Страница 5 из 11 · 36%

Zaqorin nəfəri çağırıb bir lampa da istədi.

Zina bununla iktifa etmədi, otağı səliqəyə salmağa başladı. Masanın üzərinə ağ süfrə saldı, arayıb şamlar tapdı, yandırdı və masanın yuxarı və aşağısına qoydu: nəfər gətirən lampanı da bir tərəfdən asdı.

Otaq başqa bir şəkil aldı.

Çalbığ baytar arvadına müraciət edərək:

– Jenya, – dedi, – yemək düzəlt görək. Yevgeniya Artyomovna qapını açıb mətbəxə girdi. Çalbığ baytar müsafirləri əyləndirmək üçün sükutu pozdu:

– Burada can sıxıntısından ölürük, – dedi. – Təsəvvür edin, aylardan bəri buradayıq. Ətrafda atlarımızdan başqa kimsə yoxdur...

Jenyanı yazıb evdən gətirtdim. Yenə həyatımız sıxıntıdan qurtarmadı...

Bərəkətlər versin ki, aptekimizdə spirt çoxdur. Bu, canımızı bir qədər qurtarır.

Bu əsnada Jenya içəri girdi. Zina:

– Siz içirsiniz, bundan Jenyaya təsəlli olurmu? – deyə güldü.

– Onun da təsəlli yeri var, – deyə baytar iyma ilə söylədi.

Arvadı laübali bir əda ilə:

– Axmaqlama! – dedi və qaşlarını oynatdı. Baytarın iyması Zaqorinə aid idi – Zaqorinin qadınına qur yapdığını bilir və bunu təbii görürdü. Jenyanın hürriyyətinə mane olmadığından dolayı bir az da fəxr edirdi.

17

Jenya Zinanın qulağına bir şeylər pıçıldadı, Zina qalxdı. Bir yerdə masanı düzəltməyə başladılar; boşqab düzdülər, çəngəl-bıçaq qoydular. Boşqablar yetmədiyindən dolayı ev adamlarının ikisinə bir boşqab təxsis edildi.

Bir az sonra Zaqorin qızarmış bir halda mətbəxdən çıxdı, küncə tərəf yönəlib bir şüşə araq gətirib masaya qoydu.

– Jenya, bax, stəkanı yaddan çıxardıq, – deyə Zina şaqqıltı ilə güldü. Haman qalxıb oranı, buranı ararkən, Jenya ona köməyə gəldi.

Bir fincan, iki stəkan və bir səfər parçı tapıb gətirdilər.

Zina yenə gülə-gülə:

– Əfəndilər, – dedi, – bir adam içməməlidir.

Jenya:

– Mənim ərim içkidən imtina edir, – dedi.

Çalbığ baytar:

– Mən səndən imtina edərəm də, araqdan imtina etmərəm! – dedi.

Zina süni heyrətlə:

– Mən Jenyanın yerinə olsaydım, bu sözlərdən dilgir olardım,

– dedi.

– Ağlıma belə gəlmədi! – deyə Jenya işvəkar bir halda çiyinlərini atdı.

Mətbəxin qapısı açıldı, içəri yanıq qoxusu ilə bərabər nəfər girdi.

Əlində gətirdiyi tavanı masanın üzərinə qoydu və qolu ilə alnının tərini silərək, cəld çıxdı.

Jenya qonaqların boşqablarını əlinə alaraq:

– Bağışlayın, əfəndilər, – dedi. – Bizim yerdə təzə ət süs qəbilindəndir.

Okorokdan başqa bir şeyimiz yoxdur.

– Xoşdur! Xoşdur! – deyə qonaqlar razılıq etdilər. Zaqorin qablara araq tökdü. Çalbığ baytar səfər parçından yapışdı. Stəkan yetmədiyini duyaraq Zaqorin nəfəri çağırdı, onun fincanını istədi.

Fincanı alar-almaz müsafirlərin şərəfinə qədəh qaldırdı.

Zina ərkyana bir tərzdə yanında oturan Rüstəmbəyin stəkanını götürüb, bir qurtum aldı və yenə yerinə qoyaraq:

– Sağ olun, Rüstəmbəy! – dedi.

– Sağ olun! – deyə səsləndilər.

Borisin səsi bir az kal çıxdı. Zinanın hərəkətindən qısqandığı bəlli idi. Bunu Zina duyar-duymaz dəruni bir zövq aldı.

Zina zatən eşq dənizinin sakin halından xoşlanmazdı; yalnız fırtınadan həzz alardı. Odur ki, arabir Borisin ona qarşı bəslədiyi hissləri yoxlamaq üçün onu qısqandırmağa çalışırdı. Rüstəmbəyin gəlməsi onun üçün gözəlcə bir vasitə olmuşdu.

İkinci qədəhi çalbığ baytar qaldırdı:

– Mən, əfəndilər, – dedi, – qadınlara çox pərəstiş edənlərdən deyiləmsə də...

Burada Zina onun sözlərini kəsərək:

– İnanan daşa dönsün! – dedi.

Baytar “Siz elə zənn edin” sözləri ilə Zinaya cavab verib, nitqinə davam etdi – ...yenə də qadınların şərəfinə içməyi sevirəm. Yaşasın məclisimizə güllər saçan qadınlar!

Pinti baytarın şairanə sözləri hər kəsi əyləndirirdi. Ənva cins və nəslə mənsub qədəhlər qalxdı, araq boğazları qıcıqlayaraq keçib getdi.

Zina Borisin sakin və laqeyd olmasını duyaraq, yenə xorladı. Gülər çöhrəsini Rüstəmbəyin üzünə yanaşdıraraq, pıçıltı ilə:

– Yanınızda oturduğumdan dolayı məmnunsunuzmu?- dedi. Rüstəmbəy gülümsədi və arağın təsirindən keyimiş dodaqlarını uşaq kimi büzərək:

– Olduqca! Olduqca!.. – deyə bir neçə dəfə bərkdən təkrar etdi. Rüstəmbəyin sözlərini eşitmədi. Acı təbəssüm dodaqlarına yayıldı. Zinanın yarasına su səpilən kimi oldu.

18

Artıq araq şüşənin sonuna çatırdı. Spirt beyinləri dumanlandırmışdı. Çalbığ baytar coşaraq arabir: – Acıdır! – deyə bağırır və hər kəs qonşuluğundakı qadını öpürdü. Tühaf burası ki, özü Zaqorinlə Rüstəmbəyin arasında oturduğu üçün öpüşlərdən tamamilə məhrum idi. Jenyanın Zaqorin və gənc baytarla öpüşdüyünü gördükdə ənsəsini qaşıyaraq:

– Əfəndilər, işlərim yaşdır! – deyə gözlərini yumur və üzünü turşudurdu. Boris Zinanın qızarmış yanaqlarını görərək stəkanındakı arağını sıra daxilində içib masadan qalxdı. Sarsıntılı addımlarla pəncərəyə yanaşdı və divardan asılan gitaranı alıb, köksünə basdı. Titrək barmaqları ilə gərgin simləri dilləndirə-dilləndirə yanıqlı bir şərqi söylədi.

Məclisdəkilərin nəşələri bir qat daha dalğalandı. Çalbığ baytarın təklifinə görə arağın sonu qədəhlərə töküldü:

– Ekstra Borisin sağlığına! – deyə məst dodaqlardan qopan gurultu otağı titrətdi. Kim isə:

– Havaya çıxalım, – dedi.

– Çıxalım! Çıxalım! – deyə səslər bir-birinə qarışdı.

Bir də Zaqorin gitaranı qapıb, vals çalaraq fırlandı. Haman, kişilər qadınların belini qucaraq otaqda tur yapmağa başladılar.

Boris Zina ilə oynayırdı. Zina turu yarımçıq buraxıb Rüstəmbəyə yönəldi:

– Bir tur da bizimlə edəlim! – deyə qoluna girdi. Rüstəmbəy çəkinərək:

– Həyatımda heç rəqs etmədim, – dedi.

– İlk dəfə olsun! – deyə Zina gərdənini əyərək cazibəli bir vəziyyət aldı. Siması həm yalvarır, həm məftun edirdi. Rüstəmbəy məyus bir halda:

– Heç bilmirəm; doğru sözümdür!

– Ricama qarşı “yox” ola bilərmi? – deyə Zina dilini əzdi. Rüstəmbəy Zinanım iradəsinə tabe bir halda əli ilə onun belini əhatə etdi. Vücudunun lütfkar hərarətindən təkrar məst olaraq tura başladı.

Valsdan sonra Boris padespan çaldı. Zaqorinlə gənc baytar xanımları rəqsə dəvət etdilər. Zina ilə Zaqorin böyük müvəffəqiyyət göstərdilər. Sürəkli alqışlarla məclisə xitam verildi.

19

Ətrafda qarın sönük ağartısından başqa gözə bir şey çarpmırdı. Tam bir sükut dünyanın gənc dövrünü andırır, ruha dəhşətlər saçırdı. Qapının şaqqıltı ilə açılması şaxtalı havanı titrədərək əks-sədalar doğurdu. Zinanın qumrov kimi cingildəyən səsi qarlı boşluqları oyadar kimi oldu. Buna mütəaqib sərxoş qəhqəhələr, qırıq ifadələr bir-birinə qarışıb, xülyapərvər qaranlığın sükutuna təkrar-təkrar xələl vurdu.

Zina Rüstəmbəyin qoluna sığınaraq yolu sürətlə atlamada idi; gənc baytarla Zaqorin Jenyanın qoluna girmişdilər; çalbığ baytarla Boris arxadan gəlirdi.

Bunların dəruni övzaları bir-birinin əksi idi; çalbığ nəşə ilə dolu, laübali halda deyir, danışır və arvadının əylənməsindən olduqca məmnun idi; Boris isə iztirab içində çırpınırdı. Zinanın işvəbazlığı, nümayişkar qəhqəhələri, ehtirasa qapılmış dişi ədası Borisə toxunur, qəlbində yaralar vücuda gətirirdi. Qısqanclıq atəşi ilə yanan gözləri Zina ilə Rüstəmbəyi təqib edirdi; onlar uzaqlaşmağa çalışır, get-gedə qarlar ağartısında yekvücud bir kölgə təşkil edən bu iki gənc qaib olur və Borisi də uçuruma doğru sürükləyirdi. Bir də Zinanın uzaqlarda qopan qəhqəhəsi Borisi ildırım kimi vurdu. Əvvəl qeyzlə coşdu, onda xəşin bir erkək mənəmliyi oyandı. Lakin haman buna mütəaqib əksi bir dalğa gələrək, onun dəruni atəşini söndürdü. Hüzn və laqeydlik duyğusu vücudunu aldı. Köksündən talesizliyini andıran kədərli bir səs qopdu: yanıqlı şərqisi ətrafın sükunpərvər dərdlərinə yeni dərdlər artırdı.

Uzaqlarda Rüstəmbəyə sarılan Zina əvvəl ərinin səsindən indiyə qədər duymadığı həzzlər duydu; sonra tühaf bir hala düşdü – Borisə yaxın olmaq istədi. Haman Rüstəmbəydən aralanıb, gözləri ilə geriləri seyr etməyə başladı. Rüstəmbəy ona yaxınlaşaraq, onu yenə qucmaq istədi. Lakin Zina onu yavaşca itələyərək geri çəkildi və uzaqdan eşidilən səsləri dinləməyə başladı. Rüstəmbəy onun əlindən yapışıb, dodaqlarına aparmaq istədi, Zina isə onun əlini rədd edib:

– Onlardan ayrı düşürük, yaxşı olmadı! – dedi və sürətlə qayıtdı. Rüstəmbəy heyrət edə-edə onu təqib etdi. Bunların gəlmələrini duyan

Zaqorin:

– Hə, əfəndilər, deyəsən, usandınız, – deyə onları qarşıladı.

Zina peşman səslə:

– Yox! – deyib onlara yanaşdı.

Jenya onu görcək gənclərdən aralanıb, Zinanı qucaqlayaraq kənara çəkdi:

– Aman, Zina! Bu gənc baytar nə cazibəli çocuqdur! – deyə pıçıldadı və ehtirasındam Zinanı qucub, yanağını dişlədi.

– Divanəsən! – deyə Zina xəfifcə olaraq gülümsədi və:

– Borisi gözləyək, sonra gedək, – dedi.

Boris ilə çalbığ baytar yavaş-yavaş irəliləyirdilər. Boris Zinanı Jenya ilə qol-qola gördükdə iztirablı qəlbinə su səpildi; haman səsindəki titrəyiş yox olmağa başladı; qısqanclığı aram buldu. Bu bir neçə dəqiqənin içində çəkdikləri ələmlər ona gülünc göründü. Yanaşıb, əlini Zinanın qoluna keçirdi və çocuq saflığı ilə oxşamağa başladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ağı

AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

2 мин
Folklor yolunda

FOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

3 мин
Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 мин
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 мин

Стихи других поэтов