Страница 1 из 3

QULLUQ VƏ ƏSRLİK

“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.
Bunun nəticəsi nə olur, məlumdur. Gözü açıq, hər şeyi bilmək istəyən uşaqlar
böyüklərin rəyasətlərinin qabağında susub, ixtiyarsız bir qul halına gəlirlər. Belə
tərbiyə ilə böyümüş uşaqlar özbaşına bir iş görməyə qadir ola bilmirlər. Bunlardan banilik, müasirlik gözləmək boş bir xəyaldır. Çünki uşaqlıqda qul kimi böyüklərə tabe olub, onların yanında danışmağa cürət edə bilməyən balalar irilənib kişi
olduqda da uşaqlıqdakı tərbiyələrinin iyi burunlarından getmir. Yəni yekələndə də yeni bir “böyük” axtarırlar ki, ona tabe olsunlar.

Bir müsəlman cəmiyyətinin məclislərinə gedərdim. Otağın yuxarı tərəfində həmişə iki molla oturardı və onlardan aşağı sağ və sol divarların qabağındakı döşəkçələrin üstündə cəmiyyətin qeyri üzvləri əyləşərdilər. Bir məsələ müzakirəyə qoyulduqda ən əvvəl, əlbəttə, mollaların rəyi sual olunardı. Bunların hərəsi öz rəyini bildirərdi (buna sözüm yoxdur). Qeyri üzvlərə gəldikdə biri öz fikrini bəyan etməyə cürət etmirdi. “Tahı ağa buyurdu, mən nə deyim”, ya “mən də ağa deyəndən deyirəm” sözlərilə qənaətlənirdilər. Çox ittifaq düşdükdə, sağ divarın dibindəki üzvlər onlara tərəf oturan mollanın sözünü təsdiq edirdilər, o biri tərəfdə oturanlar da öz mollaları ilə həmrəy olurdular. Daha hər kəs öz fikrini bəyan edib, doğruluğunu qeyrilərə də qandırsın bu yox idi.

Bunun səbəbi nədir ki, yazıq üzvlər fikirsiz, şəxsi rəysiz, cəsarətsiz bir qul halına gəliblər? Əlbəttə, həmən “böyük dura-dura kiçik danışmaz” sözləridir ki, bir möhkəm qanun sanılıb ev tərbiyəmizin binasına qoyulub!

Ev tərbiyəsinin yoxluğu bizi qanadı kəsilmiş bir quş halına gətirib, ancaq quş ilə bizim təfavütümüz budur ki, onlarda qanadı kəsildikdə də uçmağa bir meyl görünür, bizdə isə heç bir meyl və həvəs yoxdur. Biz quluq, qulluqdan da çıxmağa əsla razılıq göstərmərik. Sözümün doğruluğunu isbata yetirmək üçün bir müsəlman məhəlləsinə gedin, oturun otağın bir guşəsində qapıdan girənə zənn eləyin. Molla içəri girən kimi gedəcək yuxarı başa (buna sözüm yoxdur). O ki, qaldı qeyri adamlara, bunlar otağa daxil olduqda, bir az duruxacaqlar. Bilirsiniz, duruxanda nə fikir eləyirlər? Özlərinə yer axtarırlar. Məclisin yuxarı başı (mollanın ətrafı) həmişə boş olar, lakin oraya getməyə cürət etməzlər: orada “böyük” oturar. Odur ki, hər kəs özünə başqa yer axtarır. Yer də olmasa, xalqı aralayıb, güc ilə sığışır.

Aşağı başın darkeşliyi, isti vəziyyəti yuxarı başın geniş və asudəliyində uca tutular.

Gördünüzmü biz quluq. “Yuxarı” sözündən qorxuruq; həmişə özümüzü alçaq tutmağa meyl eləyirik. Bu səbəbdən də əcnəbilər arasında ləyaqətsiz bir mövqe məşğul edirik. Belə də gərək olaydı, çünki “niyyətin hara, mənzilin də ora” deyiblər.

Bir şəxs və ya millət üçün niyyət çox şərtdir. Hər kəs niyyətini uca tutub və cəmi fikir və səyini onun əmələ gəlməsinə sərf eləsə, əlbəttə, peşiman olmaz. Bir ingilis və ya bir nemsə öz vətənindən çıxıb, bizim məmləkətlərə üz qoyduqda fikri bu olur ki, gəlib böyük bir işə başlasın. Doğrudan da, görürsən səy və bacarığı sayəsində bir elə iş başladı ki, bizim aramızda misli yoxdur. Müsəlmanlar isə belə deyillər: bunlar həmişə başlanmış bir işə yapışmaq meylində olurlar. Və ya bir “böyük” axtarırlar ki, ona tabe olsunlar. Məsələn, dağıstanlı ləzgi, inquş və ya qeyri qövmə mənsub bir müsəlman vətənindən çıxdıqda fikri bu olur ki, gedib bir dövlətliyə nökər olsun. Və ya 20-30 manata qulluq edib, hökumət məmurlarını inqilabçıdan vəya qeyri bir təhlükədən hifz eləsin... Zavallı türklərin niyyəti meymundan savayı ayrı yerə getmir: bir meymunu götürüb, düşürlər cəmi Rusiyyətin canına və başlayırlar millətimizin adına ləkələr vurmağa. Iranlılar fikirlərini hammalığa, xırda-xuruşluğa, müftəxorluğa verirlər və i. a. və i. a.

Rusiya Türküstanı aldıqan sonra bir neçə yerlər abad olub, şəhərlər əmələ gəldi. Erməni, yəhudi və qeyri gözü açıq millətlər bu şəhərlərdə cəmi ticarəti və qeyri mənfəət gələn yerləri əllərinə aldılar. Qarabağın, Şirvanın kəndçi erməniləri ayağı cındır çarıqlı buralara gəlib, indi hərəsi böyük bir dövlət və mülk sahibi olublar. Müsəlmanların gələnləri də baqqallıqdan yapışdı. Bunların dədə-babası bu işdənsavayı ayrısını görməmişlər; bunlar da o yoldan çıxmadılar: kişilər “gördüklərini qoyub, görəcəyə getmək” istəmirlər. Öz cızıqlarından çıxmırlar: “Azacıq aşım, ağrımaz başım” deyib özlərini zəhmətə salmırlar. “Beş günlük” dünyaya vəfa yoxdur: çəkməsilən müsəlman da ölüb, qəbrə qoyulacaq, karxana və zavod sahibi xaçpərəst də. Qoy nə olur-olsun!” Millətimizin bu fəlsəfəsindən sonra siz hələ şikayət edirsiniz ki, Bakının neft mədənləri müsəlmanların ola-ola əcnəbilərə keçib, milyonlarını onlara verirlər.

Gəncə, Irəvan, Qarabağ bəyləri böyük mülkə, geniş torpağa malik ola-ola onları dolandıra bilmirlər. Ağalıq edə bilmirlər. Ancaq cəmi fikirləri bu olur ki, görsünlər pristavın dəftərxanasında bunlara bir yer olarmı, orada qulluq eləsinlər. Bəylərimiz o qədər alçaq tinətdirlər ki, pristavlara baş endirməyi özləri üçün fəxr bilirlər. Bir dəftərxana katiblik şapqası bunlara o qədər ləzzət verir ki, onun yolunda cəmi namus və qeyrətlərini verməyə hazır olurlar. Nişanın qüvvəsi də ki, məlumdur – mollalarımız qeyrətdən əl çəkib, nişandan əl çəkməyən kimi, əyan da bunlardan geri durmur.

Bəs biz quluq! Bir adam axtarırıq ki, ona deyək:

  • Ağa, qulluğunda hazıram!

  • Mənə görə qulluq!

  • Qulluğuna müşərrəf olmaq eyni səadətdir!..

Biz alçağıq. Çünki “Yenilik”, “Təzəlik”, “Ucalıq” sözlərindən ürkürük. Insaniyyət yoluna, mədəniyyət yoluna yeni bir cığır açmağa müqtədir deyilik. Əcnəbilər gedərlər, biz baxarıq. Onlar elmdə, fənndə, ədəbiyyat və sənayeyinəfisədə də yeni yollar açıb, tazə üslublar icad edirlər; biz laqeyd qalarıq. Artıq-artıq tərəqqi meyilli olsaq, onların izincə düşərik.

Iz ilə getmək də qulluğun bir qismidir. Amma nə fayda, beləlik bizə artıq xoş gəlir. Götürün ədəbiyyatımızı oxuyun, əsla təzəliyə bir meyl görünmür. Ədəbiyyatımız, ələlxüsus yeni yazılarımız tamam bir meymunluqdan ibarətdir. Şair əlinə qələmi alırmı, götürüb qaşı kamana və kiprikləri də oxa bənzədir. Daha bunlar mülahizə eləmirlər ki, qaşı kamana oxşatmaq onu ilk söyləyən şairin kəlamında gözəl göründü. Ona əhsən deyildi. Sonradan yüzlərcə şair adlanan onu təqlid edib, yenə qaşı kamana bənzətməklə təzə bir şey vücuda gətirmədilər, bəlkə o şairin də gözəl kəlamını rəğbətdən saldılar.

Bəzi şairlərimiz hüriyyəti mədh eləyirlər. Bunlar osmanlı şairlərinin izincə getmək istəyirlər. Bunu düşünmək istəmirlər ki, osmanlı şairi istibdadın ağırlığından əzilib “Hüriyyət” deyə ah-fəğan eləyirdi.
Onların səslərindən dəhşət və zülm eşidilərdi. Bunlar hamısı təbii: əzilənin halı çığırtısından bilinir.

Indi gərək bizim şairi nə vadar edir ki, hüriyyətdən yazır? Budamı istibdadın zorbalığından gecə və gündüz rahatlıq tapa bilmir? Bunudamı hər tərəfdən xəfiyyələr təqib edib, ağzını açmağa imkan vermirlər?
Şairlərimizin xüsusi həyatı ilə aşina olduqda, görürük ki, bunlar nəinki istibdad ağırlığını hiss edirlər, həyatda laqeyd bir ömür sürürlər və günlərini eyşişrətdə keçirirlər.

Bəs, bunlar təqlid üçün hüriyyəti mədh eləyirmişlər. Odur ki, bunların kəlamını oxuyanda nə hüriyyətin feyzini hiss edirsən, nə də istibdadın ağırlığını; ürəyimiz heç bir iztirab və həyəcan ilə dolmur.
Çünki şair hissiyat ilə yazmasa, oxucuya bir təsir bağışlaya bilməz!

“Millət” sözünü doğruçu millət xadimlərilə bərabər hər sərsəri də ağzına alıb, “millət dalda qaldı”, “milləti gərək qabağa aparaq” deyə-deyə qiymətdən salan kimi, “hürriyyət” sözü də hissiyyatsız şairlərin dövlətindən gülünc bir hala gəlib. Az çəkər ki, şerin özü də əvvəlki hüsnünü itirib gözdən düşər. Səbəb də həmən iz ilə getmək xülyasında bulunan təqlidçilik qulları olarlar. Çünki bizim üçün təb, ilham, allah vergisi mənasız sözlər olub. şeri sənətə (peşəyə) döndərmişik; guya hər kəs istəsə şair ola bilər, hər nə desələr yazar, müəyyən vəqtdə sifariş verilən şey kimi hazır edər. Avropanın müqtədir şairlərinin tərcümeyi-halını oxuduqda görürük ki, bunlar uşaq vaxtlarından şeir yazırmışlar. Bizim Sabir də 8-9 yaşımda şeir yazmağa qədəm qoymuş. Deməli, bir şəxsdə təb olsa, uşaqlıq-dan bəyan olunur.

Adam ki, 30 – 40 sinnində başladı şairlik iddiasına düşməyə, buna şair deməyib, özündən müştəbeh olmuş bir axmaq desək, səhv etmərik. Çünki bunlar bənzətmə və nəzirələr yazmaq ilə şeri daşlayıb bihörmət etməkdən savayı bir iş görə bilməzlər. 40 yaşında “nörəstə” şairin “təbi” ya qoca qarının eşqi – ikisi də gülünc hallardan biridir.

Bununla belə şairlik iddiasına düşənlərimizin sayı günü-gündən artır. Qəzetə sütunlarımız təxmis və təcnis ilə doludur. Heç bir usanmaq, utanmaq görünmür. Tənqidçilərimiz də yoxdur ki, yazalar təbi olanları təbsizlərdən, ağıllıları divanədən aralayalar. Ədəbiyyatımız bir dərəbəylik olub, hər yetən qələm götürüb dahilik eşqinə düşüb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 мин
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 мин
Molla Pənah Vaqif haqqında

MOLLA PƏNAH VAQIF HAQQINDA*Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar.

7 мин
Abbasqulu Ağa Qüdsinin əsərləri

ABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ*Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik...

2 мин

Стихи других поэтов