Страница 6 из 6 · 83%

– Nədi, köçməkdəndi, qolleqa?.. – Lətif müəllim qız kimi nazlana-nazlana şortu, şit səslə dilləndi. – Qorxma, tələsmə, qolleqa, rahat daşı – mən burda şeylərin yanında durmuşam. – Və Lətif müəllim eşqdən işım-işım işaran, qara muncuğa bənzər, xırdaca gözlərini Bətuləgilin küçənin o başındakı darvaza qapısına zillədi, üstəlik siqaretini də damağına qoyub, Nəsir müəllimin şeylərinin keşiyində dağ kimi dayandığını canı-dildən nümayiş etdirdi.

Çayxananın qabağında isə o dolaşaların söhbəti yenə bərk qızışmışdı. Axşamın sərin xoş havasında eşikdə ağac dibində oturub kamali-səliqə ilə çay içən yaşlı kişilər də, o kişilərdən azca aralıda nərdtaxtanın başına toplaşan cavan oğlanlar da o dolaşaların bir də Buzbulağa qayıtmayacağından yaman narahat idilər. Çayçının özü – yəni Genral Cəfər – Pesmis Qulu və poçt müdiri Allahqulu ilə mübahisə eləməkdən – boğazının sallaq hulqumundan tutmuş, qulağının dibinəcən payız çuğunduru kimi qıpqırmızı qızarmışdı. Pesmis Qulunun bayaqdan sübut elədiyi buydu ki, o cevizi kəsməklə Nəsir müəllim hər payız Buzbulağa gələn o quşları təkcə gecələmək yerindən məhrum eləməyib, həm də onları “alçaqcasına”, “vicdansızcasına” yurdsuz, vətənsiz qoyub.

– Bəli! Bəli! – Pesmis Qulu şəhadət barmağını, tapança kimi əvvəl Genral Cəfərin alnına, sonra poçt müdiri Allahqulunun gicgahına tuşladı. – Necə ki, təcavüzkar İsrail dövləti o yazıq Fələstin ərəblərini həmişəlik vətənsiz qoymaq istəyir! – Və elə bunuca deyib, öz fikrini yeni siyasi dəlillərlə əsaslandırmağa hazırlaşırdı ki, necə oldusa, Pesmis Qulunun gözü birdən göyə sataşdı; gördü ki, göydə bir dünya dolaşa var və o dolaşalar, eynən o biri illərdə olduğu kimi, yenə qatar-qatar düzülüşüb, göy üzündə ləzzətlə uçuşurlar. Pesmis Qulu kepkasının uzun dimdiyini tez aşağı dartıb, gözünün lap üstünə basdı – guya onun o kepkanın dimdiyini gözünün üstünə basmağıyla o birilər o bir dünya quşu göyün üzündə görməyəcəkdilər.

Ancaq o quşları deyəsən o birilər də görmüşdü: ağac dibində oturub kamali-səliqə ilə çay içən yaşlı kişilər də, onlardan azca aralıda nərdtaxtanın başına yığışan cavan oğlanlar da...

O dolaşaları bircə Lətif müəllim görməmişdi, çünki çoxdan bəri gözlərini Bətuləgilin darvaza qapısına zilləyib, Nəsir müəllimin şeylərinin yanında duran Lətif müəllimin hələ bir dəfə də göyə baxmağa vaxtı olmamışdı.

Və Lətif müəllim gözünü bircə saniyəliyə o qapıdan çəkən kimi bir də baxıb gördü ki, yanındakı şeylər azalmaqdansa artıb, çoxalıb. Gördü ki, Nəsir müəllim bayaq o tərəfə daşıdığı bağlamaları indi bir-bir qaytarıb təzədən bu tərəfə gətirir.

– Nooldu, qolleqa? – dedi. – Deyəsən, fikrin dəyişdi axı. Düz eləyirsən, vətən yaxşıdı... Sən bu millətin dediyinə çox da fikir vermə, qolleqa: nə bilim, dolaşa belə gəldi, sağsağan elə getdi...

Öz həmkarının dilindən bu sözləri eşidəndə Nəsir müəllim xeyli rahatlandı, yüngülləşdi. İşə bax: çoxdan üzü gülməyən Nəsir müəllimin o sözlərdən sonra, deyəsən, hətta bir müxtəsərcə dodağı da qaçdı. Və yolun ağzına yığdığı o bağlamaları Nəsir müəllim sevinə-sevinə öz qapısına tərəf daşımağa başladı.

VII

Amma Allahın özü şahiddir ki, o dolaşaların qayıtmağından Nəsir müəllimin xəbəri yox idi...

Oktyabr-noyabr, 1991

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов