Üçüncü hissə
Страница 5 из 13 · 31%
– Eşitdim sabah qayıdırsan, bu düzdürmü? – deyə intizar içində çırpındı.
– Düzdür!
– Getmə! Gedərsən başına, dilim qurusun, bir iş gələr.
– Getməsəm olmaz, xanın buyruğu belədir...
Ağabəyim ağa küskün bir halda Məmməd bəydən aralanıb, ağaca söykəndi. Yenə zanbağın yarpaqlarını qırıb, dodaqlarına alır və sonra şüursuz bir halda otun üstə atırdı.
8
Vaqif yastıqlara söykənib, yatağında oturmuşdu. Kələntər Ağası bəy də bir saatdan bəri onun yanında idi. Vəziyyətin ağırlığı Vaqifi olduqca darıxdırırdı:
– Zəfim7 olmasa, – dedi, – yenə durardım. Mən özümü yatağa verməyi sevmirəm.
Ağası bəy ehtiyatlı bir səslə:
– Yox, axund, hələ qalxma! – dedi.
– Həkim də eylə buyurur; dedi ki, sənadan8sonra iki gün yataqdan durmazsan! Ancaq işlər adamın ürəyini sıxır. Şah Arazı keçmişsə, çətin olacaq.
Ağası bəy:
– Axund, ərz etdiklərim səhihdir, – dedi. – Məmməd bəy Xudafərin körpüsünü uçurtdurmuşdu, indi, deyir, Axta xan onu təzədən tikdirir.
Qoşunu üç yerə ayırıb: bir hissəsi Naxçıvan tərəfdən keçib, ələ düşən camaatı arvadlı-uşaqlı Təbriz tərəfə sürdürüb, əkinlərini də odlayıb, zay eləyiblər; ikinci qoşun Səlyanı alıb, arvad-uşağı əsir edib, kişilərin də başlarını nizəyə keçirib, şaha peşkəş aparıblar. Şahın özü Xudafərindən keçib, düz qalanın üstə gəlmək istəyir...
– Yazıq Talış xanı Mir Mustafa görəsən, necə oldu?
– Mir Mustafa xanın özü dağlara qaçıb, arvad-uşağı isə əsir gedib.
– Vay yazıq!.. Ağası bəy, İnsanın gərdişi-dövrandan zəhləsi gedir.
Bu qədər də zülm olarmı?! Ellər, uluslar əldən getdi!..
Ağası bəy köksünü ötürərək:
– Hələ harasıdır, – dedi, – camaat əkinlərini buraxıb, baş götürüb, dağlara tərəf çəkilir. Rəvandan tutmuş övlağa qədər kəndlər xaraba haldadır; hamı pərə-pərən olub, dağılıb... Bunun dalı aclıqdır...
Vaqif başını aşağı salıb, barmağındakı əqiq üzüyü fırladırdı. Onun daima şənlik saçan üzündə indi dərin yas ifadəsi vardı. Ağası bəy də susmuşdu.
Birdən Vaqif başını qaldırıb, huşsuz bir halda Ağası bəyə tərəf yönəldi:
– Xan ha tərəfə getdi? – deyə soruşdu.
– Tuğ tərəfə gedib. İrakli xanın göndərdiyi qoşun ilə birləşib, Araz qırağına enməlidir. Əgər Məmməd bəy Xudafərinin yenidən salınmasına mane ola bilməzsə, deməli, labuddən vuruşma olacaq. Çətini Araz qırağını saxlamaqdır. Bu baş tutmasa, Qalanın ətrafına çəkilmək lazım gələcək. Başqa çarə yoxdur.
Vaqif yenə düşüncəyə daldı. Sonra nikbin bir təbəssümlə:
– Qələt eləyir. Qalaya bata bilməz, – dedi.
Ağası bəy mətin səslə:
– Mən də elə güman edirəm, – dedi. – Şəhər möhkəmdir: topumuz da onunkundan az deyil.
Vaqif ilə Ağası bəyin söhbəti bir saat daha davam etdi. Nəhayət, Ağası bəy gedib, Vaqifi tək buraxdı.
Günəş qüruba tərəf əyilmişdi, otaq sərinləmişdi. Lakin Vaqifin bundan xəbəri olmamışdı: hadisələr və ailə həyatı onu o qədər düşündürməyə başlamışdı ki, günün nə çağı olduğu zənninə belə gəlmirdi.
Arvadı Qızxanım sabahdan bircə dəfə onun yanına gəlib, xala xətrin qalmasın deyə ərinin halın soruşub, yenə çəkilib getmişdi. Indiyə qədər Qızxanımın vəfasız hərəkətlərinə əhəmiyyət verməyən Vaqif indi xəstə yatağında inciməyə başlamışdı. O indi həm öz ailəsinə, həm məmləkətə və onu idarə edənlərə qarşı məyus bir vəziyyət almışdı.
Sanki o, dünyaya yenicə gəlmiş bütün İnsan əməllərini bir tərəziyə qoyub çəkmiş və nəticəsində kədərlənmişdi. Artıq ruhunun heç bir guşəsində nəşə deyilən şey qalmamışdı. Bu əhvalı-ruhiyyə ilə o, lələni çağırıb, kağız və qələmdan istədi. Zəif əli ilə yazdı:
Mən cahan mülkində mütləq doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim,
Aşinalar ixtilatında sədaqət görmədim,
Beyətü-iqrarü-imanü-dəyanət görmədüm.
Bivəfadan, lacərəm, təhsili-hacət görmədim...
Qələm tez-tez qələmdandakı davata batırılıb, kağızın üzərində dolaşır sətir-sətir dalınca doğur, qəmli şairin ürəyini yüngülləşdirirdi.
Nəhayət, son bəndə yetişdi, əvvəl köksünü ötürdü, sonra dini duyğulara qapılaraq təsəlli tapdı:
Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,
Etmədim, səd heyf kim, bir mahi-ruxsarə nigah,
Qədir bilməz həmdəm ilə eylədim ömrü təbah.
Vaqifə, ya rəbbanə, öz lütfünü eylə pənah.
Səndən özgə kimsədə lütfü-inayət görmədim.
Vaqif şeiri bitirib, gözlüyü gözündən çıxardı. O indi əzablı dərdlərdən bir az xilas olmuşdu. Lakin qəlbindəki dərdi acı bir həsrət əvəz etmişdi; bu Mədinə həsrəti idi.
9
Arandan qaçıb, gələn köç yolları və şəhərin ətrafındakı dağ və təpələri doldurmuşdu. Topxanadan tutmuş Datələbə qədər hər yerdə alaçıq qurulub, qoyunquzu bir-birinə qarışmışdı. Atların kişnəməsi, qoyun-quzunun mələşməsi, inək və camışların böyürməsi İnsan səsküyünə qarışaraq qorxunc, eyni zamanda da dərdlibəlalı bir uğultu təşkil edərək, yer-göyü nalələrlə doldururdu. Hər kəs qorxu və əndişə içində idi. El-oba yerindən oynamış, taxıl biçilməmiş, qara-qayd xalqın canını almışdı. Şəhərdə, öz evində oturanlar gözəlcə bilirdilər, arvad-uşaq əlayaqda gedəcək, başlar nizəyə taxılacaq, qan su yerinə axacaqdır. Belə qarışıqlıqda haqq-nahaq axtarılırdımı? Həmişə qurunun oduna yaşlar da yanırdı.
Vaqif hələ xəstə idi, lakin baş verən hadisələri ona xəbər verib, məsləhətini soruşurdular. Çaparların Şişəyə gətirdiyi xəbərlər çox da düz olmayırdı: hələ indiyə qədər Araz qırağından səhih bir xəbər gəlməmişdi; kimi qalibiyyətdən, kimi məğlubiyyətdən dəm vururdu.
Qorxmuş qaçqınlar az qala şahı Ağdamda görmüşdülər. İbrahim xanın oğlu Əbülfət ağanın gəlməsi Vaqif üçün bəzi məsələləri aydınlaşdırdı.
Ən əvvəl xanın şəhərə döndüyünü və onu Vaqifin halını soruşmağa göndərdiyini bildirdi. Vaqif razılıq edib dedi:
– Ağa, işlər nə günədir?
Əbülfət ağanın gənc və yaraşıqlı çöhrəsi tutuldu:
– Axund, şah Arazı keçib, dava da olmuşdu. Bizimkilər dayana bilməmişlər: dörd-beş min qırx minin qabağında nə qayıracaq ki,
Vaqif məsələnin çox ciddi olduğunu duyub, bir daha sual verməyə cəsarət etmədi. Lakin Əbülfət ağa məyus bir səslə sözlərinə davam edirdi:
– Ağamı yandıran o deyil, Axta xan bizə düşməndir, bunu bilirik.
Dərd Cavad xan dərdidir. Bu məlun Məlik Məcnunu da yanına salıb, şahı pişvaz etməyə gedib. Bir tərəfdən də o ağamın qoşununa hücum edib. Ağamı yandıran da budur. Indi ağam elə qəzəblidir ki, söz belə demək olmur. Yenə siz, axund, naxoş olmasaydınız, gəlib bir çarə tapardınız.
Onun çəmini siz yaxşı bilirsiniz.
Vaqif heyfsilənərək:
– Məni də ki, – dedi, – bu andır azar tərpənməyə qoymayır...
Xanın qəzəblənməsinin nə olduğunu Vaqif gözəlcə bilirdi, odur ki, Əbülfət ağa getdikdən sonra belə məsələni yadından çıxara bilməyirdi.
Bu anda Ohan keşiş başı alovlu gəlib çıxdı.
– Ay canım, sən də azara vaxt tapdın, işlər heç də xoşuma gəlmir.
Bu köpək Məcnunun şaha qahmar çıxması xanı qəzəbə gətirib, yenə qan olacaq, görürəm. Amandır, axund, bir çarə!
Ohan hirsindən bir yerdə otura bilməyib, otağı dolaşır, arabir iki əli ilə dizlərinə vurub, öz-özünə: Yetim qızsan büzül yat, – axı deyən gərək, köpək Məcnun, sənə dava nə yaraşır! Axı türk yaxşı demiş ki, at təpiyinə at dözər. Bu şahla xan davasıdır, sən niyə özünü oda soxursan!?
Ohan öz-özünə deyinib axırda burunotu çəkib sakit oldu:
– Axund, sənə qurban olum, məsləhətin nədir, axır bilirsən ki, hirsli başda ağıl olmaz!
Vaqif düşüncədən aralandı:
– Mirzə Ohan, – dedi, – elə sən gəlmədən əvvəl mən bunu düşünürdüm.
Bilirəm ki, xanın qəzəblənib, camaatı asıb-kəsməsi hər şeydən əvvəl xanın özünə mənfəət deyil: düşmən qapıda, içəridə də bir tüğyan baş verərsə?.. Buna türklər: eşşəyə gücü çatmayıb, palanı toqqaşlamaq deyərlər. O ki, qaldı xanı sakit etməyə... Bircə çarəm var.
Ohan bir şey kəşf etmiş kimi cəld Vaqifə yanaşdı:
– De görüm, başına dönüm! – deyə cavaba müntəzir olaraq yerində durub qaldı.
Vaqif gülümsündü:
– Yenə bu işə şərbaf Kazım yaxşıdır.
– Necə?
– Lalın dilini anası bilər, – Kazım xan-bəylə çox oturub-durub, bir şey söylər, xanın kefi açılar.
Ohan təlaşla:
– Bəs nə durmusan? – dedi.
Lələ çağırılıb, Kazımın dalınca göndərildi. Lələ gedib-gəlincə
Vaqifin həyəti camaatla doldu: yenə adamları zindana atılanlar rica və məsləhətə gəlmişdilər. Dışarıdan gələn arvad hönkürtüsü Vaqifi pərişan hala gətirirdi.
Kazım gəlib çıxdı. Qolları çirməkli və əlləri palçıqlı idi. Vaqif gülümsünərək:
– Ay Kazım, – dedi, – yenə kəmiltifat olmusan, nədi, yoxsa əlin böyüklər ətəyinə yetişib?
Kazım qəhqəhə ilə güldü:
– Axund, – dedi, – mənim yox, böyüklərin əli mənim ətəyimə yetişib.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-ucuncu-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Qumarbazın arvadıYayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.