Birinci kitab, birinci hissə
Страница 4 из 16 · 19%
Allah ona ən yavıq, ən sevimli bir hami, bir dost, bəlkə bir qardaş kimi göründü. Ümidlərini ona bağladı, fikrini və xəyalını ona həsr elədi. Atası namaz qıldıqda Rüstəm də onun arxasında namaza durardı, mənasını anlamadığı sözlər əsrarəngizliyi ilə onun ürəyini oxşardı. Səməd həmişə Rüstəmin ibadətinə rişxəndli bir təbəssümlə tamaşa edərdi:
– Rüstəm, – deyərdi, – balam, səndən yaxşı molla çıxar. Nahaq yerə də realniyə gedirsən. Yaxşısı budur ətəbata get.
Qardaşının sözləri Rüstəmin xətrinə dəyərdi.
– Canım, mənim işimə qarışma. Allahımla mənim arama niyə girirsən?
– Ay axmaq, Allahınla sənin aranda yer yoxdur ki, girim. Allah bütövdür, dibsiz və kənarsızdır. Ondan ayrı bir şey yoxdur; daha sən niyə özünü Allahdan ayırırsan.
Rüstəmbəy Səmədbəyin ciddi sözlərinə qulaq verər, mənasını dərk etməyə qadir olmaz və çox vaxt düşünməyə belə cəsarət eləməzdi.
Bununla belə, qardaşının sözləri Rüstəmə təsir bağışlardı. Gecələr yatağında onun sözlərini xatırlayaraq fikrə dalardı.
Əvvəllər qorxa-qorxa, sonralar hər bir fikri açıqca təhlil və tənqid etməyə adət elədi. Allah, onun peyğəmbərləri və tarixi-müqəddəsdəki möcüzələr barəsində çox düşündü. Anlamadığı məsələləri Səməddən soruşdu.
Səməd də onu başa salmağa çalışdı. Rüstəmi bu məsələlər artıqlığınca həvəsləndirdi. Tez-tez qardaşına müraciət elədi. Mübahisəyə girişdilər. Səməd fikirlərini təlqin etmək üçün ona kitablar verdi. Kitablar Rüstəmin fikir dairəsini genişləndirdi, lakin qəti olaraq onun köhnə əqidəsinə xələl vura bilmədi. Yenə adəti üzrə Rüstəm ibadətinə davam edirdi.
Rüstəmbəyin əmisi Bakıda qulluq edirdi. O sonsuz olduğu üçün Rüstəmi Bakıya göndərməsini Alışbəyə yazdı. Rüstəmbəy altıncı sinifdən Bakıda oxumağa davam etdi. Əmisi Baxışbəy və arvadı Nabat xanım onun xətrini çox istərdilər. Rüstəm də onlara öyrənişib, qarşılıqlı hörmət və məhəbbətdə davam edirdi.
Bakı həyatı Rüstəmbəyin dəruni aləminə böyük təsir buraxmamış olmadı. Özünəməxsus dərs otağında fikir və xəyalına geniş meydan verməyə müvəffəq oldu. Yavaş-yavaş Səmədin sözlərini zehnində ehya edib təhlilinə çalışdı və onları fikir dairəsində həzm eləməyə cəhd etdi. Bir gün Rüstəm öz-özünə:
– Allah doğmayıb və doğulmayıb, – dedi, – deməli, var imiş, var və olacaq. Böyükdür və küllün cəmidir. Ondan ayrı bir şey yoxdur; hamısı onda mövcuddur, hamıya da o nüfuz elər... Allah hər şeyə etidalidəmlə baxır; acıq və intiqam, rəhm və əvəz onda yoxdur. Günah, savab Allah yanında bərabərdir; onun üçün “fərq” mənası mövcud deyil.
Bu qərarla Rüstəmbəy uzun-uzadı özü ilə mübahisə elədi və axırda dərin bir əqidə ilə:
– Belə olduqda, – dedi, – Allah bizim ibadətimizə möhtac deyil.
Onun üçün bizim dua və diləyimizi eşitmək də ağıla müvafiq gəlməyən işlərdəndir; çünki Allah qanunu, təbiət nizamı sabit və sarsılmazdır...
Belə-belə fikirlər Rüstəmbəyi artıqlığınca məşğul edirdi. Həllinə aciz olduğu məsələlərdə məlumatlı adamlara və kitabxanalara müraciət edərdi. Onu çox həvəsləndirən məsələlərdən biri də möcüzə idi. Qardaşı ona demişdi ki, möcüzə ola bilməz, ona inanmaq, sağlam ağıllı adamların işi deyil. Möcüzə adamları aldatmaq üçün icad olunmuşdur.
Rüstəmbəy bu sözləri fikrinə gətirdi. Təkrar-təkrar öz-özünə söyləndi, şərh elədi:
– Möcüzə, – dedi, – yəni imtiyaz. Imtiyaz, yəni təbiət müvazinəsini pozmaq. Təbiət müvazinəsi pozulduqda əbədi qanunun sabitliyi sarsılır. Bu da ola bilməz; çünki əbədi qanunun sabitliyi Allahın ədalətinə dəlildir. Əbədi qanun qeyri-sabit olduqda Allahın ədaləti şübhə altına düşür.
Bu məsələni Rüstəmbəy həll olunmuş ədd edərək o birisinə keçdi.
– Həzrət İsanın göyə çəkilməsinə, – dedi, – necə inanmaq olar?
Bu sözləri huşsuz bir halda deyərək Rüstəmbəy yazı masasına yavıqlaşdı, oradan hirslə bir mədən daşı götürdü və yuxarı qaldırıb, əlindən saldı. Daş sürətlə aşağı endi və tappıltı ilə döşəməyə düşdü.
– Daş aşağı düşdü.- Rüstəmbəy dərin bir əqidə ilə dedi, – çünki əbədi qanun belə qayda qoymuşdur. Daş göyə qalxsaydı, bu, imtiyaz olardı. Təbiət imtiyaz tanımaz, daş da adam kimi durduğu yerdən özü özbaşına göyə qalxmaz: hər kəs əksinə etiqad eləsə, imtiyaza iman etmiş olur və bununla da Allahın ədalətinə inanmır...
Realni məktəbin son sinfində Rüstəmbəyi həvəsləndirən məsələlərin hamısı həll olunmuşdu. Bunun nəticəsi olaraq Rüstəmbəy namazdan və orucdan əbədi əl götürmüşdü. Onun inanıb iman etdiyi bircə Allah idi. Onu özünə, əzəmətli ağıl, zəka, yaradıcı bir qüvvə kimi təsəvvür edir, lakin lazımınca tərif və tövsif edə bilmirdi: Tövrat, İncil, Quran və qeyri din mənbəyi olan kitabları oxumaq, fəlsəfə ilə dürüst tanış olmaq lazım gəlirdi.
Rüstəmbəy üçün bu yeni dövr studentliklə başlanmışdı.
7
Sofya xanım yata bilmirdi. Xəyalı Rüstəmbəylə məşğul idi; onun vəhşi baxışı, hirsli danışığı Sofyanı qorxudur, ona rahatlıq vermirdi.
Nə qədər səy eləyirdi, gözlərini bərk-bərk yumaraq başını yorğanın altında gizləyir, studentin heybətli siması gözlərinin önündən uzaqlaşmırdı.
– Yaramaz, – deyə, neçə dəfə öz-özünə təkrar elədisə də, aram tapa bilmədi; – kirayəçi bir student barəsində fikir eləmək yaramaz.
Yaramaz! – dedi.
Lakin iradəsi fikrinə tabe olmaqdan imtina etdi. Yeni bir qüvvə, dəhşətli bir qüvvə bütün vücudunu sarmaqda idi. Birdən yerindən sıçradı:
– Fedya! Fedya! – deyə iztirabla ərini oyatdı. – Fedya. Naxoşlamışam, lampanı yandır. Qaranlıqdan qorxuram.
Feodor Ivanoviç durdu, lampanı yandırdı:
– Əzizim, nə olmuşdur? – dedi. – Yoxsa bu gün özünü soyuğa verdin?
– Yox, Fedya, ürəyim sıxılır.
Sofya ərinin üzünə baxdı, gülümsündü və sonra onu qucaqlayıb başını sinəsinə söykədi.
Feodor Ivanoviç arvadını bağrına basdı, başını sığalladı:
– Heç zadın yoxdur, sevgilim, naz eləyirsən, – dedi.
Sofya cavabında başını qaldırdı, xəstələrə məxsus bir nəzərlə ona baxdı. – Fedya, əzizim, bilsən səni necə istəyirəm.
Feodor Ivanoviç arvadının sözündən məmnun bir halda, təbəssümlə:
– İnanıram, sevgilim, inanıram, – dedisə də kişi arvadının bu hərəkətini əsla başa düşmədi, bir məna da vermədi. Sofya sakit olan kimi lampanı söndürüb yuxuya getdi.
Arvad isə yenə yata bilmədi: Rüstəmbəyin siması füsunkar bir gözəlliklə zehnində canlandı.
Bu dəfə Sofya xanım studentin baxışından qorxmadı, gözlərinin içinə dik baxdı. Birdən yenə xanımın ürəyinə qorxu çökdü, bütün bədəni titrəməyə başladı. Soyuq əlləri ilə boğazındakı xaçından bərk-bərk yapışdı, dua oxudu, Allahı çağırdı... Lakin ruhuna sükut gəlmədi.
Zəfini duydu və başını yasdığa söykəyərək ağladı.
8
Zəng ikinci dəfə vuruldu. Səsə kimsənin gəlmədiyini gördükdə Rüstəmbəy çıxdı. Qapını açdı. Sofya xanımla əri idi. Sofya xanım Rüstəmbəyi görən kimi əvvəl döyükdü, rəngi qaçdı. Sonra üzünə qan gəldi, yanaqları qıpqırmızı oldu. Feodor İvanoviç nəzakətlə baş endirdi və dedi:
– Siz niyə zəhmət çəkirsiniz, qulluqçu açardı.
Sofya xanım yavaş səslə:
– Yəqin, Liza gəzməyə getmişdir. Bağışlayın, sizə zəhmət verdik.
Rüstəmbəy də baş əydi:
– Çox xoşdur, – dedi.
Feodor Ivanoviç sarı və nazik bığlarını buraraq gülə-gülə:
– Bu bazar axşamında necə olmuş da gəzməyə getməmişsiniz?
– Çox xoşhallıqla gəzərdim, heyf ki, yatıb yuxuya qalmışam.
– Ah, yuxuya qalmısınız... Onda buyurunuz bizə.
– Çox gözəl, – deyərək Rüstəmbəy otağına getdi.
Cəld güzgünü qapdı, saçlarını qaydaya saldı, libasını düzəltdi və bığlarının uclarını bir az da yuxarı qaldıraraq gəzinməyə başladı.
Qonşu otaqdan səs gəlirdi – görünür ki, ev yiyələri gözləyirdilər.
Rüstəmbəy yavaşca koridora çıxdı, qapını tıqqıldatdı:
– Gəlmək olarmı?
İçəridən:
– Buyurunuz! – səsləri eşidildi.
Girdi. Studenti yemək masasının kənarına dəvət etdilər. Oturdu.
Masanın üstündə bir-iki kitab vardı. Sofya xanım onları yığışdırdı və ərinin üzünə baxa-baxa oturdu.
Feodor Ivanoviç ağ dəsmalını çıxarıb, geniş alnını sildi, gözlərinin bulaqlarını təmizlədi və zarafatla dedi:
– Siz evdə oturdunuzsa, biz sinematoqrafa getdik, şəklə baxdıq.
Rüstəmbəy mehriban bir səslə:
– Doğrusu, mən şəkilləri heç sevmirəm; hamısı bir-birinə bənzəyir.
Sofya xanım cavab olaraq:
– Əlac nədir. Evdə oturub darıxmaqdansa şəklə baxmaq yaxşıdır.
Rüstəmbəy dedi:
– Əlbəttə, doğru buyurursunuz, lakin mən küçədə qarışqa kimi gəzişən adamları görməyi, şəhərin səs-küyünə qarışmağı şəklə tərcih edirəm.
Sofya xanım ciddi və təkidedici bir səslə:
– Həmişə bu küçədə gəzmək adamı axırda təngə gətirər. Bir də küçədə əl-ayağa dolaşmaq bir az münasibətsiz çıxar.
Feodor Ivanoviç gülə-gülə ayağa qalxdı və rişxəndedici bir sima ilə:
– Rüstəmbəy, şəkil barəsində mənim zövcəmlə danışmayın; çünki o şəkil məftunudur; bilxassə komik şeyləri çox sevər. Məsələn, biri qaçır, biri qovur, ayaqları süd küpəsinə ilişir, süd dağılır, küçəni sel basır...
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-birinci-kitab-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Стихи других поэтов
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.