Страница 3 из 5 · 40%

O, süpürgəçi qadının nə dediyini eşitmirdi, sərçələrin civiltisini də eşitmirdi, çünki burnundan çəkilib getməyən həmin qoxu onu unudulub qədimlərdə qalmış bir keçmişə dartırdı və hərdən, elə bil, onun beynində fotoaparat işığı kimi, nəsə ani olaraq yanıb-sönürdü və o, həmin anlarda fotoşəkil kimi keçmişin dəqiq görümlərini görürdü...

... bələyi açılmış qızı arxası üstə uzanıb ayaqlarını stolun üstünə döyəcləyir...

... Səfurə təzəcə yuyub qurutduğu uşaq əsgilərini ütüləyir...

... sonra o ütünü Səfurədən alıb, beş-altı aylıq qızının əsgilərini, balaca koftalarını ütüləyir...

... Səfurə kətilin üstündə oturub Gülzarı əmizdirir və açıq pəncərədən düşən gün şüaları Səfurənin açıq sinəsinə, döşünə bir işıltı gətirir...

... o, Gülzarın balaca çit papağını ütüləyir və bu, o balaca papaqdan gələn qoxudu...

... balaca papaqdan gələn qoxudu...

... balaca papaqdan gələn qoxudu...

Səfurənin də adı, Gülzarın da adı neçə müddət idi? – bir ay idi, bir il idi? – silinib onun yaddaşından pozulmuşdu, daha doğrusu, onun, ümumiyyətlə, öz yaddaşından xəbəri yox idi, çünki nəyi isə yadda saxlamağa vaxtı yox idi, çünki içki tapmaq ehtirası, içki içmək yanğısı onun bütün vaxtını yeyirdi, gücünü alırdı, nəyisə yada salmağa, xatırlamağa taqəti yox idi və bütün bunlar barədə, yəni bu vaxtsızlıq barədə, bu yaddaşsızlıq barədə fikirləşməyə də taqəti və həvəsi yox idi. Səfurə də, Gülzar da, ağappaq cərrah xalatı, cərrah papağı da uzaq və tamamilə yadlaşmış bir keçmişdə qalmışdı. Əvvəllər, o vaxtlar ki, düzdü, evdən getmişdi, işdən çıxarılmışdı, amma, hər halda, tamam küçələrə düşməmişdi, stəkanların, parçların dibindəki qalığı içmirdi, haradasa qarovulçu işləyirdi, balaca da bir qarovul köşkü var idi, əlinə keçəni arağa verib o köşkdə içirdi və orda da yıxılıb yatırdı, bax, o zamanlar həmin o əlçatmaz, ünyetməz keçmiş bəzən ona rahatlıq vermirdi, ayıq vaxtlarında əzab çəkirdi, özü özünə söz verirdi ki, gedib müalicə olunacaq, daha içməyəcək, hətta, yeniyetməlik, gənclik çağlarında olduğu kimi, gələcək barədə planlar qururdu, fikrində Gülzarı yenidən gəzməyə çıxarırdı, teatra, kinoya gedirdilər, fikrində yenidən Səfurə ilə bir çarpayıda yatırdı və həmin çarpayıdakı ağın kraxmal təmizliyi, elə bil ki, onun fikrindən, xəyalından çıxıb balaca qarovulçu köşkünə bir ümid, bir nikbinlik gətirirdi, amma sonra hardansa yenə araq tapılırdı və yenidən başlanacaq gələcək haqqındakı o planlar, o xəyallar da solurdu, işığını itirirdi.

Süpürcəçi qadın küçəni süpürə-süpürə uzaqlaşdı və arvadın əynindəki sarı çit pencək də, elə bil, bu dəm bütün aləmi basmış payız xəzəlindən xəbər verdi...

O yenə də gözucu «Qırmızı qərənfil»in qapısına baxdı, sonra gözlərini əlinə zillədi, elə bil ki, qəzet hələ də əlində idi və yenə də onun ürəyindən bir qorxu keçdi ki, birdən cibindəki altmış qəpiyi itirmiş olar, amma bu dəfə pulları cibindən çıxarıb saymadı, öz-özünü həmin nigarançılıq içində saxladı və bu, elə bil ki, onun özünün özündən aldığı bir intiqam idi.

Hər şey ilk qədəhdən başladı və o ilk qədəhi haçan içmişdi? – bunu heç vaxt, hətta, cərrah işlədiyi və içməyini başqalarından gizlətdiyi, içkinin iyi gəlməsin deyə üz-gözünə ətir vurduğu vaxtlar belə yadına gətirə bilmirdi; sonra içməyini daha gizlədə bilmədi, sonra heç gizlətmək istəmədi də, bəxtindən şikayət etdi, həyatdan şikayət etdi, ağlaya-ağlaya özünün təqsirkar olmadığını, həyatın təqsirkar olduğunu tanıyıb-tanımadığı adamlara uzun-uzadı danışmağa başladı və tanış-biliş tələsik bir bəhanə tapıb ondan ayrılmağa, ondan canını qurtarmağa çalışdı, onu görəndə yolunu dəyişdi, gizləndi, sonra uzun-uzadı danışmağa vaxtı və həvəsi qalmadı, tanış-bilişdən əvvəlcə beş manat, sonra üç manat, sonra bir manat, əlli qəpik, iyirmi qəpik borc istədi, sonra daha «borc» sözünü də demədi, elə-eləcə pul istədi; işdə əvvəlcə cərrahlıqdan kənar edildi, xırda feldşer işlədi, sonra işdən tamam çıxarıldı və gedib o qarovulçu köşkünü tapdı; söz verdi, təzədən içdi, müalicə olundu, təzədən içdi, evdən getdi, Səfurə yaxınların, qohumların tənəsi altında (« – Niyə o alkoqolikin nazı ilə oynayırsan? Ərdi sənə bəyəm? Atadı bəyəm uşağınız üçün? Bədbəxt eləyib sizi, neyləyirsən onu? Qoy, öz cəzasıdı, it kimi ölsün küçələrdə!..») axtarıb onu tapdı, yenə getdi, hardasa itdi və Səfurə yenə onu axtarıb tapıb evə qaytardı, yenə getdi və daha Səfurə onu axtarmadı, geri qaytarmadı.

O, elə-eləcə səkinin üstündə oturub gündən və çirkdən qapqara qaralmış əlinə baxırdı və onun başı yenə də uğuldamağa başlayırdı, sərçələrin civiltisi yenə də eşidilməz olurdu, bütün bədənindən gəlib keçən o yanğı yenə də yandırırdı və bu zaman o çox zəif taqəti daxilində bir-iki dəfə gücünü toplamaq istədi, çalışdı ki, həmin sərçə civiltisi kəsilməsin, «Qırmızı qərənfil»in qapısına tərəf baxmasın, cibindəki altmış qəpiyin itəcəyindən qorxmasın, amma özünü saxlaya bilmədi, «Qırmızı qərənfil»in hələ də bağlı qapısına baxdı, bir-iki dəfə udqundu, ağzı sulu olsa da, hətta arabir dodaqlarının qırağından tüpürcək axsa da, onun ağzı da bütün içi kimi, beyni kimi yanırdı, pivə istəyirdi.

Süpürgəçi qadın küçədə öz sahəsini süpürüb qurtarmışdı, çıxıb getmişdi və küçənin, səkinin asfaltın üstündə qalın süpürgənin izi qalmışdı: süpürgə asfaltın üstündəki narın tozu xırda və sıx xətlərlə daramışdı və bu təmiz küçədəki bu izdə də bu dəm həmin dəstə-dəstə sərçə civiltisinə bənzəyən nəsə var idi.

O yenə də iri qıfıllara baxdı, sonra asfaltın üstündəki süpürgə izlərinə baxdı və birdən-birə əvvəllər tez-tez yadına saldığı, uzun müddətdən bəri isə tamam unutduğu bir baxışı xatırladı və başındakı uğultuya, bədənindəki yanğıya, qulağının, ayaq barmağının ağrımasına baxmayaraq, həmin baxışı aydın gördü, həmin baxışın çox-çox uzaqlarda qalmış əhvali-ruhiyyəsini yüngülcə də olsa, yenidən hiss etdi: yeddinci, ya səkkizinci sinifdə oxuyurdu, yay vaxtı idi, atası Naxçıvana ezamiyyətə getmişdi, onu da özü ilə aparmışdı və İlan dağını da onda görmüşdü, sonra Bakıya qayıtmışdılar və həmin qısa səfər onun ürəyinə qəribə bir coşğunluq gətirmişdi, o, doğulub böyüdüyü Bakı küçələrinə də, yaxşı tanıdığı adamlara da, öz yoldaşlarına da elə bil ki, nəsə yeni gözlərlə baxırdı, ona elə gəlirdi ki, nəsə gözəl bir ərəfə qarşısındadı, bunun nəyin ərəfəsi olduğunu bilmirdi, amma o ərəfə hissi ürəyinə bir hərarət, bir ilıqlıq gətirirdi, elə bil ki, içində təzə-tər söyüd yarpaqlarını oxşayan bir yaz mehi əsirdi və belə günlərin birində Bakının dağlıq məhəlləsində yaşayan bir yoldaşıgilə gedəndə küçədən ötən cavan bir qızın oğrun baxışlarını ömründə ilk dəfə öz üzərində hiss etdi; həmin qız ondan iki-üç yaş böyük olardı, ağappaq və qolsuz koftası dolu və sağlam bədənini pərçim örtmüşdü, elə bil ki, qızın bədəni, dolu döşləri ağappaq qolsuz koftanı cırıb-dağıdıb özünü göstərmək istəyirdi, qaraşın sifəti və qapqara gözləri var idi və gizli bir ehtirasla, maraqla işıldayan o qara gözlər ona oğrun bir nəzər saldı, sonra qız gözlərini yerə dikdi, hətta, deyəsən, bir balaca qızardı da, onun yanından ötüb keçdi və o bir də heç zaman həmin qızı görmədi, amma ilk dəfə öz üzərində hiss etdiyi o oğrun baxışlardakı gizli ehtirasın, marağın işıltısı yaddaşında hopub qaldı, hətta institutu qurtarandan sonra da o qızı xatırlayırdı, o baxışları yenidən görürdü və həmişə də o baxışların əhvali-ruhiyyəsi daxili bir nikbinlik, daxili bir coşğunluq gətirirdi.

O, asfaltın üstündəki süpürgə izlərinə baxa-baxa həmin uzaq baxışları tamamilə qəflətən xatırladı və bu zaman bayaq hiss etdiyi doğma, məhrəm qoxunu yenidən duydu, onun əlləri, bədəni yenə də həyəcanla titrədi, bu, bədənindəki o dözülməz yanğının titrəyişi deyildi, yenə də o doğmalığın, o məhrəmliyin gətirdiyi titrəyiş idi.

Küçədən maşınlar tez-tez ötməyə başladı, gedib-gələn adamlar çoxaldı, süpürgənin asfalt üstündəki izləri tapdanıb yavaş-yavaş itməyə başladı və bufetçi Abdulla da əlindəki bir dəstə açarı oynada-oynada gəlib çıxdı, özündən qat-qat aşağıda dayanmış iyrənc bir məxluqa baxırmış kimi, ona ötəri bir nəzər saldı, sonra «Qırmızı qərənfil»in qapısındakı yekə qıfılları bir-bir açmağa başladı.

O, Abdullanın gəlməyini görməmişdi, amma açılan qıfılların səsini eşidirdi və başa düşürdü ki, Abdulla gəlib «Qırmızı qərənfil»in qapısını açır. Onun bütün bədəni, bütün varlığı «Qırmızı qərənfil»ə can atırdı, amma o, Abdullaya tərəf baxmırdı, qalxıb «Qırmızı qərənfil»ə tərəf getmirdi və başındakı həmin uğultu, bədənindəki həmin yanğı içində, elə bil, özü özündən yenə də intiqam alırdı və bu daxili intiqam elə bil ki, onun gücünü artırırdı, ona taqət verirdi (bədən isə yanırdı, yanırdı...).

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II hissə

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

45 мин
I fəsil

(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.

13 мин
II fəsil

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

21 мин
III fəsil

Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.

13 мин

Стихи других поэтов