Bir misranın yuxusu
Страница 4 из 10 · 30%
Sənin, yenə o gilasın budaqları altında, o damda o divarın dibində xəlvətə çəkildiyin başqa bir axşam da yadıma gəlir. O gün sizə elçi gələnlər Bakıdan idilər. Və o axşam, o gilasın budaqları altında sən xəlvət-xəlvət, için-için ağlamırdın. Gizlənmişdin, çünki gizlənməli idin. Çünki qayda beləydi: madam ki, o elçilər sizin qapıya sənə görə düşmüşdülər, sen gərək bir yer tapıb gizlənəydin. Amma o elçilərin gəlməyi xeyli sonranın əhvalatı idi. Bundan qabaq hələ aylar vardı, illər vardı. Hələ rayon mərkəzindəki pedaqoji texnikum vardı. Buzbulaqdan rayon mərkəzinə gedən dağlı-düzənli yolların yazı vardı, qışı vardı. Buzbulaq məktəbinin həyətində, bir yaz fəsli, budaqları salxım-salxım saralan pişpişə ağacı vardı. Və dünyada bir qəribə şeir də vardı ki, Səfurə müəllimə Buzbulaq məktəbində, bir yaz, o şeri sətir-sətir bizə öyrədərdi.
Və günlərin bir günü Səfurə bacı Bakıdan o şerin bircə misrası ilə qayıtdı:
“QÖVSİ-QÜZEH YERDƏ DƏ VAR, GÖYDƏ DƏ...”
Bizim həyətdən keçən arx onların da həyətindən keçirdi. Yaz idi. Buzbulaq arxlarının coşub-daşan vaxtı idi. Buzbulaq günəşinin başgicəldən vaxtı idi. Və elə bil Səfurə bacı Bakıdan – o bircə misra şeri o arxın suyuna deməyə gəlmişdi: gün çıxandan gün batanacan arxın başına dolanırdı və yalnız o, bircə misra şeri deyirdi.
O bircə misra şeir ilə Səfurə bacı bəlkə itmiş yaddaşını axtarırdı, bəlkə Bakıdakı körpəsini çağırırdı. Amma o arx əgər qapının yanından keçməsəydi və o qapı hər dəfə açılanda Gülgəz xala səsi gəldikcə qışqırmasaydı, Səfurə bacının yaddaşının itməyi də, onun Bakıda körpə qoyub gəlməyi də bəlkə Buzbulaqda o qədər tez bilinməzdi.
O qapı hər dəfə açılanda Səfurə bacının anası Gülgəz xala (qapı açanın kimliyindən asılı olmayaraq) ucadan, yanıqlı-yanıqlı qışqırırdı:
– O qapını bərk çək, ay evi yıxılmış. O qapını bərk bağla, ay qapısı bağlanmış. Qaçar, vallah, qaçar. Qaçıb dağda-dərədə qurda-quşa yem olar. Bakıda balası qalıb...
Amma Səfurə bacı qaçana oxşamırdı, heç oxşamırdı. O sözləri də Gülgəz xala, mən bilən, yandığından deyirdi. Gülgəz xala qışqırıb, yanğısını söndürüb susurdu: eyvanın bir küncündə, həmişə oturduğu yerdəcə oturub, ya corab toxuyurdu, ya düyü arıdırdı, ya da yun çırpırdı, yaxud yun əyirirdi. Hər halda Gülgəz xala heç vaxt bekar durmurdu. Bir də Gülgəz xala heç vaxt ağlamırdı, sızlamırdı (qoy kim nə deyir desin: Buzbulaqda dərdə dözmək asan olur!) Gülgəz xala hərdən Səfurə bacıya acıqlanırdı, onu yamsılayırdı, söyürdü, danlayırdı:
– “Qövsi-qüzeh”, “qövsi-qüzeh” – deyirdi. – Görüm yox olaydı o qövsi-qüzeyi. Bir kəlmə sözü ağzına salıb, səhərdən-axşamacan saqqız kimi çeynəyirsən. O arxın başma dolanıb, arsız-arsız mırıldanırsan. Kəs, bəsdi. Dəlisən e, kül başına? Bakıda balan qalıb e, balan qalıb!..
“Bala” sözünü bərk-bərk qışqıra-qışqıra elə bil Gülgəz xala Səfurə bacını hansı yuxudansa oyatmaq istəyirdi. Səfurə bacı isə, elə bil, doğrudan da yuxuda idi ve yuxuda Səfurə bacı Gülgəz xalanın sözlərini heç vaxt eşitmirdi.
Bir misra şerin yuxusu! – Qəribə deyilmi?.. Və o bircə misra şerin yuxusunda, arxın suyuna baxa-baxa, bəlkə Səfurə bacı Buzbulağın məktəbini görürdü: o məktəbdə ki, Səfurə bacı vur-tut bircə ay dərs demişdi...
Onlar beş nəfər idilər. Rayondakı pedaqoji texnikumun axırıncı kursunda oxuyurdular. Bizim məktəbdə bir aylıq təcrübə dərsi keçməyə gəlmişdilər. Və onlar gələndə yaz idi. Buzbulaq günəşinin başgicəldən vaxtı idi. Və Buzbulaq günəşinin o cür başgicəldən vaxtı, bəlkə də, heç vaxt olmamışdı, çünki o yaz Buzbulaq məktəbində eşqə düşməyən yox idi. Çünki əllərinə jurnal götürüb, siniflərə girməyincə onlar bizim üçün nə müəllim idilər, nə müəllimə idilər. Onlar da bizim kimi dərs oxuyurdular (hər səhər xoruz banında rayona gedəndə nə olar ki?..) Və Buzbulaq məktəbində oxuyan oğlanların evi onda yıxıldı ki, hər səhər xoruz banında rayona gedən o beş nəfərin ikisi birdən-birə müəllimə oldu; Buzbulaq məktəbində oxuyan qızların evi onda yıxıldı ki, hər səhər xoruz banında, bir-birlərini qapı-qapı səsləyə-səsləyə rayona gedən o beş nəfərin üçü birdən-birə müəllim oldu. Qızlarımız oğlanlarına vuruldu, oğlanlarımız qızlarına vuruldu. Və vallah-billah, o bir ay dərs olmadı, bir qəribə sevmək xəstəliyi oldu. Nə bilim, bəlkə ən yaxşı dərs də elə o idi...
O yaz Səfürə bacı ilə Buzbulaq məktəbində dərs deməyə gələn üç oğlanın biri Natiq idi, biri Həsən idi, biri Sabir idi. Və bəlkə bu dünyada o üç nəfərdən savayı başqa bir Əlinin oğlu Vəli də vardı və kim bilir, o bircə misra şerin yuxusunda bəlkə Səfurə bacı həmin o Əlinin oğlu Vəlini də görürdü... Bəlkə Səfurə bacı Buzbulağın günəşindən məst olmuşdu? Bəlkə Buzbulağın çiçəklərinin ətrindən məst olmuşdu? Bəlkə Səfurə bacı, Bakıda o arxın həsrətini o qədər çəkmişdi ki, indi heç körpə balası da gözünə görsənmirdi?..
O – azar idimi, yuxuydumu, ya nəydi – bilmirəm. Hər nəydisə, bir gün Səfurə bacı ondan ayrıldı. Özü də, bir gecə hönkür-hönkür ağlayandan sonra ayıldı. Sən demə, o dərdin dərmanı da elə bu imiş. Sən demə, bu dərmanı Gülgəz xala çoxdan bilirmiş. Və o danlaq da, o söyüş də, sən demə, elə Səfurə bacını ağlatmaqdan ötrü imiş.
– “...Elə o gecə bildim ki, sağalacaq. Gözləri yaşaranda bildim. Uzatdım yorğan-döşəyə, gördüm ağlayır. Dedim: ağla, bala, ağla. Evin yıxılıb, dedim, dəli olmusan. Bakıda südəmər balan qalıb, ağlamalı günündü, doyunca ağla... Birdən hönkürdü, nə hönkürdü. Gecəni yatdı, səhər duran kimi uşağı xəbər aldı. İşə bax, bunacan yazıq balamın heç doğmağından xəbəri yox idi...”
Bir zaman Gülgəz xala Səfurə bacının sağalmağını Buzbulağın arvadlarına belə nəql eləyirdi. Amma onda Səfurə bacı Buzbulaqda deyildi. Bakıda, körpəsinin yanında idi və o körpənin xatirinə bəlkə Səfurə bacı haçansa bir yaz günü Buzbulaq kəndində bizə əzbərlətdiyi, sevgi və işıq qarışıq, bütöv bir şeirdən qalan o bir misranı da unutmaqda idi...
Səfurə bacı sonralar da bir neçə uşaq doğmuşdu. Deməli, bir dəfə hönkürməklə Səfurə bacı o yuxudan həmişəlik oyanmışdı. Görən, o necə hönkürmək idi? Və görən, Səfurə bacının indi, həmişəlik yatdığı o yerdə sevgi vardımı, işıq vardımı, şeir vardımı? Şeir...
Və birdən-birə o vaxtların tamam başqa bir şeri yadıma düşdü:
Kömürlə yazılan şeir
Özü də Fizzə müəllimənin barəsində. O Fizzə ki, bir zaman bizim küçədən, səhərlər xoruz banında, Səfurə bacını ucadan səsləyirdi. O Fizzə ki, bir yaz bizim məktəbə Səfurə bacı ilə birgə dərs deməyə gəlmişdi. Fizzə müəllimənin sarı jaketi vardı, sarışın saçları vardı və Buzbulaq məktəbinin həyətindəki pişpişə ağacı da o yaz sapsarı pişpişələr açmışdı. Və o ağac Fizzə müəlliməyə yaman oxşayırdı...
Sonralar Fizzə müəlliməni böyütdülər, onu irəli çəkdilər. Məktəbin eyvanına, ibarənin qabağına, qapılara, divarlara, hər yerə Fizzə müəllimənin şəkli vuruldu. Və Fizzə müəllimənin barəsindəki o şeir də elə o vaxt peyda oldu. O şeri gecələrin birində kimsə, qara kömürlə, məscidin ağappaq taxçasına yazmışdı:
Aşura gecəsində,
Misirxan küçəsində,
Fizzə Mehdiyevanın
Əl gəzib məməsində.
Buzbulaq oldu rüsvay,
Əliəsgər ağam vay!
Guya aşura gecəsi, camaat Molla Teyyubun evinə yığışıb, xəlvəti imamların təziyəsini saxlayanda, kimsə Fizzə müəllimənin evindən qara kostyumlu bir kişi çıxdığını görmüşdü. Guya o adam Buzbulaq adamı deyilmiş, rayondan gəlmə imiş. Özü də elə bir adammış ki, onun kim olmağı – bu dünya durduqca sirr olub qalmalı imiş.
Məscidin ağappaq taxçasında qara kömürlə yazılan o şeir Buzbulaqda aşuradan da betər bir vaveyla qopardı. O şeirdən, əvvəl uşaqlar xəbər tutdular. Səhər tezdən məscidin qabağında uşaqlar qışqırışmağa, atılıb-düşməyə başladılar. Sonra, yoldan keçən qızlar, arvadlar (oxuya biləni də, oxuya bilməyəni də) dayanıb taxçaya boylandı; o şeri yaşlı kişilər də gördülər, amma nə qədər qəribə olsa da, onu o taxçadan pozmaq heç kimin ağlına gəlmədi. Sonra kənd sovetinin sədri Talıb dayı gəldi, kənd sovetinin katibi Ceyran bacı gəldi və o qara, kömür yazısını da məscidin taxçasından elə onlar pozdurdular. Amma, sən demə, o yazı məscidin taxçasında hələ bir müddət də qalmalı imiş; o yazının guya şəkli çəkilməli imiş, çünki bunsuz, o şeri yazan adamı tapıb ortaya çıxarmaq mümkün deyildi. Və işin bu tərəfi rayondan üç nəfər adam gələndə məlum oldu. Talıb dayı, Ceyran bacı, Zinyət Şəkərək qızı, bir də rayondan gələn həmin o üç nəfər o gün bizim direktorun kabinetində bu işin üstünü açmaq üçün çox əlləşdilər: soruşmadıqları uşaq qalmadı, baxmadıqları dəftər qalmadı; o yazının kimin xəttinə oxşadığını o gün məscidin qabağında görsənən uşaqların hamısından birbəbir xəbər aldılar, amma o şeri yazan, sən demə, rayondan gələn o üç nəfərdən də bic adammış, çünki şeir çap hərfləri ilə yazılmışdı – belə yerdə xətti necə ayırd eləmək olardı? Ve o xətti ayırd eləmək heç cür mümkün olmadı. O xətt də sirr olub qaldı. Aşura gecəsi guya Fizzə müəllimənin qapısından çıxanı o qara kostyumlu adam da sirr olaraq qaldı. Bir də, məscidin ağappaq taxçasındakı kömür qarası... O şeir pozulandan sonra da o kömürün qarası məscidin taxçasından uzun müddət pozulub getmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-bir-misranin-yuxusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Dəyirman əhvalatıI**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Стихи других поэтов
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıМой бог, как было б хорошо не знать, какой нам жребий дан.Когда бы не было меня, познавшей горе и обман.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,