Страница 2 из 5 · 20%

Süpürgəçi qadın küçəni süpürə-süpürə yavaş-yavaş ona tərəf gəlirdi, amma bu onu narahat etmirdi, çünki bütün bufetçiləri tanıdığı kimi, «Qırmızı qərənfil» kimi qəlyanaltıxanaların yerləşdiyi küçələrdəki süpürgəçilərin də, xidmətçilərin də hamısını tanıyırdı, bilirdi ki, hansı davakardır, hansının ürəyi yumşaqdır və indi ona tərəf gələn bu arvadın da ürəyiyumşaq adam olduğunu bilirdi, bu arvaddan qorxmurdu.

Süpürgəçi qadın küçəni süpürə-süpürə gəlib onun yanına çatdı və həmişəki kimi, özünü saxlaya bilməyib:

– Yenə gəlmisən, ay bədbəxt oğlu bədbəxt? – dedi. – Yenə gəlib kəsdirmisən buranı? Ay anası ölmüş, ay bacıları qan ağlayan, ay yazıq, gəlmisən yenə? Səni də, axı, yəqin bir istəyən var, küçə iti döyülsən axı sən, adamsan də, səni də doğan bir ana olub da, ay bədbəxt, səni doğan o qara günün daşını indi hansı başına salsın o arvad? Niyə bu günə salmısan özünü, itsən sən? Axı, adamsan, ay külbaş, ay bəxti qara, it döyülsən axı?! – Arvad, elə bil, öz-özü ilə danışırdı. – Mənnən pis olub sənin həyatın? Mənnən çətin olub? Əlimə süpürgə alıb çörəkpulu qazanıram, ay yazığın balası, sənin, Allah bilir, hər şeyin olub, niyə it gününə salmısan özünü, it döyulsən sən axı!.. – Süpürgəçi qadın qurumuş böyürtkən kolu kimi qalın süpürgəsinə baxa-baxa kövrəldi və bu dəfə də qarğış eləməyə başladı: – Allah bu arağı çıxaranın atasını gorbagor eləsin!.. Allah dünyadakı bütün Abdullaları cəzasına yetirsin!.. Sən də ölsən, vallah, bunnan yaxşıdı, ay bədbəxt, anan, bacın üzüqaralıqdan qurtarar... Onsuz da, diri-diri ölmüsən... Arvad-uşağın da var bəlkə... Qara gün onlarındı e!.. Allah Abdulla kimilərinin də gününü qara eləsin!..

Guya ki, bufetçi Abdulla başqalarına güclə araq içirdirdi...

O, süpürgəçi qadının dediyi sözlərə fikir vermirdi, əslində, heç bu sözləri

eşitmirdi də. Büzüşüb səkinin üstündə necə oturmuşdusa, eləcə də qalırdı, yerindən tərpənmirdi və gözlərini də «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləmişdi və yenə də həmin iri qıfılların dəmirini yüyən kimi, öz dişlərində hiss edirdi.

Deyinə-deyinə, qarğış eləyə-eləyə qalın süpürgəsini yolun ortasından o baş-bu başa apara-apara küçəni süpürən qadın hərdən süpürgənin ucu ilə onun dünən gecə hardasa çirkə-palçığa bulaşıb, indi qurumuş şalvarının balaqlarına, dabanları yeyilib getmiş, ordan-burdan üstü cırılıb deşilmiş ayaqqabılarına toxunurdu, amma o buna məhəl qoymurdu və ümumiyyətlə, bu saat onu heç nə yerindən tərpənə bilməzdi, yalnız «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllar açılanda onun da ayaqlarına güc gələcəkdi, yerindən qalxıb qəlyanaltıxanaya girəcəkdi, cibindəki altmış qəpiyi

çıxarıb bufetçi Abdullaya uzadacaqdı, bufetçi Abdulla da əli onun çirkli əlinə

toxunmasın deyə, bufetin piştaxtasındakı boş boşqaba işarə edəcəkdi, yəni ki, pulu bura qoy, sonra pivə şüşələrinin arasından ən yöndəmsizini, ağzından hava

buraxanını, yaxud şüşəsi çatlamışını, bir sözlə, o pivələri ki, abırlı müştərilərin

qabağına qoya bilməzdi, onları seçib iyrəndiyini gizlətməyərək, daha doğrusu,

iyrəndiyini açıq-aşkar nümayiş etdirərək yenə də işarə ilə deyəcəkdi ki, gəl, bunları götür. «Qırmızı qərənfil»in qapısındakı iri qıfılların açılmasından başqa, onu bu dəm səkinin üstündən daha iki səbəb qaldıra bilərdi: ya milisioner görsə, durub haradasa gizlənərdi ki, tüfeyli kimi aparıb ona məcburi iş kəsməsinlər, yaxud məcburi surətdə müalicəyə göndərməsinlər (üç dəfə beləcə məcburi müalicəyə göndərilmişdi, amma sonradan yenə də içməyə başlamışdı), bir də ki, özü kimi birisinin gəldiyini

görsəydi, durub qaçardı, çünki altmış qəpiyinə şərik çıxa bilərdilər. Səhər tezdən

hələ dilinə bir qurtum da içki dəymədiyi vaxt, cibində otuz qəpik, yaxud altmış

qəpik beləcə oturub qəlyanaltıxananın açılmağını gözləyəndə, o, özü kimilərə qarşı çox qəddar olurdu: onlardan gizlənirdi, onları yaxına buraxmırdı və bu ona

bənzəyirdi ki, uzun müddətdən bəri ac qalmış bir heyvan şikar tapır, bütün olub-

olmayan imkanları ilə, dişi ilə, dırnağı ilə həmin şikarı başqalarından qoruyur, həmin şikardan, heç olmasa, bir dişdəm qoparmağa can atan heç kimi yaxına buraxmır.

Süpürgəçi qadın küçəni süpürə-süpürə qalın süpürgəni yenə də səkiyə tərəf aparanda yumaq kimi bürmələnib küçəyə atılmış bir qəzet asfaltın üstü ilə yüngül top kimi diyirlənə-diyirlənə gəlib onun ayaqlarının yanında dayandı.

O, gözlərini «Qırmızı qərənfil»in qapısından çəkib həmin yumaq kimi bükülüb atılmış qəzetə baxdı; o bilirdi ki, bu cür bükülüb atılmış qəzetlərin içində, adətən, heç nə olmur, amma həmin yay səhəri necə oldusa, əlini uzatdı, qəzeti ayaqlarının altından götürüb yavaş-yavaş yumağını açmağa başladı. Saralıb solmuş bu köhnə qəzetin içində heç nə yox idi, görünür, kimsə haçansa bu qəzetə nəsə bükmüşdü, sonra bükdüyünü götürüb, qəzeti də beləcə pərçim bürmələyib tullamışdı.

O indicə açıb içində heç bir maraqlı şey tapmadığı qəzeti qalın süpürgəyə tərəf atmaq istədi, amma bu vaxt tamamilə ani olaraq gözü həmin köhnə qəzetdəki əzik-üzük bir şəklə sataşdı, gözünü çəkmək istədi, amma çəkmədi, baxdı və yavaş-yavaş elə bil ki, başındakı uğultu azaldı, gicgahlarının nəbzi daha da bərkdən vurdu, onun bütün bədəninə soyuq bir tər gəlməyə başladı, çünki ona elə gəldi ki, əzik-üzük şəkildəki bu şagird odur, özüdür.

Qəzetdəki şəkildə üç nəfər şagird məktəb kitabxanasında oturub birlikdə imtahana hazırlaşırdılar, bir qız idi, iki oğlan və indi o, boz bir duman içində hiss edirdi ki, bu oğlanlardan biri odur – həmin o boz duman içində adda-budda yadına gəlirdi ki, məktəbdə oxuyanda haçansa qəzetdə beləcə şəkilləri çıxmışdı; şəkildəki oğlanlara baxırdı və beynində kirəc bağlamış qalın, ağır laylar arasından hiss edirdi ki, bu, həmin qəzetdi, bu məktəbli oğlanlardan biri də o özüdür.

Məktəb illəri, yeniyetməlik, gənclik çağları onun qəzetdəki əzik-üzük şəkilə baxdığı anadək tamam unudulmuş, heç vaxt yada düşməyən bir keçmişdə qalmışdı və elə bil ki, həmin keçmiş qalın-nazik buz layları arasında donmuşdu və indi yavaş-yavaş tərpəndikcə, buz layları da çatlayır, sınır, xırçıldayırdı.

Uzun müddət duymadığı, hiss etmədiyi, unutduğu bir həyəcan birdən-birə onun bədəninə bir üşütmə gətirdi və bu üşütmədə, qəribə idi, həm soyuqluq, həm də bir hərarət var idi və onun o köhnə qəzeti tutmuş çirkli barmaqları, əlləri əsməyə başladı, hətta elə bil ki, o soyuq və eyni zamanda, hərarətli üşütmə həmin yay səhəri onun bütün varlığına, həyatına hakim kəsilmiş yanğını da bir müddət üstələdi və bu dəm o diksinib bir az aralıdakı akasiya ağacına qonmuş bir dəstə sərçəyə baxdı, quşların haray-həşirli civiltisini eşitdi, sonra birdən-birə onun burnuna çox yüngül bir qoxu gəldi və o bu qoxuda uzun müddətdən bəri yadırğadığı bir doğmalıq, bir məhrəmlik hiss etdi; bu qoxu onun yadına nəsə salırdı, amma bunun nə olduğunu bilmirdi, həmin qoxunu tanımırdı. Diqqətini toplamağa, o qoxunun hardan gəldiyinə, o mehribanlığın, məhrəmliyin nə olduğunu fikirləşməyə, yadına salmağa isə taqəti yox idi.

Əlbəttə, ola bilərdi ki, bu qəzet heç həmin qədim, həmin gözəl qəzet deyil, bu oğlan da o özü yox, tamam başqa bir adamdı, ola bilərdi ki, zənni onu aldadırdı, yaxud yenə də onu qara basırdı, amma o, bütün gücünü toplayıb, heç olmasa, bu şübhələri özündən qovmağa çalışırdı, çünki birdən-birə onun ürəyində uzun müddətdən bəri duymadığı bir istək əmələ gəlmişdi: istəyirdi «Qırmızı qərənfil»in qapısına tərəf baxmasın, istəyirdi akasiya ağacından gələn o civiltini bir az da eşitsin; onun ürəyində yaranmış həmin istəkdə bir işıq var idi və o işığın istisi onun elə bu dəqiqənin özündə də sızıltı ilə yanan, içki istəyən bədəninə yüngül bir hərarət gətirirdi.

O özündən asılı olmayaraq, «Qırmızı qərənfil»in qapısına ötəri bir nəzər saldı, sonra yenə akasiya ağacında civildəyə-civildəyə haray-həşir salmış bir dəstə sərçəyə tərəf baxdı, sonra yenə də qəzetdəki həmin əzik-üzük şəkilə baxmaq istədi, amma baxmadı, çünki burnuna gələn o qoxunu birdən-birə tanıdı...

Süpürcəçi qadın gəlib köhnə qəzet bürməsini onun əlindən aldı və süpürgəsinin ağzına atdı, bayaqkı kimi sidq-ürəkdən onun halına acıya-acıya, onun belə bir güzəranının qarasına deyinə-deyinə küçəni üzüaşağı süpürə-süpürə uzaqlaşmağa başladı:

– Nə olacaq bu qəzetin içində, ay bədbəxt? Pul tapacaqsan? Lap tapsan nə olacaq? Gedib bir az da çox içəcəksən də, ay bədbəxt oğlu bədbəxt!.. Sonra nə olacəq? Bir gün də beləcə öləcəksən küçədə... Kimin xəbəri olacaq sənnən? Kim ağlayacaq səninçün? Kim aparıb basdıracaq səni qara torpağa, ay üzü qara?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II hissə

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

45 мин
I fəsil

(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.

13 мин
II fəsil

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

21 мин
III fəsil

Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.

13 мин

Стихи других поэтов