Heykəl və heykəlin qardaşı
(Fraqmentlər poeması)
Fraqment - proloq
Polşa uğrunda vuruşmalarda həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr edirəm.
Cəbrayıla
bir payız səhəri gəldim;
Yorğun-arğın.
Xeyli baxdım
təpələr qucağındakı
bu gözəl guşəyə;
durub kənarında arxın.
Çinar gördüm;
bir binanın qanadı altına alıb,
boylanırdı
ağsaqqal kimi.
Soruşurdu yarpaq dilləri ilə:
kimi axtarırsan, kimi?
Mən Vaqifi axtarırdım,
Qəhrəman Cəmilin qardaşını –
rayonun katibini.
Birdən,
heyrət aldı məni:
Gördüm Cəmili
tunc geyimli,
heykəlliyində də
qayğıkeş,
cəsur,
sadə.
Sinəsini döndərmişdir,
həyatla
ölüm arasındakı səddə.
Sanki fikrə gedib
zövq alırdı
yanındakı gur su səsindən.
Kədərliydi bir qədər;
üç addımlıqdakı evlərinə
düşüb gedə bilmirdi
əbədiyyət kürsüsündən...
Ağlar anası:
Oğul, durub burdan-bura
gəlmirsən!
Bu dərdimə sənsən çara,
Gəlmirsən?!
Susar atası:
İndi böyük bir kişisən
mən qocayam,
məndən yaxşı
sən bilirsən
hər işi sən.
Cəmil, xırda uşaqsanmı
qışqıram ki, axşam oldu.
Oynamısan, yorulmusan,
bəsdir, Cəmil.
İndi isə sən özün bil,
mən deməyim yaxşı deyil.
Deyər Cəmil:
Axı, yenə postumdayam,
mən gəlməsəm, siz gəliniz.
Heç bir şey də lazım deyil,
Gətiriniz lalə, nərgiz.
Dinər qəlbim:
Cəmilin vüqarında
vuruşaraq,
Avropadan
müzəffər qayıdıbdır
bu çinar.
Cəmilin gur səsində
vuruşaraq,
Avropadan
müzəffər qayıdıbdır
bu sular.
Onun arzularında
vuruşaraq,
Avropadan
müzəffər qayıdıb
bu çiçəklər.
Onun təbəssümündə
vuruşaraq,
Avropadan
müzəffər qayıdıb
bu şəfəqlər,
Cəmilin nəfəsində
vuruşaraq,
Avropadan
bu saf hava
qayıdıbdır müzəffər.
Alar məni fikirlər:
Çinar qəhrəman!
Sular qəhrəman!
Şəfəqlər qəhrəman!
Çiçəklər qəhrəman!
Hava qəhrəman!
Cəmil qəhrəman!
Alqış sənə,
Kamiranlıq dostu olub,
Özü nakam ölən cavan!
Katib susur baxa-baxa
Pəncərədən görünən tunc Cəmilə -
gərgin ifadəli simaya.
Cəbrayılın üstündəki
Qəhrəmanlıq şəfəqi kimi çilənmiş
Cəmil adlı səmaya.
Gözlərindən oxuyuram:
Anam - dərdli qarı
az qala çarşabını açıb
saxlamaq istəyir
Cəmilin başına yağan
dolunu,
yağışı,
qarı.
Elə əli
ürəyinin üstədir.
Gah deyir ki, "qaranlıqdır,
Cəmil darıxar".
Gah da: "Ona soyuqdur,
istidir".
Məndə
Qonaq gələndə
istəyirəm gedib çağıram.
Sözüm yerə düşər deyirəm,
birdən gəlməz insafsız.
Ürəyimdə "toy" sözü partlayır
görəndə
ona layiqli bir qız.
İşləyirəm hamı kimi...
İstəyirəm,
nə qüvvəm varsa qoyam.
Heç bacararammı ki,
Cəmilin adına,
şöhrətinə,
hörmətinə
qıyam.
Mən yaxşı bilirəm
ha işləsəm,
az olacaq.
Pis işləsəm
Cəmilin
şan-şöhrəti azalacaq.
Bir məsələ yönə düşməyəndə
qır-qıc olub quruyuram.
Axı mən bizi
Rusiya çöllərində,
Avropada qoruyanın
şöhrətini qoruyuram.
Mən saxlamaq istəyirəm
onun şöhrətini
evdəki paltarı kimi
təmiz,
ləkəsiz,
təzə.
Asandırmı onun
şərəfli,
həm də ağır
Şöhrət yükü altında yaşamaq
anama,
atama,
qardaşıma,
mənə-
bizə?!
İstəyirəm daha çox hörmət qazanım.
Bu hörmət,
gərək çətinliyin
dəmir caynağından alına.
Qoyum orm
pyedestalının altına Cəmilin;
Cəmil daha uca olsun,
daha çox vuqar nuru tökülsün
O şərəfli,
o ləkəsiz alına.
Cəmil daha uca olsun deyirəm,
axı, o hələ çox cavandı.
Boyca da böyüyə bilərdi,
şöhrətcə də.
Bəlkə ikinci ulduz da alardı
zəhmət adlı cəbhədə.
Yox, yox,
qoymaram
tuncda donub qalsın
şöhrəti,
boyu.
Cəmilə həsr edəcəyəm
Ömrümü ömrüm boyu.
Nəyə lazım
nəfəssiz,
həyatsız heykəl?!
Qolsuz-qanadsız heykəl.
Amma heykəl
Böyüyərmiş nə çətin;
bahasın dağdan ağır zəhmətin.
O, hər xırda-para
raportu,
işi,
xeyirxahlığı
qəbul etməz;
dayanıb vüqarlı,
Ətrafı əbədiyyət hasarlı.
Lakin o,
Otellodan daha qısqanc
əbədiyyətin
gözlərindən yayınıb,
hər işimizə qarışar,
artar alnındakı qırışlar...
Hər iclasda iştirak edər
qulaq verib həyətdən,
ayrılmaz fəxri bir uzv kimi
heyətdən.
Onun baxışı altında
Mehriban və sərt olmalıyam.
"Yerinə yetirilməlidir,
bir söz ki, deyildi.
Necə yəni mümkün deyildi?
Necə yəni bir xahişə gələnə
Deyəsən: - Çox mahaldır.
Yox, qardaşım,
Bu, Cəmili yetişdirən
xalqdır,
mahaldır".
Cəmil
heç xahiş edilmədən,
heç özlərinin xəbəri
olmaya-olmaya
insanları ölümdən qurtarıb,
vida deyib son kərə
səngərə,
heç bir "olmaz",
"düzləməz",
"yoxdur",
"bəlkə"
sözlərini
dilinə gətirməyəsən
sən gərək,
fikir verəsən
Cəmilin bu məsələyə
necə baxmasına.
"Olacaq!
Düzələcək!
Var!
Mütləq!"
Deməlisən narahatlıq,
Yorğunluq nədir,
lap ölüm bahasına.
Çətindir Cəmilin
baxışı altında
Daşımaq rəhbərliyi çiyində.
Gərək biləsən
camaatın süfrəsində
bişmişin də,
çiyin də.
Katib susur,
Mən susuram.
Oynadır fikirli-fikirli
Qarşısındakı
raket uclu qələmləri,
göy mürəkkəbqabını.
Elə bu vaxt
üç pirani qoca
tıqqıldadıb açar yerini,
aralayıb qapını.
Təklif eşidib
girirlər içəri,
əyləşirlər.
Rəngləri
gün altında işləməkdən
tunca çalır.
Katib uzun barmaqları ilə
sanki göy məxmərdə
sükut mahnısı çalır.
Qocalardan biri deyir:
– Yoldaş katib,
üç dəfə yazmışıq sədrə.
Baxmayıb ərizəmizdə
barı bir qısa sətrə,
bir söz deyirik,
o qızır.
Verdiyi vədlər də qısır.
Deyir: - Necə?
Susuzsunuz?
Yenə də bu?
Susunuz!
Gedirik,
gəlirik hey,
Qalmayıb daha bizdə hey.
Katib astadan dinir:
– Olacaq suyunuz.
Daha nə sözünüz, soyunuz?
Sədrə də deyin ki,
belə getməz, ay ağa.
Baxıram,
nə üçünsə
qocalar qalxmır ayağa.
Amma katib elə ki
gözlərini dikir
qardaşının heykəlinə,
gedir fikrə.
Qocalar "sağ ol, çox sağ ol" - deyib,
otaqdan sevincək çıxırlar
Qapıda bir-birinə
Yol verə-verə.
Susuruq...
Ayaq səsləri gəlir...
Sanki Cəmildir,
Raykomun bağından
keçir fikirli-fikirli,
asta-asta.
Katib deyir:
– Sizinlə söhbət edək bir az da,
Telefon zəng edir;
katib əyilir
dəstəyə sarı.
Pəncərədən tökülür
çiyinlərinə,
qələminin altına
külək əsdikcə
Cəmilin
tunc çiyinlərindən qopan
yarpaqlar; qızılı-sarı.
1-ci fraqment. Heykəl uzağa baxır
Heykəl durub kədərli,
qəmli bir əzəmətlə.
Durub baxır heyrətlə,
Həsrətlə.
Qocalmış atasına,
cüt qardaşa,
anaya.
Onların gözləriylə.
Onlarla söhbət edir,
onların sözləriylə.
Baxır, görüşür hər gün.
Cəbrayılın yazı,
payızı,
yayı,
doğma,
gözəl qışıyla.
Onların ürəyilə,
onların baxışıyla.
Baxır uşaqlığının
Narahat çağlarına.
"Qaçaq-qaçaq" oynayan
Qonşu uşaqlarına.
O vaxt çevik,
mehriban,
gah həlim,
gah da yaman
bir Cəmil vardı.
Baxmayıb Cəbrayılın,
od şaxtalı qışına,
əllərini aparıb
Qara, çatma qaşına,
Hücum, deyərdi, hücum!
Qonşu uşaqlarından
Toplanılmış qoşuna.
Baxır,
məktəblərini
Tapa bilmir.
Yerində
Uca,
geniş
bir məktəb saldırıbdır
onun Vaqif qardaşı, -
Heykəlinin, adının,
şöhrətinin sirdaşı.
Sonra baxır yollara
Uzaq-uzaq yollara,
gah sıldırımdan keçən,
gah da düzdə günün altda,
nurlu, parlaq yollara.
Baxışları yol gedir,
o silahla açdığı,
dağlı, düzlü yollarla.
Gah yayla,
2-ci fraqment. Coğrafiyadan "5"
Uşaqların nəğməsi
yayılıb hava kimi
bütün Yer kürəsinə.
Yer kürəsi titrəyir,
tablamayır onların
dalğalı,
gur səsinə.
Yaxalarında çiçək,
çiçəyin altda ürək,
ürəkdə min xoş dilək
məktəbə yollanırlar,
şirin şərqi deyərək.
Onların bəsi olmur,
Yollar,
rizlər,
cığırlar;
Çəmənliyə çıxırlar.
Eh, kəpənək nə qədər!
Var xallılar, qonurlar.
Uşaqlar da,
onlar da
Burdan ora keçirlər,
Ordan bura qonurlar.
Bir az o yanda
Üç-dörd ölkə burdan aralı
Küçələri titrədir
"Zonder-yunq" dəstələri.
Bu ötkəm,
şıq geyimli,
Addımları müqəyyəd
Gənclər səhərdən bəri.
Hitler - onlara günəş,
Almaniya - hər şeydən:
İlk məhəbbətdən,
Hər cinayətdən,
Addan,
Həyatdan üstün.
Hitlerə həsr ediblər
cavan ömrü büsbütün.
Onlar hazırlaşırlar
Cəbrayılda - çəməndə
Kəpənəklərlə uçan
Gəncləri məhv edələr;
Tarixin qarşısında
Özləri də bilmədən
Çox böyük səhv edələr.
Hitler baxır onlara
Reyxin pəncərəsindən.
Baxır Fürer
zövq alır
Yenə "hitleryungendin"
"hayl!", "hayl!" səsindən.
O baxır
Pəncərədən;
Adını bilmədiyi
Cəbrayıla göz dikir.
Cəbrayıl da bir böyük
Ölkənin varlığında
Onun gözünə girir
Görünməz zərrə təki.
SSRİ-yə baxanda
bura da baxmış olur.
Buranı da rəhmsiz
Yandırıb-yaxmış olur.
Bizim gəncliyimizi
gətirəndə nəzərə,
Kəpənəklə oynayan
bu məktəblilərə də
Qətl əmri vermiş olur.
Yamacda at seyirdən
Cəmili görmüş olur.
Xeyli baxdı Cəmilə
Reyxin pəncərəsindən,
İodl,
Keytel titrədi
Fürerin kal səsindən.
Narahat oldu fürer
Baxan zaman bu şümal,
bu qaraşın oğlana.
Amma çox da baxmadı
Cəmilin gözündəki
Şücaət alovuna,
kamalına,
ağlına.
Cəmil o gün tarixdən,
Coğrafiyadan da "beş",
Fürersə ölkə aldı.
Hələ ikincisini
Dedi ki, bəlkə aldı.
3-cü fraqment. Analar dünyası
Kainatı tutubdur
anaların qayğısı.
Yuxarıda göy olub,
aşağıda yer olub,
anaların ürəyi,
anaların arzusu.
Çünki onlar –
analar
göyə heç də inanmır
yerə heç də inanmır.
Göy də,
yer də gözəldir.
amma ana qəlbitək
heç biri uşaqların
dərd-qəminə yanmır.
Köks ötürüb dərindən
onlar öz arzusundan,
onlar öz qayğısından,
Könlünün ən sevimli,
ən titrək,
ən müqəddəs
gizli guşələrindən
ətir,
işıq,
rəng,
hava
alıb, bir yeni dünya
düzəldirlər.
Ətrafı arzu,
qayğı hasarlı.
Sonra rahatlanaraq
dayanırlar,
baxırlar,
əzəmətli,
vüqarlı.
Göyün üzünə bir göy,
Yerin üzünə bir yer
çəkib, sonra analar
su içər,
çörək yeyər,
uşaqları qoruyar
özdəri yaratdığı
bu dünyaya atılan
Daşdan,
oddan,
kəsəkdən,
Bura qaçan kəhərdən,
Hətta aydın səhərdən
Əsən yeldən, küləkdən.
İntizar baxışları
Saf təbəssüm sərhədli,
nifrət,
hiddət sərhədli
müqəddəs bir dünyanı
hey dolana-dolana
düşər hər çəmənliyə,
hər bağa,
hər şənliyə,
hər küçəyə,
dalana.
Nə biləydi analar
onların baxışını
kəsib, doğrayıb keçir
Fürerin sərt baxışı.
Analar dünyasına
Baxır,
indidən gülür
anaların yasına.
Analar az qalır ki,
gələcək günləri də
yığıb baş-başa çata.
Bilmirlər belə olsa,
oğlun boyu
Fürerin
Gülləsinə tez çatar.
Ürəkdən yana-yana,
Düşünür ki, hər ana,
gen sinəli bir igid
olsun ki,
mən də deyim ceyran kimi
bir qıza,
uşaq yox,
oğlumu sən
pəhləvan san, ay pəri.
Bilmir ki, gen sinəli,
enli kürəkli olsa,
əziyyət çəkməyəcək
düşmənin snayperi.
enlikürək,
uca,
mərd
oğul böyüdüb ana,
sən demə,
kömək edir ölümə!
4-cü fraqment. Ananın şifahi gündəliyi
Ana gündəlik yazmır,
Əvvələn, yaza bilmir,
Sonra ki, nəyə lazım
Yaddan çıxmazlar haqda?!
Xalqının da yadından
Heç vaxt çxmazlar haqda.
Ürəyi bir kağızın
Üstünə qoyub,
sonra
Bir də onu təzədən
sinəyə basmaq üçün
qələm alsın əlinə,
Bir də onu tanıtsın
onu duyan elinə!
Bir də ana qəlbinin,
müqəddəs yaddaşının
yoxdur əvvəli,
sonu.
Yaxşı süjetli şeirə
novellaya,
romana,
Allahı sevərsiniz,
oxşatmayınız onu.
Oxşamır da axı, o,
Bir də görürsən ana
yuxusunda
bir totuq,
"yeməli uşaq" görür.
Elə həmin uşağı
həmin vaxtda
Polşada vuruşan qoçaq görür.
Əmib doymamış uşaq
faşist ilə vuruşur, -
fris ilə vuruşur.
Atıb dodaqlarından
süd rəngli təbəssümü,
yanan hirslə vuruşur.
Ana birdən ayılır
öz qəzəbli səsinə.
Hitleri boğub atır
qüvvətsiz əlləriylə
Quranın "Öldürməyin!" -
yazılan ayəsinə!
Xatirələr qırılır
Cəmilin körpəlikdə
quraşdırıb bir kəlmə
etmək arzuladığı
şirin hecalar kimi.
Körpə hecalar kimi,
Körpü hecalar kimi.
Cəmil bir an içində
Cavan bir oğlan olur.
Polşada qan içində
Cəmil qəhrəman olur.
Orda neçə ananı
Cəmil bəxtiyar edir.
Amma öz anasının
Könlünü qubar edir.
Ana deyir: - Ay oğul,
Təki bütün analar,
Olaydılar
bəxtiyar!
Ay Cəmilim,
Ay oğlum,
İstərdim onlar kimi
Mən də bəxtəvər olum...
Sonra Cəmil çevrilir
Ananın 19 il
Bundan əvvəl etdiyi
Bir müqəddəs arzuya,
Bir əlçatmaz duyğuya.
O vaxt da arzu olsun,
İndi də arzu olsun?
Onda da istəyirdi
Onun bir oğlu olsun,
İndi də istəyir ki,
Onun bir oğlu olsun.
"O vaxt heç yaşı yoxdu,
indi on doqquz yaşlı
Cəmiltək oğlan gəlsin.
Qəhrəman gəlsin!
Gəldi.
Tunc şəklində qəhrəman.
Amma bağışla məni,
Azca narazı qaldı
Səndən uman
bu anan.
Hamı təriflədisə
sənin belə vəfanı,
mənə,
elə vəfanı. –
Bala, qoy açıq deyim
Sözüm - sənə gileydi;
Gərək sən elə birbaş
Evimizə gələydin.
5-ci fraqment. Qonşulara təsəlli
(Ana deyir:)
Bir dəfə görmədim ki,
Onun əyilə başı,
Onun əyilə qəddi,
Dəstəsində bir xətər
olarsa,
Ona dəyəcək, ona;
Ona dəyər.
Ürəyim deyir qəti.
Bir dəfə də girməmiş
mənim oğlum qabığa.
Yaxşı bilirsiniz ki,
bir dərd-bəla gələndə
Cəmil düşüb qabağa.
Olsa bir ölüm-ətər,
Cəmil birinci görər,
Əsirgəməz canını,
halal bilər qanını.
Məktubunda yazır ki,
"...Salam, anam, salam, atam!
Qorxmayın,
Salamatam!"
Dinləyən qonşuların,
qəlbi dönüb dağ olur.
Onlar durub dağılır.
Gizli əzbərləyirlər
Quran ayəsi kimi
ananın sözlərini.
Gecə tənha qalanda,
Gecə dərd çoxalanda
Onlar durub dağılır –
Başda Cəmil olmaqla
heç kimin balasına xətər dəyməsin deyə
zümzümə eləyirlər.
Əlavə
eləyirlər
burdan keçən
hər axşama,
hər səhərə,
Heç Cəmilin anasına
söyləməyə qıymazlar da.
Roden kimi
pyedestal qoymazlar da.
Oğulların
gənc Cəmilin ətrafında
mərd dayanan heykəlinə,
Axşam düşər,
apararlar,
gətirərlər səhər yenə.
Eh, analar,
oğlu üçün
heykəltəraş,
rəssam olan,
Məhəbbətdən ilham alan
Gərək sizi hər bir zaman
İlahətək
Yad edələr,
Hey analar,
Ey analar!
Ey analar!
6-cı fraqment
Qurşağacan su,
Göyə qədər
sükut içində...
O, birinci girir suya
dizə qədər.
Ağır sükut davam edir,
qarşıdakı düzə qədər.
Orda sükut parçalanır
ara-sıra,
Elə bil ki, top-tüfənglər,
ağır tanklar
Öz-özünə yeriyirlər,
sıra-sıra.
Sükut... Barıt iyli sükut...
Düşmən onu səngər edib,
doluşubdur bu sükuta.
Cəmil bilir:
onlar gəlir;
pıqqıltıdan,
çıqqıltıdan,
şırıltıdan
tuta-tuta
Sükut hərdən sızıldayır...
Sükut hərdən inildəyir.
Sonra susur...
Sükut indi ərşə dayaq.
Ulduzlarla birləşdirib
Cəmilgili,
Baş - ulduzda,
ayaq - çayda bu igidlər
Dayanıblar yerdən,
sudan göyə qədər.
Bəlkə bir az keçən kimi...
neçə-neçə messerşmit
Sükut adlı planetə
birdən girib,
Cəmilgili ulduzlardan
ayıracaq.
Ton-ton ölüm
Cəmilgilə tuşlanacaq?
Ulduzlardan,
bu sulardan
yaranmış bir kainatda
Ölüm-dirim çarpışması
başlanacaq?..
Sükut elə sərindir ki,
sükut elə dərindir ki,
sükut elə qocadır ki,
sükut elə ucadır ki...
Düşmənin ilk gülləsini
Görür Cəmil,
başı üstdən ordumuzun
keçib gedən
o sahillə
bu sahili birləşdirən
titrək,
uzun
nizə kimi.
Bir nizə ki,
Tüstü-duman arasında
Donub qalır.
O sancılır sakitliyə;
bir əsgərin sinəsində
sınıb qalan süngü kimi.
Cəmil dinir "hücum" deyə,
Araz axır,
Araz gəlir
Qarışır bu xırda çaya.
Leytenantın gər səsində
Cəmil girir axar suya,
qurşağacan,
Qayışında parıldayan
ulduzacan.
Köksündəki
bir igidlik sürətilə,
bir pəhləvan qüdrətilə
hücum edən ürəyəcən,
Qızılgülün ləçəyindən
Titrək olan diləyəcən.
Orda daim qərar tutan
təpərəcən.
Əzəmətli bir ölkəyə,
O Cəbrayıl adlı kəndə,
Həmin adlı şəhərəcən.
Mərmi gəlir,
güllə gəlir
Başı üstə fit çala-çala.
Sular olur şırım-şırım,
Təpə-təpə...
Sütun-sütun...
çala-çala.
Dağılır da,
yığılır da...
Ulduzlu bir papaq qoyub,
qalxır sular,
sahilinə,
məcrasına
yıxılır da.
Qan götürüb gedir onu,
ölüm yoldan edir onu.
Sulara qan zolaq salır
Komandirin yarasından.
Amma hara,
hara gedir
Vzvodunu başsız qoyub
vuruşmanın yansından?!
Al qan axır su yerinə.
Qan qarışıb bir-birinə.
Suda yağı qanı da var;
Qan qarışır qanımıza.
Əsgər içər yad qanını
mərdlik onu qınamasa.
Cəmil sanır: qanıyla bir
Axır çaya ağrısı da.
Dolur, daşır,
ağrılarla
qandan doyan ağır su da.
Axıb gedir bu ağrılar,
Azad olmuş neçə elə
Axar suda,
ağır suda.
Orda üstü-başı tozlu,
Böyük, kiçik gülə-gülə
Çimir indi
bu vzvodun,
Komandirin ağrısında.
7-ci fraqment. Adsız qəhrəman
Cəmilin bir dostu var,
Od-alovun içindən
Qayıdıb sağ-salamat.
Gərək dünya eşidib
Onun haqda,
qala mat.
İri, qara gözləri -
ürəyinin güzgüsü.
Sifətində sən deyən,
yox qoçaqlıq cizgisi.
Dava cəhənnəmi də
qova bilməmiş
qəti
Üzündən çox zərif,
həlim ifadələri.
Var hamıyçün
gözündə
mehribanlıq səhəri.
Kim baxsa söyləyər ki,
görmüşəm bu surəti.
Yox heç kimdən,
ricası,
xahişi,
təmənnası.
Var çiynində
Cəmilin
çiyninin xoş təması.
Kənddə bir kəs də bilinir
O vuruşmuşdur necə,
Fris öldürüb neçə.
Ağır, ya asan idi
onunçun hansı vuruş.
Bilən yoxdur.
Yerlilər
bircə şeyi bilirlər
Ki, o hər an
qəhrəman
dostu ilə bir olmuş.
Ki, onunla ayrılıb
gözü yaşlı bir səhər.
Niyə dinmir bu adam,
gördüyünü danışmır,
etdiyini danışmır?
Reyxin paytaxtınacan
getdiyini danışmır.
Tanıyırlar ki, həlim,
Gözəl bir insandır o.
Amma bir kəs də bilmir
mükafatsız,
medalsız,
ordensiz
bir igiddir,
adsız qəhrəmandır o.
Adı cəbhədə qalmış
həlak olanlarla bir.
Özü də açıb demir.
Bu iradəsi dəmir
Qızğın vuruş zamanı
Dostlardan ayrı düşmüş.
Təkbaşına bir taqım
düşmən ilə
döyüşmüş.
Talelərin,
adların
Qəribə gərdişində,
Davanın sərt dönüşlü,
dağınıq gedişində,
Görünən təkcə olub
qollarının sarığı.
İtib,
batıb
misilsiz bir igidlik sorağı...
Kimsə yiyə durubdur
bəlkə bu igidliyə
Onu əzizləyirlər
"ey bizim igid" deyə.
İndi mehrini salmış
Cəmilin heykəlinin
ucaldığı o bağa.
Səpir sirr sözlərini
çiçək toxumu kimi
su içdikcə canlanıb
pıçıldayan torpağa.
Çırlladımı dağda gün,
evdə qalmaz,
burdadır.
Həlak olub-olmayan
dostlarının adını
əkir bağa birbəbir.
Gül açır yazda onlar,
bağı ətrə qərq edir.
Hasarları adlayıb
aşır,
baş alıb gedir.
Güllər kimin adını
daşıyır,
bilmir heç kəs.
Əhmədinsə qəlbində
sönüb, tükənmir həvəs.
Güllər azca solanda,
dərdə düşüb üşünür,
Bu güllər dostlarımın
heykəlidir... düşünür.
Qarşılayıb burada,
hər açılan səhəri,
heykəlləri səsləyir.
heykəlləri bəsləyir:
Böyüdür heykəlləri...
Çox işləyibdir bu gün
yaman ağrıyıb beli.
Çəkib sarı torpaqdan
göy yala sancır beli.
Yanını qoyub yerə
siqaret tüstülədir.
Fikri, xəyalı yenə
keçmişə yollar gedir.
Yenə qayıdır geri
Əhməd yumur gözünü.
Eşidir çiçəklərin,
güllərin xoş sözünü.
Güllərin səsi rəng-rəng:
Birininki qırmızı,
birininki çəhrayı,
Bu rəngli sədaların,
sözlərin yoxdur sayı.
Nə dərdi var Əhmədin
bu hüdudsuz dünyada?!
Yaşayır bir mənalı
al-əlvan simfoniyada.
Güllər hamısı açmış,
işlər düşüb çəminə.
Açıb gözünü birdən
Fikir verir Cəmilə...
Cəmil deyir: "Ay canım,
ay mənim dəstəmdəki
istəkli qəhrəmanım,
görmədim sənin təki
gözü tox,
təvazökar.
Amma mənim yenə də
sən dostuma sözüm var.
Sən niyə utanırsan?
Sən nədən çəkinirsən?
Şöhrətdən çəkinirsən?
Həqiqəti aç, danış.
Bilsinlər ki, döyüşdə
Cəmil də tək olmamış;
Dostlarının əlindən
şan-şöhrəti almamış.
Cəmil burada təkcə,
Heykəl olub qalmamış.
Əhməd deyir:
– Sənin heç bir əmrini
Yerə salmamışam mən.
Qəm eləmə, nə olsun,
orden almamışam mən.
Rahat ol, ay əzizim,
barı heykəlliyində.
Dostunun yaratdığı,
bu cənnət güllüyündə.
Cəmil deyir:
– Uşaq olma,
belə qalma.
Qalsan unuduluşda,
demək, sənin əlində
bir düşmən də ölməyib.
O kəndin əsl adı
sakinləriylə birgə,
öz yurduna gəlməyib.
Qazandığın sükutda
gül balalar gülməyib,
Qocalar dincəlməyib.
Hələ orda analar
göz yaşını silməyib,
Quşlar o uçan olub,
Çöllər dinclik bilməyib.
Belə çıxır ordadır,
öldürməyə hərislər.
"Ölü baş"lı frislər.
O, AS-lar
O SS-lər
Bir igidlik nişanı,
İyirmi ildən də çox
Sən yiyəsini səslər.
Yoxsa açmaq ayıbdır,
Yoxsa o kənddə hələ
dava qurtarmayıbdır?!
Girib unuduluşun
gözgörməz zülmətinə,
əlinlə xətt çəkmisən
sən öz mətanətinə.
Bu dərd məni öldürər,
Bu sər məni qurudar.
Həqiqətin gücüylə
Orda davanı qurtar.
Bu gün yorğundu Əhməd,
Bir gül-çiçək əkmədi.
Üstəlik də raykoma
Çağırdılar Əhmədi.
– Sənin qəhrəmanlığın
Böyükdür, - dedi katib, -
Ay insafsız, bu şərəf
İyirmi ildir itib.
İndi aydın olub ki,
İgidsənmiş, igid sən,
Döyüşlərdə Cəmillə
Nələr eləməmisən!
8-ci fraqment
Bir neçə il sonra
Cəbrayıla gəldim.
Katibi otağından
çıxanda tuta bildim.
Keçdik içəri,
oturduq.
Danışdı bu adsız qəhrəmandan,
Qəhrəmanlığından
iyirmi il ayrı yaşamış
sadə bir insandan.
Ayağa qalxdım,
Cəmilin heykəli olan
bağa baxdım.
Gördüm ordadır.
Əlində də bel var.
Söykənib Cəmilin heykəlinə
Durub yanaşı,
Uzaq Polşaya baxırlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-heykel-ve-heykelin-qardasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Yenə bir leylivəş yara dil verdikYenə bir leylivəş yara dil verdik,Könül Məcnun təki divanələnmiş,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.