Страница 2 из 3 · 33%

Keçək hekayənəvisliyimizə:

Bura da bir tənqidçilik meydanına dönüb, nə milli dil var, nə milli ruh. Qəhrəmanlar bir-birilə osmanlı dilində danışırlar. Özləri də Avropa həyatına bənzər bir ömür sürürlər. Oğlan-qıza görüş təyin edir, görüşürlər, bir-birilə ədəbi dildə danışırlar, bir-birinə şeir oxuyurlar. Qız da bilikdə, məlumatda, istedad və qabiliyyətdə oğlandan geri qalmır. Deyirsən: “Pərvərdigara, bu yazıçılar hansı məişəti belə təsvir edirlər?” məgər biz o qədər mədəni olmuşuq ki, qızlarımız oğlanlar ilə görüşüb danışa bilirlər? Məgər qızlarımızın biliyi və təcrübəsi bir o qədər genişdir ki, hər şeyi lazımınca dərk eləyib düşünürlər?.. Yox, qardaşım, bizim məişət belə deyil! Bizim qızlarla (görüş dursun kənarda) ərə verdikləri adamın sifətini görmək hələ mümkün olmayan işlərdən biridir. Özləri də dilsiz-ağızsız və başlarını dolandırmağa qüdrətli olmamaq dərəcəsində təcrübəsiz şeylərdir.

Deməli, hekayənəvislərimiz avropalıları təqlid edirlər. Bunlar da şairlərimiz kimi ədəbi əsirliyi qəbul edib, qələmlərində qulluq zənciri daşıyırlar.

Faciənəvislərimiz də bunlardan geri qalmırlar. Bunların da qəhrəmanları pəncərəni açıb, gecələr kainata xitabən nitqlər söyləyirlər:
“Ey, yıldızlar, dağılın, tökülün yerə!..” kimi sözlər deyirlər. Görün nə gülünc işdir: bir kərbəlayı və ya onun oğlu ulduzlar ilə söhbət eləyir! Bu da təqlidçilikdən əmələ gəlir. Şekspirin bəzi qəhrəmanları ulduzlara müraciətən sözlər deyirlər. Burasını unudurlar ki, böyük ingilis şairinin təsviri ilə deyil, zaman və məişət ilə bizim əsrin və həyatın arasında böyük məsafə və dedikcə artıq təfavüt var.

Cəmiyyət təşkilinə və fəaliyyətinə gəldikdə burada da həmən iz məsələsinə rast gəlirik. Cəmiyyətimizin proqramları tamam bir-birinə bənzəyir. Burada da köhnə yol ilə gedilir, kənara çıxmaq yoxdur.

Bizə bir zəmindarlıq cəmiyyəti vacib işlərdən biridir ki, kəndçilərimizə təzə qaydada yeni ixtira makinaları ilə yer əkmək öyrətsin: yeri nə növ qüvvətləndirməli ki, məhsulu artıq versin... belə-belə çox şeylər öyrətməlidir. Kəndçilərimizi savadlandırmalıdır, onların tərəqqisi yolunda çalışmalıdır. Bir çox kəndçilər sucuq, qamışlı, kol-koslu və ya susuz yerlərə malik olduqda o yeri mənfəətsiz hesab edib, əcnəbilərə satırlar. Bizim bir qüvvəli cəmiyyətimiz və ya zəmindarlıq bankımız olsa belə yerlər satılmaz. Xərc qoyular, kol-kosu təmizlənər, suyu qurudular və ya su gətirilər.

Avam kəndçini öyrətməlidir. Çalışmalı ki, kəndçilər əkin yerlərini satmasınlar. Inanın ki, əkin yerləri müsəlmanların əlindən çıxdıqda, onların vücudu bir qəpiyə dəyməyəcək, qiyamətimiz onda qopacaq. Millət əkin yerindən və onda sakin kəndçilərdən ibarətdir. Bunların tərəqqisi millətin tərəqqisidir. Şəhərlərin tərəqqisi milləti fot olmaq qorxusundan hifz edə biləcək! Biz bu nöqtəyə diqqət yetirmirik, amma sonra peşiman olacağıq.

Zəmindarlıq cəmiyyətindən başqa bizə bir çox qeyri cəmiyyətlər də lazımdır. Hanı bizim ticarətə, sənətlərə dair cəmiyyətlərimiz? Milli banklarımız? Ticarətimiz özgələrin əlində. Pullarımız özgə cibində. Hanı yazıq arvadlarımızı himayə edən cəmiyyətlər? Əcnəbilər arasında heyvanları himayə edən cəmiyyətlər var ki, onlara əziyyət vermək qadağan olub. Bizlərdəsə arvad kimi əziz məxluqu əzib döyürlər, küçələrə tullayırlar. Buna bir acıyan tapılmır.

Hanı dil və ədəbiyyatımızın genişliyinə çalışan cəmiyyət? Ədəbiyyatımız istedadsız, başsız bir neçə yarımçıqların dövlətindən əcnəbi ədəbiyyatına əsir olub. Qafqaz, Türküstan, Iranda gün-gündən asan və gözəlliyi sayəsində tərəqqi edən dilimiz lüzumsuz bilinib atılır və yerinə camaatımız başa düşmədiyi osmanlı dili götürülür. Tarixi, etnoqrafi və qeyri cəmiyyətlərə ehtiyac görünürsə, təşkil edən yoxdur. Nəşriyyat cəmiyyətimiz yoxdur, hər yazıçımızın yaxası bir tacirin əlindədir. Keçmişlərin əsərləri çap olunmamış qalır, fikirləri və zəhmətləri siçanlara yem olub. Həsənbəy Məlikzadənin “Zəminədarlıq” sərlövhəli neçə cilddən ibarət olan qiymətli kitabı təb olunmamış qalır. “Heyvanların əqli” adlı böyük bir elmi-fənn əsərləri də var ki, heç yerləri də məlum deyil ki, kimdədir.

Mirzə Fətəli Axundzadə kimi böyük yazıçımız, ədəbiyyatımızda həqiqətnəvislik kimi ayıq bir məsləkin banisi yavaş-yavaş yaddan çıxıb gedir, əsərlərinin ikinci təbinə şüru edən yoxdur. Firudin bəy Köçərli müqtədir bir ədib on beş il zəhmət çəkib üç cild “Azərbaycan türklərinin ədəbiyyat tarixi”ni vücudə gətirib. Bunları çap etdirən yoxdur. cəmiyyətlərimiz də ona etinasızlıq edirlər. Eşitdiyimə görə bu əsəri cənab Firudin bəy Bakı “Nəşr-Maarif”ə göndəribmiş ki, təb etdirsin. Cəmiyyət qət eləyib ki, ədəbiyyat tarixi bir o qədər də millətə lazımlı kitablardan deyil.

Pərvərdigara! Nə böyük xəta eləyirlər. Ədəbiyyat tarixi həyati fikrimizi, onun tərəqqisini göstərib, milli simamızı həm özümüzə, həm əcnəbilərə göstərən bir kitab olduqda, bizə mədənilik adı qazandırdıqda niyə lazımlı olmasın, bilmirəm. Bu kitabı...bir əcnəbi yazsa, Avropada onun ilə böyük ad qazanardı. Görəsən bəs bizim aramızda Firudin bəy Köçərli cənabları kimi adamların əmələ gəlməsini niyə şövq və həvəs ilə qarşılamırıq?

Keçmişimiz naməlum, hal-hazırımız pərişan, özümüz qul, fikrimiz qul, işlərimiz başsız, fəaliyyətimiz cürətsiz – yol həmən yol, kənara çıxmaq yoxdur. Ali məktəbə gedənlər hakimlik, vəkillik və incinarlıqdan savayı ayrı sənət tanımırlar. Diş həkimliyini “dalan sənəti” deyə boykot edirik. Rəssamlıq, heykəltəraşlıq kimi zərif və həvəsli sənətlərə əsla etina olunmur. Rusiyada 30 milyon türkün bir rəssam və ya heykəltaraşı yoxdur.

Musiqi məktəbi tanımaq istəmirik. Bunların hamısının səbəbi qullara məxsus bir cürətsizlikdən irəli gəlir. Qulluq nişanəsi həyatımızın hər bir guşəsində müşahidə olunur. Buna səbəb nədir? O deyilmi ki, bizim özümüz qulluğa artıq meyl və həvəs göstəririk. Məsələn, bir adamı yaxşı bilib tərif etdikdə “filankəs çox allah bəndəsi adamdır” deyirik. Halbuki Allah-taala insanı yaratdıqda onu “bəndə”, “əbd” və “qul” deyə yaratmayıb, onu məxluqun əşrəfi bilib, ona ağıl kimi böyük bir qüvvə əta edib. Bu ağlın dövlətindən də insan ətrafındakıları özünə tabe edib, şəxsi və ümumi mənfəət üçün işlədib. Ağıl olmasaydı at, eşşək, dəvə, inək kimi heyvanları və toyuq, xoruz, qaz və ördək kimi quşları öyrədib, insan onları öz diriliyi üçün qiymətli bir mənbə qayırmazdı. Həmən ağlın vasitəsilə insan təbiətə qalib gəlir, onun uca dağlarını yarıb dəmiryollar salır, zəhmli dəryaların təlatümə gəlmiş səthi ilə gəmilər işlədir. Hava ilə də mübarizə edir, buludların arasında uçquclar seyr etdirməkdədir. Bəs insan qul olmağa yox, ətrafındakıları özünə qul eləmək üçün yaranıb. Insana qul sənəti vermək allaha nasaz gələn hərəkətlərdən biridir. Biz buna baxmayaraq yenə özümüzə qulluq isnad veririk. Bircə kişilərə verdiyimiz adlara diqqət edin:

“Allahqulu”, “Məmmədqulu”, “Həsənqulu”, “Hüseynqulu”, “Əliqulu”, “Vəliqulu”, “Imamqulu” və qeyri. Hələ bu allah, peyğəmbər və imam quluları dursun kənarda, biz özümüzü adi şəxslərin də qulu hesab edirik. Məsələn, “Şahqulu”, “Ağaqulu”, “Xanqulu”. Insanın şəni, qədr və qiyməti müsəlman aləmində o qədər alçaq tutulur ki, bunları pir və ocaq kimi cansız və mənasız şeylərə də qul verirlər: “Pirqulu”, “Ocaqqulu” kimi.

Biz türk ola-ola mən güman eləmirəm ki, bizim təbiətimizdə qulluq və ocaqlıq olsun. Bu adlar da bizə ərəblərdən qalmadır. Dinislamın intişarından qabaq ərəblər bir xeyli allah və ilahələrə iman edirdilər. Bunların ən böyüyü yeri və göyü xəlq edən idi ki, adına “Allah- taala” deyirdilər. “Ərəb... izhar etmək üçün kişi övladını allahtaalanın qulu adlandırırmış. “Əbdullah” o zamanlar kişilərə verilən addır. Allahqulu deməkdir.

“Allah”dan savayı ərəblərin etiqad etdikləri “Manaf”, “əzza”, “Lat”, “baqi” və qeyriləri idi.

Bunları nəzərə aldıqda “Əbdülmanaf”, “Əbdüləzza” kimi qədim türk adlarının mənası aşkar olur.

Islamiyyət “Allah-taala”nın sifətlərini artırdı. Bu da kişi adlarına sirayət etməmiş olmadı: “Əbdülkərim”, “Əbdüləzim”, “Əbdüləziz”, “Əbdülbaqi” kimi bir xeyli yeni adlar əmələ gəldi. Bu yolda ərəbləri təqlid etmək, şiəlik aləmində daha da tərəqqi edib ifrata üz qoydu: “Əbdüləli, Qulaməli, Əliqulu”, “Əbdülrza, Qulamrza – Rzaqulu”; “Əbdülhüseyn – Qulamhüseyn” – “Hüseynqulu”... kimi adlar icad olundu. Cail mütəəssiblər bu yerə gəldilər ki, özlərini “Kərbəlayi”, yəni Əlinin iti də adlandırdılar... Bəs bu alçaqlıq da bizə bir xeyli qüsurlar ilə özgələrdən qalmadır. Ulu babalarımız oğullarına “Dağ”, “Qaya”, “Dəniz”, “Gün”, “Ay” və “Ulduz” kimi adlar qoyardılar. Onda adlarına müvafiq də şan və şərəf ilə ömür sürərdilər.

O zamanlar türklük dağ kimi qüvvətli və qaya kimi möhkəm idi; fikirlər gün kimi parlaq, niyyətlər ulduzlar kimi yüksək idi.

Biz məgər həmin türklərin hümmətlərindən deyilik?

Bizə ən əvvəl lazımdır ki, özümüzü qulluqdan xilas edək.

Dürüst düşünməlidir ki, biz insanlar qulluq üçün yaranmamışıq şan və şövkət ilə ömür sürməyə gəlmişik. Bunu düşündükdə türklərə məlum olacaq ki, şan və ad ilə ömür sürmək meylində olan bir millət gərək mədəni olsun. Gərək “fəqirlik”, “yoxsulluq” və “alçaqlıq” kimi sözlərdən nifrət eləsin. Həmişə dövlətli, qüvvətli və salamat bir millət olmağa çalışsın; çünki təbiət qanunu zəiflik tərəfdarı deyil, zəif gərək fot olsun! Insaniyyət sürətlə qabağa getdikdə zəiflər ancaq ayağa dolaşırlar; belə mənalar ortalıqdan götürülməlidir. Fəal və dünyaçı Avropanın tənbəl və axirətpərvər şərqə axıb gəlməsi həmən təbiətin qanununa tabedir; parlaq ömürdən gözləri qamaşıb, dünyaya “darfəna” ad qoyanlar yox olunacaqlar!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 мин
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 мин
Molla Pənah Vaqif haqqında

MOLLA PƏNAH VAQIF HAQQINDA*Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar.

7 мин
Abbasqulu Ağa Qüdsinin əsərləri

ABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ*Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik...

2 мин

Стихи других поэтов