Bir misranın yuxusu
Страница 3 из 10 · 20%
Buzbulaqlılar bir vaxt üç adamlıq nümayəndə heyəti ilə Bakıya göndərdiyi pulun içində Qəmər xalanın nağıl haqqından bəlkə vardı, bəlkə yoxdu. Amma, deyilənə görə, o pul xeyli pul idi. Və Rəfi o xeyli pulun bir qəpiyini də götürməmişdi. Və nə yaxşı ki, götürməmişdi, yoxsa uca dağları və alçaq təpələri olan Buzbulaq Rəfinin adını insanlıq cərgəsindən birdəfəlik silərdi. Və indi, o vaxtdan iyirmi, iyirmi beş il keçsə də, burada bu yas yerində, bu qədər buzbulaqlının içində Rəfi heç bir vəchlə gəlib otura bilməzdi.
3
Yas yerinin bir küncündə Rəfi yazıq-yazıq qısılıb oturmuşdu. Nə çay içirdi, nə papiros çəkirdi, nə də bir kəsin üzünə baxırdı. Rəfinin sir-sifəti elə bil əprimişdi, bürüşmüşdü, bozumtul şlyapasının altında alnı görsənmirdi, təkcə gözləri görsənirdi; gözləri hərəkətsizcə, dümdüz qabağa zillənmişdi və əgər o gözlərdə zərrəcən işıq vardısa, deməli, o işığın yönü geriyə olmalı idi, Rəfinin öz içinə sarı tuşlanmalı idi, çünki onun qabağa zillənən gözlərində işıqdan-işartıdan əsər-əlamət də yox idi.
Rəfinin bir tərəfində rəhmətlik Sadıq kişinin oğlu Nəriman əyləşmişdi. Nə Nəriman bu yas yerinə yaraşırdı, nə bu yas yeri Nərimana yaraşırdı: o, ömründə Buzbulaq üzü görməyən ortayaşlı bir adam idi və (burası nə qədər qəribə olsa da) onun ömründə Buzbulaq üzü görməməyi elə bil baxışındaca açıq-aşkar bilinirdi. Burada oturanların bir qismini Nəriman, deyəsən, birinci dəfə görürdü, bir qismini isə, güman ki, ilk dəfə atasının yas məclislərində görmüşdü. Və gözlərini dolandırıb, o başdan bu başacan yasda oturanların hamısını baxışından diqqətlə keçirə-keçirə elə bil, buradakı adamlardan hansının o yasda da olduğunu və hansının olmadığını özü üçün dəqiq müəyyin eləmək istəyirdi. Burasını dəqiq məlum eləmək o qədər də asan deyildi. Amma yasda oturanların böyük əksəriyyətinin buzbulaqlı olmağına heç bir şəkk-şübhə yox idi. Və sən demə, bu Bakı kimi yerdə, bir brezent çadırın altına yığışanda, buzbulaqlılar elə sir-sirfetdən də bir-birlərinə yaman oxşayırmışlar. Savadlı-savadsız – bəlkə əllidən də çox adam olardı: bildir, inişil institut qurtarıb, Bakıda hələ təzə-təzə özlərinə yer eləyənlər, Sumqayıtda fəhlə işləyənlər, Bakının bazarlarında il uzunu meyvə qurusu satanlar... Yasda oturanların üç nəfəri isə Buzbulaqdan yəqin ki, elə bu gün gəlmişdi. Və sanki buranın yas yeri olduğunu vaxtaşırı yada salmaqdan ötrü, onlar öz aralarında qabaqcadan şərtləşmiş kimi, növbə ilə, fasilə ilə orda-burda ağlayıb, əllərinin dalı ilə gözlərinin yaşını silirdilər. Onların yuxusuz olmaqları gözlərindən bilinirdi; oturmaqlarından, baxmaqlarından bilinirdi ki, Buzbulaq elə həmişəki Buzbulaqdır və üzlərinin qızartısı ilə əllərinin çatından fərz eləmək olardı ki, Buzbulağa qar yağıb, şaxta düşüb...
Sənin anan Qəmər xala da qışda öldü, Rəfi. Gecə qar yağmışdı – qəribə yumşaq qar idi, qışın, gərək ki, birinci qarı idi. Əksinə, o qar yeri bir az da yumşaltmışdı və qəbirqazanlar da, deməli, qəbir yiyəsini söyməmişdilər... O qar isti idi, pambıq kimi yüngül idi; Buzbulaq məscidinin taxçasında həmişə ağzıaşağı dayanan tabutun üstündə də qar vardı, Rəfi! Və o gün, əvvəl Qəmər xalanın ölməyindən xəbər tutub, sonra məscidin taxçasında o tabutun yerini boş görənlər yəqin ki, səni də xatırlamışdılar.
Sənin götürmədiyin o pulun min beş yüz manatına Qəmər xala üçün bir yaxşı başdaşı yazdırdılar. Sonra bir yaxşı mal alıb kəsdilər; təndirdə təzə çörək yapdılar, çayxananın böyük samovarlarını gətirib, sizin evin eyvanında qaynatdılar – Qəmər xalaya ehsan verildi və o ehsanda səni də xatırladılar, Rəfi. Dedilər ki, o Rəfiyə də Allah səbir versin, mərhəmət versin. Dedilər ki, Allah onun çətin işini asan eləsin. Dedilər ki, Allahın dərgahına üz tutun, ey camaat, Allah alidir, rəhmdildir, keçər Rəfinin günahından! Sən bizim o bədbəxt Rəfini cəhənnəm əzabından hifz elə, ya pərvərdigar! – dedilər. – Barı o dünyada, qoy ana övladdan, övlad anadan ayrı düşməsin. Qoy, qadir Allah ana ürəyinin mərhəmətini heç nankor övladlara da əsirgəməsin, – dedilər. Və hamı bir ağızdan “amin, ilahi!” – dedi.
Qəmər xalanın ehsanında buzbulaqlılar Rəfini Allaha tapşırdılar, amma Allaha tapşırılmaq hələ bağışlanmaq demək deyildi: yəni, bu qəliz əhvalatı Allah öz bildiyi kimi həll eləsə yaxşı idi, təki bir vaxt yerdən göyə qalxan o ana fəryadının qəzavü-qədəri Buzbulağın başından uzaq olaydı. Amma burası da var ki, ağlı-başı yerində olan sağsalamat bir adamı Allaha tapşırmaq, o adama təkcə rəhm eləmək deyildi, həm də onu dolayısı ilə, bəlkə qarğımaq deməkdi, çünki Allahın mərhəməti şikəstlərin, bir də pis gündə, dar ayaqda çarəsiz, günahsız əzab çəkənlərin payına düşürdü. Rəfi isə Bakıda sağ-salamat idi və üstəlik, kefi istəyəndə hələ Bakının professorları ilə kəllə-kəlləyə də gələ bilirdi.
Və kim bilir, bəlkə Rəfi Bakının professorları ilə bir vaxt doğrudan da kəllə-kəlləyə gəlmişdi və o gün Rəfini Allaha tapşıranda, bəlkə buzbulaqlılar işin bu tərəfini də nəzərə almışdılar... O vaxt Rəfi xəstə olmasa da, bəlkə, pis gündəydi, dar ayaqdaylı? Bəlkə Rəfinin heç bir günahı yox idi, günah faşistlərdə idi – o faşistlər ki, onun Buzbulağa gəlmək kimi olduqca sadə bir işini bu cür dolaşığa, çətinə salmışdılar. (Və belə şeyi açıb-ağartmağa bəlkə Rəfi utanmışdı, yaxud bunu kiməsə söyləməkdən, bəlkə, sadəcə ehtiyat eləmişdi).
Bəlkə günah heç o faşistlərdə də deyildi. Rəfinin Buzbulağa gəlməməyinin baiskarı, bəlkə elə doğrudan da Bakının professorları idi. Yaxud, Rəfini həmin professorlarla kəllə-kəlləyə gətirən, bəlkə, o Buzbulağın özününcə elə böyük bir dərdi idi ki, lap doğma ananın ölümü də o dərdin qabağında adi bir şey idi?.. Hər halda, bu işin bir ciddi səbəbi olmalı idi. Axı, Rəfinin Qəmər arvadla incikliyi olmamışdı, Buzbulaqla küsülülüyü olmamışdı (əgər belə şey olmuş olsaydı, bunu Buzbulaqda mütləq bilərdilər).
Bir sözlə, bu əhvalat qəliz əhvalat idi, insan ağlına o qədər də sığan şey deyildi və insan ağlına o qədər də sığmayan belə qəliz bir əhvalatı, içi Rəfi qarışıq, Allahın ixtiyarına verməkdə buzbulaqlılar, heç şübhəsiz, ən ədalətli yol seçmişdilər... Qəmər xalanın ehsanında hamı doyunca yeyib-içdi, hələ yemək artıq da qaldı. Üstəlik, o ehsandan min manata yaxın pul da qaldı və o pulun hamısını kor Cəfərə verdilər. Kor Cəfərin o çağacan patefonu vardı. İndi kor Cəfər “priyomnik” almaq fikrinə düşdü. Əsgərlikdən təzə qayıtmış bir bığıburma buzbulaqlı balası o pulu götürüb, kor Cəfərə “priyomnik” almaq üçün, bir payız, Bakıya yola düşdü. Getdi və heç vaxt qayıtmadı.
4
Onda əllinci illərin təxminən əvvəlləri idi, indi – yetmişinci illərin axırları. Qəmər xalanın dediyinə görə, Rəfi düz otuz beşinci ildə və düz on yeddi yaşda Buzbulaqdan Bakıya oxumağa getmişdi. Deməli, bu hesabla Rəfinin indi altmışa yaxın yaşı olmalı idi. İndi Rəfi tarix elmləri namizədi idi. Haradasa arxivdə işləyirdi, haradasa mikrorayonda yaşayırdı. Bura isə şəhərin nisbətən mərkəz yeri idi. Ölənin qırxı idi. Və görünür, bugünkü ehsana Bakıda yaşayan buzbulaqlıların hamısını çağırmışdılar.
Bayırdakı böyük binanın hansı mənzilindənsə hərdən arvadların ağlaşma səsi gəlirdi. Mən bir vaxt o mənzildə olmuşdum. Tələbə vaxtlarımda mən ora Buzbulaqdan bir zənbil meyvə gətirmişdim. Qabaqca telefonla zəng elədim. Telefonda danışan rəhmətliyin özü idi. Mən o zənbili gətirəndə qapını açan da o idi. Bəs indi mən onun sifətini niyə yadıma sala bilmirdim? Zənbili içəriyə qoydum. Qayıdıb getmək istəyirdim – qoymadı. Xörək gətirdi, qarpız kəsdi. Kəndi ev-ev məndən xəbər aldı. Filankəs necədir? Filankəs necədir? Filan çeşmənin suyu gəlirmi hələ? Filan ağac filan yerdə dururmu hələ?..
Durur, qonşu, durur, müəllimə. Çeşmələrin çoxunun suyu gəlir. Üstəlik, ağaclar yazdan-yaza hələ çiçək də açır. O çeşmələrin suyu hələ bundan sonra da min il gələcək. Ağaclar hələ bundan sonra da min il çiçək açacaq. O ağaclar olmasın, ayrıları olsun, fərqi nədir ki?.. Amma, yox, fərqi var deyəsən. Fərqi odur ki, o ağaclar bizim barəmizdə heç nə bilməyəcəklər. O ağaclarda ayrı quşlar yuva salacaq, ayrı cırcıramalar cırıldayacaq. Və o ağacların kölgəsi bizim həsrətimizin barı qəbiristanlığı da olmayacaq ki, bu həsrətin, bu nisgilin bəlkə son mənzili görünəydi...
Sən məndən – bizim həyətdən dama əyilən gilası soruşurdun. Bəlkə, o gilasın dadı yadında idi. Bəlkə, çiçəyi yadında idi. Və bəlkə də, gilası soruşmaqda tamam başqa bir məqsədin vardı. Demək istəyirdin ki, biz qonşuyuq, yaxın qonşuyuq, o qədar yaxınıq ki, birimizi gilas ağacı o birimizin damına əyilir. Ancaq sən bir şeyi bilmirdin. Bir əsas şeyi bilmirdin. Bilmirdin ki, o damda, həmin o gilas ağacının budaqları altında, sən bir axşam divarın dibinə qısılıb, xəlvət-xəlvət, için-için ağlayanda mən sənin səsini eşitmişdim... Sonra nə oldu, qonşu? Sonra o oldu ki, sən ağlayıb, inadını yeritdin: səni Əlinin oğlu Vəliyə ərə vermədilər. Və sənin yaşamaq ixtiyarın yenə özündə qaldı. Bərkdən danışmaq ixtiyarın, ucadan gülmək ixtiyarın. Könlünə tut düşəndə tut ağacının başına dırmaşmaq, könlünə nəğmə düşəndə o ağacın başında nəğmə oxumaq ixtiyarın...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-bir-misranin-yuxusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Dəyirman əhvalatıI**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Стихи других поэтов
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıМой бог, как было б хорошо не знать, какой нам жребий дан.Когда бы не было меня, познавшей горе и обман.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,