Страница 7 из 11 · 55%

– Nə işim? Hamam müdiriyəm, qadınların çimməsinə nəzarət edirəm, – dedi və qəhqəhə ilə güldü; qəhqəhəsi belə xırıldadı.

Volodya da gülümsədi:

– Tühafsan! – deyə arvadının yanağını oxşadı.

– Bilirsən, Volodya, Rüstəmbəy bizə gəlməyə qorxurdu.

– Neçin?

– Namusuna təcavüz olmaqdan ehtiyat edirdi...

Volodya arvadının safdil və tühaflığını Rüstəmbəyə bildirmək istədi:

– Rüstəmbəy, Tanya bir az tühafdır... bunun sözlərinə əhəmiyyət vermə, – dedi.

Lakin sözə həvəsi olan Tatyana zarafatlarına davam etdi:

– Bir axşam burada bir xanım vardı. Əcuzəliqa bir şey idi. Yəqin dərzi imiş, “vətən hissi” qələyana gəlmiş də, cəbhəyə tərəf azim olmuşdu, ha-ha-ha-ha!.. Xülasə, Rüstəmbəyi ovlamaq istəyirdi. Deyəsən, bir şey çıxmadı...

Tatyana xırıltılı gülüşü ilə sözlərinə nəhayət verdi. Xoş ədalı ifadəsi, cazibəli istehzası Rüstəmbəy və Volodyanı da güldürdü.

– Sonra... – deyə sözlərinə davam etdi, – bu axşam etiraf axşamıdır;

Volodyanı hər şeydən xəbərdar etməliyəm. Volodya, Rüstəmbəy dediklərini lazımınca yerinə yetirir – məni “yabançılardan” gözləsin deyə tapşırmışdın. Vəzifəsini gözəlcə ifa edir; bir hərəm ağası qədər ayıqdır. Ancaq...

Volodya gülümsünərək onun sözlərini kəsdi:

– Bəsdir, bəsdir! Axmaqlama! Bəlkə Rüstəmbəy sənin axmaq safdilliyinə bələd deyildir...

– Bələddir! Bələddir!.. Ancaq, sözümü yarımçıq qoydun, ancaq... bir gün axşam, bizim bir gənc mühasib var, gəldi də, şəhərdən dışarı gəzməyə getdik...

– Tatyana, yetməzmi? – deyə Volodya ciddi səslə dedi.

– Nə etməli? Bu hamam məni zara gətirdi. Sıxıntıdan İnsan boğulur. Rüstəmbəy də əxlaq müdərrisliyi edir... Əylənmək təbii bir ehtiyac deyilmi? Volodya Tatyanaya qarşı böyük hisslər bəslədiyi üçün onun səmimi hərəkətində fənalıq duymadı, biləks, xoşlandı, onda tühaf ehtiras alovları parladı.

24

Səhər ertə Vanya Rüstəmbəyi sevinclə oyatdı:

– Yeni xəbərlər var! – dedi. – Petroqradda üsyan olmuş, hökuməti düşürmüşlər.

Rüstəmbəy yatağından ildırım kimi qalxdı; cəld yuyunub, çay belə içmədən baş zemstvo idarəsinə qoşdu. Bir çox əməkdaşlar toplanmışdı. Hər kəs fərəh içində bir-birini təbrik edirdi. Alınan rəsmi bir teleqramda Lvovun sədarəti ilə yeni bir kabinet təşkil olunduğu bildirilirdi.

Başqa məlumat olmadığı üçün hərə bir mülahizə yürüdürdü. Statist Quxman deyirdi:

– İndi yatmaq zamanı deyildir; təşkilata başlamalıdır. Aşağıdan yuxarı şuralar qurmaq icab edəcək. Birinci sırada ictimai təşkilatları

– Qırmızı xaç, şəhər və zemstvo birliklərini bir mərkəzə bağlamaq lazımdır. İclaslar çağırıb, Petroqrad hadisələrinin əhəmiyyətini izah etməlidir.

Vanya nümayişlər yapılmasını lazım bilib:

– Sabah tezdən qırmızı bayraqlarla küçəyə çıxmalıyıq, – dedi. Bu fikir də oradakılar tərəfindən təsvib olundu.

Lakin müəyyən xətti-hərəkət üçün Petroqrad hadisələrinin təfsilatı lazım idi. Dövlət dumasının təlimatı gözlənilirdi. Duma liberal fikirlər daşıyanlar üçün bir avtoritet idi; onun hər bir hərəkəti ruhlarda qələyan edək protestlərin tərcümanı idi.

Lvov ümumi Rusiya zemstvo ittifaqı rəisi olduğu üçün onun kabinet təşkil etməsi bütün zemstvo əməkdaşlarına böyük ümidlər verirdi.

– Yarım saat sonra şəhərdəki zemstvo müvəkkilinin departament müdiri sifəti ilə Petroqrada dəvət olunması xəbəri yayıldı. Bu da əməkdaşlar arasında yeni fərəhlər doğurdu. Bəziləri bunu şəxsi faydaları üçün bir fali-xeyir kimi tələqqi edir. Rüstəmbəydən kölgə kimi bir addım uzaqlaşmayan mühasib imkan bularaq müti bir təbəssümlə ona dedi:

– Rüstəmbəy, müvəkkilimiz yüksəldi; sizin də yuxarı gedəcəyinizə şübhə edilmir; amandır, məni unutmayınız! Fəaliyyət və sədaqətimi bilirsiniz!..

Rüstəmbəy gülümsədi, bir söz deməyib, bir-iki dəfə baş əyməklə iktifa etdi.

25

Rüstəmbəy baş idarədən çıxıb evə dönərkən xəyalı qanadlanmada idi. O özünü ən xoşbəxt bir adam sayırdı. Ruh yüksəkliyinin, mətanətin, fəaliyyət atəşinin həddi yox idi. Öz-özünə “inqilab nə böyük feyzdir!” – deyə gülümsəyir, nəşələnirdi – böyük dəyişikliklər olacaq: ruslaşdırma, provoslavlaşdırma əbədi olaraq tarix səhifələrinə keçir.

Artıq hakim və məhkum millət yoxdur... Bərabərlik, tam bir bərabərlik xalqlar arasında ziddiyyəti qaldıracaq; qardaşlıq günəşi yeni aləmi parladacaq. Artıq hər bir xalqın müqəddəratı öz əlinə keçəcək.

Rüstəmbəy bir də Rusiyada yaşayan 40 milyonluq türk-tatar xalqlarını gözlərinin önünə gətirdi: bunlar üç yüz ildən bəri çar hökmranlığından olmazın zülmlərini görmüşlər; Qazan, Həştərxan, Krım və Sibir xanlıqları dağılmış; Orta Asiya istiqlaliyyəti məhv olmuş. Dağıstan və Azərbaycan hürriyyətini tərk etməyə məcbur olmuşlar; rus mühacirləri çar hakimiyyəti sayəsində sel kimi axaraq, türktatar xalqlarını əzib pərakəndə hala salmışlar. Bir qismi hicrəti məhkumiyyətə tərcih etmiş, digəri assimilə olmağa müncər qalmışdı.

Rüstəmbəy dayandı. Qaraqanadlı, xəşin bir kabus dırnağından qurtarmış kimi, asudə nəfəs alaraq, yoluna davam etdi.

...1905 inqilabı bizə milli mətbuat, ana dili, qismən milli məktəb bəxş etdi. Inqilab sədası əsrlərdən bəri cəhldə boğulan xalqları maarif və mədəniyyət yoluna sövq etdi. Bu inqilab isə milli müqəddərat şüarı daşımalı; artıq mərkəziyyət idarəsi yox olub üsuli-idarə federasiya şəklinə çönməlidir...

Rüstəmbəy uzun-uzadı mülahizələr yürütdü və keçmişə qarşı nifrətlər yağdırmaqda davam etdi. Indi cəbhə artıq onu maraqlandırmamağa başladı; o, milli sahə arayır, öz xalqına qarışmaq, onun dərd və nəşəsində iştirak etmək istəyirdi.

26

“Zemokok” əməkdaşlarının bir qismi müdirin evində nahar edirdi. Rüstəmbəy də orada yeyirdi. Bu gün yeni xəbərlər eşitdi. Bir neçə gün əvvəl Dumanı ləğv eləyən Nikolay xəl olunmuşdu. Taxtı qardaşı Mixailə tərk etmişdisə də, o da hakimiyyətdən vaz keçmişdi: daha doğrusu, məcbur edilmişdi. Məmləkətin yeganə sahibi Dövlət dumasının icraiyyə komitəsi imiş. Bundan başqa paytaxtda “Soldat vəkilləri şurası” əmələ gəlmiş imiş. Yeməkdə həp bu məsələlər ətrafında danışılır, cürbəcür mülahizələr yürüdülürdü. Rusiyada cümhuriyyət idarəsi olacağına inananlarla bərabər, Rusiyanı monarxsız təsəvvür etməyənlər də vardı.

Nahardan sonra əməkdaşlar dağılmağa başladı. Tatyana yerindən qalxıb Rüstəmbəyin yanına gəldi və laübali bir əda ilə əlini uzadıb, onun başının tükündən dartdı. Rüstəmbəy heyrət edərək qızardısa da, Tatyananın tühaflığını nəzərə alıb, ona darılmadı.

Tatyana gülə-gülə:

– Dostum, gedək! – dedi.

Rüstəmbəy qalxdı, bərabərcə çıxdılar. Küçədə Tatyana onun qoluna girdi.

Hava xoş idi. Əriyən qarın seli şaqqıltı ilə axırdı. İnqilab nəşəsi ilə bərabər, bahar havası da ruhda min bir hiss oyadırdı. Rüstəmbəy ilk dəfə olaraq, hərarətini duyduğu Tatyananı erkəklərə məxsus bir nəzərlə süzdü. Ağ çöhrəsinə qan səpilmişdi; gərdənindən doğub yanaqlarına doğru qol-budaq atan incə mavi damarları lətafət saçırdı; qonur parlaq gözlərində bahar nəşələri oynayır, İnsanı coşdururdu; zərif köksündən görünən ağ təmiz köynəyinin krujevası titrərkən ehtirası qıdıqlayır, atəşləndirirdi.

Bir də Rüstəmbəydə canlanan ehtirasa qarşı başqa hisslər doğdu; nəfsiheyvaniyyə yavaş-yavaş geriləyərək, qaib oldu. Rüstəmbəy yenə əvvəlki kimi Tatyana ilə yoldaş qadını deyə pak bir niyyətlə danışmağa başladı.

– Nərəyə getmək niyyətindəsiniz? – deyə sordu.

– Həkimə getməliyəm.

– Xəstəmisiniz?

– Baxın, barmaqlarımın arasına ziyilə bənzər şeylər çıxmışdır. Bunu həkimə göstərməliyəm.

Rüstəmbəy Tatyananın əlini əlinə alıb seyr etdi və bir söz demədi. Xəstəxanaya doğru getdilər.

Yolda nümayişçilərə rast gəldilər. Bir bölük soldat önlərində zabitləri olaraq qızıl bayraqlar və şüarlarla gedirdilər. Hamısının köksündə qırmızı bant vardı. Arabir “Yaşasın hürriyyət!” deyə bağırırdılar.

Bunlara istehza ilə tamaşa edən Tatyana:

– Axmaqlar! – deyə fırlatdı.

Rüstəmbəy heyrətlə:

– Tatyana, sizdən belə hərəkət gözləmirdim, – dedi.

Tatyana gülərək:

– Mujik hürriyyətin mənasını bilirmi, zənn edirsiniz? – deyə sordu, – bunlar qoyun kimidirlər. Yakıb yıxmaqdan başqa bir şeyə qadir deyillər.

– Bu zadəgan zehniyyətidir!

– Nə olur-olsun! Mujikə mən bələdəm, onu gözəlcə bilirəm, 1905-də nələr yapmadı!

– Haqları yoxmu idi?

– Heç də yoxdu! Zadəganlar olmasa, bu kirli və tənbəl mujiklər acından ölər!

– Tatyana, bu fikirlərinizlə məni qane edəməzsiniz. Mujik daima istismar olunmuş və olunmadadır. Buna artıq xitam verməli. İstismar əsrimizə yaraşmır.

– Siz qırmızı imişsiniz ki!.. – deyə Tatyana gülümsədi və Rüstəmbəyin qolunu sıxdı.

27

Xəstəxana polyak zadəganlarından birinin köşkündə yerləşmişdi. İri darvazadan içəri girib, güllük bir xiyabanla saraya doğru irəlilədilər.

Sərvlər arasında dikili mərmər vazlar və heykəllər vardı: vaxtilə buraların dilfirib bir mənzərəsi olduğu görünürdü. Müharibə atəşi buraları da yakmışdı: ağacların çoxusu qurumuş, çiçəklik sönmüş, xiyabanlar pozulmuş, hər yeri alaq basmışdı. Bu pərişan gözəllik Tatyanaya təsir etməmiş olmadı; Rüstəmbəyə oxşanaraq, məst gözləri ilə onu süzdü:

– Bilirsiniz, – dedi, – bu mənzərə məndə həsrət duyğuları oyadır. Mənə belə gəlir ki, bu sarayı bir eşq yaratmışdır. Müharibə bu eşqi söndürmüş, saray da onunla bərabər sönmüşdür. İndi bu sarayda bir eşq həsrəti duyulur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ağı

AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

2 мин
Folklor yolunda

FOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

3 мин
Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 мин
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 мин

Стихи других поэтов