Страница 2 из 4 · 25%

Bir dəfə yeddi bacanaq yola çıxdı, yeddi gün gecə-gündüz bir yerdə yol getdi, axırda gəlib mənzil başına çatanda yeddisi də heyifsiləndi ki, yolda, heç olmasa, bir adama da rast gəlmədik ki, bir-iki kəlmə söhbət eləyək. Gümüş Maliklə Ələkbər də iyirmi ilin bacanağı idi, amma bu yeddi bacanağa oxşamırdılar, həmişə bir yerdə yeyib-içirdilər və bu iyirmi il ərzində bir yerdə Tiflisə, Kislovodska, Odessaya çox kefə getmişdilər; arvadlarını da bir yerdə aldadırdılar, hər halda, dəllal Zübeydədən tutmuş bağban Əsədullayacan kəndin camaatı belə danışırdı və babalı da danışanların boynuna.

Amma bütün bunlarla bərabər, Gümüş Maliklə Ələkbər tamam başqa-başqa adamlar idi. Gümüş Malik nə qədər tez özündən çıxanıydısa, Ələkbər bir o qədər tədbirli idi, Gümüş Malik ağına-bozuna baxmayıb fikirləşdiyini üzə deyən idi, Ələkbər ömründə adamın üzünə bir söz deməzdi və ilaxır. Nə isə, iki bacanaq həmin payız günü çayçı Qəzənfərin çayxanasında oturub hind çayı içirdi.

Çayxana yavaş-yavaş adamla dolurdu.

Əmirqulu kənardan Gümüş Malikə baxırdı və fikirləşirdi ki, arıq adama heç kim hörmət eləmir, amma kök adamın hörməti çox olur, necə ki, Gümüş Malikin hörməti çox idi və necə ki, Əmirqulunun özünün qətiyyən hörməti yox idi, amma əsl məsələ burasında idi ki, heç bir fərqi yox idi, istəyirsən Gümüş Malik kimi, evdə ancaq gümüş qab-qacaq, gümüş çəngəl-bıçaq işlət ki, mədə-bağırsağa xeyirdi və camaat də sənə Gümüş Malik desin, istəyirsən də Əmirqulu kimi, cibində bir qara köpüyün olmasın, əlinə keçəni də apar ver şirin çaxıra, hamısı birdir, bu dünya elə dünyadı ki, nə Gümüş Malikə qalacaq, nə də Əmirquluya.

Əmirqulunun günorta içdiyi iki stəkan şirin çaxırın dəmi yavaş-yavaş keçib gedirdi və ona görə də Əmirqulu həyat haqqında bu cür bədbin fikirlərə dalmışdı.

Bu vaxt Baladadaş çayxanaya girdi.

Əlbəttə, Baladadaşın xəbəri yox idi ki, Əmirqulu bu saat dünyanın işləri barədə fikirləşir və əli ilə şalvarının dalını çırpa-çırpa, çayxanadakı camaatla da salamlaşa-salamlaşa gəlib Əmirqulu ilə üzbəüz oturdu və ən qəribəsi də bu idi ki, Baladadaş özü də dünyanın işləri barədə, dünyanın adamları barədə fikirləşirdi.

Bir az bundan qabaq Baladadaş Bakıdan kəndin yuxarı tərəfində tikilən sanatoriya üçün daş gətirirdi və maşını Binədə aerodromun yanından sürəndə enən və qalxan təyyarələri görüb, Abşeron yollarında belədən-beləyə gedən maşınları görüb fikirləşdi ki, bu dünyada gör nə qədər adam istədiyi yerdə deyil, yəni bu adamlar orda ki olmalıdı, orda deyil, bu adamlar tələsir, ora gedir, bura gedir. Aydın məsələdi ki, Baladadaş enən və qalxan təyyarələri çox görmüşdü, bütün ömrü maşınların arasında keçmişdi (atası Ağababa da sürücü idi), amma bu dəfə elə bil təzə gözlərlə baxdı bu təyyarələrə, bu maşınlara və özü də bilmədi ki, niyə belə baxdı.

Baladadaş baş barmağı ilə «aerodrom» papağını arxadan yuxarı qaldırdı və başını qaşıdı.

Bir il bundan əvvəl Baladadaş da beləcə tələsirdi, bura tələsirdi, bax, bu Abşeronun sahilinə tələsirdi, bax, bu kəndlərinə tələsirdi, gözünü yumub özünü Abşeron yollarında maşın sürən görürdü, Xəzər suyunun şor təmini ağzında hiss eləyirdi. Onda Baladadaş Amur vilayətində əsgərlikdə idi və bu iki il əsgərliyin, üç ay da sürücülük kursunda oxumağın elə bir günü olmadı ki, Baladadaş yuxuda burda dənizdə çimməsin, fikrində qumluğun üstündə ayaqyalın gəzməsin və Amur vilayətinin qışın oğlan çağındakı soyuğunda Abşeron günəşindən od kimi qızmış qum yalın ayaqlarını yandırmasın; Amur vilayətinin o soyuğunda, hər tərəfi bürümüş ağappaq qarında Baladadaş fikrən Abşeron gününün cırhacırında üzüm yeyirdi, əncir dərirdi, barmaqları ilə əzib boşalda-boşalda narın suyunu sümürürdü; bir gün olmadı ki, Baladadaş altı bacısının altısını da – Nailəni də, Firuzəni də, Kəmaləni də, Amaləni də, Dilşadı da, Böyükxanımı da bir-bir gözlərinin qabağından keçirməsin, indi özləri əsgərlikdə olan kiçik qardaşları Ağagülü və Nuhbalanı, atası Ağababanı və Ağabacını, əslinə qalsa, bütün kəndi, lap elə bu Əmirqulunun özünü fikirləşməsin.

Əmirqulu indi Baladadaşla üzbəüz oturub çay içirdi, amma heç ağlına gətirmirdi ki, bax, bu Baladadaş Amur vilayətində əsgərlikdə olanda onu gətirib gözlərinin qabağına və onunla beləcə üzbəüz oturub çay içməyin həsrətində olub.

İndi bir il idi ki, Baladadaş əsgərliyi çəkib qayıtmışdı kəndə və bir il idi ki, Baladadaş Abşeron yollarında 3 nömrəli tikinti idarəsinin təptəzə bir yük maşınını sürürdü, amma dünyanın işləri, doğrudan da, sirri-xuda idi; indi də hərdən Baladadaş özünü Amur vilayətində görürdü, o tərəflərin göz işlədikcə uzanan genişliyi, böyüklüyü bəzən elə bil ki, Baladadaşı Abşeronun üçbucaq sahilinə sığışdırmırdı.

Baladadaş çaydan bir qurtum alıb, armudu stəkanı nəlbəkiyə qoydu və baş barmağı ilə «aerodrom» papağını arxadan yuxarı qaldırıb başını qaşıdı.

– Alə, ay uşaq, yaxın gəl görüm! – Bunu Baladadaşa baxa-baxa Gümüş Malik dedi.

Baladadaş əvvəlcə, elə bil, qulağına inanmadı, sonra Baladadaşın sifəti qaraldı və bunu çayçı Qəzənfər də o saat hiss elədi və fikirləşdi ki, lənət şeytana, axşam vaxtı, müştərinin bu gəlhagəlində burda dava-mərəkə qopmasa yaxşıdı, milisioner Səfər də axşamlar gəlib həmişə burda çay içərdi, indi tərs kimi o da yoxdu.

Baladadaş kəndin sayılan cavanlarından idi və çayçı Qəzənfər də yaxşı bilirdi ki, Baladadaşı camaatın içində bu cür çağırmaq olmaz. Baladadaşa bu cür yuxarıdan-aşağı baxmaq olmaz.

– Noldu, alə? Sənnən döyüləm? – Gümüş Malik dedi.

– Nədi? – Baladadaş güclə soruşdu.

– Maşunun cağdı? – Gümüş Malik soruşdu.

– Sözüvü de.

– Yeri get maşunuvu çıxart, sür bizə, bir az balıq-zad var orda, qoy maşına, apar ver Bakıda bizim uşaqlara. – Gümüş Malikin qızı inişil konservatoriyanı bitirmişdi, fortepiano çalırdı və indi Bakıda ərdə idi, əri bəstəkar idi və Gümüş Malikin gözü həmişə onların üstündə idi və ələlxüsus da bir az içki içəndən sonra o saat uşaqlar Gümüş Malikin yadına düşürdü: gah gedib kürəkəninin, qızının professorlarını, müsabiqələr təşkil eləyən cürbəcür adamları, münsiflər heyətinin üzvlərini tapıb bütün dost-tanışları ilə birlikdə kababxanaya aparırdı, gah bir-bir bu adamların evlərinə baş çəkirdi, əlindən gələn hörməti onlardan əsirgəmirdi, gah, nə bilim, nə eləyirdi. Sonra Gümüş Malik ağır-ağır bir yanını qaldırıb əlini şalvarının cibinə saldı və bir iyirmibeşlik çıxarıb: – Bax, bu iyirmibeşliyi də yapışdıracayam sənün alnuva!

– dedi.

Çayçı Qəzənfər başa düşdü ki, işlər tamam xarab oldu.

Çayxananın camaatı heç cınqırını da çıxarmırdı.

Əmirqulu işləri belə görüb fikirləşdi ki, bir qara köpüyə dəyən dünya deyil bu dünya, niyə səhərdən burda oturub? Buzovnada Nersesin dükanına bir çaxır gəlib ki, lap seyidi çağır, gəlsin içsin; durub çayxanadan əkildi.

Baladadaş ayağa qalxdı, əli ilə şalvarının dalını çırpdı və gəlib Gümüş Maliklə Ələkbərin qabağında dayandı və:

– O iyirmibeşliyi apar yapışdır oğraş kürəkənüvün alnına, qızıvun da başını vur onun başına! – dedi.

Baladadaşın dediyi bu sözlər çox ağır sözlər idi.

Gümüş Malikin axırıncı qurtumu boğazında qaldı, sonra Gümüş Malik, elə bil, ayıldı və elə bil, kimlə danışdığını, necə danışdığını və harda danışdığını indi başa düşdü, başa düşdü ki, indi elə bir məqamdı ki, Baladadaşın sözünün üstündən söz demək olmaz, «aerodrom» papağın altından baxan bu gözlərdən bu saat cin yağırdı, bu şümal oğlanın bütün bədəni bu saat elə bil yay idi, dartılmışdı və himə bəndiydi; Gümüş Malik ətli gözlərini Baladadaşdan çəkib bir-bir çayxanada oturmuş camaata baxdı və təkcə bunu dedi:

– Nolar, qədeş, sənin də mənə işün düşər!..

Baladadaş:

– Mənim sənün kimisinə işim düşməz! – dedi.

Səhərdən bəri səssiz-səmirsiz oturmuş Ələkbər həyəcandan titrəyən nazik barmaqları ilə tutduğu stəkanı nəlbəkiyə qoydu, Baladadaşı təpədən-dırnağacan süzdü və:

– Düşməz deyirsən? – soruşdu. – Yəni heç düşməz?

– Heç düşməz.

– Nolar... – Birdən-birə Ələkbərin nazik sifətinə bir rişxənd gəlib qondu. – Nolar... Ona işün düşməz, amma mənə işün düşər!..

– Sənə də düşməz.

– Baxarıq!

– Baxarıq!

Baladadaş bu «baxarığ»ı elə dedi ki, Ələkbər kimi tədbirli və təmkinli bir adam da ürkdü, qorxdu ki, Baladadaş bu saat onun üstünə yeriyəcək, amma Ələkbərin kiçik qardaşı Ağakərim keçən il Bakıda hüquq fakültəsini bitirmişdi və indi Mərdəkanda milisdə işləyirdi, buna görə də Ələkbər yenə toxdadı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, XI

Qızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.

1 мин
İkinci hissə, XII

Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:

4 мин
İkinci hissə, XIII

Elə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...

6 мин
Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 мин

Стихи других поэтов