İkinci kitab, birinci hissə
Страница 6 из 11 · 45%
20
Sabah yuxudan gec qalxdılar. O günü müsafirlərin şəhərə dönəcəklərini ev sahibləri bilirdilər. Zinanın israrən:
– Bu günü də qalın! – deməsinə baxmayaraq, Rüstəmbəy də:
– Yox, getməliyik! – dedi və Pleşşuka hazırlanmasını əmr etdi.
Çayı içib qazalağa mindilər. Planlarına görə Boris Yazlaves monastırını onlara göstərməli idi. O da ön tərəfdən oturub yola düşdülər.
Qar lopa-lopa yağırdı. Gecəki kefdən sonra hər kəsdə bir süstlük vardı. Kimsə danışmaq istəmir, yalnız ətrafın seyri ilə məşğul idi. Bu halla da monastırın qapısına çatdılar. Boris əvvəlcə qazalaqdan enib qapını döydü, sonra içəri girib, icazə almağa getdi. Çox çəkmədən geri gəldi:
– Buyurun gedək! – dedi.
Daş döşəli yolla gedib, balaca bir otağa girdilər. Burada bunları 44-45 yaşlı rəhban libaslı bir qadın qarşıladı. Bu, buranın müdiri imiş. Ziyarətçiləri polyaklara məxsus dadlı nəzakətlə qarşılayıb, monastıra təşyi etdi. Gözəl koridorlardan keçib, mərmər məlaikə heykəlli pilləkənlə yuxarı çıxdılar, balkondan kilsəyə tamaşa etdilər. Hər yer boş idi. Vaxtilə kübar ailələrinə mənsub qızlar burada tərbiyə və təhsil görərmişlər. Müharibə üzündən hər kəs Avstriyanın içərilərinə çəkilmişdi. Müdir qadınla bir neçə xadimədən başqa buralarda kimsə qalmamış. Bunlar monastırın bəkçiliyini bir müqəddəs vəzifə bilərək, müharibədən doğan bütün zülm və vəhşətə qarşı illərdən bəri fədakarlıq göstərə bilmişdilər. Ötüb gecən rus soldatları tərəfindən bu qadın dəfələrlə təhqir olunmuş, soyulmuş və əzablar görmüşdü. Monastırın gümüş qabları, tarla və bostanların toxumluqları belə çalınmışdı.
Təbiidir ki, qadın rusların qələbəsinə açıqdan-açığa zidd idi. Imkan olsaydı, kimsəni monastır qapısından içəri buraxmazdı. Nə etməli ki, müharibə zorbalıqları qadının milli və dini heysiyyətini qırmış, onu boyun əyməyə məcbur etmişdi...
Ziyarətçilər geniş otaqlarda yerləşən kitabxanaya gəldilər. Minlərcə cildlər məftil şəbəkəli çərçivələr arxasında dolablara düzülmüşdü. Qar basmış bağa enib, sönük xiyabanları, xaraba bostanları, çiçəkliyi, oranjereyaları, tövləni... bir neçə dəfə gəzdilər, vaxtilə parlaq bir mədəniyyət məhsulunun xarabazara döndüyünün şahidi oldular. Nədənsə monastırın bu qədər ələmli mənzərəsi hər kəsdən artıq Rüstəmbəyə təsir etdi. Polyakların fəlakətini məhkum millət nümayəndəsi sifətilə daha yaxından, daha səmimi olaraq duya bildi. Çoxdan bəri uyumuş milli-hissi qələyana gəldi. Halını kimsəyə bildirmədən monastırı tez tərk etməyə çalışdı. Dərin bir sükut içində qazalağına əyləşdi və qəm möhrü ilə qapanmış dodaqları şəhərə çatıncaya qədər bir dəfə də olsun qımıldanmadı.
21
Rüstəmbəy qazalaqdan enib idarəyə gəldi və soyunub yenicə yuyunurdu, bir də Vanya sevinərək ona yanaşdı:
– Rüstəmbəy, – dedi, – yeni xəbəri eşitdinizmi?
– Yox, – deyə Rüstəmbəy asma yuyuncağın altından başını qaldırıb, üzünün suyu axa-axa Vanyanı maraqla süzdü.
– Rasputini öldürmüşlər.
– Kim? – deyə Rüstəmbəy qalxdı.
– Bəlli deyildir.
Rüstəmbəy üzünü cəld yudu, məsələnin təfsilatını öyrənib, otağına çəkildi. İki əməkdaş səfər kürsülərinə istirahətlə yerləşməyə çalışaraq Rasputin ətrafında uzunuzadı danışığa başladılar. Rasputinin savadsız bir mujik olması, Sibirdən Peterburqa gəlib, saray məhafillərində böyük bir mövqe qazanması bunların heyrətinə mucib olurdu. Vanya qəzetlərin sütunlarını dolduran bu hadisənin bir parçasını Rüstəmbəyə nağıl edir, sonra bunun ətrafında mülahizələr yürüdürdülər.
– Rüstəmbəy, bütün saray bu adamın əlində imiş. Çariçanın vasitəsilə çara nüfuz edirmiş. Heyrət deyilmi? Təsəvvür edin. Rasputin istədiyi adamları vəzir təyin etdirir, xoşuna getməyənləri əzl etdirir...
Yüksək zadəgən qadınlarının ən gözəlləri ilə yaşayır. Bütün saray buna tapınır, bunu müqəddəs “starets” sanır...
Rüstəmbəy Vanya ilə həmişə ehtiyatla danışırdısa da bu dəfə özünü saxlaya bilmədi:
– Əzizim, burada heyrət yeri yoxdur: Rusiya “umulmaz vaqeələr ölkəsi” adı ilə mərufdur. Burada hər şey hərc-mərc bir haldadır. Bir ovuc aristokrat mədəniyyəti yüz milyonluq mujik vəhşətinə; xristianlıq skit zehniyyətinə; slav tatara, tatar slava; Asiya Avropaya, Avropa Asiyaya qarışıb bulanıq bir şey vücuda gətirmişdir. Avropa qitəsinin böyük bir hissəsində yaşadığı halda, adət ənənə, tarix, üsuli-idarə etibarınca heç də Avropa məmləkətlərinə bənzəməz; Asiyanın böyük bir parçasına malik olduğu halda, Rusiyanı “asiyalı” deyə də tələqqi etmək olmaz...Xülasə, bu ölkə müəyyən bir sima və aydın bir xarakterə malik deyil. Belə ölkədən Rasputinin çıxması təbii deyilmi?
Vanya bu sözlərin haqlı olduğunu duyurdusa da, Rüstəmbəyə etiraz etmədən çəkilə bilmədi:
– Rüstəmbəy, məsələ ölkənin əhvali-ruhiyyəsində deyil ki; bunlar həp alman oyunlarıdır. Çariça alman olduğu üçün həp Almaniya üçün çalışır. Rasputin də bunların adamıdır. Rasputin Almaniya ilə barışmaq tərəfdarı idi. Bu Rasputinin öz fikridimi?
Rüstəmbəy sükuta getdi. Münaqişədən yaxa çəkməyə yol axtarırdı. Bir də:
– Paytaxt qəzetləri haradadır? Oxumaq istəyirəm, – dedi.
Vanya Rüstəmbəyə bir yığın qəzet verdi. Rüstəmbəy çarpayısının üzərinə uzanaraq:
– Vanya, idarəmizdə nə yeniliklər var? – deyə sordu. Vanya bir az kinli kimi:
– Bir şey yoxdur, – dedi, – ikinci bölükdən gəlmişdilər; kürk və ayaqqabı göndərdim. Sabah pula gələcəklər, çek verərsiniz, alarlar.
– Bankda nə qədər pulumuz var?
– Siz bilirsiniz, gərək səkkiz min olsun.
– Yaxşı, – deyə Rüstəmbəy qəzetlərə daldı.
İndiyə qədər Rasputindən bəhs etməyə cəsarət etməyən mətbuat “starets”in fəzailinə aid uzun sütunlar həsr etmişdilər. Bunları Rüstəmbəy böyük maraqla oxudu. Mətbuatın tonu tamamilə hökumətə və saraya zidd idi. Yüksək məmurların sui-istemalları, xəyanətləri, səhlənkarlıqları açıqdan-açığa yazılırdı. O biri tərəfdən də məmləkətin keçirdiyi iqtisadi böhran – aclıq, yoxsulluq aydın surətdə təsvir olunurdu. Artıq xarici siyasət, müharibə kimi böyük bir hadisə ikinci və bəlkə üçüncü sıraya keçirilərək, həp daxili övza müzakirə olunmada idi.
22
Rüstəmbəy əsil vəzifəsindən başqa, ictimai işlərlə də məşğul olardı. Zemstvo əməkdaşları üçün üç yurd təşkil etmişdi. Bunlardan biri qadınlara məxsus idi. Gəlib keçən, ya şəhərdə xidmət edən şəfqət bacıları orada yaşayırdılar.
Rüstəmbəy nahardan sonra yurdları dolaşıb, qadın yurdunda dayandı; tanışı Tatyana və Volodya onu çaya saxladılar. Tatyananın əri Volodya Rüstəmbəyin darülfünun yoldaşı idi. Çox zaman imtahanlara bir yerdə hazırlaşmışdılar. Bir aralıq Rüstəmbəy Volodyanı qaib etmiş, sonra təsadüfən ona Qalitsiyada rast gəlmişdi. Volodya əsgərliyə cəlb olunaraq, hərbi məktəb bitirib cəbhəyə göndərilmişdi. Gənc qadını Tatyananı da zemstvo ittifaqında şəfqət bacısı sifəti ilə yerləşdirmişdi.
Rüstəmbəyi yemək otağında qəbul etdilər. Xidmətçi qız samovar gətirdi. Otaq isti və işıqdı. Cəbhədə bir kəsə müyəssər olmayan bu istirahətə bir də dadlı söhbətlər əlavə olundu.
Rüstəmbəy:
– Volodya, nə əcəb? – deyə sordu.
– Bəhanə ilə bir günlüyə qopub gəldim; sabah erkən gedirəm.
– Cəbhədə nə var?
Volodya əlini çırpdı:
– Məyusluq, tam bir məyusluq! Əsgər yorulubdur, sülh istəyir.
Müvəffəqiyyətsizlik hər bir nəfərin ruhunu pozmuşdur. “Bizi başdakılar satırlar”, – deyə ümumi bir qənaət hasil olmuşdur.
– Baş komandanlığın ərkani-hərb zabiti Myasoyedovun işi buna dəlil deyildir?
– Təbii! hər yer alman casusu ilə doludur. Nə addım atırıq, düşmən bilir. Bundan başqa, silah yetmir. Nizam yox. Daxilin hərc-mərci də bəlli...
–Yaxşı, – deyə Rüstəmbəy Volodyanın sözlərini kəsdi, – bunların sonu nə olacaq?
– Sonu? – heç! Almanla təklikdə sülh yapmaqdan başqa çarə yoxdur.
– Bu ola bilərmi? Hər kəs “son zəfərə qədər müharibə” bağırır.
“Sədaqət”dən bəhs edirlər. Müttəfiqlərə söz vermişik, zarafat deyil!.. Son sözləri Rüstəmbəy istehza ilə söylədi və bu, Volodyanın rişxəndinə səbəb oldu.
– “Son rus əsgərinə qədər müharibə” şüarı daha doğrudur.
Müttəfiqlər bunu istəyir. Biz şərq cəbhəsində qana bulaşdığımız halda ingilislər bir addım belə irəli getməyib qüvvələrini saxlayırlar.
Təqib etdikləri siyasət bəlli deyildir.
Rüstəmbəy istehzalı təbəssümlə:
– Bəlli deyil?.. Ingiltərə hərb nazirinin söylədiyi sözlər yadındadırmı?
– Xeyr! Bizim cəbhədə qəzet gördüyümüz yoxdur ki!..
– “Hərb müqəddəratını son bir milyon ingilis əsgəri həll edəcək”, – demişdir.
– Məsələ aydındır: hər dövlət gücdən düşdükdən sonra İngiltərə sağlam qüvvələrlə meydana çıxıb qələbə çalacaq və sülh şəraitini diqtə edəcək... Bu “dost”ları görərək İnsan hər şeydən ikrah olur!..
Bıqdım, iyrəndim! Başqa mövzuya keçəlim.
– Elə, elə, – deyə Tatyana ərinin təklifini təsvib etdi.
23
Tatyana çayı süzdü, tatlılar qoydu.
– Buyurun, – dedi və mənsub olduğu aristokratiyanın ədasınca ifadəsində “ğ” səsini çox eşitdirərək sözə başladı: – İçin, sinirlərinizi təskin edin; onsuz da bu axmaq müharibədən bir şey çıxmayacaq.
Rüstəmbəy Tatyanaya müraciət edərək:
– Sizin işiniz necədir? – deyə soruşdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.
Folklor yolundaFOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...
Azərbaycanda Zərdüşti adətləriAZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləriTARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.