İkinci hissə, on dördüncü fəsil
Elməddii deyə-gülə nahar edəndən, Zərrintacla, Dünya xanımla xudahafizləşəndən sonra idarəyə getmək üçün darvazaya çıxanda -Əhədulla maşında, sükan arxasında oturub köhnə qəzet parçasına bükdüyü pendir-çörəyi yeyirdi. Sənkək quru idi, srağagündən qalma idi, pendir isə saralmışdı, iyi uzaqdan adamı vururdu. Elməddin maşının arxa şüşəsindən Əhədullanın nahar etdiyini görəndə ayaq saxlayıb irəli gəlmədi: «Qoy çörəyini yesin!» — deyə düşündü, siqaret çıxartdı, yandırıb çəkməyə başladı. Əhədullanın güzəranı-dolanışığı ona dərd olmuşdu. Kişi o qədər təmiz, ürəyi Allah xofu ilə dolu adam idi ki, qanun-qaydadan, buyurulandan bir addım kənara çıxmağa cürət eləmirdi. «O gözəgörünməz qurban olduğun necə məsləhət bilib elə də olacaq. Görünür mənim də yazımı belə yazıb!» — deyə təvəkkülə bel bağlayır, addımını kənara qoymurdu ki, birdən, allah eləməmiş, Nəcməddinin qəzəbinə düçar olar, güclə tapdığı bu işi də əlindən çıxardı. Bu qorxu hissi həmişə ürəyinin başından asılmışdı . İşə qətiyyən gecikməzdi, saatlarla ağasını — Elməddini gözlərdi, maşını isə, öz malı imiş kimi, az qala dili ilə yalayar, üstünə toz düşəndə üfürə-üfürə təmizlərdi. Daim əli maşının üstündə idi.
Elməddin düşündü ki, bax belə təmiz, zəhmətkeş bir adam pendir-çörək ümidi ilə yaşayır, işləyir. O, özünün keçmiş günlərini xatırlayıb indiki günləri ilə tutuşdurdu; onun sadəcə olaraq necə deyərlər, aşığı alçı durmuşdu, bəxti gətirmişdi. Və beləsi, onun kimisi bu boyda şəhərdə, yaxud elə məmləkətin özündə ya bir olardı, ya iki — çox olmazdı. Elməddinin özünün imkanı vardı ki, heç olmasa günortalar, nahar vaxtı Əhədullanı özü ilə evə gətirsin, yedirtsin. Bir qarın çörək yeyəcəkdi — nə idi ki? Ancaq on beş gün bundan qabaq sözarası bunu Zərrintaca eşitdirəndə o, ağız büzmüşdü:
– Elə bir o əskik idi ki, hər gədə-güdə ilə bir süfrə başında oturub çörək yeyək. Sən allah, belə axmaq-axmaq şeyləri başından çıxart. Harda görünüb ki, motərvən gəlib ağası ilə bir yerdə çörək yesin? Eşidən-bilən olsa, vallah, gülər bizə.
Elməddin bu sözlərin müqabilində susub heç nə deməmişdi, elə... belə, lal-dinməz arvadının — naz-nemət içində bəslənmiş, ömründə bircə an da olsa ehtiyacın, kasıblığın, aclığın nə olduğunu dadmamış, gözəl-göyçək arvadının, kənardan baxanda pərəstiş eləməyə belə hazır olduğun Zərrintacın ağ üzünə, qara gözlərinə baxmış, ürəyində qara-qura fikirlərin yol tapmasına imkan verməmək üçün araya ayrı söz qatmışdı; ancaq nə zamansa özünün də Zərrintacın nəzərində «gədə-güdə» olduğu, yaxud «gədə-güdə» olacağı günü düşünüb sıxıldı və balacalaşdı. Demək, bir şəhərdə yaşasalar da, hətta bir idarədə işləsələr də, Əhədulla ilə Elməddinin arasında bir daş divar hörülmüşdü, elə bir divar ki, diqqətlə baxmasan görə bilməzsən. Bəlkə o daş divardan Elməddinlə Zərrintac arasında da vardı, ancaq o, görünmürdü, yaxud görüb özünü görməməzliyə vururdu, qanıb qanmamazlığa vururdu? Əslində bu divarı o, lap əvvəldən hiss edirdi, sıxılırdı, ancaq qəribə idi ki, o, cəsarətsiz addımlarla irəli yeridikdə həmin qalın, gözəgörünməz divar geri çəkilir, aralanır, onu içəri buraxır və yenidən qayıdıb əvvəlki halında birləşirdi. Bəli, bu divarda qəribə bir xüsusiyyət vardı; qoruduğu, mühafizə elədiyi o harın adamların ürəyini oxuyurmuş təki gah nazilir, parçalanır, gah da qalınlaşıb möhkəmlənirdi, onların ürəyincə, istəyincə. Onların bu və ya digər mülahizə ilə lazım sandığı, qəbul olunmağa layiq adamlara, indiki halda məsələn Elməddinə — yol verir, o taya — gül-çiçəkli, naz-nemətli, süslü-bəzəkli bir dünyaya buraxır, saxlayır, yoxlayırdı. Əgər uyuşurdusa, qaynayıb-qarışırdısa, axıracan bəsləyir, yedirir, içirir, keçmişini unutdururdu. Yox, əgər ipə-sapa yatmırdısa, öz əslinə, əvvəlinə qayıtmaq istəyirdisə, onu gərəksiz bir əşya kimi kənara tullayır, qəlbini didib qanadırdı.
İndi, neçə müddətdən bəri idi ki, Elməddin bu divarı keçmişdi; ürək ağrısı ilə bu həqiqəti dərk edirdi və hələ, təcrübəsiz olduğundan, bərkdən-boşdan çıxmadığından həmin vəziyyətdə, çaşqın halda beləcə yaşayırdı. Və günlər, həftələr, aylar keçdikcə özünün o süslü-bəzəkli aləmdə yavaş-yavaş əridiyini, qaynayıb-qarışdığını, üstəlik ailə zənciri ilə də o aləmə bağlandığını hiss edib əzab çəkməyə başlamışdı. Bütün bunlar tutqun — adı, ünvanı hələ dəqiq bəlli olmayan düşüncələr idi.
Keçmiş günlərini xatırlayanda, Əhədullaları, Əbdülləri görəndə, nəvəsi yerində olan Dünya xanım kimi qənirsiz gözəlləri pul gücünə, daş-qaş hesabına özünə arvad eləyən Nəcməddini, lap elə pul gücünə onun sevgilisini özünə arvad eləyən qardaşı Yusifi düşünəndə Elməddinin gözləri önündə bu divar daha da qalınlaşır, qəlbiləşirdi və ürəyində həmin daş-divarı uçurub-dağıtmaq arzusu daha qüvvətlənirdi. Və haradasa, qəlbinin lap dərinliklərində bir sevinc çeşməsi qaynamağa başlayırdı, fərəhlənirdi ki, o daş-divarı yerlə yeksan eləmək istəyən, insanlar arasındakı bu gözəgörünməz bənd-bərəni dağıtmaq üçün çarpışan Bəbir kimi, Rəhgüzər kimi oğullar var və onlar Elməddinin dostlarıdır, qardaşlarıdır, onu öz cərgələrinə qəbul ediblər, ona inanırlar, ondan kömək gözləyirlər. Bu hiss Elməddinin ürəyini şadlıq duyğusu ilə doldurdu. Siqaretin kötüyünü yerə atıb ayaqladı və maşına sarı addımladı. Əhədulla çörəyini yeyib qurtarmışdı. Elməddin arxada əyləşdi.
– Getdik, Əhədulla! — dedi.
– Baş üstə, ağa. — Və maşını astaca yerindən tərpətdi. İşdən gələrkən yorğun olduğuna və gecəni də pis yatdığına görə Əhədulla ilə heç danışmamışdı Elməddin. Əhədulla onun görkəmindən başa düşmüşdü ki, halı özündə deyil ağasının, ona görə də, ümumiyyətlə dindirməsən dinməyən Əhədulla lal-dinməz maşını düz onun təzə imarətinin qabağına sürmüşdü. Ancaq indi, Elməddin nahar eləyəndən sonra deyəsən əhvalı yaxşılaşmışdı və o, bunu «getdik, Əhədulla !»—deməsindən o dəqiqə başa düşdü. Ürəyinin arzusunu dilinə gətirdi:
– Ağa, sizə bir söz demək istəyirəm.
– Buyur, Əhədulla. Ancaq sənə deməmişəm ki, mənə «ağa» demə?
– Hə, düzdü, ağa.
– Yenə ağa?
– Vallah, dilim öyrəşib, ağa. Başına dönüm, qoyun elə «ağa» deyim sizə. Bunu mənə irad tutmayın, siz allah...
– Yaxşı, — deyə Elməddin güldü, — öyrənibsən. Səndə günah yoxdu, Əhəd, mühitimiz belədi. Mən özüm də, kiməsə «ağa» deməliyəm, mənim «ağa» deyə müraciət elədiyim adam da kiməsə, özündən böyüyünə «ağa» deməlidir. Və bu zəncir bu məmləkətdə tək bircə nəfərə — ağalar ağasına çatanacan davam eləyir, orda bu zəncir qırılır, daha ondan o yanası yoxdu, Əhəd. Bilirsən də, bu zəncir harda qırılır?
– Yox, ağa. Mən elə dərin şeyləri başa düşmərəm, vallah.
Elməddin ah çəkdi:
– Eybi yoxdu vaxt gələr hər şeyi özün yaxşı-yaxşı anlarsan... Sən başa düşməsən də uşaqların başa düşərlər, Əhəd...
Əhədulla mahiyyətini o qədər də anlamadığı bu söhbətdən uzaqlaşmaq istəyirdi, ancaq söz tapa bilmirdi, lakin Elməddin özü təbii surətdə onu «dardan» qurtardı: «uşaq» sözündən Əhədulla, necə deyərlər, dördəlli yapışdı:
– Elə mənim də sözüm uşaq barəsində idi, ağa! Nə uşaq? — Elməddin təəccüblə xəbər aldı. Əhəd gözünü yoldan çəkmədən:
– Bəndənizin bir nökəri dünyaya gəlib! — dedi.
– Hə? — Elməddin qulaqlarına inanmadı. Onun səkkiz qızı olduğunu bilirdi, güzəranının ağır olduğunu duyurdu. İndi təzədən bir uşaqları da olub. Ani olaraq, üzünü görmədiyi, səsini eşitmədiyi, dünyaya təzəcə-təzəcə göz açmış və hələ dünyanın girdablarından, tufanlarından və ləzzətlərindən xəbərsiz olan o körpəyə yazığı gəldi.
Ancaq Əhədullanın üzünü, gözlərini parıldadan sevinci hiss eləyəndə o da sevindi.
– Ay səni təbrik eləyirəm, Əhəd. Xoşbəxt olsun, atalı-analı böyüsün, Əhəd. Ay kişi, haçan olub?
– Dünən axşamçağı.
– Bəs indiyəcən ağzına niyə su alıb susursan, kişi? Özü, anası necədi?
– Yaxşıdırlar, ağa. Hər ikisi əlini öpür.
– Nəhayət, səkkiz qızdan sonra bir oğul! Şükür, min şükür!
– Allah sənə də qismət eləsin, övlad şirin şeydi. Xüsusən də ki oğlan. Qurban olum Allaha, muradımı gözümdə qoymadı. Sevincimiz yerə-göyə sığmır, ağa, vallah, Elə bilirik bir xəzinə tapmışıq. Anası məndən çox sevinir, yazıq. Qızları ki daha demirəm.
Dünən Əhədulla Elməddini evə gətirəndən, maşını qaraja qoyandan sonra həyətə girən kimi on altı yaşlı qızı Siminbər ağlaya-ağlaya atasının qabağına qaçmışdı:
– Nə olub, qız?—deyə Əhədulla təşvişlə soruşanda qız əlinin dalı ilə gözlərini silə-silə:
– Madərim ölür! — demişdi. — Bayaqdan qışqırır, yazıq.
Əhədulla işin nə yerdə olduğunu başa düşüb özünü içəri təpmiş, boyda-boyda dayanıb analarına baxan, ağlamış uşaqları kənara itələyərək dizlərini yerə qoyub gözləri hədəqəsindən çıxmış arvadından soruşmuşdu:
– Çoxdan başlayıb?
– Səhərdən, sən gedəndən... Ölürəm, Əhəd, qurban olum, Daha dözə bilmirəm...
Əhədulla ani fikrə getdi. Qadını xilas etmək gərəkdi: ölə bilərdi. Doğum evi o qədər də uzaq deyildi — cəmi iki tin keçəndən sonra doğum evi idi. Ancaq orada yatmaq üçün pul lazım idi — bir gecəsi dörd yüz rupi. Əlini cibinə atdı. Tanqahından cəmi əlli rupi qalırdı — bu ancaq xəstənin bir saatlıq yatmağı üçün güclə çatardı. Hələ dava-dərman lazım olsa... onda heç nə! Əhədulla qəti bir hərəkətlə arvadını mələfəyə büküb qucağına almış, qızı Siminbərə, «Dalımca gəl!» — deyib qapıdan çıxmışdı. Arvad qışqırırdı. Əhədulla heç nəyə fikir vermədən küçə boyu qaçırdı. Siminbər onun dalınca ağlaya-ağlaya yüyürürdü, ayaq saxlayıb: «nə olmuşdur?» deyən adamlara cavab vermədən yüyürürdü.
Doğum evinə çatanda arvad daha bərk çığırmışdı. Əhədulla dəhlizdə onu yerə qoyub üz-gözünün tərini silmiş, sərtəbibin yanına qaçmışdı:
– Sərtəbib xanım, başına dönüm, arvad ölür, onu xilas eləyin.
Ağ paltarlı təbiblər, mamaçalar xəstəni dövrəyə alıb içəri aparmış, yarım saatdan sonra isə, çıxıb Əhədullanı təbrik eləmişdilər:
– Oğlun olub, kişi!
Əhədulla qulaqlarına inanmamışdı. Dönüb yanında ağlayan Siminbərə baxmış, onu bağrına basıb öpmüşdü:
– Gözün aydın, qızım, qardaşın olub ey, qardaşın! — Sonra həkimlərə sarı dönüb:
– Ömrünüz uzun olsun, xahərlərim. Heç bilmirəm... Heç bilmirəm sizin xəcalətinizdən necə çıxacam. — Və yaşaran gözlərini silmişdi.
Yarım saat sonra isə, qadını yenə qucağına götürmüş uşağı isə bacısı cır-cındıra büküb evə qayıtmışdılar.
Əlli rupini Əhədulla sərtəbibə vermişdi.
ƏHədullanın səkkiz qızdan sonra dünyaya gələn oğlu beləcə dünyaya gəlmişdi.
Əhədulla bütün bu təfsilatı Elməddinə söyləmədən bir-baş mətləbini dedi:
– İstəyirəm nökərinizin adını siz qoyasınız, ağa.
– Mən?
– Hə, ağa. Elə arvad, türkün məsəli, hamilə olan kimi ürəyimdə əhd eləmişdim ki, oğlan olsa, adını siz qoyasınız! Allah o oğulu mənə yox, sizə verib, ağa. Mənə verən olsaydı, indiyəcən vermişdi. O sizindi, ağa. Adı da sizindi, böyüyəndə özü də sizin nökərinizdi, ağa.
Elməddin, əlbəttə, bu xəbərdən şad olmuşdu. Səkkiz qızdan sonra oğul övladı tapmış Əhədullanın sevincinin böyüklüyünü təsəvvür eləyirdi. Və bunu da qiymətləndirirdi ki, Əhədulla onu necə çox istəyir, inanır, ürəyinin ən müqəddəs arzusunu onun adı ilə bağlayırdı. Ona görə Elməddin nə qədər olsa da, fikrən öz doğma kəndlərinə, qardaşı Yusifin qətl mərasimində qulağına pıçıldadığı o sözləri bütün aydınlığı ilə illərin arxasından eşitdi: «Oğlum olsa, adımı qoyarsan!» Ürəyi titrədi Elməddinin, Əfsanə yadına düşdü. Yusifin yadigarı qalmadı. Əfsanə də eləcə, naməlum şəkildə yoxa çıxdı, qeybə çəkildi.
Elməddin düşündü: «Sənin arzunu öz oğlum olanda... yerinə yetirəcəyəm, qardaş!» Sonra... Zərrintacın «uşağı neynirəm?» sözləri yadına düşdü. Əhədulla Elməddinin halının dəyişdiyini hiss eləyib belə dediyinə peşman kimi:
– Sizə nə oldu, ağa? — deyə soruşanda Elməddin xəyaldan ayrıldı və gülümsünməyə çalışıb:
– Heç, — dedi. —Yaxşı bir ad fikirləşirəm!
– Hə, ağa, qurban olum, yaxşı ad olsun. Bu ad sizin yadigarınızdı axı.
Elməddin alnını qaşıyıb:
– Vətənyar qoyuram təzə vətəndaşın adını, — dedi.— Qoy Vətən ona, o da vətənə yar olsun, Əhədulla. Necədi, xoşuna gəlir?
– Vətənyar!—deyə ata sevinclə təkrar etdi bu qəşəng adı — Gözəl isimdi, dilinə qurban olum.
...Üç gün sonra isə Elməddin körpə üçün bir neçə dəst pal-paltar, anası və bacıları üçün iyirmi metr parça, iki-üç pay noğul-şirni alıb Əhədullaya verəndə kişi gözlərinə inanmadı:
– Bunlar nədi, ağa?
– Heç, uşaqlar üçün almışam. Apararsan evə. Əmisinin Vətənyar üçün kiçik töhfəsidir.
– Yox, ağa, vallah...
– Qulaq as, Əhəd. Götürməsən, səndən inciyərəm. Nə böyük şeydi ki, xırda-xuruşdu. Yoxsa, məni özgə hesab eləyirsən, Əhəd!
– Nə danışırsınız, ağa?
– Onda apar evə, ver gəl.
Əhədulla yaşarmış gözlərini Elməddin görməsin deyə üzünü yana çevirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-on-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Müseyib öz nazirinin ⎯ Ələmdar Qədirovun rayona gəlmək istədiyini və onu Süleymandan soruşduğunu, üstəlik «Ağ balığı var?» ⎯ deyə maraqlandığını eşidən kimi evə zəng eləmişdi. Dəstəyi Simuzər götürmüşdü.⎯ Sənsən, qız?! Bə anan hanı?
İkinci hissə, onuncu fəsilCura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?
İkinci hissə, on birinci fəsilGünortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…
İkinci hissə, on ikinci fəsilGünəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.
Стихи других поэтов
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Bəd xəbərlərBəd xəbərlər qoymur məni şer yazmağa,Dönür döyüş səngərinə ocağım-odam.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
MüdirimInsafa gəlib rəhm elə mən zarə, müdirim!Qoyma məni bu dəhrdə avarə, müdirim!