Страница 14 из 16 · 81%

⎯ Tankın içindəki bizim qonşumuz idi.

⎯ Hə? Qonşunuz? Ola bilməz, canım.

⎯ Necə ola bilməz? Deyirəm o idi də. Slavikdi adı. Slavik Muradyan.

⎯ Ermənidi?

⎯ Hə.

Ağzında, dodaqları arasında tutduğu, bəlkə də yadından çıxartdığı sönmüş siqaretin kötüyünü yerə atıb:

⎯ Onda işlər pisdi, qızım. Əgər bura, bizim üstümüzə erməni göndəriblərsə, qıracaqlar bu xalqı. Tfu. Köpəy uşağı. Qəsdən belə eləyiblər. Yanvarın on üçünün, on dördünün qanını almaq üçün belə eləyiblər. Yaxşı bilirlər ki, kim də bizə rəhm eləsə, onlar rəhm eləməyəcəklər. ⎯ Kişinin sağ yanağı səyriməyə başladı və daha bir kəlmə də danışmadı. Başım tanka baxmağa qarışdığından, bəlkə Slavikin bir də başını öz «yuvası»ndan çıxaracağını gözlədiyimdən, şlyapalı adamın nə zaman yanımdan yoxa çıxdığını bilmədim. Onda gördüm ki, onun yerində bəstəboy bir qız dayanıb, ağlayır. Qıza da fikir vermədim. Çünki fikrim-zikrim Slavikin yanındaydı. Deməli, belə. Slavik doğulduğu, böyüdüyü şəhərin üstünə tankla gəlib. Bax, budu erməninin siması, bəy. Həmin o dəhşətli gecə Slavik, öz yoldaşlarına qoşulub Bakıda nə qırğınlar elədi, neçə adamı qətlə yetirdi, bir Allah bilir.

Bir azdan sonra Slavikin tankı nərilti qopararaq üzü aşağı getdi ⎯ ayağımın altında yerin titrədiyini hiss elədim.

Saat düz on ikidə atışma başladı. Yox, buna atışma demək doğru deyil, bəy. Atışma odu ki, hər iki tərəf atır. Axı bizdə nə vardı ki, nə də ataydıq? Bəli, onlar – barrikadanın o tərəfində durmuş əsgərlər atmağa başladılar. Meydana çaxnaşma düşdü. Kimsə qışqırdı: «Qorxmayın, boş güllələrdi, yalandan havaya atırlar». Bir başqa kişi səsi hayqırdı: «Yatın yerə». Qaçan qaçdı, qaçmayan torpağa sindi. Mən də ağacın dibində uzandım. Yerim asfaltın üstünə uzananların yerinə nisbətən bir az hündür idi və atanları, ata-ata irəli gələnləri aydın görürdüm. Biçə-biçə irəliləyirdilər. İki nəfər cavan oğlan, görünür, dözə bilməyib qalxdı və qaçmaq istəyəndə arxadan vurdular. Biri qışqırıb yerə sərildi, o birinin isə səsi də çıxmadı, sanki bir anlığa havada dondu, nədənsə tutmaq istəyirmiş kimi, əllərini o tərəf-bu tərəfə atmaq istədi və kökü kəsilmiş ağac kimi kiminsə üstünə sərildi. Məndən azca aralı bir oğlan uzanmışdı, tərpənib eləmirdi.

Birdən onun başı tərəfdən nazik qan şırnağının mənə tərəf axdığını görəndə… hər şey mənə əyan oldu. Yalan deyirmişlər: güllələr boş deyilmiş, doğruçu güllələr imiş. Dəli kimi nə edəcəyimi bilmədim. Əlimi qeyri-iradi üstümə axıb gələn şırnağa sarı uzatdım: yox, qan idi bu. Yavaşca oğlanı səslədim: «Ay qardaş, ay qardaş». Cavab gəlmədikdə yerimdən sıçrayıb qaçmaq istədim. Ancaq elə bu an… başımın üstündən aydın, təmkinlə deyilmiş bu sözləri eşitdim: «Durma, qızım. Qətiyyən tərpənmə, yoxsa səni də öldürərlər. Qorxma, övladım. Mən həmişə sənin yanında olacağam, səni himayə edəcəyəm. Sən mənim sözlərimə qulaq as və əməl elə, övladım».

Mən nəm və soyuq torpağın üstündə əsim-əsim əsirdim, qan görüb qorxmuşdum. Mənə elə gəlirdi ki, artıq ağlım çaşıb: bura niyə gəlmişəm, bu camaat niyə belə bu soyuq torpağın üstünə sərilib, o atılan güllələr kimə və nəyə atılır? Heç nə dərk eləyə bilmirdim. Üstəlik də o səs. Axı başım üstə dayanıb o sözləri mənə deyən kim idi? Marağımı saxlaya bilməyib, başımı azca yana tərpətdim, çəpəki yuxarı baxdım ki, bu kimdi? Başım üstə heç kəs yox idi. «Məni qara basır» ⎯ dedim ürəyimdə. Ağlamaq istəyirdim ki, yenə o səs başımın üstdən eşidildi. «Yox, övladım, səni qara basmır. Mən həqiqətəm, mən varam, mən burdayam: sən məni görmürsən, mən isə səni görürəm, övladım. İkinci dəfə o gözəgörünməz vücudun o arxayın və təmkinli səsini eşidəndə elə bil ki, bütün bədənimə qəribə bir arxayınlıq, rahatlıq axıb doldu və mən başımı yenidən torpağın üstünə qoyduqda nədənsə mənə elə gəldi, yer isinib sanki.

Meydana, küçəyə ötəri bir quş baxışı saldım: adamlar hərəkətsiz, səssiz-səmirsiz uzanmışdılar. Çox idilər: əllimi, yüzmü, daha çoxmu… deyə bilmərəm. Dinşədim. Ordan-burdan inilti səsləri eşidilirdi: «Yaralıdılar yazıqlar» ⎯ düşündüm. Azmı keçdi, çoxmu keçdi ⎯ vaxt məfhumu daha yox idi mənim üçün ⎯ güllə səsləri səngidi, havanı qatı bir barıt qoxusu və duman bürümüşdü. Araya ölü bir sükut çökdü. Az sonra, barıt dumanı çəkilib seyrələn kimi, hardansa ⎯ saydım ⎯ düz on iki nəfər əli avtomatlı əsgər küçəyə sərilmiş adamların arasında göründü: onlar addımlarını iri-iri ataraq, bəzən kiminsə üstündən hoppanaraq ora-bura baxır, nəsə deyir, danışırdılar. Qabaqda gələn ucaboylu əsgər bərkdən qışqırdı: «Yest ranennıe?» Onun lap yaxınlığından, demək olar ki, iki addımlıqdan bir baş qalxdı və zarıltılı səslə: «Pomaqite, pomaqite, tovariş, umirayu» ⎯ söylədi. Əsgər ayaq saxlayıb səs gələn səmtə çöndü, avtomatını zorla qalxmış başa tərəf tuşlayıb atəş açdı. Uzaqdan güclə gördüyüm baş axıb yanındakı adamın üstünə düşdü. Sonra iki-üç yerdən də: «Pomaqite» ⎯ deyən səs eşitdim və səs gələn tərəfə əli avtomatlı adamların sakitcə atəş açdıqlarını öz gözümlə görüb, necə deyərlər, sarımı uddum. O əsgərlər on dəqiqəyə qədər yerə sərilmiş o zavallıların arasında dolaşdılar və yaralı olan, can verən, yaşamaq istəyən günahsız adamları güllələdilər. İlahi, necə qəddar imiş bunlar, necə rəhmsiz imişlər? Hələ heç nə anlaya bilmirdim, bunun nə demək olduğunu başa düşmürdüm. Key kimi torpağa yapışmışdım.

Sonra yenə araya nisbi bir sakitlik çökdü. İşlərini görüb qurtarmış əsgərlər bir yerə toplaşdılar, siqaret yandırdılar və nə isə danışmağa başladılar. Elə bu zaman arxadan (orada ⎯ o arxada nə qədər əsgər varmış) ⎯ yenə əli avtomatlı bir dəstə çıxdı və təzədən açılan güllə səsləri yaranmış ani sükutu pozdu. Görəsən indi kimə atəş açırdılar, ay Allah? Baxdım: indi təzə gələnlər, əvvəl gəlib yaralıları öldürmüş əsgərləri biçirdilər. Vay Allah, özləri özlərini qırırdılar bu qansızlar. Heç nə anlamırdım. Amma üstündən günlər keçəndən, özümə gələndən, gördüklərimin yuxu yox, həqiqət olduğunu dərk edəndən sonra hər şeyi başa düşdüm: onlar bunu ona görə edirmişlər ki, sabah haqq-hesab çəkilmək məqamı gələndə bizi ⎯ bu əliyalın camaatı günahlandıra bilsinlər: guya bu indi öldürülmüş əsgərləri biz ⎯ barrikadada dayanmış əli silahsız adamlar qırmışıq və onlar da məcbur olub atəş açıblar və bizdən də filan qədər adam ölübdür. Sən məkrə, hiyləyə baxırsanmı, bəy? Bu heç şeytan oğlu şeytanın da ağlına gəlməzdi. Demək, hər şey əvvəlcədən qurulub qoşulubmuş, düşünülübmüş.

« ⎯ Camaat necə də hər şeyi bilir ey, pah atonnan» ⎯ deyə Aslan ürəyindən keçirtdi və bunu o dəqiqə Leylanın hiss edib biləcəyini düşünərək günahkar kimi onun sifətinə baxdıqda gördü ki, Leyla bir anlığa duruxdu, nə isə demək istəyən kimi Aslana diqqət yetirdi, ancaq deyəsən üzünə gəlmək istəməyib sözünə davam elədi:

⎯ Sonra, bir xeyli keçmiş, iri yük maşını gəldi, üstü örtülüydü maşının. Yerdəki, bayaq öz əsgər yoldaşlarını gülləbarana tutmuş əsgərlər uzanmış, yəqin ki, ölmüş hesab etdikləri adamların əlindən-ayağından tutaraq maşına atmağa başladılar: elə bil insan yox, taxta, daş, nə bilim un kisəsi atırdılar. Heç kəsi qoymurdular qala. Küçəni, meydanı cəsədlərdən təmizləyə-təmizləyə mənə sarı yaxınlaşırdılar. Çaşmışdım. Durub qaçımmı ya…? Hər nə olacaq, qoy olsun: qaçacağam. Elə bu qərara gəlmişdim ki, bu zaman həmin bayaqkı səs yenə eşidildi: «Yox, övladım. Tərpənmə, nəfəsini belə gizlə. Diri olduğunu bilsələr, o birilər kimi səni də öldürəcəklər. Özünü ölmüşlüyə vur. Qorxma». İlahi, sən özün kömək ol ⎯ deyib o gözəgörünməz kişinin söylədiyi kimi qımıldanmadan yerimdəcə qalıb gözləməyə başladım. Nəhayət, mənim də növbəm çatdı. İki əsgər əllərimdən, ayaqlarımdan yapışıb məni də maşının içinə atdılar. Yalnız onda ⎯ ucaboy əsgər ayaqlarımı tutanda hiss elədim ki, topuğuma güllə dəyib. Sadəcə, istiymiş, bilmirmişəm. Ağrıtsa da, çınqırımı da çıxartmadım, canımı dişimə tutub dözdüm. Üstümə beş-altı meyid də atdılar. Bədənim heç, bədənimdən əlimi üzmüşdüm, çalışırdım ki, təkcə başım çöldə qalsın, nəfəsim daralmasın. Deyəsən, daha yerdə kimsənin qalmadığını görüb, maşının dal taxtasını bağladılar. Kiminsə ⎯ bu, yəqin komandir olardı ⎯ dediyi bu sözü aydınca eşitdim: «K moryu». Tüklərim biz-biz oldu. Deməli, bizi ⎯ yəni bu meyidləri dənizə tökməyə aparırdılar. Qışın o vədəsində quruca dəniz sözünü eşitməyim bütün vücudumu titrətdi. Dişlərim bir-birinə dəyib şaqqıldayırdı. Maşın hərəkətə gəlib yola düşdü: hardan, hansı küçələrdən keçdi, deyə bilmərəm. Çünki o zaman mən şəhəri hələ yaxşı tanımırdım. Sinəmin üstünə bir qadın cəsədi düşmüşdü: saçları üzümə toxunurdu, başından axan qan pencəyimi islatmışdı. Yavaş-yavaş gözlərimi açdım, qadının meyidini çiynimlə azca yana itələdim. Kuzada əsgər-zad yox idi: yəqin hamımızı ölmüş bilib keşikçi qoymamışdılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 мин
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 мин
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 мин
Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 мин

Стихи других поэтов