Страница 2 из 5 · 20%

Bikə böyründəki «papaqlı» çaynikə əl atıb, ərinin çayını təzələdi, bu dəfə özü üçün də çay süzdü və köks dolusu ah çəkib, Nəzərin sualına birbaşa cavab vermədi, nəsə götür-qoy edəndən sonra uzaqdan başlayıb üzü bəri gəldi:

– Əvvəla, qulluğuna ərz eləyim ki, sən o söydüyün faşist oğlu faşist kimi olmayıbsan, Nəzər. Bu otuz yeddi ildə əgər barmaqla saysan, cəmi-cümlətanı otuz yeddi dəfə bu evə əli-dolu gəlibsən, ya gəlməyibsən.

Nəzər yerində qurcuxdu, müştüyünü çıxarıb siqaret yandırdı; arvadının onu qazanc gətirmək məsələsində başqa kişilərlə müqayisə etməsi həmişə ürəyini cırmaqlamışdı, bu cür müqayisələrdən zəndeyi-zəhləsi gedərdi. Onda Nəzər açıb-ağartmasa da, ürəyində, beynində ağır, acı bir hiss kimi hey dolandırardı ki, arvadı onun təmizliyini, namusluluğunu və elmindən, mərifətindən əlavə, bir də, heç kəsin yanında gözükölgəli olmamasını qiymətləndirmir. Ya bunu başa düşmür, ya anlamaq istəmir, ya da, sadəcə olaraq, bu elə məsələdi ki, Bikə bunu deməkdən özünü saxlaya bilmir.

Nəzərin siqaret yandırıb tələsik sümürməsindən və qurcuxmasından Bikə xanım onun nə isə demək istədnyini göydə tutdu və sağ əlini qaldırıb:

– Hə, dayan, o saat cırnama, çətənəqursaq olma. Bəli, gəlməmisən, Nəzər. Bu bir. İkincisi, insafın varsa, boynuna al ki, mən heç vaxt sənin əlinə baxmamışam. — söylədi.

– Düz deyirsən, arvad, əlimə baxmamısan, ancaq cibimə baxmısan.

– Hə, onu düz deyirsən. O şey ki, düzdü, düzdü. Cibin mənim olub həmişə. Ayda ikicə gün.

– Bəs fikrin nə idi? Yoxsa hər gün cibim dolu olmalı imiş, səncə?

Bikə xanım bilirdi ki, indi deyəcəyi sözdən Nəzər od düşmüş pambıq tayası kimi alışacaq, ürəyinin dərinliyində havaxtdan yığılıb qalmış və artıq dilinin ucuna qeyri-iradi gələn sözləri uda bilmədi:

– Amma evə hər gün əli də, cibi də dolu gələn kişilər də var, Nəzər.

Bikənin gözlədiyi kimi də oldu. Nəzər partladı:

– Onlar kişi niyə olur? Onlar faşistdi, lap düzünü bilmək istəsən, faşist oğlu faşistdi. — Görünür, Nəzərin ürəyi bununla da soyumadı. Səsini uzada-uzada: — Lap, lap düzünü bilmək istəsən, oğrudu, julikdi, çapğınçıdı, rüşvətxordu, alçaqdı, vicdansızdı, həyasızdı onlar. Bildin? — səylədi.

Bikə xanım söhbəti bu yerə gətirib çıxardığına yamanca peşiman oldu, sıxıla-sıxıla dedi:

– Hə, hə, bildim. Sən allah, hirslənmə. Söhbətdi də, eləyirik, ta niyə hirslənirsən, ay kişi. Son vaxtlar lap hövsələsiz olubsan ha! — sonra ərinin qırışığını açıb, güldürmək üçun eynən onun kimi:

– Lap, laap hövsələsiz olub gedibsən! — dedi. Ancaq Nəzərin üzünün ifadəsi bir zərrə də dəyişmədi.

– Olaram da! Buna hövsələ davam eləyər? Sən öləsən, bu gidi-dünyada mizan-tərəzi itib deyəsən. Ağnan qaranı, oğruynan doğrunu, təmiznən natəmizi, mərdnən namərdi, vicdansıznan vicdanlını bir-birindən ayırıb qiymətləndirən bir qüvvə qalmayıb yəni? Gör işin harasıdır ki, sən də, savadlı adam da belə düşünürsən, onda gör avamuvam necə fikirləşir? Qəribədi, vallah, baş açammıram, bizə nə oldu, belə? Vaxt var idi, oğru-əyri bir idi, uzaqbaşı iki idi, onları da hamı barmaqla göstərirdi, bu oğru-əyri də başını gizləməyə yer axtarırdı. İndi bilmirəm necə olub ki, faşist uşağı faşist, yağışdan sonra çıxıb düzü-dünyanı tutan göbələk kimi çoxalıb. Bu bir ovuc qor-qoduğun əlindən gül kimi yaşayışımız, adımız-sanımız gedib badi-fənaya. Bir yaxşı adam görəndə az qala hamımız heyrətlə içimizi çəkib deyirik: ilahi, gör nə yaxşı adamdı. Axı, adamların hamısı elə yaxşı olmalıdı, gözəl olmalıdı. Elə olmalıdı ki, pis adam görəndə heyrətlənməliyik, yaxşı adam gözə dəyəndə yox. Kişi deyirsən sən! Kişi sözünün mənası da dəyişib elə bil. Başıboşlar, ağlıdayazlar indi oğruya, ruşvətxora kişi deməyə başlayıb. Məni bu, hər şeydən çox yandırır, vallah, təpəmdən tüstü çıxır, inan. Sənin kimilər fikirləşmir ki, dövlət adama ayda iki dəfə zəhmət haqqı verirsə, bəs necə olur ki, bu faşist uşağı faşist, hər gün evə cibi, əli dolu gəlir? Deməli, gün kimi aydındı ki, o hardansa, kimdənsə oğurlayır. Siz də buna kişi deyirsiz!...

Bikə xanım əlinin arxasıyla gözlərinin nəmini sildi, ah çəkdi:

– Əsəbiləşmə, ay kişi sən allah. Bu dünya əzəldən bela gəlib, belə də gedəcək. Sən ha de, ha danış, dəridən-qabıqdan çıx, dəyirman bildiyini eləyəcək, çax-çax da baş ağrıdacaq.

– Səhvsən, Sədnikin qızı! Doğrudu, bu dünya belə gəlib, amma belə getməyəcək, Sədnikin qızı. Bir də görəcəksən ki,— bax, buna gün kimi, ay kimi inanıram, — bəli, bir də görəcəksən ki, bizim o gözəl nağıllarımızda söylənən sayaq, ağıllı-kamallı, ağ atlı bir oğlan gəldi və var səsiylə hamıya car çəkib dedi: ay vətəndaşlar, ay yoldaşlar, belə olmaz, belə yaşamaq olmaz. Onda bir tufan qopacaq, bir təlatüm yaranacaq, bir güclü, qəvidən qəvi dalğa gələcək ki, bütün zir-zibili, xıltı-mıltı, oğrunu-əyrini yuyub aparacaq, Sədnikin qızı. Onda baxarsan Şakirlərin, Ağayevlərin, Mikayılların, halına, bu faşist uşağı faşistin onda görərsən tifaqı necə dağılır. Tamaşa ondadı, Sədnikin qızı, əsl tamaşa ondadı.

Sədnikin qızı ah çəkib daha dinmədi, çünki danışmaqdan yorulmuşdu. Bütün günü uşaqlarla çənə-boğaz eləmişdi, üstəlik də ərininin bu gün «danışan günü» olduğundan elə bir ucdan üyüdüb tökmüşdü. Bikə mülayim, arada heç bir söz-söhbət olmayıbmış kimi, asta bir səslə:

– Çayını iç, soyutma! — dedi. — Cəhənnəm olsun zənbil də, burun da.

Nəzər pırpız qaşlarını çatıb qonur gözlərini arvadının üzünə zillədi və təəccüblə soruşdu:

– Nə zənbil, nə burun? Bikə də eyni təəccüblə:

– Necə yəni nə zənbil, nə burun?—deyə xəbər aldı.—Sənin lətifəndəki zənbili, burunu deyirəm də!.

– A… hə... —Və birdən Nəzər şaqqanaq çəkib ucadan güldü, elə güldü ki, gözləri yaşardı, əl atıb pencəyinin cibindən səliqə ilə ütülənib dörd bükülmüş dama-dama dəsmalını çıxarıb qatını açmadan gözlərini sildi və çiyinləri atıla-atıla:—Vay sənin evini Allah tiksin, arvad. Gör nədən başladıq, harda qurtardıq. Xi, xi, xi. Zənbil, burun. Sən beləsən də, bir söz demək istəyəndə əlli dərənin selini-suyunu qatırsan bir-birinə, mətləbini qandırınca adamın ürəyini çəkib çıxardırsan. Bax, indi heçcə şeyin üstündə, bu mizin arxasında otura-otura dağı arana daşıdıq, aranı dağa köçürtdük, ancaq sən mənim haqqımda nə fikirləşdiyini yenə deyə bilmədin. Necə deyərlər, ayda, ildə bir namaz, onu da şeytan qoymaz,—söylədi,

– Sənsən də. Mən adam balası kimi sözümü deyəcəkdim, özün demiş, faşist oğlu faşistin burnunu soxdun ortalığa, aləmi qatdınqarışdırdın.

– Hə, doğru deyirsən, arvad.

Araya sükut çökdü, Bikə xanım fikrə getdi, elə bil əri barədə söyləyəcəklərini unutmuşdu. Nəzər isə stulda yerini irahladı. Bu vaxt Bikə deyəsən yaddan çıxartdığını xatırladı və gülümsünə-gülümsünə;

– Ərz eləyim ki, məsələ sən deyən kimi döyül. Mən həmişə sənin barəndə fikirləşmişəm, kişi. Açığı ki, bütün bu illər ərzində mən səninnən fəxr eləmişəm, — dedi, — çünki sən bütün bu mahalda, lap cavan çağlarından sayılan, hörmət izzət sahibi bir adam olubsan. Səni bax, bu Əskərabad kəndində də, qonşu kəndlərdə də, bütün rayonda da həmişə ağsaqqal, sözükeçən, başbilən görmüşəm. Müəllim çoxdu, ancaq sən onlardan seçilibsən, sevilibsən. Camaat, el-oba bir «Nəzər müəllim» deyəndə, beşi də ağzından düşüb. Niyə? Çünki sən ağıllı olubsan, mehriban olubsan, təmiz olubsan, el qayğısına qalan olubsan. Bunların hamısını mən görmüşəm, hiss eləmişəm; niyə gizlədim, ürəyim fərəh hissilə dolub. Sevinmişəm ki, sənin kimi ərim var.

– Sağ ol, arvad! — Nəzərin gözləri parıldadı. — Sağ ol! Bəs indiyəcən bunları niyə bir dəfə də olsa mənə deməmisən?

– Hə, deməmişəm. Məhəbbəti, iftixarı dilə gətirməzlər mənim aləmimdə. Bunu ancaq duyarlar, hiss eləyərlər. Dilə gələndə məhəbbət ölür mənə elə gəlir! Gərək sən özün sözsüz-sovsuz da başa düşəydin ki, mən bunları çox uca tuturam və qiymətləndirirəm, Nəzər.

– Burada səhv eləyirsən, Bikə. Məhəbbəti, istəyi gərək deyəsən; bu, ancaq fərəh gətirərdi mənim üçün, məni belə tez qocalmağa qoymazdı, inan.

Bikə güldü:

– Qoczlığı indidən boynuna alma, sən allah.

– Necə almayım, ay Bikə? İki dənə ad veriblər ki, heç cür altından çıxmaq olmaz. Balam, «Əmək veteranı» deyirsən — mən, pensioner deyirsən — o da mən.

—«Əmək veteranı» heç, indi onu hamıya verirlər. Ancaq bu tezliklə pensiyaya çıxmaqla səhv iş gördün, kişi. Səndən yaşdıları hələ də işləyirlər. Qulu müəllim işləyir? İşləyir. Səndən azı on yaş böyükdü? Böyükdü. Mustafa müəllim də, Cəlil müəllim də həmçinin. Sən indi elə bil taxtdan düşmüş padşahsan, kişi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, yeddinci fəsil

Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.

5 мин
Dördüncü hissə, səkkizinci fəsil

Məleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.

7 мин
Dördüncü hissə, doqquzuncu fəsil

Bəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.

3 мин
Dördüncü hissə, onuncu fəsil

Ağayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.

5 мин

Стихи других поэтов