Страница 2 из 10 · 10%

Bu Qəmərin tez-tez Bakıya getməyinin sayəsində o vaxtlar Buzbulaq məktəbinin lap aşağı siniflərində də hər qızın barmağında bir yalançı üzük parıldayırdı və məktəbin direktoru Zinyət Şəkərək qızının coğrafiya dərslərində o üzüklərin hesabına biz – oğlanlar vaxtaşırı kef eləyirdik, çünki o yalançı üzüklərdən bircəciyinicə bir qızın barmağında görəndə Zinyət Şəkərək qızı mütləq sinifdəki qızların hamısının əllərinə baxırdı, hətta bəzən yazı lövhəsinin qabağında qızların ciblərini də axtarırdı. Bunun dalınca “yüngül tənbeh” gəlirdi, yəni Zinyət Şəkərək qızı öz qalın xətkeşi ilə qızların əllərini o qədər döyəcləyərdi ki, bundan sonra o qızlar on-on beş gün nə çeşmədə qab yuya bilirdilər, nə evdə saçlarını daraya bilirdilər... Zinyət Şəkərək qızının “ağır tənbehi” lap uzun iş idi. Bura, xətkeşdən əlavə, bir ayrı cəza da daxil idi: Oğlanların qabağında qızları hönkür-hönkür ağlatmaq. Məsələn: “Baxın, uşaqlar, başında bit var bunun. Ay qız, sən heç utanmırsan? Başında bit ola-ola barmağına üzük taxırsan?..” (İndi gəl ağlama, görüm necə ağlamırsan). Cəza qurtarandan sonra Zinyət Şəkərək qızı həmin o yalançı üzüklərin arxasında gizlənən dəhşətlərdən, keçmişdən və gələcəkdən xeyli vaxt sakitcə söhbət eləyirdi. Nə köhnə dərsi soruşurdu, nə təzə dərs tapşırırdı. Beləliklə də, bizim həm bugünkü dərsdən canımız qurtarırdı, həm də təzə dərsi öyrənməyə sərf edəcəyimiz vaxt özümüzə qalırdı. Və nəhayət, bir vaxt Buzbulaq məktəbində sözlərin ən məşhuru olan “məşşan” sözü də şübhəsiz ki, Qəmər arvadın Bakıya tez-tez getməyinin sayəsində meydana çıxmışdı. İlk dəfə, Zinyət Şəkərək qızının bizim məktəbin həyətində, həmin o yalançı üzüklərə həsr olunmuş böyük iclasda dediyi o söz bir müddət bütün müəllimlərin dilinin əzbəri olmuşdu. Və bəzi qadın müəllimlər o sözü təkcə dərs vaxtı deyil, hətta çeşmədə qab yuyanda və təndirdə çörək bişirəndə də deyirdilər, çünki insanın savadlılığına dəlalət eləyən bu cür sözlərin sayı Buzbulaqda o qədər də çox deyildi və üstəlik, insanın savadlılığına dəlalət eləyən hər təzə söz də bu qədər asanlıqla dilə yatmırdı.

Amma söhbət bunda deyil. Söhbət burasındadır ki, Qəmər arvadın Rəfi adlı oğlunun Bakıdan heç vaxt gəlməyəcəyi xəbərini də bir gün Buzbulağa həmin o iynə, üskük, nəlbəki, dəm çaydanı, arvad trusiki və yalançı üzük satan Qəmər gətirdi və bu gözlənilməz xəbəri kənddə uzun müddət hərə öz bildiyi sayaq yozdu. Kimi dedi, bizim yer sərhəd yeridir, Rəfi də hökumətə etibarsızlıq eləyib, buna görə onun Buzbulağa gəlməyinə icazə vermirlər; icazə versəydilər, gələrdi. Kimi dedi, sərhəd-zad bəhanədir, istəsə gələr, yəqin ona görə gəlmir ki, yenə böyük iddiası var: indi də Bakıda bir ayrı professornan kəllə-kəlləyə gəlməyə hazırlaşır. Dedilər: Rəfinin anası da kitabdır, arvadı da. Və bunu, o biri Qəmər az sonra, Bakıdan gətirdiyi təzə xəbərlə təsdiqlədi: guya Rəfi öz dili ilə ona deyib ki, mənimki Buzbulaqnan çoxdan qurtarıb. Deyib ki, anama deyin, elə bilsin mən adda oğlu-zadı yoxdur, elə hesab eləsin ki, mən o davadan da heç gəlməmişəm, ölüb qalmışam oralarda. Amma belə şey hec mümkün idimi ki, əynində təptəzə şivyot kostyumu olan sağ-salamat bir adamı göz görə ölmüş hesab eləyəsən. Və günlərin bir günü Qəmər arvad o biri Qəmərə qoşulub Bakıya getdi. Hamı belə hesab eləyirdi ki, oradan Qəmər arvad ya Rəfi ile bir yerdə gələcək, ya da əgər Rəfisiz gəlsə, çox pis gələcək – gərək bundan sonra bir müddət Qəmər arvadın gözünə görünməyəsən. Qəmər arvad Bakıdan Rəfisiz gəldi, amma qətiyyən pis gəlmədi. Əksinə, mən deyərdim ki, hələ getdiyindən də qat-qat yaxşı gəldi: qıvraq, sevincək, həmişəki kimi zarafatcıl; üstəlik, əynində də (çadrasının altında) bir təzə şivyot pencək – kişi pencəyi. Və Bakıdan gələn kimi Qəmər arvad kənddə birinci bunu elan elədi ki, bəs bütün Yer üzündə Sovet hökumətinə bərabər qeyri bir hökumət-zad yoxdur, əgər əvvəllər o, buna bir inanırdısa, indi, gedib Bakını və Rəfini görəndən sonra, hesab eləyin ki, min inanır. Dedi ki, dünyada o cür yerlər ola-ola ağıllı adam bu Buzbulaqda gəlib heç yaşamaz da; nə var burda dərədən-təpədən savayı. Bura, dedi, yaşamalı yer olsaydı, yüz iyirmi dörd min peyğəmbərin heç olmasa tək birinin qəbri burda olardı. Və Rəfi də lap yaxşı eləyir ki, gəlmir bura. Gəlib burda neyniyəcək? Bir para görməmişlər kimi bu kolxozu çalıb-çapmayacaq ki? Qəmər arvad dedi ki: bu kəndi ac qurd kimi söküb dağıdanlar var. Amma mən, dedi, oğul böyütmüşəm, qurd böyütməmişəm. Və heç istəmirəm də ki, mənim oğlum gəlib burda bu cür qurdların üzünü görsün...

Bəli, Qəmər arvad o vaxt Bakıdan belə gəldi. Amma o vaxt Qəmər arvad Bakıya gedəndə, sən demə, Rəfi Bakıda heç yerli-dibli yoxmuş. Hardaymış, Allah bilir, amma Bakıda yoxmuş. Və Qəmər arvadın əynindəki o şivyot kişi pencəyi kiminmiş – bunu da bircə Allah bilir. Sonra, gah dedilər ki, Rəfi Moskvadadır, gah dedilər, onu Yerevanda görən olub. Və Buzbulaq yekdilliklə bu qərara gəldi ki, yenə Rəfi Bakının professorları ilə yola getməyib. Və Buzbulaq Rəfinin barəsində uzun müddət elə bu fikirdə də qaldı, çünki Buzbulaq üçün belə sərfəli idi. Çünki Buzbulağın uca dağları da vardı, alçaq təpələri də vardı və madam ki, bunlar vardı, deməli, Buzbulağın, Bakının professorları ilə kəllə-kəlləyə gələsi bir adamı da mütləq olmalıydı. Bu mənada, Rəfinin şübhəsiz ki, baxtı yaxşı gətirmişdi... Lap elə Qəmər arvadın öz baxtı da... Çünki Rəfinin böyük-böyük professorlarla kəllə-kəlləyə gəldiyini görməzə-bilməzə qəbul eləyən buzbulaqlılar Qəmər arvadın Buzbulaqda məhz belə bir oğul anası kimi gəzib dolanmağına niyə də mane olmalı idilər?

Və uca dağları da, alçaq təpələri də olan Buzbulaqda, qocalıb əldən-ayaqdan düşənəcən, Qəmər arvad məhz beləcə də yaşadı: ayağına yamaqlı qaloş geymədi, çadrasına ütü çəkməmiş toya-yasa getmədi. Taxılı biçilib daşınmamış kolxoz zəmilərindən arvadlar torba-torba sünbül gətirəndə Qəmər arvad onların arasında heç vaxt görünmədi və dükanın qabağında çit üstündə, manpası üstündə çığırtıdan qulaq batanda, orada Qəmər arvadın səsini heç kəs eşitmədi. Kim bilir, ölüm vaxtında gəlsəydi və o Rəfi neçə-neçə illərdən sonra Bakıda təzədən peyda olmasaydı, bəlkə Qəmər arvad bu dünyadan beləcə də köçüb gedəcəkdi. Amma ölüm vaxtında gəlmədi. Üstəlik, qocalıb əldən-ayaqdan düşmüş Qəmər arvad yorğan-döşəyin içində zarıya-zarıya, evinə gedib-gələnlərə Rəfidən təzə-təzə gileylənməyə başlayanda, Bakıdan belə bir xəbər gəldi ki: bəs Qəmər xalanın Rəfi adlı oğlu orada heç bir böyük iş-zad da görüb-eləmir, adicə kitabxanaçı işləyir. Bu xəbər Qəmər xalanın öz qulağına da çatdı, ya çatmadı – bilmirəm. Ancaq o vaxt Bakıya gedəndə Rəfinin Bakıda olmadığını Qəmər xala məhz bu xəbər çıxandan sonra boynuna aldı.

Günlərin bir günü Qəmər arvadı aparıb basdırdılar. Qəmər xalanın sandığından xeyli pul tapıldı və o pulu dönə-dönə sayıb, ağsaqqalların, ağbirçəklərin uzun-uzadı məşvərətindən sonra, aparıb Bakıda Rəfiyə çatdırmağı qərara aldılar. Bundan ötrü həmin o, iynə-üskük satan Qəmərdən əlavə kəndin cavanlarından da iki nəfərini seçdilər. Qəmər xalanın pulunu, onların iştirakı ilə, bir də saydılar. O puldan qəbirqazanın, mürdəşirin və Bakıya yollanası o üç nəfərin o baş-bu başa yol xərcini hesablayıb götürdülər – qalanını Rəfiyə göndərdilər.

Qəmər xalanın pulu olmalı idi, çünki Buzbulağın ərlik qızlarına nişan aparan da o idi və sonra, bir gün o qızların doğmaq sancısı tutanda qollarını dirsəyəcən çırmalayıb (çayından, kefindən də qalmadan) uşağı dünyaya gətirməyə hazır dayanan da Qəmər xalaydı. Həm də Qəmər xala təndirdə çörək yapmağın da yaxşı ustası idi və üstəlik, deyilənə görə, haçansa, “dünyanın düz vaxtları” Qəmər xalanın hələ bundan da savayı sənəti varmış: bir vaxt o, evlərdə uşaqlara nağıl deyib, vaxt hesabı, zəhmət haqqı alırmış. Əlbəttə, hər evdə yox, çünki allahın nağıl deyəninə də zəhmət haqqı vermək hər adamın işi deyildi və lap zəhmət haqqı bir yana dursun, bol odunu, isti sobası olmayanın və o sobanın üstündə xörək qazanı qaynatmayanın nağıl nəyinə gərək idi. Və heç “dünyanın o düz “vaxtlarında” da yəqin ki, Buzbulaqda hər adamın isti sobasının üstündə xörək qazanı qaynamamışdı. Amma bütün bunlar öz yerində, əgər nağıl danışmaq Qəmər xalanın peşəsi idisə, deməli, Qəmər xala ya gərək təzə nağıllar öyrənəydi, ya bildiyi köhnə nağılları dəyişib-təzələyəydi, ya da gərək özündən təzə nağıllar quraşdıraydı. Və Qəmər xala özündən saysız-hesabsız şerli-şersiz təzə nağıllar quraşdırmışdı. O nağılların çoxusu namusdan, etibardan, ər yolunda, namus yolunda boynunun vurulmağına razı olan gözəl qızlardan, gəlinlərdən, qoca ata-ananın hörmətini dünyada hər şeydən üstün tutan ağıllı, qeyrətli övladlardan idi, çünki isti sobalarının üstündə həmişə xörək qazanı qaynayan o evlərdə Qəmər xala öz nağıllarını, əsasən, hələ ərlik vaxtı çatmamış qızlara danışırdı və o qızların ata-anaları Qəmər xalaya əbəs yerə əmək haqqı vermirdilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов