dışarı çıxmamışdı. Nazlı onun yanını kəsib əyləndirməyə çalışırdı: mücrüsünü açıb, zinətlərini göstərib, paltarlarının səliqəsindən danışırdı, lakin Bəyimi maraqlandıra bilməyirdi. Bəyimin bütün fikri Gəncə mühasirəsində yaralanmış
Məmməd bəyin yanında idi:
– Yarası, deyirsən, çiynindəndir?.. Qolu şikəst olmaz ki?
Nazlı təkrar təsəlli verərək:
– Yox, iki gözüm! – dedi. Nahaq yerə xiffət eləyirsən! Heç bir şeyi yoxdur; onun kimi igidə bir xırda yara nədir ki!
Ağabəyim ağa düşüncəli bir halda mücrünün qapağını örtdü:
– Sən gedəndə onu necə gördün? Oturmuşdu, yoxsa uzanmışdı?
– Bəyim, yatağında oturmuşdu. Kağızı verdim, gülümsünə-gülümsünə oxudu, dedi, sağ olsun, heyf ki, cavab yaza bilmirəm. Bilirsən, Bəyim, sağ qolu boynundan asılıdır. Cərrah açmağa qoymur.
Yoxsa, şükür yaradana, nəyi var ki. Dilim-ağzım qurusun, bir şey olsaydı, otura bilərdimi?
Ağabəyim ağa dinləyir, bəzən gülümsəyir, lakin qəlbini gəmirən şübhədən qurtara bilməyirdi. Anası Tutubəyim ağanın içəri girməsi onu dərddən daşındırdı.
– Ay qız, yenə nə olub?
– Heç, ana, kefim yoxdur!
Tutubəyim əndişə ilə əlini qızının alnına qoydu, üzünə diqqətlə baxdı və gülümsünərək:
– Nazlanırsan, bir şeyin yoxdur! – deyib, Ağabəyimin yanağından öpdü. Ağabəyim bu ansızın öpüşdən diksinib, qıpqırmızı kəsildi. Qanrıldı, anasının üzünə baxdı, kədərli gözlərində yaş parladı. Tutubəyim onu qucaqlayıb, yanında oturtdu:
– Eh, qızım, qızım! – deyə köksünü ötürdü, – hərənizin dərdini bir cür çəkirəm. Böyük bacın Tubunu verdik, dedik yarıdı, əri gedib, Gəncədən üstünə bir günü gətirib, indi evdə gündə davadır. Özü ikicanlı, zəif, xiffət eləməkdən bət-bənizi qaçıb. Sən niyə xiffət eləyirsən, bilmirəm. Eh, ana olarsan, onda mənim çəkdiklərimi bilərsən!..
Ağabəyim ağa anasına sığınaraq həzin-həzin ağladı.
Tutubəyim ağa qızının dərdini bilirdi, lakin üzə vurmurdu, çünki Məmməd bəylə yarıyacağına inanmırdı:
– Eh, qızım, bilmirəm səni necə başa salım... Qız başının ağrısını bilməz! Sənin ağzından hələ süd iyi gəlir, sən elə bilirsən ərə gedən ağ günə çıxır... Yox qızım, yanılırsan, qızın dərdi birsə, ərə gedəndə min olur. Eşitməmisənmi:
İndi bax mən o çulam, ayaqlar altına düşmüşəm. Atan heç bilmir, mən dünyada varam, yoxsa yox. Bir müddət Hacı Kərimin qızına uydu, indi də Gəncədən təzə gətirdiyi bacıma uyub... Eh, gecələr yatağıma qor dolur, səhərə kimi yanıram...
Tutubəyim ağanı qəhər boğdu.
17
Zubovun komandasındakı ordu Dərbəndi alıb, Şirvan torpağına keçmişdi. Xanların nümayəndələri onu təbrikə qoşurdular. Şirvan, Şəki, Gəncə, Iravan, Xoy, Qaradağ, Naxçıvan, Talış, Təbriz, Şahsevən və Şəqaqi xanları İbrahim xanın məsləhətinə görə rus himayəsinə keçməyə böyük arzu göstərirdilər. Lakin İrakli xanın Gəncədəki hədəsi İbrahim xanda bir tərəddüd və şübhə oyandırmışdı. Rus komandanlığının
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-ucuncu-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Qumarbazın arvadıYayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.