Страница 9 из 11 · 73%

Rüstəmbəylə Kasparyan gəldikdə Melkovodov heyrət etdisə də, duyğusunu aşkar etmədi; amirini böyük bir nəzakətlə otağına qəbul etdi. Qonşu otaqda ona qədər qadın vardı. Bunlar çörək bişirməyə və başqa işlərə məşğuldular. Melkovodov kəndin bütün xoşsima qadınlarını buraya toplamışdı.

– Haman, yemək tədarükünə düşüldü. Qocanın arağı da varmış. Lakin Rüstəmbəy içmək istəmədi: o, rəsmi bir vəziyyət almışdı.

Yeməkdən əvvəl işçilərin yataq yerlərinə, anbara və tövləyə baxdılar. Melkovodovun nizam və intizamı fəna deyildi. Atları gözəl saxlanılırdı, anbarında ayaqqabı, kürk, çuval-çuval arpa və qənd, bir boçka yağ və başqa şeylər vardı.

Anbardan sonra Rüstəmbəyin işçiləri bişmiş tiyanına yanaşdı; xörəyi daddı, məmnun qalmadı – ağıza alınası deyildi. Buradakı işçilər şikayətə başladı. Hər tərəfdən narazılıq səsləri eşidildi. Rüstəmbəyin gəlməsini eşidən işçilər tiyanın ətrafına toplandılar. Etiraz səsləri getdikcə yüksəlməyə başladı. İşçiləri təskin etmək üçün Rüstəmbəyin nitq söyləməsi lazım gəldi.

Yarım saat sonra Kasparyan bölüyü təhvil aldı. Anbardakı ayaqqabılar, camaşır və paltarlar ehtiyacı olanlara paylandı. Rüstəmbəy yeməyin yaxşılaşmasına dair ayrıca əmr verdi.

Nəticədə Melkovodov hirsinə malik olmayacaq bir hala gəldi:

– Bizdə yaxşı işçiyə qiymət vermirlər, mən bu qədər çalışdım da, axırda qərib bir mükafata nail oldum! – deyə şikayətləndi.

Axşamçağı Rüstəmbəy yola hazırlandı. Melkovodov getməməzlik etdi:

– Burada bəzi işlərim var, qurtarım, sonra gedərəm,- dedi, Rüstəmbəy razı olmadı. Soldat vəkilləri şurasının əmrini göstərdi və bərabərcə getməsini israr etdi. Nəhayət, qoca istər-istəməz bölüyü tərk etdi.

32

Get-gedə ordu pozulur, itaət itirdi; zabitlərlə soldatlar arasında mövcud olan düşmənçilik kəskin bir şəkil alırdı; böyük vədlərlə cəbhəyə sövq edilən işçilər ümum pozğunluqdan istifadə edərək, qaçıb dağılırdı. Sərxoşluq ümumi bir xəstəlik olmuşdu. Təşkilat və müəssisələrin apteklərindən spirt oğurlanıb içilirdi; oğurluğun önünü almaq mümkün deyildi; intendant və ictimai təşkilatlar anbarlarının malları bazarlarda satılmada idi; saxta sənədlər düzəltmək, pul götürüb qaçmaq, ya “itirmək” adi işlərdəndi.

İclasların sayı günü-gündən artırdı; hər kəs danışmaq istəyirdi, hamı da qəzetlərdə yazılan və mitinqlərdə dəfələrlə söylənən sözləri təkrar edirdi. Meydana “Vətən təhlükədədir!” – deyə şüarlar atılır, heç kəs də vətən müdafiəsi üçün çalışmırdı. “İşçilər işə!”, “Əsgərlər sipərə!” cümlələri cəbhədə başdan-başa dolaşır, kimsə də əməl etmirdi.

Mitinqlərdə heyət seçib paytaxta göndərmək bir moda təşkil edirdi. Çıxarılan qərarlar bir yerə toplansa idi, böyük dağlar vücuda gələrdi...

Bunların hamısı kino şəridi kimi hər saat, hər dəqiqə Rüstəmbəyin gözlərinin önündən keçir, nədənsə onda ikrah duyğuları doğururdu.

Vaxtilə böyük Fransa inqilab tarixini sevə-sevə oxuyan Rüstəmbəy indi inqilabdan yavaş-yavaş soyumağa başlayırdı. Ətrafındakıların vəzifələrinə sadiq olmaması, səhlənkarlıqları, boşboğazlıqları Rüstəmbəyi mənən incidirdi. Açıq danışa bilmir, danışsaydı da bir nəticə verməyəcəyini bilirdi. Susduqca da hirsi içəridə toplanaraq sinirlərini gəmirirdi.

Nəticədə onda bir laqeydlik, naümidlik əmələ gəlmişdi. O özünü yalnız hiss etməyə başlamışdı. Onda evlənmək fikri doğub zəruri bir şəkil almışdı. O, saatlarca düşüncədən ayrılmır, həp yalnızlıqdan qurtarmaq yolları arayırdı. “Bir qız olsa da, eşqi ilə məni bir çıxılmaz yoldan qurtarsa... İnsana dəruni mətanəti yalnız şəxsi səadət verə bilər!.. İnsanı için-için yeyən sirlər yalnız həyat yoldaşına söylənilər...

Fərdi şadlıq və dərdə də o şərik ola bilər... Zatən, evlənmənin də vaxtıdır. Yuva həsrəti təbiidir, vaxtı keçdikcə də əzab artır... Əməl, əməl etməli!.. Ancaq qız yoxdur! Oxumuş, elmli türk qızı yoxdur? Olanlar da çarşab altında...”

Rüstəmbəy uzun-uzadı düşündü, istədiyinin çarəsini bulamadı. Odlandı, qadınları çadra zindanına atan islamiyyətə qarşı küfrlər yağdırdı; şapkasını başına keçirib küçəyə çıxdı. Hava gözəl idi. Nahardan sonra xalq gəzməyə çıxmışdı. Rüstəmbəy nərəyə gedəcəyini əvvəlcə kəsdirəmədi. Məqsədsiz bir vəziyyətdə küçə aşağı endi. Bir də Tatyananı xatırladı. Onda danışmaq, dərdləşmək arzusu canlandı. Qəti addımlarla yürüməyə başladı. Kədərləri unudulan kimi oldu.

Qadın yurdunun qapısı bağlı idi. Tıqqıldatdı. Gələn olmadı. Bir az gözləyib yenidən döydü. İçəridən şıqqıltı eşidildi. Döşəmənin üzərinə düşən sandalyanın səsi gəldi. Tələsik tappıltılar duyuldu. Bir-iki dəqiqədən sonra qapı açıldı... Rüstəmbəylə Vanya üz-üzə gəldilər.

Vanya pörtmüşdü; saçları dağınıqdı; ürəyinin çarpıntısı belə duyulurdu. İkisinin də ağzından “salam” sözü eyni vaxtda fırladı. Nahardan sonra ayrıldıqlarına baxmayaraq, qarıxıb əl-ələ tutuşdular.

– O, Vanya! – dedikdə Rüstəmbəyin səsi titrədi. Vanya özünü itirmiş bir halda Rüstəmbəyi içəri dəvət etdi. Girdi. Tatyana onu özünə məxsus laübali təbəssümlə qarşıladı. Yanaqları yanırdı, gərdənində və buxağında qırmızı ləkələr vardı. Suçlu bir halda Rüstəmbəylə görüşdü və ona yer göstərdi. Rüstəmbəyin nəzərini ilk cəlb edən yataq oldu: yorğan və yastıq ala-tələsik düzəlmişdi.

Rüstəmbəy yatağın beş dəqiqə əvvəlki halını xəyalına gətirib əzablı düşüncələrə daldı. Ruhi-övzai bir qat daha pozuldu. Ətrafındakılar da sanki bunun tühaf vəziyyətini duyaraq, bir söz belə deməyə cəsarət etmədilər.

Ortalığı qaplayan sükut bir neçə dəqiqə davam etdi. Nəhayət, Rüstəmbəy yaralı bir təbəssümlə qoluna bağlı saata baxıb:

– Getmək lazımdır! – dedi və haman ayağa qalxdı. Tatyana onu təşyi edərək:

– Yəqin, qadın yurdu bu gün xoşunuza getmədi: buraların pakizə adətləri pozulur! – deyə qəhqəhə ilə güldü.

Rüstəmbəy gülümsədi, lakin bir şey söyləmədi.

33

Küçəyə çıxdıqda bahar havası onun atəş saçan üzünə sərinlər səpdi. Aramla addım ataraq yürüməyə başladı. Rüstəmbəy Tatyananı Vanyaya qısqandımı? – bilmirdi. Lakin onda bir neçə vaxtdan bəri doğan bədbin hisslər daha da dərinləşirdi. Aləm ona başqa bir şəkildə görünməyə başladı – vəfa, sədaqət, əhdpeyman kimi mənalar gülünc göründü... Onda tühaf ikilik baş verdi. Iki fikir, iki mülahizə, iki mühakimə bir-birilə çarpışmağa başladı... “Həyatda heç bir mənəvi amil yoxdur. Əsrlərin mədəniyyəti ibtidai cismaniyyətə bir hərf belə artırmamışdır.

Ehtiras bütün çılpaqlığı ilə yaşayır və yaşayacaq... İnsan təbiətin quludur; libasına baxmayaraq, təbiət kimi çılpaq və vəhşidir...

İnsan vəhşiliyini daima etiraf etmiş və buna qarşı din və dövlət kimi zəncirlər icad etmiş. Lakin İnsan vəhşətinə qarşı bunlar da acizdir!..” Bir də yolla gedən motosiklet Rüstəmbəyi düşüncədən ayırdı, gözləri küçələrdə qaynaşan adamlara sataşdı. Hər kəs şəndi; qadın və kişilər şux bir əda ilə qonuşur, gülüşürdü; həyat hər addımda duyulur; kimsədə bədbin fəlsəfə izi görülmürdü. Rüstəmbəy keçirdiyi böhrandan darğın olan kimi oldu. “Hər kəs yaşayır”! – deyə öz-özünü məzəmmət etməyə başladı. Bir də gözləri yol kənarındakı yarı quru yarı təzə yarpaq açmış bir ağaca sataşdı. Budağın birində qarğa durub çöplərdən yuva tikirdi. Qarğanın səyi Rüstəmbəydə tühaf hüznlər doğurdu. “Mən bir qarğadan da acizəm!” dedi və yalnızlıq kədəri onu yenidən qapladı, “Yuva, yuva!” – deyə evə doğru qoşdu.

Ağır düşüncələr içində otağına girib masanın üzərində bir məktub buldu. Açdı. Sətirləri bir-bir gözdən keçirdikdə birdən içini çəkdi. Bu gün sabah ertə Zaqorinin özünü öldürdüyünü Boris xəbər verib, Rüstəmbəyi dəfnə dəvət edirdi.

Rüstəmbəy məktubu masanın üzərinə atdı və sonra bir az duruxub sandalyaya çökdü. Bu gün duyduğu cürbəcür təsirlər nəticəsi olaraq, əsrarəngiz bir yoxluğa daldı.

34

Saat on birdə rənglənmiş bir qutuda Zaqorinin meyitini evdən çıxardılar. Əynində qara çərkəz libası, üzərində yabanı çiçəklər vardı. Tabuta Rüstəmbəy, Boris, baytar, bir də yanındakı nəfər yapışmışdı. Öndə gedən Zina ilə Jenya hönkürtü ilə ağlayırdılar. Arxa tərəfdən də tabutu bir neçə transport mehtəri təşyi edirdi. Şose yola çıxıb qarşıdakı döşə dikləndilər. İki kazak tərəfindən qazılmış qəbir hazırlandı. Tabutu qəbrin kənarına qoyub, hər kəs alnının tərini silməyə başladı. Rüstəmbəy son dəfə olaraq vida nəzəri ilə Zaqorini süzdü. Simasında tühaf bir hüzn vardı. Keçirdiyi son böhranlar üzünə təsir edib donmuşdu. Nədənsə bu sönmüş çöhrənin ifadəsi Rüstəmbəyə yabançı gəlmədi. Əvvəllər Zaqorinlə arasında olan məslək ayrılığı birdən silinib getdi. Indi Zaqorin onun gözündə bir qəhrəman, hərəkəti təqdir ediləcək bir bahadır kimi görünürdü. Yaş damlaları kirpikləri arasında titrədi. Rüstəmbəy eyni qənaətlə də nitqə başladı. O bir-birinə zidd iki aləm təsvir etdi. Birinin inqraza doğru sürüklənərək, ayrı-ayrı fərdləri də qədər macəralarına tərk etdiyini qeyd etdi. “Tarixdə yalnız nadir şəxsiyyətlər qədərə boyun əyməzlər” – dedi. “Biləks, özləri qədərin gedişini təyin edərlər. Zaqorin qədərə yol göstərmək qüvvəsinə qadir deyildisə də, qədər oyuncağı da olmaq istəmədi, o, mənsub olduğu cəmiyyətin şərəfini müdafiə edərək, əcəl kasəsini iftixarla boşaltdı”.

Rüstəmbəyin nitqinin sonu mütəəssir şəkil aldı: “Bu tənha təpədə səni yalnız qərib olaraq tərk edir, kədərli yaşlarla qəbrini suvarırıq. Qoy üzərində bitən çiçəklər yorğun yolçulara ələmlərini bildirsin!”. Rüstəmbəyin son sözləri Jenyanı daha da kövrəltdi: seyhə çəkib, qəbrin yanına sərildi. Jenyanı qaldırıb qəbirdən uzaqlaşdırdılar. Tabutu qəbrə sallayıb torpaqla örtdülər. Baş tərəfində taxta bir xaç tikib, geri döndülər. Kimsə danışmırdı. Rüstəmbəylə yan-yana gedən Boris:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ağı

AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

2 мин
Folklor yolunda

FOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

3 мин
Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 мин
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 мин

Стихи других поэтов