Dəyirman əhvalatı
Страница 2 из 3 · 33%
Qərib:
– Yumurtaların hamısın bişir, – dedi. – Pendirdən, şorabadan-zaddan nəyin var qoy yanına... Lazımdı... İş var. Sabah məni tezdən durğuzarsan.
Sabahısı gün Qəribin özü Süsənbərdən də tez durdu. Amma daş dalınca gedənlərin hamısını oyadıb bir yerə yığmaq o qədər də tez başa gəlmədi (çünki, necə olsa, qış vaxtı idi – camaat çox yatmağa öyrəşmişdi). Xüsusən o Möhsünü yerindən qaldırmaq, beş adamı bir yerə yığmaqdan da çətin oldu: Möhsünü yorğan-döşəkdən Qəribin özü min müsibətlə qaldırdı. Üstəlik, zındıq oğlu zındıq hələ yuxudan durmamış başladı ki, o üç manat mənə lazım deyil; geyinib yola çıxanacan donquldandı, Qərib isə qəsdən tərsliyinə saldı. Möhsünə əlavə bir manat da boyun olmadı. Çünki dünən üç manata danışmışdılar. Kişi olan gərək sözünün üstündə duraydı. Nə olsun ki, indi bir saatın yuxusu bu adama üç manatdan əziz olmuşdu...
Dağın dalından günün başı görsənəndə yola düzəldilər. Möhsündən başqa hamı kuzovdaydı. Özlərinin də indi hamısının kefi saz idi, çünki hamının yuxusu dağılmışdı, zehni açılmışdı; oxuyurdular, zarafatlaşırdılar, bir-birlərinin başına qapaz sala-sala gedirdilər... Maşın çuxura düşürdü, hamarlığa çıxırdı; dağın döşünə dırmaşırdı, kolxoz bağlarının arasından keçirdi. Və o bağlara baxa-baxa Qərib (kefindən, qapazından da qalmadan) öz-özünə fikirləşirdi ki, bu il o, Allahın köməkliyi ilə daha ağac dibi güdməyəcək. O ağacların meyvəsini yığıb kolxoza təhvil verənəcən kənddə uşaqlı-böyüklü heç kəs ilə üzgöz olmayacaq. Çünki əsgərliyini çəkib gələndən bəri, beş-altı il idi ki, Qərib Buzbulaqda kolxoz bağına baxan dörd-beş adamın biri idi. Bağa da ki, ya gərək adam kimi baxasan, ya da heç yerli-dibli əl qatmayasan. Qəribin işi isə bağbanlıqdan çox, qaravulçuluq işi idi. Çünki Cümşüd bu işi binasından düz qurmamışdı: bağın otunu birinə tapşırırdı, yoncaya baxmağa başqasını təyin eləyirdi. Qəribinki isə yalnız meyvə ağacları idi. İndi gəl, yoncanın yiyəsinə de ki, sən hələ o yoncanı suvarma – ağacın çiçəyi tökülür. Yaxud o ota baxanı güd ki, payız vaxtı ağaclara at-inək bağlamasın. Hərə öz bildiyini eləyirdi. Ota baxan otunun hayında idi, yoncaya baxan – yoncasının hayında. Çünki sədrin – başda oturanın buyruğu beləydi: plandır – sən bu qədər ot verməlisən, sən də bu qədər meyvə... Bir sözlə, baş da işləyirdi, əl də işləyirdi, ancaq elə müsibət də burasında idi ki, nə başın əldən xəbəri vardı, nə əlin başdan xəbəri vardı... Düzdür, bu bağların meyvəsinin hesabına zirək adam istəsə, çox şey eləyə bilərdi. Maşın da alardı, özü üçün, lap şah imarəti kimi, kefin istəyən dam-daş da saldırardı. Amma belə şey hər adamın işi deyildi. Bunun üçün gərək adamda it xasiyyəti olaydı, insan xasiyyəti olmayaydı. Biçin vaxtı gərək o otu, yoncanı biçən arvad-uşağın başının üstünü gün uzunu kəsdirib duraydın ki, əriyə, şaftalıya dəyməsinlər; meyvəni iş vaxtı özləri yeməsinlər, axşam evə gedəndə dərib evdəki ahıllarına, uşaqlarına aparmasınlar... Bir də meyvədən pul çıxartmaq istəyən gərək bazarın da yolunu yaxşı tanıyaydı. Qərib isə dünya dağıla, gedib bazarda oturan deyildi. Axı nəyinə gərək idi? Ev-eşiyi vardı (hələ əsgər getməmişdən Qərib Süsənbərin dədəsi ilə köməkləşib, özünə təzə ev tikdirmişdi). İnəyi, toyuq-cücəsi. Elə öz həyətinin meyvəsinicə babat qiymətə sata bilsə, ildə nağd üç-dörd yüz manat pul eləyirdi. Bundan əlavə, Süsənbər də barama saxlayırdı, arada fırıldaq olmayanda, o baramadan evə min manatacan pul gəlirdi. Süsənbərin builki barama pulu hələ bu saat da dururdu (əsgərlikdən gəldiyi il kefinin hansı vədəsindəsə Qərib bircə dəfə ağzından qaçırmışdı ki, Süsənbəri Leninqrada aparacaq. O vaxtdan Süsənbər də o pulu hər il Leninqrad üçün saxlayırdı: guya gedib, Qəribin əsgərlik elədiyi yerləri bir yerdə gəzəcəkdilər). Amma arvadı Leninqrada aparacağına yay vaxtları özü də inanan Qərib, nədənsə, qış gələndə tamam həvəsdən düşürdü. O pul da buralarda, dükanda-zadda xərclənib gedirdi... Uşaq da ki – ikicə oğlan uşağı. O uşaqları Süsənbər hələ Qərib əsgər getməmişdən, bir-birinin dalınca doğmuşdu. Allahın “səxavətindən” indi neçə vaxt idi ki, onların uşaqları da olmurdu... Bir sözlə, dəyirman yaxşı idi. Əvvəla, ona görə yaxşı idi ki, heç kəs gəlib başının üstündə dayanıb, sənə buyruq verməyəcəkdi. İkincisi, il boyaboy əlin həmişə işdə olacaqdı – üç ay qışı çayxanaya yol döyməkdən canın qurtaracaqdı. Üçüncüsü də – camaat çörək yeyəndə ağzının dadını biləcəkdi. Qaldı ki, dəyirmanın tozu-filanı, bu da, əlbəttə, boş şey idi. Rəhmətlik Məşdislam kişi qırx il o dəyirmanın tozunu udmuşdu, amma ölənəcən top kimi idi, doxsan yaşda, pürrəngi çayını içib, səhərdən axşamacan qızdan-arvaddan danışırdı (kefikök olmayanın qızınan-arvadınan nə işi qalıb?) Bəli, qoca olanda da o cür qoca olmaq lazımdır. Yoxsa bu Cümşüd ki var, elə o çayxanadaca adamı bekarçılıqdan çərlədib öldürər...
Xülasə, Darıdağa daş dalınca gedəndə bu dünyada Qərib üçün bir layiqli iş vardısa, o da rəhmətlik Məşdislam kişinin dəyirmançılıq peşəsi idi... Ancaq o daş, sən demə, durub orda Qəribin yolunu gözləmirmiş. Dam uçmuşdu, daşı basmarlamışdı, hələ yaxşı ki, dəyirmanın təknəsinin altında daşa xətər toxunmamışdı; bu isə kənddən bel tapıb, qazma tapıb, o xarabanın içində, altı igid, üç-dörd saat əlləşəndən sonra məlum oldu. Çayın qırağında oturub ləzzətlə yeyib-içəndən sonra, bir-iki möhkəm taxtanın üstündə onlar dəyirmanın daşını rahatca qaldırıb maşına qoydular. Və çox keçməmiş Mirəli kişi onu çəliyinin ucu ilə taqqıldadıb, çubuğunu ləzzətlə sümürə-sümürə mərhum erməni ustasının şərəfinə yaxşı-yaxşı sözlər dedi.
III
Yox, balam, bu dəyirmanın üstündə Allahın da nəzəri vardı. Yoxsa Mirəli kişiyə nə düşmüşdü ki, sinninin bu vaxtında buralarda səhərdən axşamacan fırfıra kimi fırlanaydı. Yaxud durub kəndin böyüklərinin ayağına gedəydi ki, nə var, nə var iş “zakonnı” olsun, sabah heç kəs deməsin ki, bu işi Qərib özbaşına eləyib.
Mirəli kişi dəyirmanın hər dərdini, azarını bilirdi. Qərib hələ bir işi görüb qurtarmamış, Mirəli kişinin o biri iş barədə tədbiri hazır olurdu (hətta evi beş addımlıqda ola-ola, qoca çox vaxt çörəyini də gətirib burda yeyirdi). Və təsadüfi deyil ki, dəyirmanın siftə unu da elə o Mirəli kişinin öz toyuqları üçün aldığı bir tay arpanın unu oldu.
O gün Qəribin həyatında bəlkə ən ləzzətli gün idi. Onun divarlarınacan ağardıb, qapı-pəncərəsinəcən rənglədiyi dəyirmanı o səhər Süsənbər tezdən gəlib, silib-süpürüb gəlin kimi bəzəmişdi: kətildən, cecimdən tutmuş, gül dibçəyinəcən. Qərib unluğun qabağına keçə salıb, Məşdislam kişi sayağı əyləşmişdi: bir yanında çay, bir yanında samovar. Hətta dəyirman ovaxtkı dəyirmana oxşasın deyə Qərib bura bilə-bilə, elektrik işığı da çəkməmişdi: bir köhnə neft çırağı tapıb gətirib divardakı dədə-babadan qalma yoğun mıxdan asmışdı... Qərib çay içirdi, Mirəli kişi kətil üstdə oturub çubuq çəkirdi. Dəyirmanın daşı fırlanırdı. Və yerdə, onların hər ikisinin gözü qabağında – samovardan, qənddandan, iki armudu stəkandan savayı bir də bir pəncərə boyunda, kvadratşəkilli gün işığı vardı və o işıq dəyirmanın torpaq döşəməsinin üstündə təptəzə idi, tərtəmiz idi...
Toyuqları üçün aldığı o bir tay arpanın ununu Mirəli kişi o gün axşamçağı kisəyə yığıb, indi ondan umac qayırıb elə o toyuqlaraca verməyə apardı. Ertəsi gün Qərib neçə vaxtdan bəri birinci dəfə kənd içinə çıxdı ki, dəyirmanın işləməyini camaata öz dili ilə xəbər eləsin, yolüstü çayxanaya da girdi.
Çayxanada elə həmişəki adamlar oturmuşdular. Nərd dəstəsi də elə köhnə dəstə idi. Buralara beş-altı gün çıxmadığına görə Qərib çayxanadakı adamların hamısı ilə əl tutub görüşdü. Sonra gedib samovarın qabağında dayanıb, təntənə ilə:
– Dəyirman hazırdı! – dedi. Və ovaxtkından fərqli olaraq, bu dəfə çayxanada oturanlardan bir gülüşmək qopdu ki, Qəribin heyrətdən gözləri kəlləsinə çıxdı. – Niyə gülürsüz?
– Deyirsən dən gətirək? Ə, bu hansı zəmanədə yaşayır?
Qərib naəlac o biri Qəribin üzünə baxdı. Sonra Pesmis Quluya baxdı, istədi bilsin ki, bunlar da gülür, ya yox. O biri Qərib gülmürdü, amma Pesmisin gülməyi Qəribə hər şeydən çox yer elədi.
– Ə, Pesmis, it oğlu it, sən haçandan gülmək öyrəndin?
Pesmis Qulu heç halını da pozmadan:
– Sən dəyirmançı olandan, – dedi. Boğazını qabağa uzadıb hinduşka kimi hökküldədi (zalım oğlu doğrudan da elə bil bu gün Qəribin başında gülmək dərsi keçirdi).
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-deyirman-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Yəqin, Samurun bəxti orda gətirməmişdi ki, qardaşı Haşım ondan böyük idi, çox böyük idi. Samur məktəbə gedəndə Haşım o məktəbin direktoru idi. Haşım o məktəbdə Samura beş-altı il dərs demişdi: evdə dərs, çöldə dərs... Üstəlik, Haşımın beyninə möhkəm yerləşmişdi ki, Samur oxuyan deyil. Haşım qət eləmişdi ki, məhz onun direktor olmağının sayəsində o məktəbdə müəllimlər Samura yaxşı qiymətlər yazırlar, amma, əslində, belə deyildi. Bunu onların anası Şövkət arvad hamıdan yaxşı bilirdi. Şövkət arvadın sağlığında, Haşım hər dəfə Samuru danlayanda, evdə bu barədə mütləq söhbət olurdu. Ana Samurun tərəfini saxlayırdı. Böyük oğluna: "Samur səndən ağıllıdır – deyirdi. – Bunun ürəyi səninkindən safdır"...
Bir gecəlik ay işığıI**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Стихи других поэтов
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Qəztələr tövqifini yalnız Sipəhdar əkməyirQəztələr tövqifini yalnız Sipəhdar1 əkməyir,Bizdə də əskik deyildir boylə biidraklər!
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.