Страница 1 из 4

Tolik soruşdu ki, dağ papiros çəkər? Dedim ki, yox, papirosu adam çəkər. Dedi ki, düz demirsən, meymun da papiros çəkir, özüm televizorda görmüşəm. Dedim ki, meymunu da adamlar öyrədib papiros çəkməyə. Mən soruşdum ki, axı, nə dağbazlıqdır salmısan, dağ niyə papiros çəkməlidir? Əlini uzadıb dedi ki, ode, bax də, görmürsən dağ papiros çəkir?

Doğrudan da, əcəb papiros çəkirdi Qafqaz sıra dağları: buludlardan qullab-qullab alıb üzük-üzük buraxırdı başının üstündən.

– Papa, gördün?!

Tolik yüz faiz qələbə qazanmışdı – dağları da adam öyrədə bilməzdi ki, papiros çəksin, dağ nə boyda, adam nə boyda – indi gəl yaxanı Tolikin əlindən qurtar görüm necə qurtarırsan; ay bacardın ha!

– Papa, gördün?!

Axırı ki, birdəfəlik mənə «papa» dedi, «ata»nı tulladı bir tərəfə, necə ki, mən birdəfəlik «Təhməz»i tullamışam, «Tolik» deyirəm. Bir də ki, nə fərqi var, guya, «Təhməz» deyəndə nə olacaqmış.

– Papa, görmürsən bəyəm?!

Əlbəttə, mən desəydim ki, görürəm, o saat soruşacaqdı ki, bəs, necə olub adamlar dağa papiros çəkmək öyrədib, dağların bəyəm ağzı var papiros çəksin, hansı papirosdan çəkirlər və s. Dedim ki, gedək qayıq götürək, göldə avar çəkək özümüzçün, kef eləyək. O saat papiros çəkən dağı yadından çıxartdı, əlimdən tutub gölə tərəf dartdı, sonra birdən dayandı ki, axı, mamam deyib gölə getmək olmaz. Dedim ki, elə edərik maman bilməz, heç birimiz ona demərik.

Sürəyya şübhəsiz biləcək – Tolik özünü saxlaya bilməyib, həmişəki kimi, ona deyəcək – Sürəyya da həmişəki kimi, düşəcək üstümə ki, indidən uşağın tərbiyəsinə xələl gətirirsən, onu saxtakarlığa öyrədirsən, mən deyirəm ki, gölə getmək olmaz, xatadır, sən aparırsan, bütün pedaqoji metodlara biganəsən, çünki siniqsən. Mən ha, mən siniqəm. Təbrik edirəm səni, yoldaş sənətşünaslıq namizədi Sabir Məlikov, daha məqalələrinin altında camaatın gözünü döyənək eləmiş imzadan yaxanı qurtara bilərsən, Sabir Məlikov yox, təxəllüslə: Sabir Siniq.

Əlbəttə, bütün bu boş şeyləri öz-özümə fikirləşirəm, Sürəyyaya belə şeyləri demək olmaz, mənası da yoxdur, çünki cavabı əvvəlcədən məlumdur: «Radi boqa, ne ostroumniçay, ne podxodit».

Saatımı bilet köşkündə girov qoyub qayıq üçün nömrə götürdüm: 13. Çox rəmzi nömrədir. Niyə rəmzidir – orasını Allah bilir, mənim indi dərinliyə getməyə həvəsim yoxdur, nə həvəsim, nə də imkanım; imkanım niyə – bunu da Allah bilir.

Bu yay ilk dəfə idi göldə avar çəkirdim, ilk dəfə deyəndə ki, cəmi bir həftədir gəlmişik Kislovodska, amma elə bil bir həftənin özündə də birinci dəfə avar çəkmək bir o qədər çox deyil, çünki yaşadığımız «Avtopansionat» bu süni gölün kənarındadır.

Əvvəllər gündə neçə dəfə avar çəkərdim bu göldə, hələ heç pansionatda yaşamadığım vaxtlar, atamgillə gəldiyimiz yaylar, o vaxtlar ki, hələ Tolik dünyada yox idi və mən də kulturizmlə məşğul olmaq istəyirdim, hərçənd içindən bir şey çıxmadı.

Bir vaxt var idi, Tolik dünyada yox idi, heç kim bilmirdi ki, belə bir adam olacaq dünyada, mən var idim, indi Tolik də var; bir vaxt mən olmayacağam dünyada və bir vaxt Tolik də olmayacaq dünyada.

Tolik soruşdu ki, bəyəm mamam sənə deməyib fit çalma? Dedim ki, deyib, əlbəttə. Soruşdu ki, bəs, niyə fit çalmağa başladın? Dedim ki, üzr istəyirəm. Xoşbəxtlikdən soruşmadı ki, üzr istəyirəm nə deməkdir; yəqin əvvəllər soruşub, başa salmışam.

Sonra sahildəki taxta çətirləri göstərib soruşdu ki, papa, onlar nədir elə? Əlbəttə, desəydim ki, adamlar gündən qorxurlar, gedib o çətirlərin altında otururlar, soruşacaqdı ki, adamlar niyə gündən qorxurlar, desəydim ki, gün adamı yandırır, soruşacaqdı ki, niyə və s. Soruşdum ki, indi soyunub bu suda çimərdin, ya yox? O saat taxta çətirləri yadından çıxardıb başını tərpətdi – yəni ki, yaman çimərdim – amma yaman da məlul-məlul tərpətdi, çünki bilirdi ki, real söhbət deyil bu.

Sürəyya ilə də ilk dəfə, bax, həmin sahildə görüşmüşdük, yeddi il bundan əvvəl. Nazik, hündür qız idi onda Sürəyya, iri, göy gözləri var idi. Elə deyirəm, elə bil indi gözlərinin rəngi dəyişib; indi də iri, göy gözləri var Sürəyyanın. Onda da atasıgillə bu pansionatda yaşayırdı, mən atamgilin şəhərdə kirayə tutduğu evdə qalırdım. İndi mən də hər yay bu pansionata düşürəm: düz altı ildir ki, hər yay ay yarım bu pansionatda yaşayıram – bir ay məzuniyyətim, yarım ay da öz hesabıma. Gələcəkdə bir memorial lövhə vurmalıdırlar «Avto-pansionat»ın qabağına: görkəmli sənətşünaslıq namizədi Sabir Siniq altı il yay aylarını burada yaşamışdır. Altından da doğulduğum və öldüyüm il: (1937-19 filanıncı il). Niyə min doqquz yüz filanıncı il, bəlkə iki mininci ilə qədər yaşayacağam?

Bu yay yalnız özümüz gəlmişik, yəni mən, Sürəyya və Tolik. Sürəyyanın atasıgil Bakıda qalıblar, kiçik oğlanları Dəmir bu il instituta girir. Bizimkilər Buzovnadakı bağımızda qalmalı oldular. Biz də gəlib yenə pansionata düşdük. Bayaq Sürəyyaya da cavab teleqramı vuranda yaxşı eləmədim deyəsən, necə olsa da, matəmdədir.

Səhər Sürəyyadan teleqram gəldi, indi də cibimdədir: Priletela bloqopoluçno tçk zdes ujasno tçk posle zavtra budu tam tçk Çeluyu vas tçk jdu vaşeqo otveta = Sura mama.

İki müəllifin ikisi də Sürəyya özü idi: biri, yəni Sura, mənim üçün nəzərdə tutulmuşdu, ikincisi, yəni mama, Tolik üçün, hərçənd bu teleqramdan Tolikin xəbəri yoxdur. Xəbər tutsa, başlayacaq sorğu-suala, mən də heç vaxt onu başa sala bilməzdim ki, tetya Fira, yəni Firəngiz ölüb. Necə yəni ölüb?

Bu «Avtopansionat»ın rəisi mən gözümü açandan yüz ildir ki İosif Samoyloviç Bass adında kürən bir kişidir. Yüz ildir ki də, üzündəki eyni təbəssümlə, eyni məlul hərəkətlərlə, həmişə bir şey uman gözlərilə gələnləri qarşılayır, gedənləri yola salır. Mən də bayaq nahardan sonra Toliklə poçta girib Sürəyyaya belə bir cavab fototeleqramı vurdum:

Köhnə hamam, köhnə tas,

Köhnə pansion, köhnə Bass.

Oxuyub yəqin deyəcək ki, əlbəttə, siniqlər bundan artıq nəyə qadir ola bilərlər. Öz-özünə deyəcək, ikimizin söhbətini başqasının yanında edən deyil, lap atası olmur, anası Müşgünaz xanım olsun.

Yaxşı eləmədim, necə olsa da, Sürəyya matəmdədir.

Bayaq qayıqdan ötrü girov qoyduğum saatın yeri biləyimdə ağappaq ağarırdı; saat yoxdur, yeri ağarır. Firəngiz də ölüb, Firəngiz də yoxdur. Hər şey əvvəlki kimidir, həmin od, həmin hava, həmin torpaq, həmin su, təkcə Firəngizin kiçicik yeri boşdur, amma bunun nə oda, nə havaya, nə torpağa, nə suya dəxli var, bunun heç nəyə dəxli yoxdur; əgər köşkdə biletsatan arvad saatımı itirsə, bir neçə gün saatsız qalsam, gün bu ağappaq ağaran yeri elə qaraldacaq ki, heç ruhu da inciməyəcək; Firəngizin də yoxluğu yox olub gedəcək tədricən. Niyə? Niyə? Niyə?

Tolik yenə sahildəki taxta çətirləri göstərib soruşdu ki, papa, onlar nədir elə? Mən də dedim ki, istəyirsən sən də gəl otur yanımda, yapış avarların birindən, birlikdə avar çəkək. Tolikin gözləri güldü, bic-bic güldü, elə bil başa düşdü ki, sualını azdırıram, sonra əlimdən yapışıb gəlib yanımda oturdu və birlikdə avar çəkməyə başladıq.

Tolikin gözləri Müşgünaz xanımın gözlərinə oxşamışdı.

Süni gölün süni sahilindəki taxta çətirlər bu süniliyin rəmziymiş kimi bir-birlərinin dalınca düzülmüşdülər, arxada isə Qafqaz sıra dağları görünürdü və bu təzad elə idi ki, elə bil Qaçaq Kərəm əlinə portfel alıb nəşriyyata gedir.

Bir dəfə – deyəsən, keçən il idi – Kislovodskinin parkında gəzişəndə Sürəyya ayna kimi şəlaləni göstərib dedi ki, necə də gözəldir, çayın qabağını necə də məharətlə kəsib şəlalə düzəldiblər. Mən də dedim ki, çox gözəldir, elə bil Koroğlu əlinə çətir götürüb yağışdan qorunur. Sürəyya da o saat bikeflədi, dedi ki, bütün ili işləyib pul düzəldirik, istirahətə gəlirik, amma burada da hər bir gözəlliyə, hər bir ürəkaçan şeyə göz yumursan, istehza edirsən. Əlbəttə, mən Sürəyyanı başa sala bilməzdim ki, qarşısı süni surətdə kəsilib süni surətdə ayna – şəlalə düzəldilmiş çay heç vaxt mənim ürəyimi açmaz, əgər əksinə deyilsə. Başa sala bilməzdim, ona görə ki, axı, şırhaşır axan dağ çayının kənarında da Sürəyya məni «gözəlliyə, ürəkaçan şeylərə» göz yummaqda təqsirləndirib, haqqı da olub, amma yəqin məsələ burasındadır ki, mən təbii bir şeyə də süni sevinə bilmirəm; mən özüm özümü sevindirə bilmirəm, bax, bunu başa sala bilmərəm Sürəyyaya, çünki heç özüm də başa düşmürəm ki, bu nədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Baladadaşın ilk məhəbbəti

Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.

25 мин
Günlərin bir günündə

1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.

22 мин
Qış nağılı

Novruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.

23 мин
Bu dünyada qatarlar gedər

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.

13 мин

Стихи других поэтов