Ömrün son səhəri
Страница 1 из 5
Yəqin iyul idi, ya bəlkə də iyun hələ qurtarmamışdı, ya da bəlkə avqust girmişdi
– yadına gəlmirdi, daha doğrusu, bilmirdi və həmin yay səhəri belə bir naməlumluq onun ürəyini sıxmırdı, onu narahat etmirdi, çünki bu barədə və ümumiyyətlə, dünyanın işləri barədə fikirləşməyə həvəsi və imkanı yox idi: başında bir uğultu var idi, sol qulağı lap dibindən ağrıyırdı (neçə vaxt idi ki, beləcə ağrıyırdı... bir həftə idi?.. bir ay idi?.. ya lap çoxdan idi? Yadına gəlmirdi və bu barədə də fikirləşmirdi... ), sol ayağının baş barmağına da nəsə olmuşdu – nə olduğunu bilmirdi, nə vaxtdı ki, ayaqqabısını ayağından çıxartmamışdı – və ağrıyırdı, amma həmin yay səhəri başının uğultusu da, qulağının, ayaq barmağının ağrısı da, əslində onun üçün heç nə idi, çünki bütün bədəni dəhşətli bir yanğı içində idi, bu yanğı saçlarının dibindən tutmuş barmaqlarının ucuna kimi, bütün varlığını yandırırdı. O, gözlərini «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləyib qəlyanaltıxananın açılmasını gözləyirdi və bu gözləmə bədənindəki o yanğını söndürmək ehtirasını daha da artırırdı, o yanğını dözülməz bir səbrsizliklə qızdırıb qaynadırdı.
Cibində altmış qəpik pulu var idi və «Qırmızı qərənfil»də bu pula iki şüşə pivə alıb içəcəkdi, bundan sonra hər şey qaydasına düşəcəkdi; hər gün olduğu kimi, bu gün də kimisə tapacaqdı və əlbəttə, vacib deyildi ki, həmin kimsə tanış olaydı, əsas məsələ də bu idi ki, həmin kimsə də onun tayı olacaqdı, bəlkə də bir neçə nəfər bir yerə yığışacaqdılar, ya «Mebel» dükanının qabağına gedib yük daşıyacaqdılar, ya hardasa hansısa bir tanış tapacaqdı, çətini bir şüşə arağın pulunu əldə eləmək idi, əlləri də, bütün bədəni, bütün hissləri-həyəcanları kimi, titrəyə-titrəyə, daha doğrusu, soyuq bir ehtirasdan üşüyə-üşüyə həmin bir şüşə arağı hardansa tapdıqları stəkanlara, yaxud bankalara, uzaqbaşı küçədən, həyətlərdən götürdükləri boş konserv qablarına süzəcəkdilər və içəcəkdilər; arağı birbaşa şüşənin ağzından içməyəcəkdilər, çünki bu zaman kiminsə payı artıq, kiminkisə də əskik düşə bilərdi
– pulu bir-birilərinə etibar edərdilər, hətta ağzı açılmamış araq, yaxud şirin çaxır şüşəsini də müvəqqəti olaraq bir-birilərinə etibar edərdilər, amma arağı, şirin çaxırı içdikləri zaman heç vaxt, heç vəchlə bir-birinə etibar etməzdilər, buna görə də mütləq nəsə tapıb arağı hamının gözü qabağında tənbətən bölməli idilər. Hərgah bütün Bakıda, hətta bütün Abşeronda ikicə nəfər də olsaydılar, onlar bir-birilərini tapacaqdılar – bu adamlar bir-birilərini tanımadan, sözləşmədən həmişə qarşı-qarşıya gedirdilər, tapışırdılar, elə bil ki, iki maqnit bir-birini çəkirdi və heç bir məsafə uzaqlığı tamam keflənib heç kimi və heç haranı tanıya bilməmək vəziyyəti bu rastlaşmadakı maqnit gücünə təsir etməzdi, əksinə, misal üçün, biri Bakıda keflənib elektrik qatarına minsəydi və gedib təsadüfən ya Buzovnada, ya Şüvəlanda, ya Maştağada, fərqi yox idi, düşsəydi və orada da yalnız bircə nəfər özü kimisi olsaydı, mütləq tapışacaqdılar. Həmin bir şüşə araqdan, ya şirin çaxırdan, ya da ələ keçən nəsə başqa bir içkidən sonra, çox vaxt bir-birilərini itirirdilər, bundan sonra hərə təkbaşına özünə içki axtarmağa gedirdi və bu təkbaşına içki axtaranlar da çox zaman şəhərin kənar-bucağındakı qəlyanaltıxanalara, pivə barlarına gəlib çıxırdılar və onlar boşalmış mizlərin üstündəki sahibsiz parçların dibindəki pivə qalıqlarını içirdilər, bəzən boşaldılmış araq, çaxır şüşələrinin dibində də nəsə qalırdı – həmin qalıqları da içirdilər, bəzən kiminsə onlara yazığı gəlirdi, yüz qram arağa, yaxud bir stəkan şirin çaxıra, yaxud bir parç dolu pivəyə qonaq edirdi; sonra yenə qalıqlar içilirdi və barda, qəlyanaltıxanada işləyən xidmətçi qadınlar onları qovub küçəyə çıxartmayınca mizlər beləcə bir-bir gəzilirdi.
O, qabaqlar restoranlara, barlara, qəlyanaltıxanalara girib tanış axtarırdı, tanışlara yaxınlaşıb içki xahiş edirdi, dünyanın vəfasızlığından, həyatın ağırlığından danışırdı, arvadı barədə, qızı barədə nəsə dəhşətli bir hadisə uydurub deyirdi, ağlayırdı, bəzən tanışların ürəyini yumşaldırdı, bəzən də tənələrinə, öyüd-nəsihətlərinə qulaq asa-asa yüz qram içib, yenə də yüz qram xahiş edirdi, amma sonralar yavaş-yavaş tanışın, ya qeyri-tanışın fərqi olmadı, tanıdığı və tanımadığı adamlardan içki xahiş etdi, sonra da artıqları içməyə başladı.
Cibindəki altmış qəpiyi hardan tapmışdı – yadına gəlmirdi və ümumiyyətlə, dünənki gün yadına gəlmirdi, beynindəki boz bir duman içində təkcə onu xatırlayırdı ki,
deyəsən, Bayıl tərəfdə (bəlkə də gedib Lökbatana çıxmışdı?.. Allah bilir...) Hansı bir həyətdə tabut içindəki ölünü qucaqlayıb öpürdü, ağlayırdı; necə gedib o həyətə
çıxmışdı, tabut içindəki o ölü kim idi? – bilmirdi, amma yadına gəlirdi ki, elə həmin həyətdə ölünü yadetmə məclisində bir dolu stəkan araq içdi, ardı yadında deyildi və əslində, həmin yay səhəri bu barədə fikirləşmək, yəni nəyisə yadına gətirmək
istəmirdi, çünki bu dəm bütün varlığı ilə «Qırmızı qərənfil»in açılmağını gözləyirdi. O, «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara baxdıqca, elə bil, at ağzında yüyən görürdü və bu bağlı qıfılların qalın dəmirlərini yüyən kimi, öz dişləri arasında hiss edirdi və sövq-təbii dişlərini qıcıyırdı.
Birdən-birə yenə də onun bədənini bir qorxu sarsıtdı – qorxdu ki, altmış qəpiyi itirmiş olar və həmin yay səhəri onuncu, ya on beşinci dəfə əlini kirli pencəyinin ağzı cırılmış cibinə saldı və altmış qəpiyi çıxarıb sol əlinin ovcuna yığdı və sağ əlinin barmaqları ilə, diqqətlə pulları bir-bir saymağa başladı; dırnaqları uzanmışdı, arası qapqara çirk idi və o pulları saydıqca milçəklər əlinə, üzünə qonurdu. Tez-tələsik milçəkləri qova-qova nəhayət ki, pulu saydı; düz altmış qəpik idi, sikkələri yenə də kirli pencəyinin cırıq cibinə tökdü və daha milçəklərə fikir vermədi, milçəklər alnında, burnunda, qulaqlarında, dodağında gəzişirdi; milçəkləri yalnız pulu sayanda qovurdu, elə bil, qorxurdu ki, milçəklər o altmış qəpiyə şərik çıxar...
O, gəlib «Qırmızı qərənfil»lə üzbəüz səkinin tinində oturanda gün hələ çıxmamışdı, üfüq isə qıpqırmızı qızarmışdı, amma o bu qıpqırmızı üfüqdən tamam xəbərsiz idi, çünki gözünü «Qırmızı qərənfil»in bağlı qapısına zilləmişdi və kirpiklərini qırpmağa da qıymırdı ki, birdən bufetçi Abdulla gedib o iri qıfılları açar, xəbəri olmaz.
Küçə bomboş idi və bu bomboş küçədə o büzüşüb tindəki səkinin üstündə oturmuşdu, bir də ki, sərçələr idi: dəstə-dəstə sərçələr küçə boyu bitmiş yaşıl akasiya, tut, çinar ağaclarına qonub bir civilti salmışdılar ki, səsi küçəni başına götürmüşdü və sərçələrin o civiltisi, elə bil ki, keçmiş günlərdə açılan səhərlərdən xəbər vermək, keçmişdə qalmış və indi, demək olar ki, tamam unudulmuş bir ab-havadan demək istədi, amma o gözəl sərçələrin civiltisi bir neçə andan sonra onun başındakı uğultu içində əriyib yox oldu. Bir az keçdi, tək-tük adamlar binalardan, həyətlərdən çıxdı, tələsə-tələsə onun yanından addımlayıb keçdi; heç kim ona fikir vermirdi, çünki sübh tezdən «Qırmızı qərənfil»in qabağında oturub gözlərini qəlyanaltıxananın bağlı qapısındakı iri qıfıllara zilləyən adamlar, daha doğrusu, alkoqoliklər, görünür, bu küçədə bir o qədər də təəccüblü bir hadisə deyildi, hər halda, heç kim onun yanında ayaq saxlamırdı. Elə, bil o da bu səkinin daşı, küçənin asfaltı kimi bir şey idi; ona baxan da gözucu baxıb keçirdi və həmin gözucu baxışlarda bir anlıq iyrənmə, çiyrinmə ifadəsi var idi. O bu cür gözucu baxışlardakı həmin ikrah dolu ifadəyə adət etmişdi, həmin baxışlar ona təsir etmirdi, elə bil, belə də olmalıdır, bunda heç bir təhqiramiz şey görmürdü və ümumiyyətlə, dünyada onun üçün təhqiramiz heç nə qalmamışdı.
Əyninə paltarının üstündən dəmiryolçular kimi sarı rəngli qolsuz pencək geymiş süpürgəçi qadın küçənin yuxarı başında göründü və küçəni süpürə-süpürə yavaş-yavaş aşağıya tərəf gəlməyə başladı, sonra birinci trolleybus küçədən ötdü, maşınlar artmağa başladı; indi yay idi və küçədən ötən maşınlar onu narahat etmirdi, çünki küçələr quru idi; qışda, payızda sulu qar yağırdı, yağış yağırdı və o beləcə gəlib «Qırmızı qərənfil»in, yaxud başqa bir qəlyanaltıxananın qabağında oturanda yoldan ötən maşınlar onun üst-başına palçıq sıçradırdı.
O, yenə də səksənib əlini pencəyinin cibinə saldı və yenə də cibindəki xırda pulları ovcuna yığıb saymağa başladı. «Qırmızı qərənfil»in müdiri və bufetçisi Abdulla ağına-bozuna baxan adam deyildi, alkoqoliklərin hamısını tanıyırdı və tələb eləyirdi ki, pullarını göstərsinlər, elə ki, pulları olmadı, itələyib qəlyanaltıxanadan çıxarırdı, başqalarının stəkanlarındakı, parçlarındakı artıqları da içməyə qoymurdu, alkoqoliklərin gözlərinin qabağında artıqları bufetin yanındakı əlüzyuyana boşaldırdı; hərdən də – ayda, iki ayda bir dəfə – onlardan birinin əlinə vedrə verirdi, bütün səhəri, günortanı əsgi ilə qəlyanaltıxananı, bufetin içini, arxa tərəfdəki balaca mətbəxi, içki və ərzaq yığdığı zirzəmini tərtəmiz yudurdurdu və bundan sonra yüz qram araq, yarım parç pivə verib qovurdu. Bufetçi Abdulla belə bir qəti əqidədə idi ki, alkoqoliklər çox sırtıq məxluqdu, adamı ki, bir balaca üzüyumşaq gördülər, çıxıb oturacaqlar başında.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-omrun-son-seheri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat
I fəsil(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.
II fəsilAbşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.
III fəsilHəmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.
Стихи других поэтов
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Məscid büsatıYetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
Хосров и Ширин, глава 77Вновь Сладкая велит скитаться по местам,Где зреют финики, благим своим устам.
Car müqəddiməsiBababəy Şakirə*Ey Bababəy, bu humayun əskərin