Üçüncü hissə, altıncı fəsil
Страница 2 из 2 · 50%
– Bir də heç vaxt elə demə, Əbi. Eşidirsən, heç vaxt ona «oğul» demə. Dilin öyrəşər, başqalarının da yanında deyərsən, sonra biabır olarıq.
– Baş üstə, Dünyam mənim. Sənin hər sözün mənim üçün qanundur. Mən ancaq ürəyimdə deyərəm ona «oğul».
– Ürəkdə olar, ancaq dildə yox. Mən sənə bu sözü dilinə gətirməyi qəti qadağan eləyirəm.
– Baş üstə mənim ömrüm.
Susdular. Dünya ağ əlini Əbdülün qara tüklü sinəsində gəzdirdi. Əbdülün bədəni gizildədi, vücudunu xoş, sehrli bir duyğu gəzib-dolaşdı.
– Dünya...
– Can.
– Bu, həqiqətdi, ya yuxudu?
– Nə?
– Sənin mənim olmağın.
– Yuxuyabənzər həqiqətdi. Əbi.
– O gündən bir ildən artıq keçib, ancaq mən hələ də elə bilirəm yuxu görürəm, bu yuxudan heç vaxt ayıla bilmirəm, Dünyam. Ağlıma sığışdıra bilmirəm bu necə oldu axı.
Dünya nəyi isə xatırlayırmış kimi susub dərhal cavab vermədi. Əslində o, əsl fikrini — uşaq sahibi olmaq fikrini gizlətmək üçün susmuşdu. Bu onun öz fikri idi, ikinci bir adama, hətta Əbdülün özünə də deməməyi çoxdan, lap ilk gündən qərara almışdı. Əbdül onun dinmədiyini görüb öz-özünə danışırmış kimi astadan söylədi:
– Mən gözəl deyildim, adicə nökərdim... Birdən... birə... Dünya xanım nəhayət dilləndi:
– Səni hamamda gördüm, təsadüfən... Səndən xoşum gəldi, Əbi. Qaçıb evə girdim, çarpayıma uzanıb ağladım...
– Niyə ağlayırdın ki...
– Heç özüm də bilmirəm. O zamankı hisslərimdən özüm də baş açmıram. Ərimmi qoca idi, sənmi mənim közümə qüdrətli, cavan göründün, bilmirəm. O anlarda nə isə özümü çox bədbəxt hesab eləyirdim. Yəqin bu ondan irəli gəlirdi ki, Nəcməddinlə mənim aramda qırx ildən çox fərq var. O, batan günə bənzəyir, mən isə təzə yaşamağa başlayıram. Bilirsən, Əbi, qadını təkcə var-dövlətlə xoşbəxt eləmək olmaz, qızıl-gümüşlə xoşbəxt eləmək olmaz. Qadın — qadındır; onun ürəyini əldə saxlamaq, gözünü yox, ürəyini doydurmaq lazımdı. Nəcməddin mənim gözümü doydurdu, ürəyimi yox, Əbi...
– Ağladın. Bəs sonra?
– İki gün heç özümdə olmadım, Əbi. Nə yata bildim, nə çörək yeyə bildim. Sən gözlərimin qabağından çəkilib getmirdin. Çox düşündüm, hətta Nəcməddin özü də çaşbaş qalmışdı. Sənə nə olub axı! —deyib dururdu. Əl çək yaxamdan! Kefsizəm! — deyirdim. Hətta bu günaha batmamaq üçün istədim səni evdən qovduram. Deyəm ki, bu nökər mənə pis gözlə baxır.
– Mənim kügahım nə idi ki?
– Elə mən də onu fikirləşdim. Sənin günahın yox idi. Günah mənim taleyimin idi, Əbi. Sonra ürəyimə baxdım, gördüm səni istəyirəm. İstəyirdim sənin qollarının arasında olam, istəyirdim məni əzizləyəsən, hətta döyəsən də. Ancaq sonra öpüb oxşayıb könlümü alasan, Əbi. — Bu istək getdikcə kücləndi məndə və gördüm bu hissin qarşısını ala bilmirəm. Heç cür ala bilmirəm, inan, Əbi, buna. Bunu ona görə deyirəm ki, başa düşəsən, məni qınamayasan.
– Mən səni heç vaxt qınamamışam, əzizim. Qınamaram da. Sən mənə səadət vermisən, yuxuda da görə bilməyəcəyim səadəti vermisən, gülüm. Mən ölənəcən sənin qulunam, öləndə ayağının altında ölsəm, cənnətməkan olaram, gülüm.
– Çox sağ ol, Əbi. Məni heç kəs hələ belə sevməyib, çətin də ki, sevən olsun. Doğrudur, bu, gizli məhəbbətdir, oğrun məhəbbətdi, amma gözəl məhəbbətdi, Əbi. Qorxulu məhəbbətdi, Əbi. Qorxulu məhəbbətdi, ölümlü məhəbbətdi, ancaq şirin məhəbbətdi, Əbi.
Mən əvvəl qorxurdum, ilk dəfə...
– Hə, onda mən səndən də bərk qorxurdum, Əbi. Mənim əsl qorxum səndən idi. Səni yaxşı tanımırdım, etibar eləmirdim, deyirdim birdən ağana sədaqətin üzündən məni satarsan, bundan qorxurdum. Sonra fikirləşdim ki, Nəcməddin məni çox istəyir, mənim sözümə daha tez inanar, nəinki sənin. Qərara gəldim ki, sən bir söz desən, mən deyəcəyəm ki, o mənə sataşmaq istəyirdi. Mən belə desəm, səni o, bircə anda məhv eləyə bilərdi. Bu mənə cəsarət verdi. O idi ki, üçüncü gün səni yanıma çağırdım. Həyəcanından əsirdin.
– Səni çarpayıda uzanmış görəndə tər məni basdı, özümü itirdim, qayıdıb qaçmaq istədim.
– Mən yenə səni çağırdım, Əbdül, — dedim, — xəstələnmişəm, gəl bura. Gəl, qorxma, gəl, alnımı övkələ bir az. Sən qorxa-qorxa gəldin. «Otur» dedim. Səndəli çəkib oturdun. Gözlərini qaldırıb mənə baxmırdın da. «Əlini alnıma qoy, gör qızdırma içində necə yanıram?—dedin, — Əlini alnıma qoy, sən allah». «Xanım, ağa gələr, yaxşı olmaz» «Ağa əlahəzrətlə ova gedib. Gəlməz... Qorxaqsanmış ki, lap sən». Sən bir gözün qapıda əlini alnıma qoydun, ürəyin çırpındı, Əbi.
– Sonra bu ağ əlini, — Əbdül Dünyanın sinəsinin üstdəki o ağ əlini götürüb dodaqlarına yaxınlaşdırıb öpdü, — əlimin üstünə qoydun, sığalladın, sonra yavaşca sürüşdürüb sinənin üstünə gətirdin... Yadındadı, gülüm?
– Yadımdadı, Əbi... O gün ömrüm boyu yadımdan çıxmaz, Əbi. O gün mən dünyada qorxu içində olsa da, özümü ən xoşbəxt qadın hiss elədim, Əbi. Elə bildim o gün toyum oldu, o gün gəlin oldum, Əbi.
– Hə, gülüm. Bizim toyumuz doğrudan da o gün oldu, ancaq, çalğısız, xanəndəsiz. Sən mənim həyatımda ilk qadın idin, özü də belə gözəl, belə şirin... Bundan sonra məni öldürsələr də qorxmuram. Heç nədə gözüm yoxdu, əzizim.
– Bu da qəribə bir toy idi, Əbi. Bizim qismətimizə beləy toy yazılıbmış, Əbi, görünür... Məni çox istəyirsən, Əbi?
– Sözlə deyə bilmirəm, gülüm. Elə bir söz yoxdu ki, onunla səni nə qədər istədiyimi izhar eləyə bilim. Yoxdu o söz. Ürəyim elə doludu ki, az qalır partlaya, inan. Səndən doya bilmirəm, ay mənim doyulmazım. Səndəm doymaq mümkün deyil, mümkün deyil. Bu qədər xoşbəxtliklə bəzən yenə özümü bədbəxt hiss eləyirəm. İstədiyim vaxt səni görə bilmirəm, əzizləyə bilmirəm, çünki buna mənim qanuni ixtiyarım yoxdu, çünki mən adicə nökərəm, adicə qulam, gülüm. Sənin xəbərin yoxdur, mən hər geçə sənin pəncərənin qabağında, hasarın dibində saatlarla, sən işığı söndürənəcən oturub həsrətlə sənin nəfəsinlə dolu otağına baxıram, baxıram; elə vaxt olur, ağlaya-ağlaya, əzab içində qovrula-qovrula elə oradaca mürgü vururam. Bilirsən, hərdən yamanca qısqanıram səni ona. Bu hiss az qalır məni dəli eləsin. İstəyirəm girəm içəri, onu doğram-doğram eləyəm, qanını içəm. Əvvəllər o kişini çox sevirdim, ancaq indi bilmirəm, ürəyimdə nifrət qaynayıb daşır ona qarşı, düşmən hesab eləyirəm özümə. Sonra da fikirləşirəm ki buna əsla haqqım yoxdu, çünki mən nökərəm. Səni görmək üçün, səni itirməmək üçün o mənə nə əzab versə, dözməyə hazıram çünki başqa çarəm yoxdu mənim.
– Dəlilik eləmə, Əbi, şadlığına şitlik eləmə. Axmaq bir hərəkətin hər ikimizi məhv eləyə bilər. Ağıllı olmaq lazımdır. Ağıllılar həmişə udublar. Zahirdə mən sənin üçün yoxam, sən də mənim üçün yoxsan. Zahirdə mən xanımam, sən nökərsən, Əbi. Amma ürəkdə...
– Amma ürəkdə... biz sevgiliyik, eləmi?
– Hə, batində, ürəkdə sən mənim əzizimsən, Əbi. Səni mən çox istəyirəm, sən küclüsən, qüdrətli kişisən, Əbi. Sənin adicə əlin mənə toxunanda məni uçunma tutur, bütün dünyanı unuduram, özümü çox xoşbəxt hiss eləyirəm, Əbi. Sən bəlkə də bunu başa düşmürsən, ancaq bu, mənim üçün böyük səadətdi, inan. Mən o qocanı sevmirəm, onun elə-belə, arvadıyam, vəssalam. Ona alçalmıram, nəvazişli sözlər demirəm. Düzdü, əvvəllər deyirdim, ancaq səndən sonra o gözümdən düşüb, dilim gəlmir ona xoş söz deyəm. Cinayət eləyirəm elə bil. O bədbəxt isə məni çox istəyir, elə çox istəyir ki, lap yazığım gəlir ona. Uşaq kimi vurulub mənə. Mənsiz yaşaya bilməz bircə gün də. Ancaq sən bunların heç birinə fikir vermə. Mən səninəm, ömrüm boyu da sənin olacağam, Əbi.
Dünyanın gözlərini yumub pıçıltı ilə dediyi bu şirin sözlər Əbdülü məst eləmişdi, elə bil ona uzaq-uzaq illərin arxasında, uşaqlıq çağlarında olduğu kimi kimsə həzin bir səslə layla çalırdı, nağıl danışırdı. O sözləri dinlədikcə gözlərinin bulaqlarından yaş axırdı. Əbdül bundan böyük səadət görməmişdi. Bundan sonra da çətin görərdi. Bu səadət onun bütün qalan ömrünə bəs eləyəcək qədər çox idi, küclü idi, tükənməz idi. O, çevrilib Dünyanı yenidən bağrına basdı, gözlərindən, saçlarından, dodaqlarından, sinəsindən öpməyə başladı. Dünya nazla dilləndi:
– Əbi, yavaş, yeri qalar...
...Əbdül geyinib balaca Nəcməddinin beşiyi başında dayanmışdı və gözlərini onun ağ sifətinə, nazik, qırmızı dodaqlarına zilləyib tamaşa eləyirdi. Və hiss eləyirdi ki, dünyadan xəbərsiz, mışıl-mışıl yatan bu körpəyə qarşı ürəyində nə isə doğma bir hiss yaranır, o, günlər yox, anlar keçdikcə Əbdül üçün əzizləşir, doğmalaşır. Əbdül hardan biləydi ki, bu, övlad məhəbbətidi dünyaya gəlir?!
O, yavaşca əyildi, uşağın iri alnından ehmalca öpdü və astaca pıçıldadı:
– Xoşbəxt ol, mənim balam!..
Dünya çarpayısında uzanıb bu mənzərəni səssiz-səmirsiz seyr eləyirdi. Gözləri xoşbəxtliklə, nigaran bir xoşbəxtliklə dolu idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?
İkinci hissə, on altıncı fəsilYüngül yay mehi əsirdi, tut ağacının yaşıl yarpaqları həzin gecə nəğməsi pıçıldayırdı. Budaqdan asılmış beşyüzlük elektrik lampasının həndəvərində cücülər, kəpənəklər, pərvanələr bir-birinə toxuna-toxuna uçurdular. Həyət qəribə bir sakitlik içində mürgü vururdu.Nəzər mizin arxasında, öz yerində oturmuşdu, qara telefonu qabağına qoymuşdu. Bikə xanım da, Qərib də qarşı tərəfdə əyləşmişdi. Dinib-danışan yox idi, lal-dinməz hər kəs öz çayını içirdi.
İkinci hissə, on yeddinci fəsilNəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.
İkinci hissə, on səkkizinci fəsilRayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.