Güllü paltar mövsümü
Страница 1 из 7
I
Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.
Canəli müəllim fikirləşirdi ki, görən Bakının yayı əvvəllər niyə o cür isti olurdu, bunun səbəbi nə idi? Yəni səbəb təkcə o idimi ki, əvvəllər Canəli müəllimin Bakıda öz ayrıca mənzili yox idi? Bəlkə bunun başqa səbəbləri də vardı?.. Bunun bir səbəbi də tutalım o idi ki, mənzili olmadığı vaxtlar Canəli müəllimin elə dolanışığı da sən deyən yaxşı deyildi. Beş il tələbəlik: ayda otuz-qırx manat (köhnə pul ilə üç yüz-dörd yüz). İki il aspirantlıq – bu da deyək ki, yetmiş. Yetmişin on beş manatını Canəli müəllim hər ay Buzbulağa, anası Mahrux arvada göndərirdi. Bu da öz yerində. Bundan sonra – bir il “çasoviklik” dövrü. Bu dövrdə Canəli müəllimin əlinə nəqd yüz beş manat pul gəlirdi, bunun otuz manatı Mahrux arvadın, yerdə nə qalır? Yetmiş beş manat. Düzdür, o yetmiş beş manatla bərabər, o vaxt Canəli müəllimin belə bir mənzili də olmuş olsaydı, söz yox ki, dünya onun gözündə bir az başqa cür də görünə bilərdi, – bu da deyək ki, həqiqətə az-çox uyğun gəlir. Amma bütün bunların havanın isti-soyuqluğuna, yəni doğrudanmı, bu boyda dəxli vardı?..
Canəli müəllim bu sayaq fikirləşirdi.
Buzbulaq camaatının dili ilə desək, bu saat yayın lap “ilanmələdən” vaxtı idi: avqust ayı, avqustun ortaları, – özü də günün isti vaxtı (saat on ikiyə işləyirdi). Və deməli, burada doğrudan da nəsə bir hikmət vardı, çünki dünyanın istisi-soyuğu təkcə dərəcə ilə ölçüləsi olsaydı, elə bu dəqiqənin özündə gərək Canəli müəllimin təri dabanından süzüləydi (bu səhər o, bazarın gur səsli radiosunda hava haqqında verilən məlumata qulaq asmışdı və o məlumatda bu gün Bakıda 38-39 dərəcə isti olacağını demişdilər. Otuz səkkiz, otuz doqquz... Bəs o isti hardaydı bu saat? Axı, vaxt vardı ki, 38-39 dərəcənin elə adınca eşidəndə adamın dili ağzından bir qarış çölə çıxırdı... Bəlkə əvvəllər Canəli müəllim, indiyə baxmış, bədənçə zəif idi – onun istiyə-soyuğa indiki qədər dözümü-tabı yox idi?.. Mümkündür, bu da mümkündür. Buna qalsa, lap elə orası da tamamilə mümkündür ki, bir para xırdamırda şeyləri qurdalayıb, içindən dərd çıxarda-çıxarda da bu gözəl, gen dünyanı adam özü üçün cəhənnəm kimi isti eləyə bilər: məsələn, niyə mən filankəsə salam verdim, filankəs mənim salamımı almadı! Niyə kolxoz bazarında filan şey filan qiymətə oldu, halbuki filan qiymətə də ola bilərdi? Dekan belə gəldi, zavmaq belə getdi... it hürdü, çaqqal uladı. Və o Fətdah da gedib maşın aldı özünə... Mümkündür, tamamilə mümkündür və bu da tutaq ki, bir səbəb: narahatlıq, əsəbilik, nəyəsə hədsiz nifrət və o nifrətin boğulması, sıxılması, qızışması ilə əlaqədar olaraq... – Canəli müəllim gülümsədi. – Bir sözlə, – dedi – subyektiv amillərin obyektiv mühitə təsiri. Amma doğrudanmı? Doğrudanmı belə-belə şeylərin havaya da təsiri ola bilərdi?
Canəli müəllim rahatca çarpayıya uzanmışdı (və çox güman ki, səhər bazarın radiosunda hava haqqında verilən müfəssəl məlumata qulaq asdığına görə) birdən ağlına yerləşmiş bu qəribə məsələni özü üçün ayırd eləməyə çalışırdı... Eyni vaxtda mətbəxdə Canəli müəllimin bu səhər bazardan aldığı toyuq bişirdi. Eyni vaxtda vanna otağında boruların içi ilə şırhaşır su axırdı. Və görən, Buzbulaq arxlarının qırağında Canəli müəllimin nəyi qalmışdı ki, o suyun şırıltısına qulaq asdıqca, yenə onun fikri-zikri o arxları qarış-qarış dolanırdı?.. Buzbulağın bütün arxları bu saat Canəli müəllimin gözü qabağında idi. O arxların hamısından su gedirdi və o su eyni vaxtda elə bil Canəli müəllimin içindən də axırdı: Buzbulaq bütün arxları ilə birgə elə bil Canəli müəllimin içində idi, yaxud bu dünyada Canəli adında heç bir canlı məxluq-zad yox idi – bir quruca xəyal vardı və bir vaxt Buzbulaq arxlarının qırağında yaranmış o xəyal elə bil yenə ora qayıtmışdı, o arxların suyuna qarışıb sakitcə axıb gedirdi... Və kim bilir, o vaxtların yayı Canəli müəllimə bəlkə bir də ona görə indikindən qat-qat isti gəlirdi ki, onda Canəli müəllim elə xasiyyətcə də, indiyə baxmış, narahat adam idi? Həm özünə bir gün ağlamaqdan ötrü, səhərdən-axşama çalışıb-çabalayasan, həm də gecə-gündüz fikirləşəsən ki, yaş ötür, ömür gedir – canında gecə-gündüz evlənməyin odu ola, yanğısı ola... Mümkündür, bu da mümkündür. Və yayın bu vaxtında, həmin Bakı şəhəri bəlkə Canəli müəllimə bir də ona görə əvvəlkindən sərin gəlirdi ki, o odun, o yanğının istisi də indi onun canından nisbətən çəkilib getmişdi?..
Canəli müəllim uzanıb fikirləşirdi. Eyni vaxtda Canəli müəllimin xəyalı Buzbulağın arxlarını dolanırdı. Eyni vaxtda, mətbəxdə, onun bu səhər bazardan aldığı toyuq bişirdi. Bayırdakı hündür qələmə ağacının baş budaqlarının zorla seçilən namnazik kölgəsi otağın qarşı tərəfdəki divarının üstünə düşmüşdü. Yay günəşinin isti, qırmızıtəhər işığı da orda idi. Və görən o nə işıq idi ki, (aman, Allah!) bu gecə yenə Canəli müəllimin yuxusuna girmişdi?.. O necə səhər idi? O necə günəş idi? O necə otaq idi ki, bir yaşıl dağın dalından təzəcə baş qaldırıb, dünyanın duruluğu, təmizliyi, zərifliyi barədə məhz bu gün gətirdiyi və çox uzaq, çox mötəbər bir yerdə gətirdiyi şad xəbəri içinin gümüşü aynasında bütün yer üzünə fəxr ilə göstərən günəşin işığı nə ki var orda idi, o otaqda idi... O otağın pəncərələrində ağappaq tül pərdə vardı. O otaqda ağ örtüklü stol vardı və o stolun arxasında bir cüt ağ köynəkli uşaq əyləşmişdi: biri Canəli müəllimin oğlu idi, o biri Canəli müəllimin qızı idi. O yuxuda Canəli müəllimin arvadı da əyninə ağappaq don geymişdi və Canəli müəllimin arvadının da üzündə o qəribə günəşin işığına oxşayan bir qəribə işıq vardı...
Canəli müəllim hiss elədi ki, o odun, o alovun yanğısı içini təzədən göynətməyə başlayır və elə bu səbəbdən də, yəqin ki, Bakının bir zamanlar indikindən nəyə görə isti olmağı barədə o, heç bir dəqiq nəticəyə gəlib çıxa bilmədi.
Canəli müəllim bu qərara gəldi ki, bir müddət fikirləşməsin, heç nə barədə fikirləşməsin – gördüyü o qəribə yuxunun məstliyində Canəli müəllim bir qədər sakitcə uzanmaq istədi və elə o məstlik də, deyəsən, çox keçməmiş Canəli müəllimi tamam başqa bir aləmə aparıb çıxartdı, çünki mətbəxdəki toyuq qazanından, divardakı yarpaqqarışıq gün işığından, Canəli müəllimin (tələbəlik dövründən qalma) o qəribə yuxusundan və Fətdahın maşın almağından əlavə, bu dünyada bir nağıl da vardı. O nağılı bir vaxt Canəli müəllimə Mahrux arvad danışmışdı (qəribə nağıl idi). Amma necə iş idisə, dünyanın o isti vaxtları (yəni, tələbə, aspirant, “çasovik” olduğu illər) o nağıl Canəli müəllimin bir dəfə də yadına düşməmişdi. Canəli müəllimin “əyyamiqədimdə” eşitdiyi o nağıl günlərin bir günü (elə bu otağın özündəcə) sanki qeybdən zühur eləmişdi və o vaxtdan bu yana Canəli müəllim o nağılı öz beynində elə hey fırladırdı ki fırladırdı. Canəli müəllim nağılı bütöv yadına salmaq istəyirdi, amma heç cür yadına sala bilmirdi, o nağıldan vur-tut ikicə cümlə olduğu kimi yadda qalmışdı, bir də Canəli müəllim nağılın məzmununu, çox dumanlı bir şəkildə, təsəvvürünə gətirə bilirdi. Neçə vaxt idi ki, Canəli müəllim o dumanı dağıtmaq istəyirdi, Canəli müəllimin hey fikrindən keçirdi ki, bir dəfə kitabxanaya getsin. Gedib indiyəcən çap olunmuş nağıl kitablarının hamısını alıb qabağına töksün, baxıb görsün ki, o nağıl kitablarda var, yoxsa yoxdur. Hətta Canəli müəllimin evdən bu niyyətlə çıxdığı vaxtlar da az olmamışdı, amma bunların heç birində o, gedib kitabxanaya çatmamışdı (görünür, aspirant olduğu vaxtlar kitabxana onu möhkəm bezdirmişdi). Bir də, kim bilir, öz nağılını hər hansı bir kitabda görməkdən bəlkə Canəli müəllim qorxurdu; qorxurdu ki, nağıl onun üçün birdənbirə bakirəliyini itirər, müqəddəslikdən düşər (çünki qara-qura çap maşınlarının, iyli-qoxulu mətbəə havasının bakirəlik-müqəddəslik məsələlərindəki parlaq əməllərindən Canəli müəllimin o dumanı dağıtmaq, o nağılı olduğu kimi təsəvvür eləmək cəhdlərinin özü də, əslinə qalsa, bir növ qəribə məsələ idi (çox güman ki, baş qatmaqdan, vaxt keçirməkdən ötrü idi). Ona görə ki, o dumanın dalında gördüyü aləmi Canəli müəllim dumansız çətin ki, görə biləydi, bir də lap görsəydi belə, ondan bu boyda ləzzəti çətin ki, ala biləydi, çünki bir vaxt o nağıla qulaq asa-asa Canəli müəllimin haradasa gördüyü, göz önünə gətirdiyi aləm hələ dururdu, yox olmamışdı. Bu aləmdə ulduzların rəngindən tutmuş, havanın iyinə-tamınacan min cür göz oxşayan, könül açan şey vardı. Nağıl yadına düşdükcə, bu şeyləri də Canəli müəllim hər dəfə təzədən görürdü. Canəli müəllimin fikrində aləm qarışırdı və o vaxtdan yadında qalan ikicə cümləni dönə-dönə təkrar eləyə-eləyə Canəli müəllim nağılın ayrı yerlərini yadına salmaq istəyirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-gullu-paltar-movsumu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Yaxud yas yerindən reportaj)*1**
Kür qırağının meşələri1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.
Ceviz kölgəsinin nağılıI**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.
Hasarın o tayında(epiloq yerinə)*Bir vaxt dünyada özgə heç nə yox idi: bir ev vardı, bir ağaclı-budaqlı həyət vardı; dağlar idi, Günəş idi; bir mən idim, bir nənəm idi; bir də bir inəyimiz vardı ki, o da atam kimi səhər tezdən çıxıb gedərdi və axşam qaş qaralanda evimizə qayıdardı.
Стихи других поэтов
Yine başladı bülbüller tekellümKılurlar gül firâkından tazallüm
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?
HəsrətindəyəmÇox zamandır, yarın həsrətindəyəm,Gələydi, bir onu barı görəydim,