Страница 3 из 7 · 29%

Bəli, Canəli müəllim Buzbulaqdan o dəfə belə bir əhval-ruhiyyə ilə qayıtmışdı. Axırıncı dəfə. Özü də, o yay Canəli müəllim Buzbulağa Bakının istisindən can qurtarmaq üçün getməmişdi (bu əhvalat onun Mahrux arvadı kəndə yola saldığı ilin yayında olan əhvalat idi). O yay Canəli müəllim Buzbulağa – Mahrux arvadın gözləri ilə burdan, Bakıdan görünən o genişliyə, gözəlliyə yaxından tamaşa eləməyə getmişdi. Ancaq iş elə gətirdi ki, bu dəfə Canəli müəllim Buzbulaqda heç bir həftə də davam gətirə bilmədi. Qayıdıb bu böyük şəhərdə, öz mənzilinin qapısını, bəlkə ömründə birinci dəfə, bir qəribə fəxr ilə açdı, bir qəribə sevinc ilə açdı; içəri girib sinə dolusu, ürək dolusu nəfəs aldı. Və bu şəhərin, bu mənzilin əsl qədir-qiymətini də, deyəsən, Canəli müəllim elə onda başa düşdü.

Öz mənzilindən Canəli müəllim razı idi, çox razı idi: qazından da, suyundan da, qış vaxtı, odunsuz-tüstüsüz, tərtəmiz istisindən də... Nə olsun ki, Buzbulaq çeşməsinin suyu da hərdənbir Canəli müəllimin könlünə düşürdü. Nə olsun ki, kənddəki sobaları da hələ Canəli müəllimin yadından çıxmamışdı və bir vaxt o sobanın üstündə bişən əvəlik aşının, əriştə şorbasının iyi bu Bakı şəhərində hərdən Canəli müəllimin burnuna dəyirdi... O sobanın istisində ləzzətlə qızınmaqdan ötrü hərdən Canəli müəllimin ayaqları möhkəm üşümək istəyirdi; hərdən onun əlləri də dinc durmurdu: əllər bel sapından, balta sapından yapışmaq istəyirdi; əllər də üşümək istəyirdi; üşüyüb isinmək istəyirdi... Arabir Canəli müəllimə hətta elə gəlirdi ki, dünyanın var-yox ləzzəti də elə bunlardır, bu dünyada bunlardan savayı ayrı ləzzət-zad yoxdur. Amma Canəli müəllim burasını da yaxşı bilirdi ki, bütün bunlar boş şeydir, onun, orta məktəbi təzəcə qurtarmış (səsindən dağ havası, nəfəsindən gül iyi gələn) bir tərtəmiz, gözəl-göyçək kənd qızı ilə evlənmək arzusu kimi heç vaxt baş tutmayacaq puç bir xəyaldır, çünki Canəli müəllimin indiki əqidəsinə görə, o cür qız bu dünyada, çox güman ki, heç yox idi və əgər vardısa da, hər halda dünyanın özündə deyildi, – nağılındaydı, nəğməsindəydi. (və bu dünyada, doğrudan da, bəzi nəğmələr vardı ki, onları eşidəndə bu dünyanın özündə də bir vaxt o cür qızlar olduğuna Canəli müəllim hərdən inanmağa başlayırdı). O qızı Canəli müəllimin ömründən, sanki onun özündən də xəbərsiz, ötüb-keçən illər götürüb aparmışdı. “Apardı sellər Saranı, bir alagözlü balanı...” – bu əhvalatı mahnı dilində təxminən belə də izah eləmək olardı, amma bütün bu işlərin mahnısız izahına gəldikdə, cəsarətlə demək mümkündür ki, Canəli müəllim Bakının rahat qazını burda qoyub, gedib Buzbulaqda ocaq qalayıb, tüstüsünə oturası deyildi...

Və deməli, haradasa həmin o on yeddi yaşlı qız (o qızın rəsmini Canəli müəllimdən ötrü elə bil Allahın özü çəkmişdi – çoxdan, lap çoxdan, bəlkə də Canəli müəllimin ağlı kəsəndən bəri, bəlkə də onun öz kişiliyindən xəbər tutduğu eyni gündə, eyni saatda çəkmişdi. Və sən demə, təsviri sənət sahəsində də Allahın – rəssamlıq, rəngkarlıq işinin yüksək tələbləri səviyyəsindən bir qədər aşağı olsa da – hər halda müəyyən professionallıq səriştəsi varmış, çünki neçə illərdən bəri Canəli müəllim o rəsmə böyük məmnuniyyətlə tamaşa eləyirdi və kim bilir, hələ bundan sonra da nə qədər tamaşa eləyəcəkdi)... Bir də haradasa ocaq tüstülənirdi – Canəli müəllimin burnuna o tüstünün ləzzətli iyi gəlirdi. Və mətbəxlik işini qurtarıb təzədən çarpayıya uzanmış Canəli müəllim indi onu fikirləşirdi ki, o ocağın tüstüsü görən vaxt keçdikcə unudulacaqdımı, yoxsa o da qız kimi beləcə, indiki sayaq heçdən, gözlənilmədən peyda olub, Canəli müəllimin bu dünya barəsindəki hələ təzə-təzə yoluna düşən əzabsız-ağrısız aydın fikirlərini ara-sıra yenidən dolaşdıracaqdı...

Canəli müəllim fikirləşirdi və haradasa, kiminsə radiosunda bayaqdan bəri oxunan mahnıya qulaq asırdı. Və o ocağın tüstüsünü, o qızın Allah tərəfindən rəsm olunan şəklini də Canəli müəllimin xəyalına gətirən çox güman ki, elə o mahnı idi: “Apardı sellər Saranı...”.

Mahnı qurtaranda Canəli müəllim gözucu saata baxdı – on ikinin yarısından vur-tut beşcə dəqiqə keçmişdi. Vaxt ləng gedirdi və vaxtın ləng getməyi ilə də Canəli müəllim havanın xeyli istiləşdiyini müəyyən elədi. O durub dəhlizin qapısını tamam açdı və qayıdıb təzədən çarpayıya uzanmaq istəyirdi ki, açıq qapıdan qonşu qızın sevincək səsini eşitdi: “Sizi telefona çağırırlar”.

Təəccüblü idi. Canəli müəllimi o telefona kim çağırırdı? O telefonun nömrəsini o adama kim vermişdi? (Axı qonşudakı telefonun nömrəsini Canəli müəllimin heç özü də bilmirdi). “Birdən – dedi, – birdən” və bunu deyə-deyə Canəli müəllimin içində elə bil nəsə tel nazikliyində bir şey o saatca yandı – yanıb, bir andaca kül oldu, kül olub soyuya-soyuya dağılıb, tezcə də yoxa çıxdı. O telefonun üstünə Canəli müəllim ürəyində ağı deyib Mahrux arvadı çağıra-çağıra getdi. Dəstəyi qaldırıb yazıq-yazıq “bəli” dedi və onun telefonda eşitdiyi səs Buzbulaq adamının səsindən son dərəcə fərqli olduğundan, elə o səsi eşidən kimi də Canəli müəllimin ürəyi yerinə gəldi: onu institutda qəbul imtahanı götürməyə çağırırdılar (görən, gün hardan çıxmışdı!). Səs qız səsi idi: filan saatda, filan qrupda, filan fəndən... Canəli müəllim dəstəyi yerə qoyub, gözucu qonşu qıza baxdı. Qız, bu yayın əvvəlindən Bakıda birdən-birə dəbə düşmüş, uzun, güllü paltarında dayanıb, sirli-sirli Canəli müəllimin üzünə gülümsəyirdi. Canəli müəllim də qızın üzünə gülümsədi və mənzildə ayrı adam olmadığını qonşu qızın elə gözlərindəcə oxuyub, daha burda dayanmağı məqsədəuyğun hesab eləmədi. Canəli müəllim öz otağına qayıdıb, (bir stolu və bir-iki stulu çıxmaq şərti ilə) bu otağın yeganə mebeli sayıla biləcək paltar şkafının aynasının qabağında dayandı. Canəli müəllim o aynada özünə baxdı və elə bil o aynanın harasındasa bir müddət qonşu qızın uzun donunu da gördü, çünki o donun üstündəki xırda-xırda, qırmızı-qırmızı güllər Canəli müəllimə yaman tanış gəlirdi. Qonşu qızı o paltarda gördüyü ilk dəfədəncə Canəli müəllim o güllərin nə gülü olduğunu az qala hər gün fikirləşirdi və bu fikirləşməyin axırı hər dəfə eyni bir nəticə ilə qurtarırdı: Canəli müəllim yaddaşının korlandığını düşünüb ürəkdən kədərlənirdi.

Bu dəfə Canəli müəllim kədərlənmək istəmədi, çünki zarafat deyildi: ömründə birinci dəfə onu qəbul imtahanı götürməyə çağırırdılar. O qızı da, o donu da, o xırdaca-xırdaca, qırmızı-qırmızı gülləri də Canəli müəllim sanki haradasa o aynanın dərinliyində hələlik rahat qoyub, paltar şkafından aralandı... Filan qrupda, filan saatda, filan fəndən... – Axı, dünya düzəlir, deyəsən, Canəli müəllim, – dedi. Və uzaqdakı tramvay yoluna baxa-baxa sonra Canəli müəllim fikirləşdi ki, Mahrux arvada baş çəkmək üçün kəndə gedəsi olsa, gərək tez getsin, tez də qayıdıb gəlsin, çünki ayın axırlarında, həm burdan bilet alıb Buzbulağa getmək, həm də ordan bilet alıb Bakıya qayıtmaq çətin olacaqdı...

II

– Yox, qardaş, belə yaramaz. Bu təhər fikirləşməyinən sən heç vaxt bir nəticə hasil eləyə bilməyəcəksən. Fikirləşib yorulacaqsan. Yorulub aləmi qarışdıracaqsan. Sonra – yenə təzədən. Sətir başından. Yeni səhifədən... Beləcə, ölənəcən... Ölənəcən bilməyəcəksən ki, fikrin nədir, azarın nədir. Əgər bacarıb, bu fikir-xəyalətin daşını birdəfəlik atsaydın, əlbəttə, lap əla olardı. Amma madam ki, bunu eləmək əlindin gəlmir, onda, heç olmasa adam ol, bir qədər sistemli fikirləş. Elə fikirləş ki, bundan bir şey çıxsın, bir nəticə hasil olsun. Götür konkret bir məsələni, axıracan fikirləş. Bax, elə bu məsələnin özünü götür: sənə elə gəlir ki, dünya xarab olub, elə deyilmi, qardaş? Belə isə zəhmət çək, papağını qoy qabağına bir əməlli-başlı fikirləş. Fikirləş gör, konkret olaraq, sən bu dünyanın nəyindən narazısan. Bax elə o 1955-ci ildə sən bu Bakı şəhərinə gələndə, bu şəhər indikindən yaxşı idimi? Əgər yaxşı idisə, nəyi yaxşı idi? Allahın beş metrə çitindən ötrü camaat az qalırdı bir-birini qıra... Sən bunu öz gözünlə görmüşdünmü? Görmüşdün. Belə isə bəs indi hər hansı bir “importnu” şey üstündə camaatın mağazada dava salmağı niyə sənə bu qədər yer eləyir? – Canəli müəllim küçənin o başından gələn güllü donlu qızlardan birini qonşu qıza oxşadıb, fikrinə bir anlığa ara verdi, amma fikrin yayınmağına yol vermədi. – Düzdür, – dedi, – o hay-həşirdən, o vurhavurdan sonra, günlərin bir günü o adamlar o “importnu” paltarı əyinlərinə geyib, insan ləyaqətinin, insan mədəniyyətinin və üstəgəl insan gözəlliyinin ən son nailiyyətlərini bu şəhərin küçələrində nümayiş etdirməyə çıxanda sən istər-istəməz çaşırsan. Və sən belə şeylərdə ona görə bu qədər çaşırsan ki, bu adamların o “importnu” paltar, ya ayaqqabı növbəsində – dünən, srağagün, ya elə bircə saat bundan əvvəl insan murdarlığı, insan vəhşiliyi və insan eybəcərliyinin də ən yeni formasını nümayiş etdirən həmin adamlar olduğunu heç cür beynino sığışdıra bilmirsən. Sənə elə gəlir ki, bax o qırmızı lentli maşında, o qarasaç, qarakostyum oğlanla yanaşı, indicə ZAQS-dan çıxıb, – əlində gül dəstəsi – “26-lar” bağındakı o heykələ doğru gedən şux donlu, şux sifətli o göyçək qız da bir vaxt o növbələrin birində saatlarla dayanıb. Sənə elə gəlir ki, o qarasaç, qarakostyum oğlan da haçansa haradasa bir vaxt nəsə insan adına yaraşmayan bir iş görüb: ya kiməsə yaltaqlanıb, ya kimisə aldadıb, kiməsə yalan deyib... Bəli, sənə belə gəlir, Canəli müəllim. Və elə buna görə də sən o qızla o oğlanın bugünkü sevgisinə də, sabahkı ailəsinə də, sonrakı övladlarına da və nəhayət, onların o heykəlin qarşısına qoyduqları o güllərin özünün də əsl gül olduğuna şübhə eləyirsən. Sən söz yox ki, çox şeyi şişirdirsən. Bu, düzdür, bu öz yerində. Amma şişirtsən də, şişirtməsən də, fakt budur ki, sən belə fikirləşirsən. İndi gördünmü sistemli fikirləşməyin xeyri nədir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов