Страница 1 из 3

(epiloq yerinə)

Bir vaxt dünyada özgə heç nə yox idi: bir ev vardı, bir ağaclı-budaqlı həyət vardı; dağlar idi, Günəş idi; bir mən idim, bir nənəm idi; bir də bir inəyimiz vardı ki, o da atam kimi səhər tezdən çıxıb gedərdi və axşam qaş qaralanda evimizə qayıdardı.

Qalan şeylər bizim hasardan o yanda idi. Hasardan o yanda başqa evlər vardı, başqa ağaclar vardı, başqa adamlar vardı. Yekə uşaqlar vardı: balaca uşaqları döyürdülər. Qorxulu itlər vardı: balaca uşaqları tuturdular, hasardan o yanda toy olurdu: adamlar çalırdılar, oynayırdılar. Hasardan o yanda yas olurdu: adamlar ağı deyib ağlaşırdılar...

Bir mən idim, bir nənəm idi, bir də atamla inəyimiz axşamdan-axşama evimizə qayıdırdı. Bir də "o dünya" deyilən bir yer vardı və hər cümə axşamları gecələr biz yatandan sonra mənim babam da oradan gəlirdi. Cümə axşamları nənəm evimizi tərtəmiz silib-süpürürdü. Babamdan qalan qara, yun xurcunu eşikdə çırpıb, evdəki mıxdan asırdı. Nənəm çırağımızın işığını azaldıb, atamdan xəlvət, dəhlizdə səhərəcən yana-yana qoyurdu. Bunu görəndə atam həmişə deyinirdi, çünki neft baha idi, onu rayondan gətirmək çətin idi, bir də atam o dünyaya inanmırdı və bunu, indi, siz də bilirsiniz ki, mənim atam heç Allaha da inanmırdı.

Atam balaca otağımızda öz taxta çarpayısının üstündə tək yatırdı. Biz bu yanda, böyük otaqda yatırdıq və hər cümə axşamları çıraq dəhlizdə, atamdan xəlvət, qorxa-qorxa yanırdı. Belə gecələrdə mən də qorxurdum. Babamdan qorxurdum, halbuki, nənəmin dediyinə görə, mənim babam heç qorxulu adam deyildi. O heç vaxt bir kəsi qorxutmamışdı, "bir kəsin toyuğuna kiş deməmişdi"; indi də o bizi qorxutmağa gəlmirdi; evimizə baş çəkməyə gəlirdi; gəlirdi ki, görsün necə dolanırıq; neftimiz varmı, çörəyimiz varmı?.. Bundan əlavə, babam bir şeyi bilməyə gəlirdi: Allahın yolundan çıxmamışıq ki? Və atam Allahın yolundan çıxdığına görə hər dəfə namazını qurtarandan sonra nənəm üzünü göyə tutub xeyli vaxt Allaha yalvarırdı; yalvarırdı ki, atamın günahından keçsin. Nənəm mənə Qurandan sözlər öyrədirdi: bu da atamın günahını yumaq üçün idi. O sözləri deyəndən sonra mən də atam üçün Allaha yalvarırdım: – İlahi, sən adilsən, bağışla mənim atamı. Görürsən ki, yorğundur, nadandır, buyruq quludur – bağışla, rəhmin gəlsin!

Nənəmin dediyinə görə, Allah mənim sözümü hamıdan tez eşidirdi, çünki mən balaca idim, günahsız idim, hələ çiynimdəki mələklər alnıma heç bir günah yazmamışdılar və Allah atamın günahından mütləq keçəcəkdi, çünki atam haram yemirdi, çörəyini əziyyətlə qazanırdı. Amma elə adamlar da vardı ki, Allah onları heç vaxt bağışlamayacaqdı: oğrular, əyrilər, naşükürlər, məscidin divarında pis-pis sözlər yazanlar, çeşmənin gözündə pinti paltar yuyanlar... Ancaq bütün bu adamlar o vaxt uzaqda idi, çox uzaqda – hasarın o tayında...

Hasarın o tayında məktəb deyilən yer vardı – orada tez-tez zəng çalınırdı. Hasarın o tayında dükan vardı – o dükanın qabağında adamlar neftdən ötrü savaşırdılar. Hasarın o tayında çox şeylər vardı, hamısı da – uzaqda, çox uzaqda...

Bir mən idim, bir də nənəm idi. Nə o məndən sən deyən ağıllı idi, nə mən ondan o qədər avam idim. Söhbətimiz tuturdu. Xasiyyətimiz düz gəlirdi. Gündüzlər ağacların başında sərçələr civildəşəndə, sağsağanlar qırıldaşanda onların öz aralarında danışmağına mən də inanırdım, nənəm də. Axşamlar dağların dalında gün batırdı; Günəşin haradasa yatmağa getdiyinə hər ikimiz eyni dərəcədə inanırdıq. Bizim armud ağacında yuva tikmiş sağsağanın balalarını nənəm də tanıyırdı, mən də. Axşamlar evimizə soxulan kor yarasalardan nənəm də qorxurdu, mən də qorxurdum... Bircə o yanda – hasarın o tayında nənəm böyük olurdu, nənəm təəccüblü olurdu: orada nənəm hamını tanıyırdı, mən heç kəsi tanımırdım; orada nənəm heç kəsdən qorxmurdu, mən hamıdan qorxurdum.

Bir nənəm idi, bir mən idim, bir də atamla inəyimiz hər axşam qayıdıb evimizə gəlirdi. Sərçələr, sağsağanlar öz dillərində danışırdılar. Günəş dağların dalında yatmağa gedirdi. Haradasa uzaqlarda – bizim hasarın dalında yad adamlar yaşayırdı, qorxunc itlər hürürdü. Haradasa hər gün zəng çalınırdı. Haradasa dükanın qabağında adamlar neftdən ötrü dolaşırdılar. Bizim evdə neft də vardı, çörək də vardı və bunları görmək üçün hər cümə axşamı babam "o dünyadan" gəlirdi. Hər cümə axşamı çıraq dəhlizdə qorxa-qorxa yanırdı. Babamın mıxdan asılmış qara xurcunu cümə axşamları daha qara olurdu, daha qorxunc olurdu. Bir də babamın bir qara təsbehi vardı. Nənəmin bir gümüş maqqacı vardı. Bir də, o vaxtlar Sədəf adlı bir qız vardı və o qız, hər üç-dörd gündən bir, gəlib o gümüş maqqacla nənəmin gözünün içindən tük çıxarırdı.

Nənəmin gümüş maqqacı günlərin bir günündə həyətdə, alma ağacının dibində, otun arasına düşüb itdi. Mən çox axtardım, tapa bilmədim. Sonra Sədəf bacı gəlib axtardı, o da tapmadı. Qonşumuz Şayəstə xala da bir gün gəlib almanın dibində xeyli eşələndi, yenə maqqac tapılmadı. Sonra nənəm öldü, aparıb basdırdılar. "Həmişəlik getdi, – dedilər, – daha heç vaxt gəlməyəcək". Nənəm həmişəlik getdi, ancaq babam yenə də gəlirdi. İndi bibim tez-tez bizə baş çəkirdi. Nənəmin yerinə evi süpürürdü, xurcunu silkirdi, çırağı yandırırdı. Yenə sərçələr, sağsağanlar öz dillərində danışırdılar, yenə Günəş dağların dalında yatmağa gedirdi... Sonra, bir gün Şayəstə xala bizə gəldi və onda məlum oldu ki, heç nənəm də dünyadan həmişəlik getməyib.

Şayəstə xala həyətdə divara söykənib oturmuşdu. Bibim sacda çörək bişirirdi. O yanda almanın dibində, nənəmin maqqacı itən yerdə otların üstündə bir yekə kəpənək uçurdu, mən onu tutmaq istəyirdim və birdən Şayəstə xala ucadan dilləndi:

– Ora bax, Mədinə! Ora bax! Əsmətdi, vallah, Əsmətdi!.. Tutma, oğlum, qoy uçsun, nənəndi, bala, maqqacını axtarmağa gəlib!..

Əvvəl mən qorxumdan otların arasında donub qaldım: birdən daş kimi ağırlaşdım, birdən qov kimi yüngülləşdim. Sonra başımı qaldırıb baxdım: heç nə əvvəlkinə oxşamırdı, hər şey rəngini dəyişmişdi. Nə bibim əvvəlki bibim idi, nə həyət əvvəlki həyət idi. O yanda Günəş dağların dalında yatmağa gedirdi, mən ömrümdə elə Günəş görməmişdim. Mən dünyanı heç vaxt o rəngdə görməmişdim: nə dağları, nə otları, nə ağacları...

Nənəm kəpənək idi, otların üstündə uçurdu. Uzaqda uçanda qovub almanın dibinə gətirmək istəyirdim, deyirdim: bəlkə yadından çıxıb, bəlkə maqqacın yerini unudub. Bəzən nənəm tək gəlmirdi, yoldaşları ilə gəlirdi, mən kəpənəklərin heç birinə əl vurmurdum; onlarla birgə maqqac axtarırdım... Biri vardı, biri yoxdu, dilbilən sərçələr, sağsağanlar vardı, danışan ulduzlar vardı... Hasarın o tayında yenə qorxunc itlər hürürdü. Yad adamlar neftdən ötrü dalaşırdılar. Yenə bizim evimizdə neft də vardı, çörək də vardı və bunları görmək üçün yenə babam gecələr "o dünyadan" gəlirdi...

Gecələrin birində yenə babam gəldi. Onda müharibə idi: nə atam vardı, neftimiz, nə də çörəyimiz vardı. O gecə babam gələndə mən qorxmadım, sevindim. "Baba, dedim, çörəyimiz yoxdur, çörək gətirmisənmi?" Babam əlini xurcunun içinə saldı (həmin xurcun idi. Mıxdan asılan qara xurcun). Bir gözünə baxdı, çörək tapmadı. O biri gözünü axtardı, orada da çörək yox idi. Sonra babam xurcunu silkdi: nənəmin gümüş maqqacı yerə düşdü. Sonra xurcun bir nəhəng kor yarasa olub evdə uçmağa başladı, yarasanın hər qanadı bir xurcun tayı boyda idi...

Nənəmin günlərlə axtardığı maqqac, (nə qədər qəribə olsa da) mən bu yuxunu görəndən sonra tapıldı; maqqac doğrudan da orada idi, xurcunun içində idi. Mən maqqacı aparıb alma ağacının budaqları arasına qoydum və nənəm də yenə kəpənək olub gəldi, almanın dövrəsində uçdu. Ancaq, nədənsə, babam bu yuxudan sonra daha heç vaxt gəlmədi. Həmin yarasa gəldi – o nəhəng yarasa: xurcun kimi qara, hər qanadı bir xurcun tayı boyda...

Günlərin bir günü mən həyətimizin qapısını açıb, hasarın o tayındakı sirli aləmə ilk dəfə nənəmsiz ayaq qoydum. Ancaq çox gedə bilmədim, qaça-qaça geri qayıtdım. Qayıdıb öz həyətimizdə, öz ağaclarımızın arasında gəzə-gəzə mən ilk dəfə nənəmsiz gördüyüm evləri, adamları xəyalımda dolandırdım, ağacları bizim həyətdəki ağaclara oxşatmaq istədim, ancaq o ağaclar bizim həyətdəki ağaclara oxşamaq istəmədilər.

Günlərin başqa bir günü o yad ağaclar bizim həyətdəki ağaclara oxşadılar. Onlara baxa-baxa mən ürəklənib çeşmənin yanınacan getdim. Orada məscidin qabağına toplaşmış adamlara baxdım: adamlar yenə də yad idilər, amma əvvəlki kimi qorxulu deyildilər. Əgər Kor İslam deyilən adam orada olmasaydı, bəlkə mən lap o adamların yanına gedə bilərdim. Ancaq Kor İslam deyilən adam orada idi. Kor İslam həmişə orada olurdu; arxasını məscidin divarına söykəyib daşın üstündə oturardı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Büllur külqabının nağılı

I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.

197323 мин
Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 мин
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин

Стихи других поэтов