Страница 7 из 13 · 46%

– Olur.

–?!.

– Heyrət etmə, qız övladları saxlayıb, oğlanları aramızdan çıxardarıq...

Çirkin qadın bunların sərkərdəsi imiş. Adı Alpaqay idi. Alpaqay səfərimdən maraqlandı.

– Haraya gedirsən? – dedi.

– Səyyaham. Dünyanı və İnsanları görmək istəyirəm, Alpaqay başını tərpətdi:

– Bilirəm, – dedi, – sənin kimi bir səyyah bir dəfə də mənə müsafir olmuşdu. Adı Anastasiz idi. Çayların başlandığı və töküldüyü yerləri öyrənər, dağları və şəhərləri xəbər alardı... Dəniz kənarında bir ölkə var imiş, orada yaşarmış.

Bu söhbətdən sonra Alpaqay neçə vuruşmada olduğumu soruşdu.

– Heç bir! – dedikdə, heyrət etdi. Ətrafında ayaq üstə duran qızları süzdü və sonra:

– Ölümdən qorxursanmı? – deyə soruşdu və gülümsədi.

– Yox, biz oturağıq. Alpaqay yenə gülümsədi:

– Oturaqları çox gördüm. Bataqlığa sancılmış ox kimi bir yerdə çürüyüb qalırlar. Yatağana belə yapışsalar, öz əllərini kəsərlər.

Başqa-başqa zehniyyət sahibləri olduğumuz üçün münaqişəni lüzumsuz gördüm.

27

Gecənin yarısı vücuduma toxunan soyuq əllər məni yuxudan oyatdı. Gözlərimi açar-açmaz yanımda cilvələnən bir qız gördüm. Diqqətlə süzdüm. Gündüz mənə dil göstərən qız olduğunu duydum. Ayazdan vücudu buz kəsilmişdi. Bağrıma basdıqca hərarətdən əriyən qar kimi varlığıma nüfuz edirdi...

Çox çəkmədən qulağıma bir şıqqıltı gəldi. Qaranlıqdan bir işıq doğan kimi oldu. Uca boylu, dolğun vücudlu qəhrəman bir qadın yanaşaraq başımın üzərində çökdü. Əndamının rayihəsi qanımı coşdurdu. Tək olmadığımı anlar-anlamaz qarovulçunun saçından yapışdı. Qarovulçu hiddətlə sıçradı. Lakin qarşısındakı qadını tanıdıqda utandı; önündə diz çökdü.

Qadın ona bir neçə sərt söz söylədi və nəhayət, bir yumruq ilişdirdi. Qarovulçu qalxdı və yaydan buraxılan ox kimi qaranlıqda qaib oldu.

İki qadının qovğası erkəyə malik olmaq üçün imiş, zənn etmişdim. Halbuki uca boylu qadının da getməyə hazırlanması təsəvvürümün boşluğunu isbat edirdi.

Vücudumda yandırılan alov söndürülmək istəyirdi. Qalxdım, qaranlığa qarışmaq istəyən qadını arxadan qucaqladım.

İlan kimi qıvrılıb, qollarımın arasından çıxdı. Sonra dəmir pəncəsi havada oynadı və umuzuma dəyən yumruqdan yerə sərildim. Özümə gəldikdən sonra həqarətin ağırlığını duymağa başladım; həməzənlər məğlub etdikləri kişilərdən nifrət edərmişlər.

Çox düşünmədən atımı yəhərləyib, yola düşdüm.

28

O biri gün rast gəldiyim korlar qafiləsindən birinin yanında qaldım. Uzun-uzadı söhbətdən sonra iskitlər haqqında bir çox məlumat topladım. Bu barədə təfsilatını sordum, Bir kor anlatdı:

– Bütün ruhani ayinlər qamlar3tərəfindən yapılar. Qamların üzərində kəllə şəkilləri çəkilmiş dəfləri var. Bu dəfləri çalaraq dönərlər və cəzb olarlar. Haləticəzbdə allahlarla görüşər, ilham alarlar və aləmi-qeybin sirlərinə vaqif olarlar.

Cəzbdən sonra hər kəs qama yanaşar və “haqqımda nə qədərlənmiş” – deyə soruşar. Qamın arxası kəsilmədən verdiyi cavablar kimini şad, kimini isə kədər içində buraxar. Qamın nüfuzu xaqanınkından daha böyükdür...Korun hekayəsi məni məmnun etdi. İndi qamın özünü görmək və hərəkətlərini öyrənmək başlıca məqsədlərimdən biri oldu.

Atı minib, yola düşdüm. Bir neçə gündən sonra iskit nəfərlərinə rast gəlməyə başladım. Bunlar atlarını ota buraxmışdılar. Uzanmış bir nəfərə yanaşdım. Üzündə əzab nişanələri var idi. İşarə ilə sorduqda ayağını göstərdi: yarası var imiş. Haman durduğum yerdə fırlandım və sonra əllərimi göyə götürərək dua edər bir vəziyyət aldım. Baxdım, nəfərin üzündə ümid parlamağa başladı.

“Dua”dan sonra nəfərin yarasını açdım qurtlamışdı. Təmizlədim, duzlu su ilə yuyub bağladım. Nəfər (rahatlanan) kimi oldu.

Bir az sonra bizə bir ayrı nəfər də yanaşdı. Yaralı ona bir şeylər anlatdı. Nəfər əlini ayağıma sürtərək öpdü və təzimkar bir vəziyyət aldı.

“Məqsədimə çatdım”, – deyə düşündüm.

Az çəkmədən ətrafımda görünən on-on beş nəfər buraya toplandı; hamısı əllərini ayaqlarıma çəkərək öpdü.

Yaralı yenə bir şeylər söylədi. Ocaq qaladılar. Bir nəfər bir neçə bağırsaq qurusu gətirdi. Bizlə atların budlarını deşərək, içlərinə qan buraxdılar və ağzını otla bağlayıb, odun üzərinə döşədilər. Bişər-bişməz bölüşdülər; biri də mənə düşdü.

İskitlərin səfər yeməyi bundan ibarət imiş.

29

Üç gün bu nəfərlə qaldıq. Açıq havada yatar, qalxardıq. Bu üç gündə nəfərin yarasını müalicə etdim. Yaxşılaşdı. Nəfərlərin arasında böyük nüfuza malik oldum. Yavaş-yavaş baş düşərgənin yerini öyrəndim və oraya getməyi arzuladım.

Nəfərlər məni apardılar.

Yolla gedərkən atların cilovlarından asılmış quru dərilər nəzərimi cəlb etdi. Soruşdum:

– Öldürdüyümüz düşmənlərin üzünün dərisidir, – deyə iftixarla söylədilər.

Saydım. Yaralının yüz iyirmi bir adam öldürdüyü məlum oldu. O biriləri də öldürmüşlərdi.

Onlar öldürdüklərinin qol sümüklərini də nizələrinin saplarına nəsb etmişdilər.

Yarım gün atları ota buraxılmış əsgər içindən keçdik. Axırda gözlərimiz bir təpədə qurulmuş bir neçə gözəl çadıra sataşdı.

– Xaqan oradadır, – deyə yaralı barmağı ilə işarə etdi.

Biz də təpələrin ətəyində bir çeşmənin yanında düşüb qaldıq.

Yaralı məni tərk edir, təkrar geri dönürdü və hər gəldikdə özü ilə bir neçə yeni adam gətirirdi. Bunlar ətrafıma toplanıb, mənə heyrətlə tamaşa edir, öz aralarında danışırdılar. Bunların marağını artırmaq üçün arabir göyə baxaraq “dua”lar oxuyurdum.

O gün yanıma bir neçə xəstə gətirdilər. “Dua”ladım və kökslərinə bir ot yapışdırıb yola saldım. Nəfərlər otu tilsim zənn edərək ona toxunmaqdan qorxurdular.

Get-gedə yanıma gələn xəstələrin sayı artdı və “tədavi”dən əvvəl “ayin” yapmağa başladım.

Fırlanmam məni iskitlərə qam sifəti ilə tanıtdırdı və nüfuzum gündən-günə artdı.

Bir axşam xalq arasında dolaşarkən dairə təşkil edən bir izdihama rast gəldim. Yanaşdım. Paltarı qızıl və gümüş pullarla bəzəkli bir qam dairənin ortasında fırlanmada idi. Bir neçə dəqiqədən sonra qam cəzb oldu, ağzından köpük daşlandı.

Ayılar-ayılmaz hər kəs:

– Qədərimdə nələr var? – deyə suallar yağdırdı.

Qam cavab verərək mənə yönəldi və xitab etmək istərkən, haman, yerimdə fırlandım.

O qədər sürətlə fırlandım ki, başım gicəldi, yıxıldım.

Ayıldıqda gözlərim qarşımda duran qama çarpdı. Həyəcanından rəngi qaçmışdı, vücudu titrəyirdi.

– Qədərimdə nə var? – deyə dili dolaşdı.

– Sabah öləcəksən! – dedim, qam bayıldı. Ətrafımı xalq bürüdü:

– Qədərimdə nə var? – deyə edilən suallara ağzıma gələn cavabları verdim.

Xalq mənə paltar, gümüş və qızıl pullar bağışladı. Bu qam baş qam imiş. Bunun bayılması nüfuzumu aləmə yaydı.

30

Baş qamın qədəri haqqında söylədiyim peyğəmbəri sözlər doğrulaşdı.

Qamın xaqan tərəfindən boğdurulduğunu eşitdim. Məni saraya çağırmaq üçün gələn təşrifat nəfəri anlatdı.

– Səbəb? – deyə sordum.

– On beş gün əvvəl, – dedi, – xaqanın oğlu çayda çimib xəstələnmişdi.

Xəstələndikdən dolayı cənuba doğru təsəvvür olunan səfər dayandırılmışdı.

Xəstəlik baş qamın ruhani ayini ilə tədavi olunar. Qam çağırıldı, sarayda qürənanın yanında fırlandı, cəzb oldu və bir həftə sonra şahzadənin şəfa bulacağını elan etdi. Dünən həftə tamam oldu, şahzadənin səhhəti yaxşılaşmaqdan daha da fənalaşdı. Sarayda bir anlaşılmazlıq yarandı. Cürbəcür şayiələr (yayıldı). “Xaqanın ikinci qadını Runca öz oğlunu vəliəhd etdirmək üçün qama bəd dualar etdirmiş” – dedilər. Nəticədə baş xatın oğlunun intiqamını almaq üçün qamın öldürülməsini tələb etmiş...

Hakimiyyət ətrafında bir çox həngamələr olduğunu ilk dəfə olaraq duydum və istifadə etmək yollarını düşünərək saraya getdim.

Yolda qarşıma çıxan nəfərlər ayağıma əllərini sürtərək öpürdülər.

Artıq düşərgədə hər kəs məni tanıyır və “qüdsiyyətimə” inanırdı. Bu qədər tez yüksəldiyimə heyrət etdim.

Təşrifatçı nəfərlə bir çadıra gəldik. Üzü çapıq bir adam məni hörmətlə qəbul etdi və baş qam təyin olunduğumu söylədi.

Mənə ulduzlu bir paltar, qumrovlu bir dəf verdilər. Buradaca kiçik bir ayin yaparaq şeyləri qəbul etdim. Bir neçə qam şagirdi zurna çaldı, geyindim. Hazır olan kimi hər tərəfdən mənə təzim olundu. Çapıq adam bir sözlər söyləyərək başıma arxası at quyruqlu bir qalpaq qoydu.

Zurnaçılar məni xəstənin çadırına təşyi etdilər.

Altun dəstəkli, incə tikişlərlə işlənmiş qapıdan içəri girdim. Xəstə çadırın baş tərəfində hündür bir taxtda yatmışdı. Hər tərəfdə doqquz gənc qız diz çöküb, saçlarını əllərində tutmuşdu. Çadırda dərin bir sükut idi. Baş xatın xəstənin yanında idi. Məni görən kimi duakar bir sima ilə yerindən qalxdı, əlimdən öpdü. Xəstəyə yanaşdım. Böht içində idi. Əlimi alnına qoydum. Hərarəti çox idi. Geri çəkildim. Ətrafındakılar kənara durub mənə meydan verdilər. Fırlandım. Özümü qaib edincəyə qədər dəfə yumruqlar vurdum... Axırda nə olduğu xatirimdə deyil.

Bir də ayıldım. Baş xatın irəlilədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов