Страница 7 из 9 · 67%

– Bir dəqiqə dayanın, Qafarzadə (bu qadın da sədr kimi tabelikdə işləyən adamları yalnız famili ilə çağırırdı), indi. – Və Ayna xanımın sədrin kabinetinə girməyi ilə çıxmağı bir oldu. – Gözləyir sizi, Qafarzadə, keçin.

Əbdül Qafarzadə içəri girəndə sədr geniş mizin arxasında oturmuşdu və «Azərbaycan gəncləri» qəzetini iki səhifə boyu açıb qarşısında tutmuşdu; mizin arxasında yalnız geniş açılmış qəzet və Fərid Kazımlının qəzeti hər iki tərəfindən tutmuş iri və ətli barmaqları görünürdü.

Bəzən qəzetlərdə gülməli, əcaib-qəraib fotolar çap edib altında yazırlar: «Bunun mənası nədi?» Xüsusən, «Literaturnaya qazeta»da. İndi Əbdül Qafarzadə də fikirləşdi ki, bax mizin arxasındakı o geniş açılmış qəzeti və o barmaqları beləcə çəkib göndərəsən qəzetə ki, bunun mənası nədi? Əbdül Qafarzadə gülümsədi, çünki özü bunun mənasını yaxşı bilirdi.

– Salam, yoldaş Kazımlı!

Sədr qəzetin arxasından:

– Bayaq salamlaşmadıq?– soruşdu.

– Salam Allah kəlamıdı...

Fərid Kazımlı daha dözə bilmədi, qəzeti aşağı saldı və böyük, yaraşıqlı çeşməyinin arxasından zəndlə Əbdül Qafarzadəyə baxdı:

– Allaha çox inanırsan?

– Mənim inanıb-inanmamağımdan nə asılıdı, yoldaş Kazımlı? Varsa, var, yoxsa da, yoxdu də...

– Bayaq katib dedi də... Dəmir məntiqə nə deyəsən? Buldozer istəyirsən, hə?

Əbdül Qafarzadə xüsusi dəvət gözləmədi və mizə yaxın kürsüdə sədrlə üzbəüz oturdu.

– Texnika istəyirsən? Buldozer, hə?

Əbdül Qafarzadə gülümsədi və yenə də cavab vermədi.

– Mən də indi bir buldozer verdirsəm sənə, necə olar?

– Verdirməssən!

– Niyə?

– Çünki dünyagörmüş adamsan...

– Bəs, onda nə demaqoqluq edirsən? Yəni ki, yoldaşlar, bax, deməyin ki, Qafarzadə belədi, elədi, heç bir şəxsi maddi marağım yoxdu mənim, qəbirqazanları texnika ilə əvəz etmək istəyirəm, hə?.. Sabah da biri soruşanda, deyəcəksən ki, gedin, Rayon İcraiyyə Komitəsinin iclas protokollarına baxın, mən həmişə texnika istəmişəm, bürokratlar, laqeydlər verməyiblər... Hə? İndi necədi, əmr eləyim, bir buldozer versinlər sənə, qəbirqazanların da ştatını minimuma qədər ixtisar elətdirim? Hə?

Əlbəttə, Fərid Kazımlı bu kabinetdə bayaq birinci katibin baxışları altında kiçilmiş, əriyib yox olmuş adam deyildi, amma, hər halda, Əbdül Qafarzadənin yanında da bu kabinetə layiq şəkildə, tam əzəməti ilə görünmürdü və ən başlıcası isə, bunu Fərid Kazımlı özü də çox yaxşı başa düşürdü. Fərid Kazımlı belə işlərdə uşaq deyildi, tükü tükdən seçirdi və bilirdi ki, Əbdül Qafarzadə istəsə onun özünü bu sədrlik kreslosundan aşırar, işdən qovdurar, çünki Əbdül Qafarzadənin Mərkəzi Komitədə də, Moskvada da mükəmməl adamları və dostları var idi. Deyirdilər ki (doğru deyirdilər, yalan deyirdilər – bilmirdi, amma, hər halda, deyirdilər), bu Əbdül Qafarzadənin kimlərəsə bağışladığı üzük indi Leonid İliç Breynevin qızı Qalinanın barmağındadır. O üzük hardan gedib o barmağa girib – Fərid Kazımlı bunu bilimirdi, çünki o üzüyün elə bir yüksək uçuşu müqabilində Fərid Kazımlı çox kiçik adam idi.

Əbdül Qafarzadə yenə də gülümsəyib:

– Elətdirməzsən... – dedi.

– Mən elətdirmərəm, katib elətdirər! Tapşırar, buldozer yollayarlar sizə, kompressor da! Katibin bir sözünü kim iki eləyəcək?

– Katib tapşırandı bu on ildə tapşıraydı də! Burda deyirsən, orda yadından çıxır. Görmürdün, qarnı elə guruldayırdı, elə bil, zavod işləyir.

– Sən onu hələ yaxşı tanımırsan. Bayaq gördün mənə necə baxdı? Köhnə qurddu!

– Qurddu, qurd olsun da... Bəs biz nəyik, dovşan-zadıq?

Əbdül Qafarzadə bu sözləri yalnız katibin qarasına demirdi, bu sözlərdə Fərid Kazımlının özünə də növbəti bir xəbərdarlıq var idi; sonra Əbdül Qafarzadə birdən-birə o keçmiş hadisəni xatırladı, diş həkimi Nəcəf Ağayeviçin çil-çil kürən sifəti, xoruz pipiyi kimi qıpqırmızı saçı, qaşı, kirpiyi gəlib gözlərinin qabağında dayandı və kişi gülümsəyə-gülümsəyə:

– Bəs dost idiniz katiblə, nə oldu? – dedi. – Pişik keçdi aranızdan?

Fərid Kazımlı iki qoluyla da mizin üstünə dirsəklənib nazik çənəsini əllərinin arasına aldı və Əbdül Qafarzadənin boz gözlərinə baxdı; bu boz gözlərə diqqətlə baxanda Fərid Kazımlı həmişə nəsə narahat olurdu və bu dəfə də gözlərini qarşısında oturmuş bu adamın boz (və soyuq! Hətta gülümsəməyinə baxmayaraq da soyuq!) gözlərindən çəkdi:

– Bununla dost olmaq olar? – dedi. – Beləsiyçün nə dost?

– O boyda hörmət elədin ona!..

Fərid Kazımlı bu sözdən, elə bil ki, bir balaca səksənən kimi oldu, çənəsini əllərinin üstündən qaldırdı, sonra kürəyini qalın və yumşaq kreslosunun söykənəcəyinə söykəyib əlini yellədi:

– Əşşi, sən də elə danışırsan, elə bil, uşaqsan!.. Bu hörmət qanandı? Ağlın, deyəsən, mənə gedib... Buna bir dəniz hörmət elə, məqsədəuyğun ki, hesab elədi, bir dəqiqənin içində başını kəsib tullayar, heç uf da deməz! Belə baxırsan, qoca kişidi də, səhərdən axşama kimi qarnı quruldayır, ancaq, əslində, qurddu, qurd, özü də qazdan ayıqdı!..

Əbdül Qafarzadə yenə də gülümsədi, diş həkimi Nəcəf Ağayeviçin o çil-çil kürən sifəti, o qıpqırmızı saçı, qaşı, kirpikləri yenə də gəldi durdu kişinin gözlərinin qabağında. Bu hadisə bir neçə il bundan əvvəl olmuşdu və aradan keçən müddət ərzində heç kim, o cümlədən, Fərid Kazımlı da bilməmişdi ki, (hələlik bilməmişdi, çünki haçansa yəqin ki, biləcəkdi, bəlkə də heç bilməyəcəkdi...), Əbdül Qafarzadə həmin qazdan ayıq adamın – Rayon Partiya Komitəsinin birinci katibi hörmətli M.P.Qəriblinin başına nə oyun açıb...

... O zaman Fərid Kazımlının özü telefonla Əbdül Qafarzadənin evinə zəng çaldı, səhər tezdən yanına çağırdı və nəsə təcili bir iş olduğunu başa düşən Əbdül Qafarzadə səhər tezdən Rayon İcraiyyə Komitəsinə getdi, birbaşa sədrin kabinetinə keçdi.

Fərid Kazımlı açıq-aşkar həyacanlı idi, Əbdül Qafarzadəni görən kimi: «– Gəl əyləş!..» – dedi. – Sonra zəngi basıb Ayna xanımı çağırdı: «– Heç kimi içəri buraxma!» – Ayna xanım bu tapşırığa təəccüb etdi, çünki, onsuz da, Əbdül Qafarzadə yanında olanda içəri heç kimi buraxmırdı.

Fərid Kazımlı yəqin ki, giriş üçün bir söz tapmayıb (bir də ki, Əbdül Qafarzadə ilə söhbətdə girişə nə ehtiyac var idi?) birbaşa mətləbə keçdi: «– Kişiyə qızıl lazımdır!» – Əbdül Qafarzadə iri çeşməyini gözünün üstündə düzəltdi və diqqətlə Fərid Kazımlıya baxdı: «– Hansl kişiyə?» «– Katibə də, başa düşmürsən, Qəribliyə!»

Araya kiçik bir sükut çökdü və Fərid Kazımlı yaxşı başa düşürdü ki, bu kiçik sükut ərzində Əbdül Qafarzadə hər şeyi beynində götür-qoy edir, çünki Fərid Kazımlının fikrincə, Əbdül Qafarzadənin beyni belə işlərdə pusquda dayanmış ağıllı və yırtıcı bir canavar idi, şikar tam hazırıydısa, tamam arxayınçılığıydısa, pusqudan sıçrayırdı, hazır deyildisə, əmması varıydısa, nəsə xoşuna gəlmirdisə, heç vaxt pusqudan çıxmırdı; odur ki, hər şeyi açıq və olduğu kimi danışdı ki, Əbdül Qafarzadənin şübhə yeri qalmasın: «–Dünən çağırmışdı məni. Ordan-burdan söhbət elədi, mən nə bilim, küçələri qaydaya salmaq lazımdı, kanalizasiya belə gəldi, qaz kəməri belə getdi, sonra da başladı ki, pensiyaya çıxmaq istəyirəm, işdən getmək üçün ərizə verəcəyəm, qocalmışam, yorulmuşam... Sözdü, deyir də, ərizə verəndi o?! Sonra da yavaş-yavaş fırlatdı-fırlatdı, gətirib onun üstünə çıxartdı ki, bir az pulum var, istəyirəm onu qızıla çevirim... Düzü, əvvəlcə bu söhbətdən şübhələndim, aramız elə açıq deyil bununla, özün bilirsən, ildə üç-dörd dəfə hörmət eləyirəm ona, vəssalam. Nə mən bunun adamıyam, nə də bu mənim adamımdı!.. Özün bilirsən!.. Fikirləşdim ki, niyə məni seçib? Elə indi də fikirləşirəm... Nə isə, iki yüz əlli dənə onluq qızıl istəyir... Mənim də sənnən başqa gümanım gələn bir adam yoxdu. Bu işi başqa adama etibar eləyə bilmərəm...»

Yəqin ki, hər şey, həqiqətən, Fərid Kazımlının söylədiyi kimi olmuşdu, yoxsa bu qızılları Fərid Kazımlı özü üçün istəyirdisə, gizlətməyin nə mənası var idi, birinci dəfə deyildi ki, tanış olurdular... Başqası üçün də istəsəydi, M.P. Qəriblinin adını verməzdi, çünki bunun heç bir mənası yox idi. Yox, Fərid Kazımlı həqiqəti deyirdi.

Əbdül Qafarzadə: «– Ona görə səni seçib ki, – dedi, – yaxşı tanıyır səni!..» - Sonra bu sözlərin bir az həddən artıq kobud səsləndiyini hiss edib əlavə etdi: «– Etibar edir sənə!..» Fərid Kazımlı: «– Bilmirəm... – dedi. – Hər nə isə, gərək mənə kömək eləyəsən!..» «– Birini neçədən istəyir?» Fərid Kazımlı: «– Qiymətini, – dedi, – mən deyəcəyəm ona. Bilmirsən, xəsisin biridi, beş-altı dəfə təkrar elədi ki, pulum azdı, ucuz olsun, bütün varım-yoxum budu! Yalançının atasına lənət! Soyanda elə soyur ki, adamın cibində bir qara qəpik də qalmır!..» Əbdül Qafarzadə boz gözlərini eləcə Fərid Kazımlının gözlərindən çəkməyərək: «– Biri min manata düzələr...» – dedi. – Fərid Kazımlı qollarını açdı: «–Çox bahadı!.. Qorxuram razı olmasın...» Əbdül Qafarzadə: « – Bunun elə beş yüz manatı qarantiyadır ki, heç kim heç nə bilməyəcək, söz-söhbət olmayacaq da! – dedi. Bunun day nəyi bahadı?..» Fərid Kazımlı: «–Yaxşı, – dedi, – qiyməti deyərəm özünə, sonra xəbər eləyərəm».

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов