Birinci hissə, ikinci fəsil
Страница 16 из 16 · 94%
⎯ Görürəm.
⎯ Necədi, Leyla xanım? Elə bizim kimidi ya?
⎯ Onu soruşma, deməyəcəyəm.
⎯ Başa düşdüm. Yəqin sizin nəsildə varmış. Ya atanda, ya ananda…
⎯ Sən nəyə inanırsan, Aslan?
⎯ Nə bilim, vallah. Düzü, indiyəcən heç nəyə inanmamışam.
⎯ Elə ona görə də baş-ayaq vurmusan ömür yollarında. Mən bu az yaşımda bu qənaətə gəlmişəm ki, inamsız yaşamaq mümkün deyil. İnsan həyatda nəyəsə inanmalıdı, bəy. Haçansa, hansı bir yazıçının belə bir cümləsi beynimə həkk olunub qalıb:
«Çalış, heç kəsin inamını öldürmə, oğul. İnam öldürmək, insan öldürməyə bərabərdi». Həqiqətən belədi. İnamsız insan, inamsız millət yaşamağa qadir deyil. Gec-tez o, həyat səhnəsindən getməyə məhkumdu. Mən təəccüb eləyirəm: sən inamsız necə yaşamısan? Yəqin sən partiyaya inanmırsan, eləmi?
⎯ Vallah, indi baxıb görürəm heç partiyaya da inanmırmışam, Leyla xanım. Axı, indi, öz aramızdı, onda inanmalı bir şey də yox idi. Sadəcə, özümüzü elə göstərirdik ki, ona inanırıq. Bir də o din deyil axı.
⎯ Əlbəttə. O əqidə idi, siyasi əqidə idi. Sizə o, vəzifə üçün, məqam üçün lazım idi ⎯ partbiletin olmasaydı, sənə çox güman ki, heç vaxt yüksək vəzifə verməzdilər. Elə deyilmi?
⎯ Düzdü.
⎯ Mən isə Allaha, onun birliyinə inanırdım həmişə. Rəhmətlik anam mənə bunu təlqin eləmişdi.
⎯ Bəlkə o da… sənin kimi imiş, hə?
⎯ Bəlkə də… Ancaq hiss elətdirmirdi. Sadəcə bəzi şeyləri əvvəlcədən deyirdi və indi, üstündən çox illər keçəndən sonra dərk eləyirəm ki, onun dediklərinin əksəri doğru çıxırmış: uşaq olduğuma görə başa düşmürmüşəm. Məsələn, Hikmət mənə vurulanda ⎯ məni istəyən oğlanın adı belə idi ⎯ evlənməyimizə qətiyyən razı deyildi anam. Mən bir yana durdum, o bir yana, axırı arvadın saqqızını oğurladım: nişan gətirməklərinə razılıq verəndə yazıq küskün-küskün söylədi ki, madam ürəyin istəyir, get, ancaq bəri başdan deyirəm: xoşbəxt olmuyassan, qızım. Heç toy da görmüyəssən, balam. Dilim-ağzım qurusun ki, belə deyirəm, ancaq deməliyəm. Bu sözləri eşidəndə atam çox pərt olub acıqlandı: «Niyə bayquş kimi bəd-bəd uluyursan, ay bəduğur qızı. Ağzını xeyirliyə aça bilmirsənmi?» Anam incik-incik baxıb gözündən yaş axıda-axıda: «Bir sözdü də deyirəm» ⎯ söyləyib tövləyə girdi.
⎯ Anan deyən düz çıxdı?
⎯ Hə. Hikməti, qardaşımın harayına gedərkən, ermənilər öldürdülər. İkisini də bir gündə dəfn elədik.
⎯ Nə üstündə axı…
⎯ Hə, demək istəyirsən ki, qardaşımı nə üstə öldürdülər?
⎯ Hə də. Durduğu yerdə adamı öldürməzlər ki, Leyla xanım. Yəqin bir şey eləyib ki…
⎯ Elə dava da bunun üstündədi ki, qardaşım yazıq heç nə eləməmişdi, fağırın biriydi, sakit, təmiz bir oğlandı: kəndin, daha doğrusu, kolxozun maşınını sürürdü. Sən demə, dığalardan birinin ürəyindən şofer olmaq, həmin maşını ələ keçirmək keçirmiş, kolxoz sədriylə də danışıbmış, haqqını da veribmiş. Sadəcə, onu aradan götürmək lazım imiş ki, o, rahat sürücü ola bilsin. Vəssalam.
⎯ Belə də iş olar?
⎯ Olar, olar, bəy. Bu dünyada nə desən olar.
⎯ Bəs o öldürəni tutub damlamadılar?
⎯ Hm. ⎯ Leyla acı bir təbəssümlə gülümsündü. ⎯ Nə danışırsan? Kim tutacaqdı? Erməni ermənini tutacaqdı? Yox. Yüz azərbaycanlı öldürsün erməni ⎯ kimdi tutan? Hərlənib-fırlanıb öləni günahkar çıxarırdılar və hətta imkanları olanda, bizimkiləri öləndən sonra da mühakimə edirdilər. Onlarda, o yerlərdə sovet hökuməti yoxdu, sovet qanunu yoxdu. Erməni dövləti var orda, Ermənistan var orda, bəy. O ancaq bizim boynumuza biçilib. Bax, elə indinin özündə, uzaqda yox, elə burda, Azərbaycanda türmələrimizi axtar, gəz, gör bir erməniyə bir şillə vurduğu üçün, bir hayın toyuğuna daş atdığı üçün beş il, altı il, lap səkkiz il iş alıb həbsxanalarda yatan nə qədər azərbaycanlı tapa bilərsən? Onlarla, yüzlərlə.
Kim tutub onları? Erməni yox. Sənin milisin. Kim istintaq aparıb? Sənin müstəntiqin. Məgər bu dağılmış Şura hökumətinin bütün qanunları yalnız bizim millətimiz üçündü? Yuxarıdan nə göstəriş gəlsə, siz ⎯ bizimkilər onu birinci yerinə yetirməyə can atmırlarmı? Burda da birinciliyi əldən vermək istəmirlər. Yadınızdadırmı, Böyük Birinci göstəriş vermişdi ki, əhalidəki bütün silahlar yığışdırılsın?
⎯ Hə, yadımdadı.
⎯ Nə oldu? Bir erməni milisi bir erməninin əlindəki, evindəki silahı almadı. Amma siz neylədiz? Siz ⎯ ağanız buyurub deyə şəhərbəşəhər, kəndbəkənd gəzərək, evləri axtararaq Allahın ov tüfənglərini belə camaatın əlindən aldız, əli yalın qoyduz düşmən qabağında. Ov tüfəngi deyirəm, siz yaxşı bilirsiz ki, bizim camaatda ov tüfəngindən başqa bir silah yox idi. Bəli, onu da aldız yazıqların əlindən. Budu, indi erməni tanknan, topnan sənin əliyalın adamlarının üstünə hücum çəkir, qırır, torpaqlarımızı ala-ala irəliləyir. Erməni ordu yaradırdı, silah alırdı, amma siz,başda BİRİNCİNİZ olmaqla deyirdiz bizə ordu lazım deyil, bizə silah gərək deyil, Qızıl ordu bizim öz ordumuzdu, bizi qoruyacaq. Yaxşı qorudu. Gəldi, qızıl qanımıza qəltan elədi, getdi.
⎯ Moskva qoymurdu. Ordu yaratmaq…
⎯ Moskva o sözü hamıya deyirdi, o cümlədən erməniyə də deyirdi, bəy. Qorxaqlar, yaltaqlar qulaq asdı, amma siz… Bu boyda milləti qeyrətsiz eləyib qoyduz ora. Sizi bilmirəm, ancaq mən qadınlığımla oğulları ölən anaların, ataların, qardaşları, nişanlıları ölən cavan qızların, ərləri həlak olan bir üzü qız, bir üzü gəlin gəlinlərin, yetim qalmış körpələrin üzünə baxa bilmirəm, vallah, baxa bilmirəm. Siz necə? Baxa bilirsizmi, bəy?
Leyla doluxsundu, uzun, qatlama kipriklərinin ucunda yaş damcıları gilələndi. Vücudu gərilib titrədi: elə bil bu dəqiqə ürəyi gedəcəkdi. Lakin Leyla, hansı bir daxili qüvvənin hesabınasa, özünü ələ alıb susdu.
Aslanın ona yazığı gəldi və bu sadə, ancaq möcüzəli qadının ürəyini döyündürən hisslərin öz qəlbində olmadığını dərindən, bütün çılpaqlığı ilə başa düşüb xəcalət çəkdi. Ömrü boyu ancaq və ancaq yalnız özünü düşünə-düşünə yaşamışdı, kimsənin dərdinə ürəkdən şərik olduğu, kimsənin ölümündən sarsılıb ağladığı yadına gəlmirdi ⎯ elə belə, yaşamışdı, əylənmişdi, heç ölüm haqqında belə fikirləşməyə vaxtı olmamışdı. Bu, bəlkə birinci dəfəydi ki, Aslan bunca öz daxili boşluğunu, hələ anlamadığı və özündə olmayan bir çox hisslərdən məhrumluğunu başa düşüb sıxılırdı.
Bu sıxıntını unutmaq, nə isə danışıb aradakı gərginliyi azaltmaq xatirinə soruşdu:
⎯ Qardaşını, nişanlını itirəndən sonra anan sənə daha heç nə demədi?
⎯ Dedi. ⎯ Leyla ah çəkdi.
⎯ Maraqlıdı. Nə dedi, Leyla xanım? Yəqin başına sərki elədi ki, gördün mən deyən oldu? Hə? Belə dedi?
⎯ Yox. Bu, mənim özümə də qəribə gəlir ki, arvad niyə heç o barədə mənə bir kəlmə də söyləmədi, xatırlatmadı?
⎯ Bəs o nə…
⎯ Ölənlərimizin qırxı çıxandan sonra, mənim heç özümə gələ bilmədiyimi görən yazıq anam, bir gün xeyli təsəlli verib: «İndidən özünü belə üzüb əldən salma, qızım, sənin həyatın hələ qabaqdadı. Sən çox əzablar çəkməli olsan da, nəhayət, bir gün xoşbəxtliyə çıxacaqsan. Düzdü, o xoşbəxtliyin də…» ⎯ söylədi, ancaq sözünü çox müəmmalı şəkildə yarımçıq kəsdi və bir də biz, o, dünyadan köçənəcən bu barədə danışmadıq. Hə, yadımdan çıxmışdı: bir də kədərli-kədərli köks ötürüb: «Hayıf ki, o günlərini mən görməyəcəyəm» ⎯ söyləmişdi.
⎯ Deməli, ananın dediklərinə inansaq, sən hələ əzablı günlərini yaşayırsan, deməli, xoş günlərin hələ qabaqdadı, Leyla xanım.
⎯ Mən anamın sözlərinə inanıram.
⎯ Bəs… bəs sənin o gözəgörünməzin sənin özün haqqında heç bir söz demir sənə? Hamı, hər şey haqqında deyir, sənin haqqında demir?
⎯ Deyir.
⎯ Nə deyir? Əgər sirr deyilsə?
⎯ Onu deməyə ixtiyarım yoxdu, Aslan. ⎯ Leyla köks ötürdü: ⎯ Bu, mənim öz sirrimdi. Yaxşını da, pisi də özüm yaşamalıyam. Amma sən… sən mənim xoşbəxt olduğum günləri görəcəksən, Aslan.
⎯ Hə? ⎯ Aslan sevindi: ⎯ Doğrudan? Deməli, mən də çox yaşayacağam, eləmi, Leyla xanım?
⎯ …
⎯ Niyə susursan? Məntiqnən belə çıxır da: əgər sənin xoş günlərin hələ qabaqdadırsa və mən də o günləri görəcəyəmsə, deməli, mən də çox yaşayacağam da?
⎯ Hə. Düz deyirsən. Məntiqnən elədir. Yəqin ki, elə də olacaq.
⎯ Nə yaxşı, nə yaxşı… Qanunnan sənin kimi adam gərək xoşbəxt olsun, Leyla xanım. Yoxsa bu, ədalətsizlik olardı.
⎯ Bilirsən, həyatda hər şey nisbidir, Aslan. Məsələn, sən mənə görə sərvətlisən, mən bir başqasına görə, deyək, ayaqyalın, çılpaq bir adamın yanında sərvətli görünürəm və sair və ilaxır. Ümumiyyətlə isə, mənim kimi adamlar sözün əsil mənasında xoşbəxt ola bilməzlər.
⎯ Niyə axı, Leyla xanım?
⎯ Heç olmasa ona görə ki, mən ətrafımdakı adamların dərdlərini, müsibətlərini görürəm, bilirəm və bunlar bir insan kimi, mənim ürəyimi parçalayır. Deyək, sənin, ya bir qeyrisinin bədbəxt olduğunu bilən mən, necə özümü xoşbəxt saya bilərəm, Aslan? Axı mən insanam!
⎯ Hə. O da düzdü.
⎯ Ancaq bunu da hər adam bacarmır. Məsələn, sənin nə vecinədi ki, kimin yatmağa yeri yoxdu, kim acdı, yalavacdı? Sən bunları ola bilər ki, görürsən, bilirsən, amma özünə dərd eləmirsən, öz kefində, damağında, eyş-işrətindəsən. Sən xoşbəxtsən, elə bilirsən hamı xoşbəxtdi. Bu, sənin biganəliyindi.
Mən isə bunu bacarmıram, Aslan. Ona görə də mən əsil mənada xoşbəxt ola bilmərəm. Heç vaxt ola bilmərəm, inan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-mocuze-birinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Стихи других поэтов
Sabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,