Страница 1 из 6

I

Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.

Nəsir müəllim qırx il əvvəl (toy eləyib evlənməyinin hələ heç bir ayı da tamam olmamış) arvadı Süsənbəri də götürüb Buzbulaqdan çıxmışdı, dumanı-çiskini başının üstündən heç vaxt əskik olmayan uzaq dağ kəndi Çığnagüldə qırx il müəllimlik eləmişdi. İndi də, məlum məsələdir ki, pensiyaya çıxdığına görə yığışıb həmişəlik öz dədə-baba yurduna gəlmişdi.

Nəsir müəllimin Buzbulaqdakı dədə-baba evi kifayət qədər saf qalmışdı, yaxşı qalmışdı. Ona görə ki, qonşusu Molla Məcnun bu evdə neçə illər barama saxlamışdı, evin damına-divarına həmişə baxmışdı.

Təzə yerdə yerbəyer olub rahatlanandan sonra günlərin bir günü Nəsir müəllim səhər tezdən beli götürüb, həyəti belləməyə başladı. Bir bel, iki bel... Üçüncü beli hələ torpağın canına yeritməmiş, Nəsir müəllim birdən-birə tamam həvəsdən düşdü: başını qaldırıb göyə baxdı və o göydən Nəsir müəllimin heç xoşu gəlmədi. Ancaq Nəsir müəllimin xoşuna gəlməyən göyün özü deyildi, uca qəddi-qaməti və iri budaqları ilə o göyün az qala yarısını ağzına almış nəhəng ceviz ağacıydı: Şükür kişinin kənddə adnan deyilən cevizi!.. Ağac Nəsir müəllimin damının dal tərəfindəydi. Damın dalından üzüaşağı, üzüyuxarı küçə gedirdi və o ağac da elə Şükür kişinin küçə divarının dibindən – şaxəli, qollu-budaqlı – göyün üzünə qalxmışdı. Əgər o yekəlikdə qələmə, çinar, ya başqa bir ağac olsaydı, nə vardı ki? Elə müsibət də o ağacın ceviz ağacı olmağındaydı. Bir yerə ki, cevizin kölgəsi düşdü, demək o yerin işi bitdi. Orda nə əkirsən ək, xeyri yoxdur: ya əmələ gəlməyəcək, ya da lap əmələ gəlsə də, ceviz kölgəsində əkilən şeyin heç bir dadı-tamı olmayacaq. İstəyirsən, lobya-noxud ək, istəyirsən, Allahın lap acı soğanını ək. Ceviz kölgəsində yetişən meyvə isə Buzbulaqda heç vaxt məsrəfli meyvə sayılmamışdı.

Qanı qaralmış Nəsir müəllim bel sapının ucunu çənəsinə dirəyib fikrə getdi. Onun Buzbulaqda olmadığı qırx ildə o ceviz ola bilər ki, bir az da böyümüşdü, yekəlmişdi. Amma o cevizin söhbəti qırx ilin söhbəti deyildi, lap köhnənin söhbətiydi. O ağacın söz-söhbəti Nəsir müəllimin, hələ lap körpəlikdən, bir növ canına hopmuşdu, sümüyünə yerimişdi. Elə indicə, ikicə bel vurduğu torpaqdan da, görünür, Nəsir müəllimin qulağına o ağacın barəsində nəsə bir səs-səda dəymişdi, yəni torpaq da bu barədə öz eşidib-bildiyindən Nəsir müəllimə nəsə demişdi, yoxsa o torpağı, cəmisi ikicə bel ağzı qədərində qurdalayan kimi, niyə Nəsir müəllimin əl-qolu birdən-birə yanına düşməliydi.

Bel sapının ucunu çənəsinə dirəyib durduğu bir neçə saniyənin içində Nəsir müəllim elə bil tək özünün yox, lap uzaq əcdadlarının da bu kənddə keçən ömrünün bütün yaz və payız aylarını bir-bir xəyalından keçirdi, çünki dünya xəlq olandan hər yaz, hər payız o ceviz ağacının söhbəti də bu kənddə həmişə olmuşdu: yazda – hələ ceviz yarpaqlamamış, payızda – cevizin yarpağı tökülən kimi. Söhbət lap qızışıb, dava-dalaş həddinə yetişəndə o cevizin bir budağı aşağıdan kəsilmişdi, sonra başqa bir budaq böyüyüb bu həyətə yenə kölgə salmışdı və o söhbət təzələnmişdi, yenidən qızışmağa başlamışdı.

İndi, Şükür kişinin cevizi hələ təzə-təzə yarpaqlayırdı. Aşağıdan budaqları kəsildikcə ağac boy verib, dikinə getmişdi. Bu hündürlükdə ceviz ağacı yəqin ki, bütün bu mahalda heç yerdə yox idi.

Eyvanın qabağında, samovarı alışdıra-alışdıra, ərinin hərəkətlərinə bayaqdan bəri göz qoyan Süsənbər – Nəsir müəllim beli yerə tullayıb, birdən-birə bayıra hücum çəkəndə – o saatca hər şeyi başa düşdü. Bildi ki, o cevizin başına bu gün mütləq nəsə bir iş gəlməlidir, çünki Süsənbər ərinin xasiyyətinə yaxşı bələd idi. O yürüşlə ki, Nəsir müəllim həyətdən çıxmışdı, deməli, bu gün bu dünyada nəsə dəyişməliydi.

Min ilin qonşusu Şükür kişinin küçə qapısını Nəsir müəllim ayağı ilə vurub açdı. Yaşı yüzü keçmiş Şükür kişi iki otağın arasındakı alaqaranlıq dəhlizdə – o dünya ilə bu dünyanın düz ortasında – paltarlıca uzanıb üç yaşlı uşaq kimi mışıl-mışıl yatırdı. Nəsir müəllim bir istədi gedib sonra gəlsin. Ancaq qorxdu ki, vaxt keçsə, birdən həvəsi, qətiyyəti azalar.

– Şükür dayı, a Şükür dayı! – Nəsir müəllim elə ucadan çağırdı ki, elə bil Şükür kişi bu dünya ilə o dünyanın arasında yox, elə o dünyanın lap göbəyində uzanıb yatırdı.

Şükür kişi gözlərini açıb, nəsə dedi. Ancaq o sözdən Nəsir müəllim heç nə başa düşmədi. Qoca yenə gözlərini yumdu.

– Dur, a kişi! Dur görüm... Səhərdi e, Şükür dayı. Dur çay içək, çörək yeyək.

Bu yerdə Süsənbər də özünü yetirdi.

– Vay, vay, vay, yazıq kişi! – dedi. – Bu yorğan-döşəkdə insan yatar? Bə qızı Raziyə görəsən niyə baxmır buna?

Şükür kişi gözlərini açmasa da, yenə içindən bir qəribə səs çıxartdı:

– Ətses... Sissə...

– Bu nə deyir, Süsənbər? – Nəsir müəllim soruşdu.

– Deyir: ət istəyirəm. – Süsənbər o dünya ilə bu dünyanın arasındakı dil üzrə bir nömrəli mütəxəssis kimi, çox arxayın cavab verdi.

– Xoruzun birini kəsərəm, bişirərsən bu gün. – Bunu Nəsir müəllim (bu dünyada) astadan, Süsənbərə dedi. Sonra sözünü “o dünyaya” da çatdırmaq üçün yenə səsini qaldırdı. – Hələ dur bir çay içək, a Şükür dayı. Günortaya ət də olacaq.

Şükür kişi gözlərini açdı. Hansı dünyada olduğunu bir o qədər yaxşı kəsdirə bilməsə də, hər halda gözlərini təzədən yummadı. Çaşqın, ağzıaçıla bir vəziyyətdə əvvəl Nəsir müəllimin sir-sifətinə tamaşa elədi, sonra Süsənbərə baxdı və o Süsənbərə baxa-baxa da Şükür kişinin elə bil körpəliyi yadına düşdü: yaşı yüzü örtmüş qoca, körpəcə uşaq kimi, birdən için-için ağlamağa başladı.

– Ətses... Sissə...

– İndi nə deyir? – Nəsir müəllim “tərcüməçi”nin köməyinə yenə ehtiyac hiss elədi.

– Elə onu deyir. Deyir: ət istəyirəm.

– Belə lap ƏCCƏB eləyirsən! – Bunu Nəsir müəllim bir qəribə coşqun fərəh içində dedi. – Bu saat xoruzu kəsəcəyəm, suyunnan bir kasa vuracaqsan bədənə. İstəsən, lap toğlu da kəsərəm sənin üçün... Bir yerinnən dur görüm hələ. Ay malades! Sən lap spartsmensənmiş ki, Şükür kişi, özü də lap vışşisindən!

Şükür kişi Nəsir müəllimin köməyilə qalxıb oturdu və yenə, südəmər uşaq anasına baxan kimi, umsuq-umsuq Süsənbərə baxdı.

– Bəs qızın Raziyə baxmır sənə, Şükür dayı? – Süsənbər soruşdu və soruşmağına peşman oldu, çünki qızının adını eşidəndə Şükür kişi elə bir ağlamaq başladı ki, bayaqkı ağlamağı bunun yanında çox-çox şükürlü idi.

– Sən yeri, çay-çörəyi hazırla gətir bura. – Nəsir müəllim Süsənbərə dedi. – Sən də, qonşu, bir toxta görək. Qocalıq, bilirəm, sarsaq şeydi. Ancaq day neyləmək olar? Allahın özü belə hörüb bu dünyanın binasını.

Süsənbər çay-çörəyi gətirənəcən Nəsir müəllim həyət-bacanı, eninə-uzununa, bir neçə dəfə dolanıb, çox asanlıqla bu nəticəyə gəldi ki, qızı Raziyə Şükür kişiyə elə hər cəhətdən pis baxır, yaxşı baxmır. Həyətin günəvər yerlərində bildir əkilən kartof, lobya, soğan və noxud kərdilərinin elə görkəmindən də məlum idi ki, burada kərdi-külə işinə baxan ya naşı adamdır, ya da pintinin, “xalturşik”in lap yekəsindəndir. Nəsir müəllim fikirləşdi ki, əgər Şükür kişi cevizin kəsilməyinə razı olsa, bu həyəti əkib-becərməyin bütün əziyyətini o öz boynuna götürər və burada elə bir təsərrüfat yaradar ki, onun məhsulu Şükür kişinin o cevizdən götürdüyü mənfəəti birə-beş qat artıq eləyər. Nəsir müəllimin haqq-hesabına görə, pulun elə indiki bu ölü vaxtında da ceviz Şükür kişiyə ildə lap uzağı iki min manat gəlir gətirə bilərdi, həyətdən isə, əgər torpağa əməlli can qoysan, ildə azı üç-dörd min manatlıq mənfəət götürmək olardı. Əlbəttə, cevizin indi kölgə saldığı məsrəfsiz yerləri də əkmək şərti ilə... Şükür kişinin həyətindən də o cevizə xeyli tamaşa eləyəndən sonra, Nəsir müəllim bir daha əmin oldu ki, kölgə əsasən o tərəfi – yəni Nəsir müəllimin həyətini tutur. Bunu Nəsir müəllim dünyanın ən böyük ədalətsizliyi hesab elədi və özünü möhkəm-möhkəm inandırdı ki, lap elə bu dünyada ədaləti azdan-çoxdan bərpa eləməyin xatirinə də olsa, Şükür kişinin ceviz ağacının başını mütləq əkmək lazımdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов