Страница 2 из 2 · 50%

– Hara gedəcəyik?

Əlbəttə, Cavanşir belə sual gözləmirdi və döyüküb qaldı; sonra bir ildırım sürətilə, çox təcili cavab axtarmağa başladı və birdən-birə İsgəndər Abışov yadına düşdü, cibindəki təqaüdü yadına düşdü və heç özü də bilmədi ki, necə dedi:

– Gedək parka... kababxanaya...

Mədinə xanım bu dəfə gizlədə bilmədiyi bir təəccüblə Cavanşirə baxdı:

– Acmısınız?

Cavanşir qulaqlarının dibinə kimi qıpqırmızı qızardı və əlini üzünə aparıb yalandan alnını qaşıdı ki, Mədinə xanım bunu görməsin; bircə anın içində yüz iyirmi səkkiz kiloluq Əbülfət gəlib durdu gözlərinin qabağında və Əbülfətin kababxanasındakı kabab iyi, quyruq iyi, araq iyi Cavanşirin burnuna gəldi və bu təmiz havada, bu gülün-çiçəyin içində, bu gözəl qadının yanında belə bir əbləh fikrin ağlına gəlməsinə heyrət etdi.

– Yox... acımamışam... – dedi Cavanşir. – Elə-belə dedim...

Mədinə xanım yenə Cavanşirə baxdı, sonra elə bil birdən-birə nəsə tapdı və bir sui-qəsd hazırlayırmış kimi yavaşcadan, özü də çoxdan bəri axtardığı bir şeyi tapan adamlar kimi sevinclə dedi:

– Bilirsiz... Gəlin gedək mənim otağıma. Mən otaqda təkəm, başqa heç kim olmur...

Cavanşir qulaqlarına inanmadı.

Mədinə xanım dedi:

– Mənim pəncərəmdən üfüq də görünür. Bir yerdə tamaşa eləyərik günəşin batmasına...

Mədinə xanımın üfüqlə günəş barədəki sözləri bir az süni çıxdı.

Onlar istirahət evinə enən cığıra düşdülər.

Onlar Mədinə xanımın otağına gedirdilər və Mədinə xanımdan başqa bu otaqda heç kim yox idi.

Cavanşir, heç olmasa, beş dəqiqə tək qalmaq istəyirdi, özünə gəlmək istəyirdi. Aşağıda Şuşa istirahət evinin ikimərtəbəli, üçmərtəbəli binaları görünürdü, yavaş-yavaş pəncərələrin işıqları yanırdı.

Cavanşir dedi:

– Gedim konyak alım...

Mədinə xanım dedi:

– Lazım deyil... Məndə konyak var...

Onlar elə danışırdı, elə bil, doğrudan da, ortada bir sui-qəsd var idi.

Mədinə xanım Cavanşirin qolundan tutmuşdu və hərdən ayağı büdrəməsin, yoxuşu enəndə otun üstü ilə sürüşməsin deyə Cavanşirə qısılırdı.

Cavanşirin boğazı tamam qurumuşdu və siqaret də çıxarıb yandıra bilmirdi və Cavanşir əslində bunu da bilmirdi ki, belə bir həyəcanın səbəbi sevinməyindəndi, çəkinməyindəndi, ya nədəndi.

Mədinə xanım cığırın kənarındakı alça ağacının yanında ayaq saxladı:

– İkimizin bir yerdə içəri girməyi yaxşı deyil, – dedi. – Hər halda, Şuşa Şuşadı, Karlovı-Varı deyil, – dedi və gülümsədi. – Bax, o qıraqdakı ikimərtəbəli binanı görürsünüz, sol tərəfdən lap birinci pəncərə mənimdi, ikinci mərtəbədə, – dedi. – Gördünüz?

Cavanşir:

– Hə, görürəm... – dedi.

Mədinə xanım:

– Qoyun əvvəlcə mən gedim, – dedi. – Sonra, beş-altı dəqiqədən sonra siz gəlin... Qapını açıq qoyacağam... – Mədinə xanım gülümsədi. – Oldu?.. – deyə soruşdu.

Cavanşir:

– Hə... – dedi.

Mədinə xanım əlini Cavanşirin qolundan çəkib cığırla aşağı düşdü. Mədinə xanım əlini onun qolundan çəkəndə bu hərarətli əl bir neçə an Cavanşirin çılpaq qolunda sürüşdü və bu hərəkət Cavanşirin içinə bir titrətmə gətirdi.

Mədinə xanımın əlinin Cavanşirin qolundakı hələ də istisi qalmış yerinə sərin meh toxundu.

Bir sərin meh əsməyə başladı.

Gün özü daha görünmürdü, amma üfüq qıpqırmızı idi.

Cırcıramalar yavaş-yavaş axşam cırıltısına başlamışdı və bu cırcırama səsinə hardansa arabir qurbağaların da qurultusu qarışırdı.

Yağış yağacaqdı?

Birdən Cavanşirə elə gəldi ki, ürəyində nə vaxtdandı bir yağış həsrəti var; bir şıdırğı yağış istəyir ürəyi; bir ildırım çaxsın, göyün qaranlığında bir ildırım parlasın, hər tərəfi bir ildırım səsi lərzəyə gətirsin; Cavanşir bütün bədəni ilə bu şıdırğı yağışı hiss etdi.

Üfüqün şəfəqləri get-gedə solurdu tamam.

Sonra Mədinə xanımın pəncərəsində işıq yandı.

Cavanşir alça ağacına söykənib o pəncərə işığına baxırdı və bu saat tamam əmin idi ki, həmin otağa girəndə Mədinə xanım onu əyninə geydiyi yaraşıqlı, uzun xalatla qarşılayacaq və Mədinə xanım divanda oturanda ətəkləri arasından çılpaq baldırları görünəcək.

Ən pisi, ən dəhşətlisi bu idi ki, o çılpaq baldırlar bu saat Cavanşirə heç bir sirli aləmdən, heç bir kefdən, məstlikdən xəbər vermirdi və elə bil ki, o çılpaq baldırlar Cavanşirin ürəyindəki yağış həsrətini çirkləndirirdi, lap çirkaba batırırdı.

Əlbəttə, Cavanşir başa düşürdü ki, belə eləmək olmaz, belə bir iş kişilikdən deyil, bu, uşaqlıqdı, lap uşaqlıqdı, amma ayaqları Cavanşirin sözünə baxmırdı, ayaqları onu bu cığırdan, bu alça ağacının yanından və ən başlıcası isə o pəncərə işığından uzaqlaşdırırdı; ayaqları Cavanşiri harasa başqa yerə aparırdı, onu bu tərəflərdən qaçırırdı.

Cavanşir cığırdan çıxıb otluqla gedirdi və Cavanşir heç özü də bilmədi ki, Şuşa istirahət evi necə arxada qaldı, o işığı yanan pəncərə, onu çağıran, onu gözləyən pəncərə necə görünməz oldu, necə gəlib Şuşanın aşağı başındakı Qayabaşına çıxdı.

Qayabaşı tərəfdə heç kim yox idi və artıq tamam qaranlıq çökmüşdü. Qarşıdakı dağların arasındakı kəndlərin işıqları yanırdı və bir-birindən xeyli aralı bu kəndlər gecənin qaranlığında dağların arasında, dağların döşündə ovuc-ovuc işıqlar idi, elə bil ki, çox-çox uzaqlardakı ayrı-ayrı kəhkəşanlar idi və Cavanşir bu uzaqlıqdakı yaxınlığı duydu, hiss etdi və birdən-birə ağlına gəldi ki, onun fikri, düşüncəsi, hissi Dürdanə üçün heç bir uzaq qalaktika-zad deyil.

Qarşıdakı bu kəndlərin işığı elə bil ki, bir istilik gətirdi. Cavanşir bu saat bütün bu tərəflərdə, bu qayaların arasında bu dağlarla üzbəüz tamam tək idi, qayaya söykənib oturmuşdu, kəndlərin ovuc-ovuc işıqlarına – dağların arası ilə qıvrılıb gedən, Molla Nəsrəddin yolunda hərdənbir görünən maşın işıqlarına baxırdı və ona elə gəlirdi ki, əslində tək deyil, kimsə yanındadı, kiminsə nəfəsini hiss edir, sonra ona elə gəldi ki, bu nəfəs, bu üns Dürdanənindi: Cavanşir bu fikrin gözlənilməzliyinə və bu fikrin həqiqətinə heyrət etdi; Cavanşir birdən-birə qorxdu ki, nənəsi Dürdanənin yanında da ona «a kişi qırığı» deyər.

Bu tərəflər tamam sakitlik idi və qarşıdakı yarğanın dibi ilə axan Daşaltı çayının qıjıltısı aydın eşidilirdi. Yarğanın o tayındakı Xəznə qayasının isə kölgəsi qaralırdı, sıldırımları hiss olunurdu və Cavanşir uşaqlıqda bu yerlərə çox gəlmişdi, bilirdi ki, Xəznə qayasına Qızıl qaya da deyirlər: Qacar Şuşaya basqın edəndə İbrahim xan var-dövlətini Xəznə qayasının üstündə basdırır, bu işi iki nəfər görür, sonra biri o birini qayadan tullayır ki, xəzinənin sirrini heç kimə verməsin, sonra özü də Xəznə qayasında yoxa çıxır.

Xəznə qayası isə indi insanın belə bir əməli müqabilində əzəmətlə dayanmışdı, özü də lap canlı idi. Xəznə qayası cansız sıldırım qaya deyildi, nəfəs alırdı, qulaq asırdı, görürdü və susurdu.

Hərgah dünyada, bax, bu Xəznə qayası vardısa, bax o Daşaltı çayının qıjıltısı beləcə eşidilirdisə, bax, o ovuc-ovuc işıqlar beləcə yanırdısa, İsgəndər Abışov niyə öz həyatından narazı idi və niyə günlərinin yeknəsəqliyindən danışırdı?

Sonra birdən-birə ildırım çaxdı, birdən-birə şıdırğı bir yağış başladı və bir müddətdən sonra bu Şuşa yağışı birdən-birə başladığı kimi birdən-birə də kəsdi.

Əslində, lap əslində, Cavanşir qorxmurdu ki, birdən Mədinə xanım onun görüşünə gəlməz, Cavanşir istəmirdi ki, Mədinə xanım gəlsin; Cavanşir özü bunu bilmirdi, amma bu belə idi; amma Mədinə xanım gəldi və Cavanşir qaçdı.

Sonra yavaş-yavaş bir duman gəldi, qarşıdakı ovuc-ovuc işıqlar əvvəlcə bu dumanda yayıldı, sonra tamam görünməz oldu, Xəznə qayası da dumanda yox oldu və Cavanşirə elə gəldi ki, sabahkı gündü, onun anadan olduğu gündü, bir qız, cavan, təmiz, utancaq bir qız Cavanşirin çox xoşladığı alma piroqu bişirib gətirib onu təbrik edir, Cavanşiri dünyanın ən cəsuru bilir, Cavanşirin heç nədən qorxmamağı ilə, heç nədən çəkinməməyi ilə fəxr edir və bu, doğrudan da, belədir; o cavan qız, o təmiz, utancaq qız başqa heç nə demir, utana-utana, qızara-qızara özünü məcbur edir, Cavanşirin yanağından öpür və bu xəfif öpüşü bütün bədəni ilə hiss edən Cavanşir də hamının gözünə dik baxa bilir, çünki Cavanşir istəklidir, çünki Cavanşir arxadır, çünki Cavanşir istinadgahdır; və Cavanşir hər tərəfi bürümüş bu duman içində Dürdanənin gözlərini, üzünü, saçlarını aydınca gördü...

Şuşa sanatoriyasının həyətində isə Müslümün klarnet çalmağına imkan olmadı. Şuşaya duman gəlmişdi, amma Sadıq müəllimin meydana toplaşanlarla sağollaşmasından qabaq Hüsaməddin Alovlu ondan icazə aldı, meydanın ortasına çıxıb bu gün yazdığı yeni şerini oxumağa başladı:

Nevesta budeş

Tı materi moey!

Oçen xoroşo!

Oçen xoroşo!

Hüsaməddin Alovlunun bu sətirləri Marusya Nikiforovanın ürəyindən xəbər verirdi və o, meydanın ortasındakı bu sevimli oğlana baxa-baxa dünyanın ən gözəl şerinə qulaq asırdı.

Və bu dəm xalatlı İsgəndər Abışov da Şuşa sanatoriyası kitabxanasının qapısı ağzında dayanıb gizlin-gizlin Azadəyə baxırdı və fikirləşirdi ki, görəsən, ona imzasız sevgi məktubu yazan bu qızdı, yoxsa yox?

Aprel, 1977.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II fəsil

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

21 мин
III fəsil

Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.

13 мин
IV fəsil

Yenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi:– Leyli! Leyli!

10 мин
V fəsil

Bəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura gəlib-gedirdi, çünki belə məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi.Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və hər dəfə bu maşın Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi.

14 мин

Стихи других поэтов