Beş dəqiqə və əbədiyyət
Страница 3 из 4 · 50%
Təyyarə titrədi və sən elə bir nəyəsə ilişdin, kim isə səni tutub saxladı, sənin ürəyində bir ümid yarandı, sən elə bildin ki, xilas oldun, kiminsə, nəyinsə sənə rəhmi gəldi, amma elə həmin andaca sən qorxdun ki, belə bir rəhmə layiq deyilsən, səni saxlayıb baxacaqlar və yenə də tullayacaqlar, atacaqlar və doğrudan da elə bil ki, səni yenə də uçuruma atdılar və sən o dəhşətli sürətlə uçurumun dibinə doğru getdin. Bu uçurum nə uzun imiş, bitib-tükənməzmiş və sənin fikrin yenə də uçurumun dibinə aparan sürəti üstələdi və sən yenə də dərd əlindən dəli olmuş o qarını gördün. Onun oğlunun adı nə idi? Sənin institutunda işləyirdi, nə idi adı? Yadına gətirə bilmədin, amma həmin oğlanın sifəti gözlərinin qabağına gəldi, o oğlanın arıq, saralmış, xəstə sifətini də anasının sifəti kimi tamam dəqiq, aydın gördün və tüklərini ürpəşdirən bir heyrət səni bürüdü: bu oğlan sənin öz cavanlığına çox oxşayırdı, düzdü, sifəti başqa sifət idi, amma gözləri eyni gözlər idi, daha doğrusu, bu gözlərin baxışı, ifadəsi eyni idi.
O oğlan sənin institutunda, gərək ki, laborant işləyirdi, yoxsa mühasibatda işləyirdi? Yox, yox, laborant idi, hətta sən onun bir məqaləsini də oxuyub tərifləmişdin, son vaxtlar hər gün sənin qəbulunda oturub gözləyirdi, bir dəfə qəbul da etdin onu. Sən həmin qəbulu da indi – neçə ildən sonra tam dəqiqliyi və aydınlığı ilə xatırladın, daha doğrusu, yadına saldın ki, o oğlan sənin qabağında oturmağa cürət etməyib, ayaq üstə dayanıb, əllərinin barmaqlarını sındıra-sındıra nə isə xahiş edirdi, sən onun nə xahiş etdiyini yadına gətirə bilmədin, amma onun xəstə və kədərli gözlərinin necə dolduğunu indi də açıq-aydın gördün və həmin dolmuş gözlər bu dəm qaranlıq içində sənə baxırdı. O səndən nə xahiş edirdi? – deyəsən, ev məsələsi idi, hə, hə, ev məsələsi idi, sənin institutun üçün ayrılmış bir mənzil növbə ilə ona düşürdü, on iki il həmin mənzili gözlədiyini dedi, dedi ki, yaşaya bilmir... Sən nə etdin?
Qaranlıq içində baxan o dolmuş gözlərin xəstə və kədərli işıltısı səni yandırırdı, əridirdi, sən sürətlə uçurumun dibinə düşürdün və sən istəyirdin ki, həmin sürət səni o doluxsunmuş gözlərin baxışından uzaqlaşdırsın, amma o gözlər də səninlə birlikdə uçurumun dibinə gedirdi. Sən daha təyyarədə olduğunu, qəzaya uğradığını yadından çıxarmışdın, nə komandirin sərnişinlərə müraciətini eşitdin, nə yanından ötən stüardessalardan xəbərin oldu, nə də sərnişinləri görürdün, eşidirdin, sənin üçün yalnız zülmət bir qaranlıq var idi və sən bilirdin ki, indicə hər şey bitəcək və istəyirdin ki, tez olsun, bitsin hər şey, daha dözə bilmirdin.
O səndən nə xahiş etdi? Axı, nəsə xahiş etdi səndən, nə? Hə, ev məsələsi idi, anası, arvadı, iki uşağı – evləri yox idi və növbə onun növbəsi idi, bəs sən nə etdin? Sən kimə verdin mənzili? Yadına sal, yadına sal, kimə verdin? Kərimlinin qızına verdin, çünki Kərimlinin qızı təzəcə ərə getmişdi, çünki Kərimlinin qızını təzəcə işə götürmüşdün, çünki sən sənədlərini akademiyaya vermişdin, çünki Kərimli sənə səs verəcək adamlardan biri idi.
Sən yenə də bütün qüvvəni toplayıb yerindən qalxmaq istədin, özünü bu zülmət qaranlıqdan harasa bir yana atmaq istədin və o zaman bütün dəhşəti ilə hiss etdin ki, tərpənə bilmirsən, sənin içində bir çəkisizlik var idi və sən yenə də o qarını gördün, o qarının sözlərini eşitdin: ay kimi doğdun, gün kimi batdın, minəndə at bağrı yardın, saydığına salam verdin, saymadığına yan çevirdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun; altının bədov atına, çiyninin tüfənginə, tərkinin dolu xurcununa, ağzının kəsərli sözünə anan qurban, ay bala! Və sən, ancaq indi, səni sonu görünməyən o uçuruma aparan bitməz-tükənməz sürət və zülmət qaranlıq içində bütün ağrısı ilə dərk etdin, gördün ki, sənin qəbul otağında ayaq üstündə dayanıb gözləri dolmuş o xəstə və kədərli oğlan anası üçün – o taxtasinəli qarı üçün necə çiyni tüfəngli, altı bədov atlı imiş, tərki necə dolu xurcunlu imiş. Katibə sənin yanına gəlib deyəndə ki, həmin xəstə oğlan ölüb, sən əvvəlcə bilmədin ki, söhbət kimdən gedir, sonra tanıdın, yadına düşdü ki, üç-dörd ay əvvəl nədən ötrüsə sənin yanına xahişə gəlmişdi, sonra sən beş-on dəqiqəlik vaxt ayırıb o oğlanın dəfn mərasimində iştirak etdin və o zaman hamı sənə minnətdarlıqla, heyranlıqla baxırdı, çünki sən kimsəsiz, tanınmaz-bilinməz, bədbəxt bir adamın dəfninə gəlmişdin, sənin gəlişin həmin dəfn mərasiminə yaraşıq vermişdi. Bir-iki aydan sonra katibən sənə dedi ki, ürəyindən vəfat etmiş həmin oğlanın üçüncü uşağı anadan olub, sən əvvəlcə yenə də söhbətin kimdən getdiyini xatırlaya bilmədin, sonra yadına düşdü və sən doğrudan da, təəssüflə başını buladın. Nə idi o oğlanın adı? Nə idi? Hə, Zakir idi, tapdın, Zakir idi. Yox, Zakir o deyildi, Zakir başqası idi.
Saat 21.14.
Hündürlük 6300 m.
Sürət 760 km.
Havanın temperaturu: – 26.
«Tu-154»ün təyyarəçi kabinəsi.
Komandir. Bakı! Bakı! 85 510, 85 510. Nasazlıq aradan qaldırılır. Nasazlıq
aradan qaldırılır. Enməyə davam edirəm.
Zakir başqası idi və hər tərəfi basmış o qaranlıq içində çoxdan görmədiyin, heç vaxt yadına gətirmədiyin, heç vaxt haqlarında düşünmədiyin adamlar, müxtəlif
sifətlər bir-bir sənin gözlərinin önündən ötməyə başladı və o sifətlər bir-birini əvəz etdikcə sənin fikrin də dəqiq və aydın işləyirdi: bax, kiminsə xətrinə aspiranturaya qəbul zamanı buna «iki» verdin, bunu işdən çıxardın, buna töhmət verdin, bunu
otağından qovdun, bunu söydün, bunun əsərini saxladın, çünki özündən xoşun
gəlmirdi, bunu qorxutdun, buna eşq elan elədin, sonra da bədbəxt elədin və sürətlə bir-birini əvəz edən bu mumiya kimi sifətlərin arxasında insanlar dayanmışdı, talelər dayanmışdı, bütün bu insanların ailələri var idi, qayğıları var idi, sevinci, kədəri var idi və sənin bir töhmətin, bir söyüşün, bir dərkənarın taleləri həll edirdi. Bu dəfə sən həmin adamların heç vaxt görmədiyin analarını, arvadlarını, uşaqlarını gördün, daha doğrusu, bu görüm ayrı-ayrı anaların, arvadların, uşaqların sifəti deyildi, bir küll idi və bayaqkı çağa çığırtısı əvəzinə indi sənin beynində bir uğultu var idi və sən həmin uğultu içində taxta sinəsi qançır-qançır olmuş o qarının səsini də eşidirdin. Sonra yenə müxtəlif sifətlər sənin gözlərinin qarşısında bir-birini əvəz etdi və onlar elə
sürətlə bir-birlərini əvəz edirdi ki, sənin beynin ancaq bir-iki sözlə onları sənə
tanıtmağa macal tapırdı: buna həmişə yaltaqlanardın, buna indi yaltaqlanırsan,
bundan qorxursan, bunu yalandan tərifləyirsən, buna həmişə bağlamalar göndərirsən və bu dəfə sənin öz anan gözlərinin qabağına gəldi və bütün dəhşəti ilə sənin
fikrindən keçdi ki, neçə illərdir birinci dəfə anan sənin gözlərinin qabağına gəlir. Sən bərk qışqırdın, sən bildin ki, səsin çıxmadı, amma sən qışqırdın və sən tamam açıq-aşkar hiss etdin ki, uçurumun dibi çatır, indicə partlayış olacaq və hər şey
qurtaracaq.
Saat 21.15.
Hündürlük 4800 m.
Sürət 690 km.
Havanın temperaturu: – 17.
«Tu-154»ün təyyarəçi kabinəsi.
Mühəndis. Komandir, nasazlıq aradan qalxdı. Generatorları işə salmaq olar.
Komandir. Bakı! Bakı! 85 510. Generatorları işə saldıq. Generatorları işə saldıq. İcazə verin hündürlüyü yığaq, uçuşa davam edək.
Əvvəlcə o partlayışın şölələri az qaldı sənin gözlərini yandırsın, sonra bir sükut çökdü, beynindəki uğultu yox oldu və sən əvvəlcə başa düşmədin ki, nə olub, sən öz ürəyinin döyüntüsünü eşitməyə başladın, ürəyin az qalırdı yerindən çıxsın və yalnız bu zaman sən başa düşdün ki, təyyarənin işıqları yanıb. Sən gözlərini yumdun, amma yenə də yumulu gözlərinin qabağında şölələr oynayırdı, sən iki əlinlə də tərdən tamam yaş olmuş saçlarını, sifətini sildin, sonra gözlərini açdın və bu dəfə təyyarənin işıqlarını, illüminatoru, öz əllərini, ayaqlarını aydın gördün və birdən-birə səni dəhşət basdı, sənə elə gəldi ki, saçların ağappaq ağarıb. Sən güclə başını çevirib kresloların arasından arxaya baxdın: həmin beş-altı yaşlı qız uşağı anasının qucağında idi və deyəsən, ağladığı üçün gözləri yaş idi, qızarmışdı, amma indi o balaca qız yaşlı gözləri ilə gülümsəyirdi, sən də ona gülümsəmək istədin, amma dodaqların qaçmadı, sən gülümsəyə bilmədin, sonra sən o biri sərnişinlərə baxdın, gizlin-gizlin baxdın, sən istəmirdin ki, onlar səni görsün, əslində sən qorxurdun ki, onlar səni görər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-bes-deqiqe-ve-ebediyyet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O gündən on bir ildən artıq keçirdi və Cümü hərdən o günü yadına salanda fikirləşirdi ki, bəyəm o günə də gün demək olar? Axı, gün yalnız o demək deyil ki, günəş çıxır, səhər açılır, günorta olur, sonra axşam düşür, günəş batır və gecə başlayır, gün odur ki, yaşayırsan, nəsə edirsən, amma o gün – 1992-ci ilin 8 may günü, erməninin Şuşanı işğal etdiyi, camaatı qırıb qaçırtdığı gün – heç cürə gün sözünün içinə sığışmırdı. O gün – camaatın quru canını götürüb qaçdığı o gün Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şuşalılara hədiyyəsi idi, amma şuşalıların Allahın qarşısındakı günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə edirdi? – Cümü, xüsusən də üç yüz qram araqdan sonra, nə illah edirdi, bu sualın cavabını tapa bilmirdi.Şuşadan qaçqın düşüb salamat qalanlar gəlib Ağdama yığışdı, sonra hərə gümanı gəldiyi bir yerə, bir qisim də Bakıya üz tutdu və Cümügil on ildən çox idi ki, burada – Buzovnadakı bu fəhlə yataqxanasında qalırdılar. Fəhlə yataqxanası bütünlüklə qaçqınlara verilmişdi və Cümügil altı nəfər – Cümü idi, anası Güllü arvad idi, Sona idi, Cəmilə idi, Qalib idi, bir də Sonanın böyük bacısı Solmaz idi – yataqxananın beşinci mərtəbəsində on altı kvadratmetrlik otaqda qalırdılar. Bu otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdu, çünki aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor tökürdülər ki, üfunət-çirkab aləmi başına götürməsin. Hər halda, xlor iyi üfunətdən yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi.
Vııı fəsilİzabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərli təəssüratlarla dolu çətin işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və xərclərini alıb Ali Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına baxmayaraq, İzabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə fransız ətri aldı – «EMPREINTE» və onu hədiyyə kimi gözəl bağlatdırdı.Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki, Zibanın ruhu şad olacaqdı.
Ix fəsilHəmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini boşaltmağa fürsət tapırdılar.Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.
X fəsilHəmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...
Стихи других поэтов
مدامت بنده ام، اینست مذهب
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?