Tənha narın nağılı
Страница 7 из 19 · 32%
Böyük yolun kənarı ilə küçə enişinə su axırdı. Görəsən, bibimin dediyi su arxı bu idimi? Əgər bu idisə, Mərcan xalanın dükanına getmək üçün niyə mən yuxarıdan dolanıb gəlməli idim? Bu arxı adlamağa nə vardı ki?..
Böyük yolun ortasında adamlar dolanırdı: göyərti satırdılar, siqaret satırdılar. Ara-sıra gelib keçən maşınlar elə bərkdən fit verirdi ki, adamın qulağı batırdı, elə bil sürücülər fit verməkdən həzz alırdı. O yanda, arxın qırağında oturmuş başmaqsilən kişi elə bil şotkaları taxtaya çırpmaqdan həzz alırdı: hərdən o qışqırırdı da. Arxın qırağındakı tut ağaclarının başına doluşmuş uşaqlar da ucadan çığırışırdılar: ağaclarda o qədər uşaq vardı ki, tutların gövdəsi az qalırdı yerindən qopsun. İçinə sement salınmış ağ arxdan sarımtıl su axırdı, suyun qırağında bir neçə cavan oğlan elə-belə, boş-bekar oturmuşdu. Boş-bekar oturanların ikisi başmağını çıxardıb, ayağını suya sallamışdı. Onlar yoldan keçən qızların dalınca baxırdılar. Onlar gözlərini corabsız qızların ayağına zilləyirdi və corabsız qızlar, bayram vaxtları bizim klubun səhnəsinə çıxan məktəbli qızlar kimi, bir nöqtəyə baxa-baxa dümdüz gedirdilər, elə bil kənara baxsaydılar, əzbərlədikləri söz yadlarından çıxacaqdı.
Qızların hamısı yuxarıda, böyük ağ binanın üstündə Kreml bürcünə oxşayan bürcün başındakı ulduza baxa-baxa gedirdi. Yəqin ki, o ulduza, o bürcə, bir də onlardan azca aralıdakı, ağzı bazara sarı olan radioya görə bura şəhər deyirdilər. Orada, lap Kreml bürcündə olduğu kimi, saat da vardı. Özü də, deyəsən, işləyirdi. Ancaq nə qədər baş sındırsam da, mən saatın neçə olduğunu yəqin eləyə bilmədim.
Mən yolun o biri tərəfinə keçdim. Arxın qırağında bir az dayandım. Mən o arxdan, istəsəm, gözüyumulu tullanardım, ancaq bibimin xatirinə bunu eləmədim. Mən, bibimin xatirinə, uzaqdan hərlənib çörək dükanının qabağına gəldim. İçəridə Mərcan xalanın səsi eşidilirdi. Dörd səfil-sərgərdan it qapının qabağında durmuşdu, onlar hər çörək alanın dalınca qaçırdılar. Mən qapıda dayanıb o vaxtacan gözlədim ki, çörək qurtardı, dükandan çıxmaq istəməyən adamları Mərcan xala zorla çölə çıxartdı. Mərcan xala çörək qırıntılarını piştaxtanın üstündən süpürüb itlərin qabağına tökdü, dükanın qapısını iri açarlarla üç yerdən bağladı və dönüb getmək istəyəndə məni gördü. Mərcan xala məni görəndə nə dedi, nə soruşdu – unutmuşam. Bircə orası yadımdadır ki, məni görən kimi onun ağ kəlağayısının altından yarım kömbə ağ çörək yerə düşdü və bizi dövrəyə almış itlər çörəyə dəymədilər. Mərcan xala çörəyi götürüb öpdü və yenə də kəlağayısının altında gizlətdi. Orası da yaxşı yadımdadır ki, itlər qabığı soyulmuş, budaqları qırılmış bir ərik ağacının yanınacan bizim dalımızca gəldilər. Orada Mərcan xala itləri qovdu və onlar üzüyolalıqla çıxıb getdilər. Dörd it idi. Üçü arıq, çirkli, naxoş. Dördüncü it o birilərə heç bənzəmirdi: iri və sağlam it idi, elə bil çoban sürüsündən indicə ayrılıb gəlmişdi.
Həmin ərik ağacının dibindəcə mən bibimin məktubunu Mərcan xalaya verdim. O, məktubu alıb qoltuğuna qoydu və biz sarı sulu arxın qırağı ilə yolumuza davam elədik. Mərcan xala tez-tez gedirdi. Danışmırdıq. Ancaq hər bir neçə addımdan sonra Mərcan xala dillənirdi: “Sadıq bala, necəsən?”. Yoldan keçən adamların hamısı Mərcan xalaya salam verirdi. Mərcan xala onların salamını alırdı və yana çevrilib mənim üzümə gülümsəyirdi: “Sadıq bala, necəsən?” O, əyninə sarı çitdən don geymişdi, ayağında dikdaban tufli vardı, gedə-gedə açarları cingildədirdi və bu cingiltidən mənim xoşum gəlirdi. Mən sevinirdim. Mərcan xala da sevinirdi. Onun ayaqlarına baxa-baxa mən Mərcan xalanın kənddə qar üstündə necə sürüşdüyünü xatırlayırdım. Mərcan xalaya “qəhbə” deyənləri qorxutmaq üçün Azərlə gəzdirdiyimiz dəmir yadıma düşürdü. Mənə elə gəlirdi ki, əgər bu açarlar o vaxt Mərcan xalanın əlində olsaydı, əgər onda da Mərcan xala sarı çitdən don geysəydi, ayağında dikdaban tufli, başında ağ kəlağayı olsaydı, heç kəs ona pis söz deməzdi, hamı ona salam verərdi.
Mən haraya getdiyimi bilmirdim, ancaq o gedişlə bütün günü getməyə razı idim. O anda dünya boz, zalım və qəzəbli deyildi, çünki Mərcan xalaya salam verən adamlar mənim də üzümə xoş sifətlə baxırdılar. Mən istəyirdim ki, yol qurtarmasın, bu şəhərdə nə qədər adam var, hamısı Mərcan xalaya salam versin və mənim üzümə gülümsəsin.
Sonra bir cavan qadın yadıma düşür, çünki o qadın qapıları taybatay açıq olan bir alçaq damın qabağında dayanıb bizə gülümsəyirdi. O qadının qəşəng, ağappaq əlləri vardı və biz taybatay açıq olan qapılardan içəri girəndə o əllərlə qadın mənim başımı sığalladı. Sonra o ağ əllər, içəridə bir-birinin yanına düzülmüş, ağ örtüklü stollardan birinin üstündə gəzdi və biz həmin stolun dalında oturduq. Orası da yadımdadır ki, bircə həmin stolun üstündə bankanın içində solmuş ağ yasəmən vardı, qalan stolların üstü boş idi.
Mərcan xala çörəyi kəlağayısının altından çıxartdı. Böyük açar dəstəsini də stolun üstündə çörəklə yanaşı qoydu. Qadın ağ, qəşəng, təmiz əlləri ilə çörəyi parça-parça qopardıb çini boşqaba yığdı və o, xörək gətirməyə gedəndə Mərcan xala bibimin məktubunu qoltuğundan çıxarıb oxumağa başladı.
Görəsən, necə olmuşdu ki, mən bibimin o məktubu Mərcan xalaya çörək üçün yazdığını yəqin eləmişdim, bəlkə də burda müqəssir mən deyildim, evimizdəki, unu boşalmış dağarcıq idi. Əgər o dağarcığın dibində heç olmasa bir kilo un qalmış olsaydı, mən belə şeyi ağlıma gətirməzdim, əvvəldən bilərdim ki, məsələ nə yerdədir. Axı bunu bilməyə nə vardı ki, Nabat xala bizə salam vermirdi, Sədəf bacı bizi danışdırmırdı, Yaqub öz yanından həyətimizi belləyib əkməyə başlamışdı və o bellənmiş, əkilmiş torpağı görməmək üçün bibim az qalırdı həyətdən didərgin düşsün. Deməli, şüşələr salınan gün bibim pəncərə qabağında gəzə-gəzə bunu fikirləşmişdi. Fikirləşmişdi ki, kənddən qaçsın. Mən bunu Mərcan xala ağzını açan kimi başa düşdüm: “De gəlsin, işə nə var!”.
Mərcan xala özgə bir söz demədi. O, məktubu qatlayıb təzədən qoltuğuna qoydu. Təkcə kolxoz barəsində o məndən nəsə soruşdu: “Kolxozun bərəkəti qaçıb”, – dedim və o saat hiss elədim ki, bunu kimdənsə eşitmişəm.
Mən o yeməkxanada nə yediyimi çoxdan unutmuşam. Ancaq oradan çıxarda o gülərüz qadının başıma bir də sığal çəkməyi indiki kimi yadımdadır. Mən xəyalımda o əlləri öpə-öpə bazara qayıdanda gördüyüm böyük bazar küçəsi də yadımdadır – elə bil bir saatda bütün bazar ölmüşdü. Bir saatda bütün səslər kəsilmişdi, bircə radioda oxunan mahnı eşidilirdi, Göy satanlar, papiros satanlar səkilərin üstünə yayılmışdı: bayaq arxın qırağında boş-bekar oturan oğlanlar da indi elə bil özlərinə iş tapmışdılar. Çəkməsilən indi başmaq şotkalarını şaqqıldatmırdı, o öz taxtasına söykənib səssiz-səmirsiz oturmuşdu və radioda oxunan qəmli mahnının ahəngi ilə daz başını tərpədirdi. Hətta orası da yadımdadır ki, ağ xələtli bir dəllək əlində ağ aftafa üzüaşağı – ayaqyoluna tərəf gedirdi və o qədər sakitlik idi ki, onun sürüdüyü şapşupların yumşaq şappıltısı aşkar eşidilirdi.
Sonra, yaxşı yadıma gəlir ki, o gün Yaqub bazardan bizim üçün yarım kilo qoyun əti almışdı. Bir şey də almışdı – yadımda deyil, Ancaq biz kəndə qayıdanda yolda Yaqubla elədiyimiz söhbət də yaxşı yadımdadır: mən vedrəni dağın başınacan dalımda aparmağımı bibimə deməyəcəkdim. Ona görə deməyəcəkdim ki, biz kişi idik, bibim arvad idi və arvad deyilən məxluq heç vaxt kişinin sirrini bilməməli idi. Arvad deyilən məxluqda toyuq ağlı vardı və onu vaxtlı-vaxtında vurmasan, bu toyuq ağlı da başından çıxıb gedərdi... Həm də Yaqub dediyi sözlərin çoxunu mənim atamın adından deyirdi və hər kəlməbaşında bir kolu, yaxud bir daşı misal çəkirdi. O kollara, daşlara baxanda məni vahimə basırdı, çünki Yaqubun sözündən elə çıxırdı ki, bu yoldakı hər kolun və hər daşın dibində atam ona arvad döyməyin bir qaydasını öyrətmişdi. Guya mən anamın boynunda olanda bax o əzgil kolunun yanındaca atam Yaquba demişdi ki, qızım olsa bələkdəcə boğacağam və anam ölən günün səhərisi Yaqubla bazara gedəndə “o nər kimi kişi” bax bu yastı daşın dibindəcə yerə sərilib hönkür-hönkür ağlamışdı. Əgər arvad toyuq kimi bir şey idisə, görəsən anamdan ötrü atam niyə o daşın dibində yıxılıb ağlamışdı – belə şeylərdən baş çıxarmaq çətin idi. Mənə elə gəlirdi ki, anam bu sözləri eşidib, qorxusundan ölmüşdü və mənim ona bərk yazığım gəlirdi. Yaqubla rayondan qayıdanda heç vaxt görmədiyim anamı mən yeməkxanadakı gülümsəyən qadına bənzədirdim və yol boyu onun ağ, qəşəng əllərini öpürdüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-tenha-narin-nagili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Стихи других поэтов
Ey balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Sındır qanadımı, qırıq simlərdəSındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı