Страница 2 из 2 · 50%

Bir müddət dinməz dayandılar və bu müddət ərzində getdikcə bərkiyən sulu qarın şırıltısı içində bir-birinə qatışan adam səsləri eşidildi; səslər işığı yanan pəncərədən gəlirdi və burası da açıq-aşkar hiss olundu ki, iki nəfər bir-biri ilə höcətləşir.

Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli də, Fəttah dayı da pəncərədən gələn səslərə qulaq asdılar. Sözləri ayırd etmək mümkün deyildi, amma bir şey məlum idi: içəridəki mübahisə get-gedə qızışırdı.

Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə dedi:

– Deyəsən, vaxtında gəlməmişik...

Gündüz Kərimbəyli gözlərini pəncərədən çəkməyib:

– Ya da ki, lap vaxtında gəlmişik! – dedi və səhərdən bəriki yumşaq danışığına yaraşmayan bir qətiliklə əlavə etdi. – Sən get, Fəttah dayı, mən sonra gələcəyəm. Fəttah dayı başa düşdü ki, etiraz etməyin yeri deyil; bu qonağın islanmış cücə kimi üşüməyi də gözgörəti kəsmişdi.

– Bəlkə gözləyim səni burda?

– Yox, niyə gözləyirsən, get.

– Bəs bizi necə tapacaqsan?

– Taparam. Müəllim yola salar məni.

– Neynək. Elə məktəblə üzbəüz oluruq...

Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə geri çevrildi və yavaş-yavaş uzaqlaşaraq qaranlıq içində itdi.

Gündüz Kərimbəyli darvazanın kiçik qapısını döymək istədi, amma qapı açıq idi. O, içəri girəndə həyətin aşağı başındakı it damından qulağıkəsik yekə bir köpək çölə sıçrayıb, hürməyə başladı; boynu zəncirli olmasaydı, işlər xarab olacaqdı; birinci mərtəbənin artırmasından gələn işıqda itin gözləri par-par parıldadı.

Yaşlı bir arvad birinci mərtəbədəki evin qapısını aralayıb, belə bir havada nə qədər mümkünsə bir elə də başını bayıra çıxarıb səsləndi:

– Kimdi, ə, orda heylə?

– Fazil müəllimin yanına gedirəm.

Arvad bu dəfə itə tərəf çımxırdı:

– Kiri!

İt o saat səsini kəsdi və elə bil bu arvadın çımxırmağını gözləyirmiş kimi, quyruğunu bulaya-bulaya tez-tələsik də damına girdi.

Gündüz Kərimbəyli taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxıb şüşəbəndin qapısına yaxınlaşdı. İçəridən gələn səslər indi aydın eşidildi:

– Mən səninçün balaca bəbə-zad deyiləm ki, qorxudasan məni!

– Bilmirəm, bəbəsən, ya nəsən, budu deyirəm sənə, islanmışın yağışdan qorxusu yoxdu, sırğa elə, as qulağından, əgər naxələflik eləsən, tökəcəyəm yerə bağırsaqlarını!

– A kişi, necə adamsan sən? Adam dili başa düşmürsən? Niyə durub gəlmisən üstümə?

Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli iş xatirinə də olsa, qapı dalında gizlənib başqalarının danışığına qulaq asmağı yəqin ki, xoşlamırdı, əlini kürkünün cibindən çıxarıb qapını tıqqıldatdı.

Əvvəlcə bir sakitlik çökdü, sonra içəridən səs gəldi:

– Heç nə lazım deyil, Ayna xala!

Gündüz Kərimbəyli qapını bir də döydü.

– Nədi axı? – sözüylə qapının açılması bir oldu və qapını açan oğlan tanımadığı bu qonağa baxıb soruşdu: – Kim lazımdı?

Gündüz Kərimbəyli əynində sırıqlı, otağın ortasında dayanmış qırx beş, əlli yaşlarında kişiyə baxıb qarşısındakı cavan oğlandan soruşdu:

– Fazil müəllim sizsiniz?

– Bəli, mənəm.

– Sizinlə bir balaca işim var.

Fazil müəllim sırıqlılı kişiyə ötəri bir nəzər salıb, Gündüz Kərimbəyliyə yer göstərdi.

– Gəlin içəri, buyurun, əyləşin.

Gündüz Kərimbəyli içəri girdi və otaq isti olduğundan, Fazilin göstərdiyi stula tərəf gedə-gedə kürkünü çıxartdı, üzərindən su süzülən portfeli stulun yanında yerə qoyub oturdu və kürkü dizlərinin üstünə saldı.

Sırıqlı geymiş kişi qonağa tərs bir nəzər salıb, Fazil müəllimə baxdı və xüsusi bir tələffüzlə:

– Mən getdim! – dedi. – Lazım olsa, gələcəyəm yenə!

O, qapıdan çıxanda Fazil müəllim dərindən nəfəs alıb, Gündüz Kərimbəyliyə tərəf çevrildi:

– Bağışlayın, elə bildim ki, yenə Ayna xaladı, soruşur ki, nə lazımdı. Ev yiyəsini deyirəm... Kirayənişinəm mən burda.

Mühüm işlər müstəntiqi dizlərinin üstündəki kürkün döş cibindən vəsiqəsini çıxarıb Fazil müəllimə göstərdi:

– Mahmud Qəmərlinskinin işi ilə əlaqədar sizə əziyyət verirəm.

Fazil müəllim qapının yanındakı köhnə meşin divanda oturdu və lap ürəkdən gələn bir yanğı ilə:

– Kişi yaman getdi! – dedi. – Mənim üstümdə getdi!

– Sizin üstünüzdə niyə?

Fazil müəllim Gündüz Kərimbəyliyə baxdı və ancaq Gündüz Kərimbəylinin sezə biləcəyi bir tərəddüddən sonra dedi:

– Mən olmasaydım, nə işi vardı burda?

Gündüz Kərimbəyli dizlərinin üstündəki kürkü sürüşməyə qoymayıb, soruşdu:

– Nəyə görə gəlmişdi ki, bura?

Fazil müəllim divandan qalxıb ona yaxınlaşdı və kürkü götürüb:

– Qoyun asım, – dedi. – Yaşdı, qurusun bir az.

O, kürkü qapının arxasına vurulmuş mismardan asıb, yenə də bayaqkı yerində oturdu.

– Məni görməyə gəlmişdi də...

– Bunu ifadənizdə oxumuşam.

Fazil müəllim təəccüblə mühüm işlər müstəntiqinə baxdı, yəni ki, oxumusunuzsa, niyə təzədən soruşursunuz?

– Sizin doğma babanızdı, hə?

Fazil müəllim əlini ağzına aparıb uşaq kimi baş barmağının dırnağını dişi ilə gəmirtləyə-gəmirtləyə:

– Hamısını demişəm də. Protokola yazıblar hamısını...

– Mənimlə danışmaq istəmirsiniz?

Fazil əlini ağzından çəkmədən:

– Niyə istəmirəm? Doğma babamdı, əlbəttə... Atam müharibədə ölüb, tək oğlu idi. İki nəvəsi vardı, biri mən, biri də mənim bacım, daha heç kimi yox idi. Bacım məndən böyükdü, Bakıda ərdədi, öz ailəsi var. Babam tək qalırdı. – Fazil müəllim əlini ağzından çəkib qollarını döşündə çarpazladı.

– Bacınız babanızın dəfninə gəlmişdi?

– Gəlmişdi, əlbəttə. Çox qala bilmədi, körpə uşağı var...

– Qabaq bir yerdə yaşayırdınız?

– Hə. Universiteti qurtarandan sonra mənim təyinatımı verdilər bura.

– Nə vaxt?

– İl yarımdı burdayam.

– Bakıya gedib-gəlirdiniz? Babanızı yoluxmağa?

– Hə, əlbəttə. Bizsiz darıxırdı yaman...

– Axırıncı dəfə nə vaxt getmişdiz Bakıya?

– Ayın iyirmi ikisində, şənbə günü, dərslər qurtarandan sonra.

– Bazar günü də orada qaldız?

– Hə. Gecə çıxdım Bakıdan, bazar ertəsi gəlib çatdım dərsə.

– Deməli, siz iyirmi üçündə Bakıdan çıxmısınız. İyirmi dördü keçib, iyirmi beşində babanız bura gəlib. Cəmi bircə gün keçəndən sonra təzədən sizi görmək üçün bura gəlib?

Fazil müəllim Gündüz Kərimbəyliyə baxdı, sonra iki əli ilə də üzünü tutub başını aşağı saldı və bu dəfə özünü saxlaya bilməyib riqqətə gəldi:

– Mənim üstümdə getdi kişi! – dedi. – Mənim üstümdə!

Gündüz Kərimbəyli bərkdən öskürdü, öskürəyi daha boğazdan yox, xalis sinədən gəlirdi və belə məlum olurdu ki, özünü əməlli-başlı soyuğa verib. O, öskürə-öskürə ayağa qalxıb qapıdan asılmış kürkünün cibindən dəsmal çıxartdı və dəsmalı ağzına tutub bir daha öskürdükdən sonra dedi:

– Mənə baxın, Fazil müəllim! Əgər istəyirsinizsə ki, babanızı öldürən adam, ya da adamlar cəzalarına yetsinlər və bu məsələ tez həll olunsun, nə bilirsiniz, hamısını deyin, heç nə gizlətməyin. Bizim gizlənpaç oynamaq vaxtımız çoxdan keçib! Sizi mütləq prokurorluğa çağırıb rəsmi sorğu-suala tutmalıyam?!

Fazil müəllim başını əllərinin arasından qaldırıb təəccüblə qonağa baxdı, elə bil ki, ondan belə sərt danışıq gözləmirdi; sonra dedi:

– Bunların bir-birinə dəxli yoxdur.

– Nəyin?

– Mənim məsələmlə, babamın öldürülməsinin.

– Sizin hansı məsələnizin?

Fazil müəllim əllərini üzündən çəkib barmaqlarını sındırdı və başını divanın arxasına söykəyib qızarmış gözlərini tavana zillədi; yəqin başa düşdü ki, bu çağırılmamış qonaq havayı yerə adamdan əl çəkən deyil, açmalıdı sandığı, tökməlidi pambığı.

– Babam mənim işim üçün gəlmişdi...

Mühüm işlər müstəntiqi eyni sərtliklə soruşdu:

– Sizin hansı işiniz üçün?

Fazil müəllim ayağa qalxıb pəncərəyə yaxınlaşdı və şüşənin arxasındakı qaranlığa baxa-baxa:

– Onsuz da bu rayonda heç nə gizlətmək mümkün deyil, – dedi. – Sonra gözlərini pəncərədən çəkməyərək sıxıla-sıxıla əlavə etdi. – Mənim Bakıda nişanlım var. Babalarımız uşaqlıq dostu olublar... Hələ universitetdə oxuyanda nişanlanmışdıq... Mən gəldim bura, o qaldı Bakıda... Bura gələndən sonra... – Fazil müəllim sözünə davam edə bilmədi: yəqin bu saat özünü dünyanın ən naqolay vəziyyətində olan bir adam hesab edirdi.

Gündüz Kərimbəyli ona kömək etmək istədi:

– Qız başqasını...

Fazil müəllim gözlərini pəncərənin şüşəsindən çəkməyərək onun sözünü kəsdi:

– Yox, qız başqasını yox, mən başqasını...

Araya sükut çökdü. Gündüz Kərimbəyli dəsmalını kürkün cibinə qoyub pəncərəyə yaxınlaşdı:

– Gecələr qaranlıq olur rayonunuz, – dedi. – Küçələrdə işıq azdır.

Fazil müəllim, görünür, başladığı söhbəti tez də qurtarmaq istəyirdi:

– Rus dili müəlliməsidir. Səadətdir adı... Babam razılıq vermirdi, deyirdi ki, yaxşı iş görmürsən, kişi belə iş tutmaz... Mən də bilirəm, yaxşı iş deyil bu, amma adamın özündən asılıdı bəyəm? Adam özü bilir ki, nə olacaq? Cavan uşaqlardıq, nişanlamışdılar bizi, elə bilirdik ki, istəyirik bir-birimizi, amma sonra məlum oldu ki, uşaq işləridi bu, istəmirik bir-birimizi... – Fazil müəllim özü öz sözlərindən əsəbiləşərək yavaş-yavaş səsini qaldırdı. – Sonra məlum oldu ki, mən başqasını istəyirəm!.. Getdim kişini başa salım. Yox, dedi, gərək özüm gəlib görüm ki, nə məsələdi bu! Tərs idi yaman!.. Bir şey ki, beyninə batdı, çıxarmaq olmazdı... Xasiyyəti belə idi, evdə də, işdə də... – Fazil müəllim gözlərini şüşədən çəkib yanında dayanmış Gündüz Kərimbəyliyə baxdı. – Vaxtilə o da sizin, bir növ, kolleqanız idi... Qabaqlar rayonlarda milisdə işləyirdi, milis rəisi... Hələ biz yox idik o vaxtlar... Sonralar təqaüdə çıxanacan, başqa işlərdə işləyirdi... Quldurlara, qaçaqlara can verməyib, amma bir saat oğrusunun bıçağının qurbanı oldu...

Öskürək yenə də Gündüz Kərimbəylini boğdu.

Fazil müəllim pəncərədən ayrılıb soruşdu:

– Bəlkə Ayna xalaya deyim çay gətirsin?

– Yox, çox sağ olun, getmək istəyirəm. – Bu sözləri deyən adam artıq yenə də əvvəlki xoşrəftar qonaq idi. – Bağışlayın, bir-iki sual da vermək istəyirəm... Qız bilirdi ki, babanız bu işə razı deyil?

– Hansı qız?

– Buradakı müəllimə, Səadət.

Fazil müəllim başı ilə təsdiq edə-edə:

– Bilirdi! – dedi.

– Bura gəlməyini də bilirdi?

– Yox, ona deməmişdim.

– Bəs kimə demişdiniz?

Fazil müəllim bir az susduqdan sonra cavab verdi:

– İmaşa. Səadətin qardaşı... Böyük qardaşı...

Gündüz Kərimbəyli qapıya yaxınlaşıb kürkü mismardan aldı və geyinə-geyinə soruşdu:

– Babanızı qarşılamağa tək getmişdiniz?

– Bəli.

– Yolda heç kimə rast gəlmədiniz?

– Yox.

– Birbaşa bura gəldiniz?

– Hə.

– Gələn kimi də evdən çıxdı?

– Hə.

– Niyə?

– Bilmirəm, ürəyi qısıldı, ya nə oldu... Birdən-birə tutulmuşdu yaman. Paltosunu da çıxarmayıb beş-altı dəqiqə oturdu, bəlkə on dəqiqə... Sonra dedi ki, çıxıram küçəyə. Nə qədər elədim, olmadı. Məni də qoymadı ki, yanınca gedim. Dedi ki, bir az hava alıb qayıdacağam...

– Yolda, ya da evdə olduğu vaxt sizdən bir şey soruşmadı?

– Yox, soruşmadı.

– Lap dəqiq?

Fazil müəllim bir az fikrə getdi, sonra dedi:

– Soruşdu ki, ev yiyəsindən razıyam, ya yox? Dedim ki, yaxşı adamdı Ayna xala.

– Vəssalam?

– Hə.

– Yolda da?

– Yolda heç nə soruşmurdu. Əvvəlcə kefi pis deyildi. Deyirdi ki, şəhərdən sonra buralar adama ləzzət eləyir, maşınların tüstüsü, hər tərəfin asfaltı bezikdirib məni... Sonra daha bir söz demədi...

Gündüz Kərimbəyli portfeli götürüb qapını açmaq istəyəndə, əl saxladı və axırıncı sualını verdi:

– Buradakı kişi İmaş idi?

Fazil müəllim təəccüblə Gündüz Kərimbəyliyə baxdı:

– Hə, o idi. Nə bildiniz?

Mühüm işlər müstəntiqi gülümsəyib çiyinlərini çəkdi.

Fazil müəllim də çarpayının başına saldığı paltosunu götürüb geyinə-geyinə dedi:

– Sizi ötürüm...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 мин
Küləyin, çinarın və qaranquş balasının hekayəti

O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.

3 мин
Nigar, Yalçın və onların Dədəsi

Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi.Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı, Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz velosipedi vardı, Yalçının öz velosipedi.

3 мин
Mən yaman qoçağam

Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:

2 мин

Стихи других поэтов