Baladadaşın toy hamamı
Страница 3 из 4 · 50%
Baladadaş Ələkbərə baxdı, daha tamam-kamal ayılmış Gümüş Malikə baxdı və şeytana lənət deyib, güc-bəla ilə çayxanadan çıxdı və çayxananın təzə rənglənmiş, cır-cır da cırıldayan qapısını ardınca çırpdı.
Çayçı Qəzənfər rahat nəfəs aldı.
Çayxanada oturanlar çox yaxşı başa düşdülər ki, Baladadaş niyə özünü saxladı, niyə çayxanadan çıxıb getdi, dava-dalaş salmadı.
Məsələ burasında idi ki, düz altı gündən sonra Baladadaşın toyu idi.
Çayxanada oturanların hamısı burasını da çox yaxşı başa düşdü ki, Ələkbər niyə ikibaşlı danışdı, ürəklə danışdı; təkcə ona görə yox ki, Ələkbərin kiçik qardaşı Ağakərim rayon mərkəzində milis işində işləyirdi – bu öz yerində, hərçənd hamı bilirdi ki, Baladadaş da atası Ağababa kimi belə şeyləri vecinə alan oğul deyil; ona görə ki, – bax, məsələnin də böyüyü elə bunda idi! – Ələkbər kənd hamamının müdiri idi və bu kəndin bütün evlənən cavanları toy hamamına Ələkbərin müdir olduğu bu bircə hamama gedirdi, Ələkbər də kefi istədiyi vaxt ya təmir adıyla, ya başqa bir adla hamamın qapısına yekə bir qıfıl vururdu və bu yekə qıfılı açdırmaq minnət istəyirdi, yaxşıca bir xələt istəyirdi.
Bu kənddə arvadlar arasında birinci sözgəzdirən dəllal Zübeydə idi, kişilər arasında da birinci sözgəzdirən çayçı Qəzənfərin özü idi və təbii ki, elə həmin gecə Baladadaşla Ələkbərin çayxanadakı bu «baxarıq»ları bütün kəndə yayıldı; Baladadaşın nişanlısı, tibb məntəqəsində tibb bacısı işləyən Bikənin ürəyində bir nigarançılıq yayıldı ki, nə gecələr onu yatmağa qoydu, nə gündüzlər əməlli-başlı toya hazırlaşmağa: birdən toyqabağı Baladadaşın əlindən bir xata çıxar; Baladadaşın anası Ağabacı hərdənbir toya hazırlıqdan macal tapıb oğluna yalvar-yaxar elədi ki, işin olmasın onlarla, xata-bəladılar başdan-ayağa, əlləri pulla oynayır; Baladadaşın bacıları Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad və Böyükxanım nigarançılıqdan bilmirdilər ki, nə eləsinlər, böyük qardaşları Baladadaşın köynəklərini daha səliqə ilə yuyurdular, şalvarlarını, pencəyini daha cidd-cəhdlə ütüləyirdilər, çayını, xörəyini daha səliqə-sahmanla gətirirdilər; Baladadaşın atası Ağababa ilə Baladadaş arasında pərdə var idi və Ağababa təkcə bunu elədi ki, bir neçə dəfə mənalı-mənalı öskürdü Baladadaşın yanında; Ələkbərin arvadı Anaxanım gecə soyunub ərinin yanına girməzdən əvvəl başını daraya-daraya bir xeyli müddət Baladadaşın qarasına deyindi, xuliqandı, dedi, sən Ətağanın cəddi, Ələkbər, dedi, işin olmasın onnan, sonra yorğan-döşəyə girib ətli-canlı əndamı ilə ərinin naziksümük bədəninə bir sığal verdi və Ələkbəri qollarının arasına alıb dedi ki, toy günü açarı ver Səmədağaya, heç özün getmə hamama, istəyirsən bir yerdə kinoya gedək Bakıya; Gümüş Malikin bütün günü Bakıda – «Əlvida»da başı qarışıq olurdu, Baladadaş da, Ələkbər də yadından çıxırdı, amma elə ki, axşam qırmızı «Jiquli»sinə minib kəndə qayıdırdı, birdən Baladadaş gəlib düşürdü yadına və Gümüş Malik tamam dilxor olurdu; kənd Sovetinin katibi Suğra Baladadaşın kənddə birinci dostu şofer Əzizağanı çağırıb tapşırdı ki, Baladadaş şuluqluq salsa, milisioner Səfər iş başında olacaq və dedi ki, guya, Ələkbərə də belə bir sifariş göndərib, amma Əzizağa Suğranın Ələkbərə sifariş göndərməyinə inanmadı, çünki Suğra öz oğlunu Mərdəkanda milisdə işə düzəltdirmək istəyirdi.
Bütün kənd Baladadaşın toy hamamını gözləyirdi.
Belə bir söz gəzirdi ki, guya kəndin ağsaqqalı qəssab Ağakişi durub gedib Ələkbərgilə ki, çoxdandı kəndin toyları dava-şavasız keçir, Ələkbər təzədən dilxorçuluq salmasın ortaya və guya, Ələkbər heç nə deməyib, amma gülümsəyib. Kəndin bir qismi adamı Ələkbərin susmağını belə yozurdu ki, toy günü Baladadaşla işi olmayacaq, elə də ürəkli adam deyil Ələkbər ki, Baladadaşa sataşsın; bir qisim adam da deyirdi ki, Ələkbər elə Ələkbərdi ki, gərək Baladadaşı ayağına gətirsin ki, kim kimdi, yoxsa ki, hörmətdən düşərlər Ələkbərgil, yəni Ələkbərin özü də hörmətdən düşər, Gümüş Malik də hörmətini itirər, çünki camaat baxıb görər ki, bunların elə qozqurtmağı var imiş...
Əmirqulu günortadakı çaxır payını içib otururdu darvazalarının qabağındakı tut ağacının altında və kürəyini tutun yoğun gövdəsinə söykəyib hıçqıra-hıçqıra:
– Alə, davasız toyun nə ləzzəti?! – deyirdi. – Toyda gərək dava olsun də!.. Mən ölüm, – deyirdi, – mən də bıçağı çoxdandı işə salmıram. Pasdanıb bıçaq, xoşuma gəlmir...
Eyvanda uşaqların pal-paltarını yuyan Xeyransa Əmirquluya tərəf boylanırdı, başqa bir adam eşitməsin deyə bərkdən yox, pıçıltı ilə dedi ki, elə qara yerə soxum səni, yaman da bıçaq vuransan...
Dəllal Zübeydə Bakıda rayondan gəlib təhsil alan bir tələbə üçün kirayə ev tapmışdı və işin tərsliyindən Baladadaşın toy günü Bakıya getməli idi, amma məsələ gör hansı mərtəbəyə gəlib çatmışdı ki, Zübeydə bütün həyatında birinci dəfə azı on manatından keçdi, Bakıya getmədi ki, görsün bu mərəkənin axırı nə olacaq.
Qohum-əqrəba bilirdi ki, Baladadaş Əzizağanın xətrini çox istəyir, ona görə də Əzizağanı sağdış seçdilər və Əzizağa da Bikəgilə söz göndərdi, Ağabacıya söz verdi ki, arxayın olsunlar, Ağababaya da dedi:
– Üreyüvü buz kimi elə, Ağababa dayı. Ölmüşəm beyəm?!
Ağababa Əzizağaya baxdı, amma bir söz demədi, çünki kəndin cavanları ilə arasında pərdə var idi və indi ya hirsini, ya nigarançılığını bildirib yüngülsaqqallıq eləmədi.
Həmin gün qəribə bir gün çıxdı, elə bil, payızın sonu yox, yazın ortaları idi və həmin gün elə bil ki, kəndin ətrafındakı qayalıqlar, üzümlüklər, qumsallıq, dəniz qəsdən yaz oyunu oynayırdı, elə bil əncir, nar, tut, heyva ağaclarının payız sarısı çıxıb getmişdi, yox olmuşdu, indi bu sarılıqda bir qızılı işıq gəlmişdi kəndə və Bikə də evdə başına yığışmış qız-gəlinin arasında oturub pəncərələrindən bu qızılı işıqlı kəndə baxırdı və ürəyindəki nigarançılıqla deyirdi:
– Allah onun canını sağ eləsin! Baxtından gör necə gün çıxıb bu gün! Ürəyi təmizdi Baladadaşın, onnandı... Allah onu başımızın üstündən əskik eləməsin!
Dəllal Zübeydə belə vaxtlarda yaşa-zada fikir verməzdi, özünü salardı cavan qız-gəlinin arasına, bununla bir şit zarafat eləyərdi, o birisinə göz vurardı, o birisinə də him eləyərdi, amma bu dəfə dəllal Zübeydə də pəncərədən bu qızılı işıqlı kəndə baxdı və yana-yana:
– İllahamin! – dedi və bu yanğısı ilə Bikənin Baladadaş sarıdan nigarançılığını daha da artırdı.
Cavanlar məhəllədə mağar qurmuşdu, Ağababa Maştağadan xanəndə çağırmışdı və bu xanəndə öz dəstəsiylə gəlmişdi, hətta deyirdilər ki, guya, Hacıbaba Hüseynov özü gələcəkmiş, amma Bakıda yeyinti sənayesi işçiləri gününə həsr olunmuş konsertə gedəsi olub. Bozbaş bişirməyə uşaq bağçasının aşpazı Hüseynqulunu dəvət eləmişdilər və Hüseynqulunun da ki, bozbaşı bütün bu tərəflərdə məşhuri-cahan idi və buna görə də kəndin birinci bozbaş yeyəni həkim Ağaəli səhər yerindən durandan dilinə bir şey vurmamışdı ki, Hüseynqulunun bozbaşının təmini yaxşı hiss eləsin.
Və həmin qızılı işıqlı payız günü kəndə belə bir xəbər yayıldı ki, Ələkbər hamamda özü üçün öz şəxsi xərcinə düzəltdirdiyi kabinetində oturub kağız-kuğuzu sayğaca vura-vura deyir:
– Səmədağa icazə alıb mənnən bu gün, həyətindəki güllərlə məşğuldu. Demişəm ona ki, lazım olsa əgər, çağırram səni...
Səmədağa hamamın ocaqçısı idi.
Əlbəttə, bu o deyən sözdü ki, Baladadaş, ya da elə Ağababanın özü ayağıma gəlsin, minnətə adam göndərsinlər, üzrxahlıq eləsinlər, onda baxarıq; Baladadaş da ki, camaatın içində Maştağada, Buzovnada, ya da ki, Şüvəlanda toy hamamına getməyəcəkdi ki; bəy də toy hamamına getməsəydi, bu toy nə Baladadaşa yaraşardı, nə də Ağababaya.
Tay-tuş Baladadaşın xasiyyətinə yaxşı bələd idi və ona görə də toy hamamının vaxtı gəlib çatanda hamı mat-məəttəl qaldı və bilmədilər ki, nə eləsinlər; biri istədi gedib Ələkbərin anasından əmdiyi südü burnundan gətirsin, amma dedilər ki, birdən xoşu gəlmədi Baladadaşın, o biri istədi gedib bıçağı soxsun Gümüş Malikin qarnına, dedilər yaxşı deyil, Baladadaşın toy günü qan salmayaq ortaya, hamı naəlac qaldı və hamı baxdı Əzizağaya, Əzizağa da getdi Baladadaşın yanına:
– Alə, dur gedək hamama! – Əzizağa dedi. – Kimdi, alə, Ələkbər, Allah vurub onu! Adamın ömründə bir dəfə toy hamamı olur. Gedək, sənün heç işün yoxdu, mən özüm deyərəm ona ki, Səmədağanı çağırtdırıb ocağı yandırtsın. Özüm billəm, necə danışaram onnan!
Baladadaş əli ilə təzə ütülənmiş qara şalvarının dalını çırpıb:
– Alə, tanımırsan məni sən? – dedi və elə dedi ki, elə bil, doğrudan da, şübhə edirdi ki, uşaqlıqdan bir məhəllədə böyüdükləri Əzizağa onu tanımır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-baladadasin-toy-hamami
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.
İkinci hissə, XIIGecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:
İkinci hissə, XIIIElə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...
Balaca qırmızı çiçəkBalaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.