Üçüncü hissə
Страница 4 из 13 · 23%
İki-üçü gündən bəri Vaqif evdən çölə çıxmayıb, rəsmi məktublar yazmaqda idi. O yazır, Mirzə Camal da üzünü tirmə kağızlara köçürürdü.
Elə məşğul idilər ki, Mirzə Əliməmməd ağanın içəri girməsini belə görmədilər.
– Salaməleyküm!
Vaqif gözlüyün üzərindən Mirzə Əliməmmədi süzüb, salamına cavab verdi və yerində qurcuxdu.
Mirzə Əliməmməd cəld yüyürüb, əlini Vaqifin çiyninə qoydu:
– Zəhmət buyurulmasın! – dedi, – gəldim xudafizləşməyə!
Vaqif heyrətlə:
– Bu tezliklə? – deyə gözlüyünü yerə qoydu. – Axı sabah gedəcəkdin?
– Xeyr, – deyə, Mirzə Əliməmməd cavab verdi, – bu gün hazır olduq, vaxt itirmək caiz deyil.
Vaqif düşündü:
– Yaxşı, məsləhət sənindir, – dedi və sonra Mirzə Camala müraciət edərək: – Mirzə Camal, Rum sultanına yazılmış məhəbbətnaməni ver görüm!
Mirzə Camal sarıya çalan və lülələnmiş məktubu kağızların arasından götürüb Vaqifə verdi. Vaqif açıb başına baxdıqdan sonra:
– Buyur, Mirzə Əliməmməd! – dedi, bir az düşünüb əlavə etdi. – Daha məsələni bilirsən. Əvvəla, çalışarsan, özünü İstanbula tez yetirərsən. Bu barədə Süleyman paşa lazımi köməyi səndən əsirgəməyəcək.
Saniyən, Sultan həzrətlərinə məsələni ətraflı ərz edəsən; deyərsən ki, bizi iki od arasından qurtaracaq yeganə çarə Osmanlı himayəsidir.
Tezliklə əsgər göndərməsələr, Axta xan bizi həlak edəcək və ümməti – islam qan dəryasında boğulacaq.
Vaqif susdu, lakin böyük bir həyəcan keçirdiyi halından görünürdü; iztirabdan qamış qələm əlində titrədi.
Mirzə Əliməmməd məktubu qurşağına soxub dedi:
– Axund, arxayın ol, əliboş qayıtmaram.
Bir də şən bir təbəssüm Vaqifin çöhrəsini parlatdı:
– “Şah gəldi, şah gəldi!” – dedilər, axırda, deyəsən, “saman” düşüb “zaman” odlanacaq! – Vaqif qəhqəhə ilə güldü, sonra kiriyib, mətin bir səslə: – Əzizim, – dedi, – dövlət işi belədir – gah eniş, gah yoxuş; bir az səfa, iki elə cəfa. Nə etməli, məyus olmamalıyıq; şair demişkən:
“Səbr eylə, aqibət mey olur qan dedikləri, Sübh visal olur şəbi hicran dedikləri!..
Mirzə Əliməmməd ağa istər bu şeirdən, istərsə də Vaqif kimi dostundan ayrıldığına kədərlənib doluxsundu. Vaqif ilə qucaqlaşıb ayrıldı.
Vaqif onu artırma pilləkəninə qədər ötürdü:
– Lələ, ay lələ! – deyə çağırdı.
Lələ hazır oldu:
– Lələ, əlin yüngüldür, ağanın arxasından su at, uzaq səfərə gedir!
Mirzə Əliməmməd ağa ata minib tərpəndikdə lələ bir tas su gətirib, onun arxasınca atdı:
– Tanrı yaxşı yol versin. Işin avand olsun!
Atlar həyət darvazasından çıxıb, getdi. Vaqif gözlərini silə-silə geri döndü. Mirzə Camal kağızı dizinin üstə qoyub, səy ilə yazırdı.
Vaqif ona yönələrək:
– Oğlum, – dedi, – sərbaz baş ilə oynayan kimi bizlər də məmləkətin taleyi ilə oynayırıq. Qumardır: tuta-tutmaya! Hər halda biz vəzifəmizi görməliyik. Bəlkə, xanlığın rahi-nicata çıxmasına bir səbəbi xeyir olaq.
7
Şəhərdə böyük bir hərb hazırlığı duyulurdu: silahlı adam əlindən dar küçələrdən keçmək mümkün deyildi; şimaldan dağ yolları ilə gətirilən toplar şəhərin cənub-şərq cəhətlərinə yerləşdirilirdi. Avarıstandan göndərilmiş ləzgi və başqa xalqlara mənsub tutma əsgər məhəllələrə paylanırdı. Məmməd bəy də Kəhrizlidən çağırılıb gətirilmişdi.
O, qoşunla Araz qırağına göndəriləcəkdi.
Baharın son ayı idi. Leysan yağışları yenicə dayanmış, hər yer yaşıllaşıb firuzəyə dönmüşdü. Ağabyəim ağa Məmməd bəyin gəlməsini eşidib, onunla görüşməyə bir vasitə axtarırdı. Yenə bütün günü bağçanı dolaşıb, Nazlını danışdırır, dəruni böhranından rahatlıq tapa bilmirdi.
O, Əsgərana baxan bürcün qarşısındakı ağaca söykənib, əlindəki ağ zanbağı qoxulayaraq:
– Dayə, – dedi, – gecələr elə yatırsan ki, sənə həsəd aparıram... Ah dayə, nə bəxtəvər adamsan!
Nazlı güldü:
– Bəyim, başına dönüm, yatmayım nə qayırım?!
Ağabəyim ağa onu həsrətlə süzərək:
– Eh dayə, – dedi, – mən də yatardım...Amma indi yuxum gözlərimdən çəkilib. Gecə sabaha qədər ulduzlarla dərdləşirəm. Bilmirəm, bu dərd hayandan gəldi...
Ağabəyim ağa doluxsundu; ala gözlər odlu yaşla doldu.
Nazlı təlaşa düşdü; o, Bəyimin dərdindən baş açmayaraq, özü də dərdləndi:
– Bəyim, – dedi, – qurbanın olum, axı bilmirəm sənə oldu?! Gözəmi gəldin, naləyəmi gəldin?
Nazlı Bəyimin belini qucaqlayıb, onu oxşadı, ürək-dirək verdi.
– Bəyim, – dedi, – adam bir az toxtaq olar, hər şeyi ürəyinə salmaz.
Axı bilmirəm sənə durduğun yerdə nə oldu?.. Bəlkə şər vaxtı yerə isti su atmısan, mələklərin qanadını yandırmısan, sənə nifrin ediblər?
– Yox, dayə!.. O deyil... Qəlbimdə bir mələk var, onun qanadı yanmışdı, gecəgündüz ahu zarından üzülürəm!
Nazlı heyrətlə bəyimin yaşılı gözlərinə baxır, qəlbindəki mələyin nə olduğunu bir növ anlaya bilmirdi:
– Bəyim, – dedi, – qəlbdə mələk olduğunu eşitməmişdim? Deyirlər, adamın hər çiynində bir mələk olar, günahı-zavalı yazar, qiyamət günü ona görə adama əcir verərlər. Qəlbdə də mələk varmış. Bəs, görəsən, o nə qayırır?
Nazlının bu safdil mülahizələri Bəyimin gülümsəməsinə səbəb oldu:
– Dayə, – dedi, – xoş halına! Yaxşı ki, o mələk sənin qəlbini viranə bağa döndərməmişdir. Dayə, bilsən, o gözəl mələk mənə nə qədər əzab verir. Həm də nə qədər xoş və dadlı bir işgəncəsi var!..
Nazlı sakit duraraq, ona olduqca yabançı görünən bu fikirləri dinləyir, bir şey anlaya bilmirdi. Bu əsnada arxadan tappıltı gəldi. Ağabəyim ağa səksəkəli quş kimi cəld çöndü:
– Məmməd! – deyə dona qaldı.
Məmməd bəy Ağabəyim ağanı görcək bir az duruxdu, zənn ilə baxdıqdan sonra, sevinclə:
– Əmiqızım deyil? Maşallah, mən görməyəndən bəri lap yekə qız olmusan ki! – deyə cəld əl verdi.
Ağabəyim ağa qıpqırmızı kəsilib, gözlərini yuxarı qaldırmağa cəsarət etmirdi. Yalnız ağ tafta köynəkdə qönçələnən köksü həyəcan içində çırpınırdı.
– Necəsən, yaxşısanmı? – deyə Məmməd bəy soruşdu.
Bəyim gözlərini qaldırdı, Məmməd bəyin ala sərt gözlərinə rast gələr-gəlməz, baxışı onun yaşıl çuxasından, ağ arxalığından süzülüb, yenə yerə dikəldi.
– Yaxşıyam!.. Sağ ol!.. Sən görəli!
Bəyimin ərki və gileyi Məmməd bəyi oxşadı. O, Ağabəyimi yenidən süzdü: əlindəki zanbaq qədər lətif və gözəl idi... hadisələr olmuş, İnsanların başı qarışmış; göz açıb yumana qədər xeyli bir zaman gəlib keçmiş... bu bağçada yeni bir zanbaq yetişmiş; onu günəş oxşamış, hava qucmuş...nazlar, rayihələr, nəşələr ona yoldaş olmuş... Ah, vuruşmalar, igidliklər, şöhrət və ad...Kaş hamınız bir toz olub, bu gözəl dolaşan yollara səpiləydiniz...
Məmməd bəy köksünü ötürdü. Mərcan dodaqlardan “sən görəli” – deyə fırladılan sözlər bir xəncər olaraq onun qəlbinə sancıldı:
– Əmiqızı, – dedi, – gileyə haqqın var. Bilsən, ömrüm necə puç olub gedir.
Ağabəyim ağa artıq qəlb istirahəti tapıb cürətlənmişdi. O, süzgün baxışı ilə Məmməd bəyi oxşayaraq:
– Səbəb kimdir? – deyə gülümsədi və gözlərinin onun gözlərinə dikdi.
– Əlbəttə özüm. İnsan başına gələni bilseydi...
– Kəhrizlidə nə var? Hürü xanım, Ayişə bəyim necədirlər?
Məmməd bəy Ağa Bəyimin sərzənişinin mənasını anladı, qızararaq:
– Canına dua edirlər! Əllərindən öpürlər, – dedi.
Nazlı yaşmanıb, kənardan bunlara tamaşa edir və Bəyimin birdən dəyişilib nəşələndiyinə heyrət edirdi. Ağabəyim ona yönələrək:
– Dayə, – dedi, – bir kasa su gətir, içmək istəyirəm.
Nazlı cəld çönüb, saraya doğru dikləndi.
Ağabəyim ağa xoş bir əda ilə zanbağın yarpağını qırıb, dodaqlarına aldı və Məmməd bəyin üzünə baxmayaraq:
– Yaxşı, – dedi, – heç bir demirsən mənim bir əmim qızı var, qərib quş kimi, səhərdən axşama qədər bu ağaclara sığınıb, həsrət çəkir?!
– Ay Bəyim, görmürsən nələr olur: bu gün-sabah şah Arazı keçəcək...
Ağabəyim ağa Məmməd bəyin sözlərini xoş bir hiddətlə kəsdi:
– Yerə batsın şah da, Araz da!.. Kiri, vəfasızsan!
Məmməd bəy güldü, Bəyimin sözlərinə cavab tapa bilmədi.
Ağabəyim ərk ilə əlini onun xəncərinə uzadıb, qızıl yazılı dəstəsini əlləşdirərək dedi: – Sənə gülünc gəlir... Amma mən...
Yaş bəyimi boğdu. Əlləri ilə gözlərini qapayıb, hönkürdü.
Məmməd bəy onu ehmalca qucaqlayıb, özünə tərəf çəkdi. Bəyim Məmməd bəyin geniş köksünə sığınıb, ağlamaqda davam etdi.
indi Bəyimin halı qorxunc bir fırtına keçirmiş qayıqçının sahilə çatıb, lövbər atmasını andırırdı. Sahil qəvi və təhlükəsiz idi, artıq coşan, köpürən fırtınalar arxada buraxılmışdı. Lakin bu sığınaq sahil idimi, sərab idimi? Səadətin özünün də sezilməz əndişələri olur. Bu əndişələr Ağabəyimin də qəlbinə yol axtarmağa başladı: o, yaşılı gözlərini qaldırıb, Məmməd bəyin gözlərinə baxdı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-ucuncu-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Qumarbazın arvadıYayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.