Страница 2 из 8 · 13%

Cəbhə başdan-başa çözülüb Rusiyaya doğru axırdı. Səsdən və taqqıltıdan qulaq tutulurdu. Hər kəs bir-birini əzib, ön tərəfə keçmək istəyirdi. Avtomobillər xırda arabalara toxunub aşırır; adamlar tapdalanır; hərbilər zemstvo karvanını yarıb atlamağa çalışır... Bəzən dəhşətli qovğalar olur, başlar yarılır. Qüvvətlilər basıb keçir, zəiflər arxada qalır. Şose yolu daşqın çay şəkli almışdı...

Rüstəmbəy geri döndü. Yolda onu addım başına bir zemstvo əməkdaşı durdurub: “Bizim halımıza qalan varmı?” – deyə soruşurdu.

Qadınlar göz yaşı tökürdülər. Rüstəmbəy təsəlli verə-verə baş idarəyə gəldi. Haman, ictimai təşkilatların komitəsinin fövqəladə iclası çağırıldı.

Beş dəqiqə sonra üzvlər hazır oldular. Vəziyyət aydındı – çox danışılmadı: bütün fikirlər Buçaçı tərk etmək ətrafında toplandı. Rüstəmbəy söz istədi:

– Yoldaşlar, bütün ictimai təşkilatları və onların əməkdaşlarını qurtarmaq üçün bir adama fövqəladə səlahiyyət verməliyik və onun bütün əmrlərinə tabe olmalıyıq, – dedi.

Hər kəs bu fikri təsvib etdi, yalnız bir qız etiraz edərək:

– Yoldaşlar, – dedi, – inqilabın bizə verdiyi ən böyük feyz məsələnin müştərəkən həll edilməsidir. Bu haqdan bizi məhrummu etmək istəyirsiniz?

Rüstəmbəy sinirləndi:

– Yoldaş, – dedi, – düşmən bizi qoyun sürüsü kimi qarşısına qatdığı bir zamanda məsələ, özü də həyat məsələsi, müştərəkən həll edilməz.

Can qorxusu o qədər qüvvətli idi ki, qızın təklifi tərəfdar bulamadı.

– Namizəd göstərin, – deyə eşidilən kəsə cavab olaraq məclis Rüstəmbəyi irəli çəkdi.

Katib titrək əli ilə qərarı yazdı, imzalar atılıb Rüstəmbəyə verildi.

5

Rüstəmbəy bir dəqiqə qaib etmədən yüngül bir qazalağa minib, ərkani-hərb idarəsinə sürdü. Zemstvo təşkilatları hərbi cəhətcə baş mühəndisə tabe idi. Rüstəmbəy bağçaya nazir terrasda baş mühəndisə rast gəldi. Yaxından tanış olduğu bu adam həmişəkinə heç bənzəmirdi: bənizi qaçmış, huşsuz və özünü itirmiş bir halda idi. Rüstəmbəyin salamına belə cavab vermədi.

Rüstəmbəy:

– Vəziyyəti aydın təsəvvür edə bilmirik, – dedi. – Məsləhət görürsünüzsə şəhəri tərk edək.

Mühəndis onun sözlərini eşitmirmiş kimi, donuq bir halda üzünə baxıb, cavab vermirdi. Rüstəmbəy təkrar ricada bulundu. Bir neçə saniyəlik sükutdan sonra mühəndisin rəngsiz dodaqları qımıldanmağa başladı:

– Telefonu kəsmişlər, rabitəmiz qalmamışdır. Cəbhənin nərədə yarıldığını bilmirik... Istərsiniz çəkilin... Köçün! – deyə zəif səslə əlavə edib, Rüstəmbəyə əl vermədən ayrılıb getdi.

Rüstəmbəy qazalağı sabiq idarəsinə sürüb, Vanya ilə görüşdü:

– Vanya, – dedi, – bir saata hazırlan. Anbardan ləzgiləri çağır. Girəvənə gecən arabaları, atları səfərbərliyə al. On beş günlük məkulat götür. İdarənin qarşısında hazır olun, gəlirəm.

Rüstəmbəy zemstvo xəstəxanasına gəldi. Xəstələr həyəcan içində idi. Qısa olaraq xəstələrə:

– Sabah günəş doğmadan sizi şəhərdən çıxaracağam. Buna əmin olun! Qorxu və həyəcana lüzum yoxdur, – dedi. Rüstəmbəyin mətin və səmimi sözləri hər kəsdə ümid canlandırdı; üzlər güldü, ürəklərdə ona qarşı minnətdari hisslər nəşət etməyə başladı.

Rüstəmbəy xəstəxana küçəsində bir tövləyə təsadüf etdi. Qazalağı saxlayıb, içəri girdi. Axura on dənə at bağlanmışdı. Həyətdə bir neçə araba və fayton vardı. Hansı təşkilatın olduğunu sormadan araba və faytonların qoşulmasını əmr etdi.

Bir neçə dəqiqədən sonra, Rüstəmbəyin qazalağı başda olaraq, müfrizə idarəsinin qarşısına bir araba qafiləsi gəldi...

Vanya Rüstəmbəyin əmrlərini yerinə yetirmək üçün bütün adamlarını səfərbərlik halına gətirmişdi. Işləri təcili olaraq, bitirdikdən sonra yemək yeyib, məsləhətə oturdular. Əvvəlcə iki verstlik xəritəni qarşılarına qoyub, geri çəkiləcək yolu təyin etdilər. Zemstvo karvanının, bilxassə çəlimsiz arabaların şosedəki şiddətli axına davam gətirə bilməyəcəyini nəzərə alaraq, şərqə deyil, cənuba – Kamenets-Podolskiyə tərəf çəkilməyi məsləhət gördülər. Cəbhənin Ternopol cəhətində yarılması ehtimal edilərək, cənubun təhlükəsiz olduğu nəzərə alındı.

Ümumi çaxnaşıqda bu yol qaçanların nəzərini cəlb etmirdi. Bura ilə çəkilmək tələsməmək imkanı verirdi. Bunun da çəkilənlər üçün əhəmiyyəti böyükdü: arabalar xarab olduqda qolayca təmir edilə bilərdi.

Bunu qərara alıb, çəkiləcək adamların sayı və on beş günlük məkulatı, minilən və yüklənilən arabaların miqdarı hesablandı. Vəzifələr bölündü. Bölüklər bir yerə toplanıb, arabalar yüklənməyə başlandı.

Xəstəxanaya, idarələrə arabalar göndərildi. Ləzgilər başda olaraq, kiçik bir süvari dəstəsi təşkil olunub silahlanırdı.

Rüstəmbəy Məhəmmədi yanına çağırıb dedi.

– Məhəmməd, süvariləri al da şose yola get, zemstvo arabalarından az minikli və boşuna rast gəlsəniz, yoldan çevirib tövləmizə göndərin.

Miniklərinə də buranı göstərin. Bildinmi?

– Bildim, ağa!

– Bəzən bir adam yekə arabanı məşğul edib qaçır, halbuki biz adamlarımızı doldurmağa araba tapmırıq, bildinmi? Miniyi çox arabaya dəyməyin.

– Bildim, ağa. Daha əmrin yoxdur ki? – deyə Məhəmməd təzim etdi.

– Yoxdur. Gedin, amma gecə saat beşə qədər yolu güdməlisiniz.

– Baş üstə, ağa, – deyə Məhəmməd getdi.

6

Rüstəmbəy paltarını çıxarmayaraq, quru səfər çarpayısının üzərində uzandı və sabaha qədər gözlərinə yuxu gəlmədi. Yayın gözəl gecələrindəndi.

Hava sərin və sakitdi.. Yalnız şosedəki axın gurultusu təbiətin sükununa dəhşətlər saçırdı. Arabir idarənin önündən də arabaların və adamların keçməsi eşidilirdi. Bir-iki dəfə idarə pilləkəni ilə çıxıldığı da duyuldu.

Atışma səsi hələ eşidilmirdi. Yalnız göyün şimal-qərb tərəfində tez-tez qızartı parlayıb qaib olurdu.

Saat dörddə Rüstəmbəy yataqdan qalxdı və koridora yuyunmağa çıxdıqda Voronovu orada hazır gördü. Voronovun təziminə cavab olaraq:

– Voronov, – dedi, – alman gəlir, qorxmursanmı?

– Heç də yox, əfəndim həzrətləri, – deyə uzunboğaz çəkmələrinin dabanlarını bir-birinə çırpdı.

Səsə Nataşa da qalxdı. Dolğun ağ qollarını başının arxa tərəfinə söykəyərək, döşlərini qabartdı və nümayişkar bir halda gərnəşdi.

Rüstəmbəy üzünü cəld yuyub:

– Voronov, tövləyə get, söylə hazır olsunlar. Nataşa, südlə çörək! – deyə əmr verdi.

Bir neçə dəqiqə sonra Rüstəmbəy Vanya və başqa əməkdaşlarla yemək otağına girdikdə, orada baş örtüləri qırmızı xaçlı iki qıza rast gəldi. Bunlar gecə yoldan qayıdanlardan imiş, tanış oldular. Qızların biri uzunboylu, qara kirpikli, buğdayı sifət; o biri isə ortaboylu, dolğun vücud, sarışındı. Iki qızın bir-biri ilə danışığından ucaboylunun adı

Musya olduğu bəlli oldu. Nədənsə bu ad Rüstəmbəyə çox xoş gəldi. Nataşa yemək verdi. Hər kəs iştaha ilə yeyərkən qızlar çəkinirdi. Rüstəmbəy yağ və çörək götürüb, onlara təklif etdi və Musyaya ayrıca bir iltifat göstərməsi hər kəsin nəzərini cəlb etdi.

Rüstəmbəyin nəzakətinə qarşı Musyanın çöhrəsi parladı, gözlərində bir təbəssüm oyandı və çox çəkmədən yenə şux baxışı hüzn dumanlarına daldı. Rüstəmbəy gözlərinin altınca onu süzdü – yemək boğazından getmirdi, ətrafdan eşidilən hər bir səs və sədaya qarşı diksinib, gözləri yaşarırdı.

Yemək bitdi. Oturanlar ayağa qalxdılar. Əvvəlcə gedən Vanya dönüb karvanın hazır olduğunu söylədi. Rüstəmbəy cəld pilləkəndən enib, qazalağına mindi. Küçə başına qədər düzülmüş yüklü və minikli arabaları dolaşdı. Xəstələri bir-bir yoxladı. Hamı sevinc içində idi.

Yerləri rahat olmayanları başqa arabalarda yerləşdirib, ön tərəfə keçdi.

Süvarilər şoseyə yaxın durmuşdular.

– Məhəmməd, – deyə ləzgiyə müraciət etdi, – məni gözlə. Siz yolun sol tərəfindəki axını bir dəqiqəliyə dayandırarsınız, bizim karvan yola qoşulmaq imkanı bular.

– Baş üstə, ağa. Daha başqa əmrin varmı?

– Yox!

Rüstəmbəy təkrar geri döndü. Arabaların bir-birindən ayrılmamasını şiddətlə əmr etdi.

İdarədəkilərin hamısı küçə qapısında idi, bölük müdirləri də hazırdı.

Zina həmişəki kimi şəndi. Bu təhlükələr ona dadlı bir macəra kimi görünürdü. Tez-tez Vanyanın qolundan dartıb, gülməli bir şeylər anladırdı.

Musyanın gözlərində yuvarlanan yaşlar dan yerinin qızartısını əks etdirərək, gözəl üzünə lətif məsumiyyət bəxş etmişdi. Rüstəmbəy ona yanaşdı:

– Nə üçün qorxursunuz? Şayiələr tamamilə yalandır, alman süvarisi, görünür, hələ uzaqdadır. Yaxın olsa idi, dünəndən bəri buraya gəlmişdi.

Əmin olunuz, sizi sağ-salamat Rusiya torpağına çıxaracağam.

Rüstəmbəyin mətin sözləri Musyanı sakit etdi.

– Bəs nə üçün ləngiyirsiniz? – deyə ərklə sordu.

– Bu saat yola düşürük. Buyurun mənim yanımda oturun. Musya məmnuniyyətlə razı oldu. Rüstəmbəy onun qayış gödəkçəsinin qoluna girib, qazalağına oturtdu. Özü də Musya ilə yan-yana oturaraq:

– Vanya, xanımları brekinə mindir, vaxtdır! – dedi. Rüstəmbəyin qazalağı ilə brek ön tərəfə keçdi. Arabaların tərpənməsinə əmr verildi.

Süvarilər axını yararaq, yolun ortasına yeridilər. Bağırtı, təhdid və söyüşlə axının bir tərəfini dayandırdılar. Rüstəmbəy qazalaqda ayaq üstə durub, arxaya xəşin baxışlar göndərərək, şoseyə girə bildi. Yüzdən artıq arabadan mütəşəkkil zemstvo karvanı fövqəladə sürətlə Rüstəmbəyin arxasınca gedərək ümum axına qoşuldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Divanə

Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.

4 мин
Müsəlman arvadının sərgüzəşti

«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.

3 мин
Cuma axşamı

Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».

5 мин
1905-ci il

Köhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!

2 мин

Стихи других поэтов