Beş qəpiklik motosikl
Страница 4 из 4 · 75%
Deməli, heç birimizin arzusu həqiqətə çevrilməyib: bəs niyə mən sizin kimi deyiləm, niyə sən futbola stadionda baxırsan, mən televizorda, niyə sənə elə gəlir ki, məni ətalət basıb, amma mən səndə bir nikbinlik, bir enerji görürəm, niyə Fira mənə həvəssiz adam deyir, mən ki, Oleq Popovu əvəz edə bilirdim onun üçün?
Ona görə mən siz deyiləm ki, o zaman sizin arzularınız həqiqi arzular idi, hərçənd özünüz özünüzü aldatmadığınıza inanırdınız, mənim arzum isə yalançı idi.
Ona görə mən siz deyiləm ki, sizin indi də inandığınız və sevdiyiniz arzular var, həqiqi arzularınız, mən isə... Bu gün heç, bu gün bir müstəsnadır; sabah yenə hər şey öz qaydasına düşəcək, sabah gün saatın yerini qaraldacaq, saat olmasa da, vaxt gün-gün, il-il, əsr-əsr keçəcək.
Hər şey insanın özündən asılıdır, insanın həyatı öz əlindədir, özü öz həyatını dəyişdirə bilər – bunlar hamısı yaxşıdır, amma bütün bunlar üçün gərək həvəs olsun, məndə isə belə bir həvəs yoxdur, çünki bunda heç bir məna görmürəm və bütün bunlar barədə də fikirləşmirəm; fikirləşmirəm ona görə ki, hər gün Firəngiz ölmür.
Tolik dedi ki, heyıf qurtardı kino, sonra dedi ki, gəl bir də baxaq. Mən də dedim ki, sabah gəlib bir də baxarıq, bu gün bəsdir.
Kamal Əcəlsizin qəribə təxəllüsü var, yəni ki, mən əcələ inanmıram, harada qırıldı, qırıldı. Bu özü də elə bir etirazdır, Kamal Əcəlsizin imkanı daxilində olan bir etiraz, hərçənd Fira deyərdi ki,– Fira onu üç-dörd dəfə Tolikin ad günündə görmüşdü – hə, Fira deyərdi ki, bu kişi gərək təxəllüsünü Əcəlsiz yox, Əlacsız qoyaydı.
Fira özü də əlacsız idi, çünki Fira ölüb.
Biz hamımız əlacsızıq, amma gərək öz-özümüzü aldadaq, aldatmasaq, axırı mənim kimi olur.
Mənə nə olub bəyəm?
Yenə təzədən başlayaqmı? Həvəssizsən, həvəssizliyi doğuran arzusuzluqdur, arzusuzluğu doğuran... və s. bayaqkı ardıcıllıqla.
Tolik yenə dedi ki, tez-tez gedirsən.
Əlbəttə, Tolikin yerinə mən də olsaydım darıxardım. Kaş mən də darıxmağı bacaraydım. Bax, bu da altıncı arzu və bu altı arzunun altısı da bir qara qəpiyə dəyməz, təkcə Toliki böyütmək arzusundan başqa, hərçənd bu da arzu yox, sövq-təbii istəkdir, heyvanlarda da var.
Mən darıxmağı bacarsam da, bacarmasam da, dəxli yoxdur, əhəmiyyətsizdir, çünki hər ikisi bacarıqdır: darıxmağı bacarmaq bacarığı və darıxmağı və darıxmağı bacarmamaq bacarığı və hər ikisi boşdur.
Tolik univermağın vitrini qabağında ayaq saxladı. Qıpqırmızı, nikelli motosikl günortadakı kimi vitrində idi. Dayanıb yenə tamaşa etdik.
Tolikin gözlərindən qığılcım yağırdı – elə həsrətlə, elə maraqla baxırdı bu motosiklə. Sonra mənə baxdı, yenə mənə baxdı, dedi ki, gəl bu motosikli alaq. Gülüb dedim ki, nə ilə alaq, hanı pulumuz? Cibindən bayaqkı beşqəpikliyi çıxarıb dedi ki, bude, bununla alaq.
Beşqəpiklik qızıl kimi parıldayırdı.
Əlbəttə, mən bu motosikli ala bilərdim: bütün yayı xərcləyəcəyimiz pul portmanatın içində, cibimdə idi – bəlkə də çatardı. Nədənsə, mənə elə gəldi ki, əgər mən bu motosikli alsam, həmin an mənim həyatımın dönüş nöqtəsi olar. Mən Sürəyyanın da qarşısında cavab verə bilərdim, hərçənd təcili olaraq Bakıya qayıdacaqdıq. Əgər mən bu motosikli alsaydım, heç bir böyük ailə iğtişaşı və yaxud faciə baş verməzdi; əgər bir hadisə – qoy lap faciə olsun, baş versəydi də, deməli, belə olmalı idi. Fəqət bu motosikli almağa, sadəcə olaraq, mənim həvəsim yox idi, çünki artıq hər şey geridə idi, artıq bunun bir mənası yox idi.
Beşqəpikliyi Tolikdən aldım və univermağa girdik. Oyuncaq satılan şöbəyə yaxınlaşıb bir manat əlli səkkiz qəpik verdim və Tolik üçün bir motosikl aldım.
– Niyə doğruçu motosikl almadın?
– Sən böyüyəndə alarıq.
– İndi alardıq, sən sürərdin.
– Axı, mən sürə bilmirəm.
– Niyə sürə bilmirsən?
– Ona görə ki... Yəqin öyrədən olmayıb, ya da... ya da özüm qorxmuşam, ya da... bilmirəm niyə...
– Onda, indi öyrən sürməyi.
– İndi öyrənə bilmərəm.
– Niyə öyrənə bilməzsən?
– Çünki gecdir daha.
Bir az nə isə fikirləşəndən sonra dedi:
– Mən böyüyəndə motosikl sürə biləcəyəm.
– Yaxşı olar, – dedim.
Bu gün Toliki axşam naharı əzabından xilas etdim, Sürəyyanın gözündən iraq. Sonra avtobusa minib geri qayıtdıq, İosif Samolyoviç Bassın hüzuruna.
Köhnə hamam, köhnə tas,
Köhnə pansion, köhnə Bass.
Firanın eyni yoldan zəhləsi gedirdi, hər gün səhər-səhər tutaşırdı Sürəyya ilə. Mən neçə ildir ki, eyni yolla Bassın hüzuruna qayıdıram.
Bu yolu motosikllə də qayıtmaq olardı; sürətlə; eynilik bilinməzdi onda.
Bir də ki, istəyir eynilik bilinsin, istəyir bilinməsin– mənası yoxdur.
...Həmin beşqəpikliyi yadigar saxlayıram, indi də portmanatımın gözündədir: tək-tənha, qızıl kimi parıldayan beşqəpiklik.
Dekabr, 1968.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-bes-qepiklik-motosikl
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.
Günlərin bir günündə1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
Стихи других поэтов
Məni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,