Страница 2 из 2 · 50%

Və o payız da keçdi, soyuq bir qış gəldi o həyətin xəzəli qalın qarın altında qaldı, o uzun qış günlərinin birində də hava müsaidə etmədi ki, Şərəfbəxş həyətə çıxsın, bütün fəsil boyu evdə oturub, yalnız pəncərə şüşəsinin arxasından dünyaya tamaşa eləyə bildi, o qoca armud ağacının çılpaq budaqları qarda, çovğunda üşüyə-üşüyə, nəhayət, yenə yaza çıxdı, yüz il əvvəl olduğu kimi, o budaqlar yenə təzə-tər çiçəklədi, yarpaqladı, o çiçəklər yavaş-yavaş bəhərə çevrilməyə başladı, yay gəldi və o yay gecələrindən birində Şeyx Mustafa Şərəfbəxş həzrətləri yenə də o armud ağacının altında oturub, belini mütəkkənin üstündən ağacın yoğun gövdəsinə söykəmişdi və ötüb keçmiş doxsan bir ilin mane ola bilmədiyi bir uşaq marağı ilə göyə baxırdı və tərtəmiz göy üzü yenə də ulduzlarla dolu idi və Şeyxin o təbəssümü yenə dodaqlarında idi, o təbəssümdə yenə də bir heyrət əlaməti var idi, eyni zamanda, o heyrətlə bərabər, bir vəcd də var idi, hətta o təbəssümdə bir minnətdarlıq da oxumaq mümkün idi: qoca kimə minnətdər idi? Nəyə minnətdar idi? O aya, ulduzlara? O aydınlıq yay gecəsinə? O ağaclara, gül-çiçəyə? Nəyə? Kimə? Nə üçün?

... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...

Və bu dəfə ilkin olaraq qoca özü başını çevirib evə tərəf baxdı (gəlişi heç bir səs eşitmədən duydu) və gələnin kim olduğunu soruşmadan:

– Buraxın, gəlsin, – dedi.

O adamın addımlarında bir zindan ağırlığı var idi və o ay işığındaca o adamın üzülmüş, yorğun sifətinə nəzər salmaq kifayət idi ki, həmin zindan ağırlığının onun bütün içinə yığıldığını başa düşəsən: o adamın cod və qıvrım saçına, qalın saqqalına düşmüş dən keçən yaydan bu yaya qədər bütün sifətinə, başına yayılmış, qaranı tamam üstələmişdi və o adamın iri, kobud və döyənəkli əlləri nə qədər qətiyyətdən, gücdən, bacarıqdan xəbər verirdisə, saçının, saqqalının bu ağlığı, gözlərinin yorğunluğu bir əlacsızlıqdan, hətta yazıqlıqdan deyirdi.

Şeyx həzrətləri ilk görüşlərində olduğu kimi, bu dəfə də hüzurunda dayanmış o adamın gözlərinin içinə baxdı və yenə də o adama elə gəldi ki, Şərəfbəxşin nəzərləri onun beynini dəlib arxa tərəfi də görür, amma o adam daha şaşırmadı, əksinə, elə bil ki, bütün bu müddət ərzində var gücünü toplayıb içində cilovladığı kin-küdurət, dünyanın ədalətsiz işlərinə qarşı qəzəb, Allahsız əməllərə etiraz qocanın hər şeyi dəlib keçən o nəzərlərindən sonra, birdən-birə təlatümə gəldi, dəli bir ehtirasla püskürdü və o adam günün altında yanıb-qaralmış cod dərili boğazının şişmiş damarları ilə axıb gələn çılğınlığı boğmağa çalışa-çalışa və nəfəsi darala-darala:

– Mən bıkdım daha, ya Şərəfbəxş! – dedi. – Mən bıkdım! Mən yoruldum! Mən daha dözə bilmirəm! Mən daha özümü saxlaya bilmirəm! Mən o qonşuya yaxşılıq elədim! Yaxşılıq dalınca yaxşılıq elədim! Amma o yenə də pislik edir! Pislik dalınca pislik edir! Mən daha yoruldum! Bitdi artıq hər şey!

Və o adamın sözlərindən sonra o həyətə elə bir sükut çökdü ki, o qoca armud ağacı, elə bil, aydınlıq gecədə yox, o sükutun içində, o sükuta bürünüb donub qalmışdı və bircə yarpağını belə tərpətməyə ehtiyat edirdi. O adam üçün isə, həmin sükutun arxasında bütün içində qaynayan, əlbəyaxa olan, buraxılmaq, azad olmaq istəyən hisslər aləmi dayanmışdı və o hisslər aləminin o qədər cilovsuz olması, baxımsızlığı o adamın özünün də ürəyini döyündürürdü. Həmin ürək döyüntüsü o sükut içində aydınca eşidilməyə başladı və elə bil ki, fəlakətdən xəbər verdi.

Şeyx Mustafa Şərəfbəxş göy gözlərini o adamın gözlərindən çəkdi, əvvəlcə, elə bil, hara baxacağını bilmədi, cürbəcür ölçülü hamar çay daşlarından səliqə ilə hörülmüş hasar boyunca ağacları bir-bir nəzərdən keçirdi, sonra yenə o adamın gözlərinin içinə baxdı və keçən yaydan bu tərəfə o bir ilin də təsir edə bilmədiyi şövqlü və mülayim səsi ilə:

– Necə olur ki, – soruşdu, – qonşun pislik eləməkdən yorulmur, amma sən yaxşılıq eləməkdən yorulursan?

O qoca armud ağacı indicə büründüyü o sükutu özündən kənara atdı, əsib gələn yüngül meh o bağçadan ötdükcə ağacın yarpaqları da yüngülcə xışıldadı.

Və ömrü boyu (bütün ömrü boyu! Axıra qədər!) yaxşılıq eləməyə məhkum olmuş o adam ağır addımlarla həyətdən çıxdı.

Göyün üzü isə bir il əvvəlki kimi, get-gedə, elə bil, daha da təmizlənirdi, şəffaflaşırdı, ulduzlar daha da artırdı, sayrışırdı və Şeyx Mustafa Şərəfbəxş bu dünyada doxsan bir il keçib gəldiyi ömür yolundan o uzaq ulduzlara baxa-baxa yenə ləçəyə qonan, sünbüldən sünbülə uçan və ömrü cəmi bircə gün olan kəpənəyi yadına saldı...

20 fevral 1992.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов