Birinci hissə, ikinci fəsil
Страница 2 из 16 · 6%
⎯ Yox, yox. Sağ-salamatdı. Kefi də kökdü. Əsgər qardaşları başına and içirlər. Qoruyurlar. Heç narahat olmayın. Halal olsun ona, bir çox oğlanlarımızdan o qeyrətlidi, kişi. Sən onunla fəxr eləyə bilərsən.
⎯ Ay qızım… Ay qızım… ⎯ Qurbanqulu elə bil deməyə söz tapmırdı, böyründə duran və əlində pul tutmuş Aslana sarı dönüb: ⎯ Ay kişi, sənin də qızın cəbhədəymiş ki? ⎯ bəs bayaqdan mənə niyə demirsən bunu?
Aslana indi bəlli oldu ki, sürücü Leylanı onun qızı hesab eləyir. Qımışdı qaranlıqda: çünki bayaq şəhərdən çıxanda ər-arvad sandığı sözlərindən bəlli olmuşdu.
⎯ Allah sizə kömək olsun, ⎯ söylədi və Aslanın əlindəki pulları görüb geri itələdi: ⎯ Götür, götür, qoy cibinə. Gərək mən sizə pul verəm ki, qızın qızımdan xoş xəbər gətirib. Gör ey, sən Allah.
Qurban olduğumun işinə bax ey. Ay Allah, sənə inanmayana lənət. Kişinin sözlərini demək olar ki, eşitməyən Aslan pulu kişinin döş cibinə basıb heç nə demədən, tələsik ondan uzaqlaşdı, çünki Leylanın tanımadığı-bilmədiyi bu adamla bu cür danışmağından yamanca əsəbləşmişdi və bunu Leyla da hiss etmişdi. Ancaq neyləyə bilərdi, ürəyi ilə bacara bilməmişdi. Ona görə kişini tez başdan eləmək və səhər əlavə başağrısı yaratmamaq üçün bəhanə tapıb dedi:
⎯ Mən səhər yenə cəbhəyə gedirəm, amma tamam ayrı yerə, Qurbanqulu kişi. Sağlıq olsun, müharibə qurtarar, ünvanınızı bilirəm, gələrəm Seyranənin toyuna. ⎯ Dili belə dedi Leylanın, ancaq içərisindən gələn səs daha aydın idi. «Yasına»…
⎯ Allah ağzından eşitsin, qızım. Amin, qızım. ⎯ deyə Qurbanqulu onun tələsdiyini hiss eləyib maşına mindi və az sonra şəhər yoluna çıxıb sürəti artıranda birdən ağlına gələn sualdan heyrətləndi: «O qız məni necə tanıdı, adımı hardan bildi?» ⎯ Ayağını qazdan çəkdi, sürəti azaltdı, «qayıdım, qayıtmayım?» ⎯ sualı arasında çırpındı.
Ətraf sakitlikdi. Qonşu bağlardan səs-səmir gəlmirdi, qaranlıq qoynunda mürgü vuran bağların işıqları yanmırdı, demək yoxdu ⎯ yəqin sabah, şənbə günü gələrlər. Aslan darvazanın dibində, ağ daşın altında həmişə hər ehtimala qarşı gizlədiyi ehtiyat açarı götürüb qapını açdı. Əvvəl Leylaya yol verdi, arxasınca özü keçib qapını çəkib bağlayandan sonra dəmir sütunun böyründəki düyməni basaraq başını qaldırıb yuxarı boylandı və bir an keçməmiş kvadrat şəkilli bağın hər küncündəki dəmir dirəklərin kəlləsində güclü işıqlar ⎯ projektorlar yanaraq hər yanı çiraqban elədi. Lap axırda bağın tən ortasındakı işıq da yandıqdan sonra Aslan, asfalt döşənmiş, hər iki tərəfinə sərv ağacları əkilmiş maşın yolunun qırağında dayanaraq heyranlıqla o yan-bu yana tamaşa eləyən Leylaya sarı döndü:
⎯ Leyla xanım xoş gəlib-səfa gətirib bizim bağa, ⎯ söylədi, səsinin ilişiyini hiss eləyib hirsinin hələ də soyumadığını başa düşdü, ancaq daha bu məsələnin üstünə ⎯ Leylanın arada sürücünün də «falı»na baxması məsələsinin üstünə qayıtmamağı qərara aldı. Amma hər halda bu da Aslana çox şey söylədi: kişinin adını deməsi, qızının adını deməsi və sair. Kim bilir, bəlkə də Leyla bunu qəsdən eləmişdi ki, öz qüdrətini Aslana bir daha sübut eləsin? Əslində Aslanın acığı başqa şeyə tutmuşdu: yəqin sabah həmin Qurbanqulu deyilən o kişi arvadını da maşına mindirib köçünü sürəcəkdi bura ⎯ bağa, başlayacaqdılar sorğu-suala. Leylanın belə bir qeyri-adi qabiliyyəti olduğunu biləndən sonra orda-burda danışacaqdılar, o buna, bu ona, bir də gördün az qala Azərbaycanın yarısı tökülüb gələcəkdi, ondan sonra eşşək gətir, mərəkə yüklə. Bu isə Aslana sərf eləmirdi: o istəyirdi ki, Leyla ancaq onun ixtiyarında olsun, kimsə onun bu sehrli güzgüsündən xəbərdar olmasın: çünki o, Leyladan istifadə eləyib çox işlər görə biləcəkdi, çox bədxahlıqlarının, gizli qəsdlərinin, sirlərinin üstünü açacaqdı, onları mat və heyran qoyacaqdı. Lakin Leyla hələlik nə eləsə də, Aslan dözməliydi, susmalıydı, qulluğunda, xidmətində uşaq kimi lap nökər kimi dayanmalıydı.
⎯ Xoş günün olsun, ⎯ dedi nəhayət, Leyla. ⎯ Sağlığına qismət olsun, yaxşı bağdı.
Sağda, hasarın dibində uzun, ikimərtəbəli, qəşəng ağardılmış bina qəribə bir sükut içində çiskinli payız axşamının qucağında mürgü vururdu. Hündür divar dibi boyunca cərgə ilə şam ağacları əkilmişdi, ortada, nisbətən çökəklikdə üzüm tənəklərinin, o yanda əncir ağaclarının yarpaqları yağış altında yuyulmuş kəhrəba kimi saralırdı. Evin qənşərindəki iri hovuz idi, ağzınacan su ilə dolu olduğundan və başı üstə işıq yandığından xırda yağış damcılarının yüngülcə mehin təsiri ilə astaca yırğalanan suyun üzünü döyəclədiyi aydın görünürdü. Alt mərtəbədə deyəsən üç otaqdı, çünki üç qapı gözə dəyirdi. Yox, qapının biri iri və qoşalaylıydı, yəqin qarajdı, hə, elədi ki, var.
Açarları əlində cingilti ilə fırladan Aslan, Leylanın ağzı açıq halda tamaşa elədiyini görüb daxili bir qürur hissilə:
⎯ Bu iki otaq qonaq-qara üçündür, o isə qarajdı, ⎯ söylədi. ⎯ Özümüz isə yuxarıda yaşayırıq. Biz də indi orada ⎯ yuxarıda oturarıq. Ordan dəniz də aydın görünür. Bağ evindən ki, dəniz görsənmədi, bir qəpiyə dəyməz. Bağa gəldin, gərək dəniz sənin üz-gözünü öz ilıq nəfəsiylə yalaya, oxşaya. Onda bütün yorğunluğun, azar-bezarın canından çıxar. Hə, necə baxırsan? Deyirəm yuxarıda oturaq, hə?
⎯ Qonaq ev yiyəsinin dəvəsidi, harda xıxırtsa, orda da xıxır.
⎯ Sən qonaq niyə olursan? Yox, mən səni nə üçünsə qonaq hesab eləyə bilmirəm. Elə bilirəm nə isə bir əziz adamım gəlib bu gün bizə.
⎯ Çox sağ olun.
⎯ Həqiqi sözümdü, iyirmi ildi bu bağdayam, ancaq indiyə qədər sənin kimi qəşəng və… maraqlı adam ayağı dəyməyib bura.
⎯ Bu sözləri sən çox adama demisən, Aslan. Unutma ki, mən onların tayı deyiləm. Birincisi, mən… qəşəng deyiləm…
⎯ Qadın özünün qəşəng olduğunu heç vaxt bilmir, Leyla xanım. Ona qiymət vermək mütləq kişi gözüylə baxılmalıdı. Deyirlər, ya bilmirəm hansı kitabdasa oxumuşam, deyir, dünyada ən qiymətli şey qızıldı, ancaq qızıl özü bilmir ki, o qızıldı. Onun qədrini zərgər bilir. Qadın da elədi: ⎯ qızıldı, fəqət kişi yanında. Təklikdə, kişisiz, qadının nə gözəlliyi var, nə də qiyməti.
Leyla güldü:
⎯ Deyirlər, ala qarğa çox bilmişliyinə görə həmişə dimdiyindən ilişir. Görürəm, sən də qadın məsələsində çoxbilmişsən və elə buna görə də sən də dimdiyindən ilişmisən.
⎯ Hə, onu düz deyirsən, Leyla xanım. ⎯ Leyla fərqinə varmadan, söz sözü çəkdiyinə görəmi, ya qəsdənmi, Aslanın zəif damarına toxunduğundan, o, səsini xırp kəsdi. Qolundan tutub ikinci mərtəbəyə qalxmasına kömək eləmək istəyəndə o, bədənini yana çəkdi və astadan:
⎯ Özüm çıxaram ⎯ söylədi.
İkinci mərtəbəyə qalxan kimi, Aslan divardakı düyməyə əl atdı və işığı yandırdı. Enli, yanları məhəccərli, qəşəng kafel düzülmüş eyvan nura qərq oldu. Burda da üç qapı vardı. Tavandan iri neon çıraqlar asılmışdı. Aslan qapını açmamış, Leylanın eyvanın o başında addımladığını görüb dalınca gəldi:
⎯ Bax, o, dənizdi, Leyla xanım. Qara nəhəng kimi uzanıb. Gecə olduğuna görə qapqara görsənir. Gündüzlər baxanda havanın sakit vaxtları nəhəng bir göy sətinə bənzəyir ⎯ adamın gözünü-könlünü oxşayır. Külək qopdumu çalxalanır, dağ boyda dalğalar bir-birinin üstünə minib daha da nəhəngləşir, az qalır ipini-sapını qırıb üzü bəri, bağların üstünə gəlsin. Onun özünün də bir gözəlliyi var ⎯ uğuldayır, fınxırır, ayaqlarını yerə döyən bədoy at kimi şahə qalxır. Bax, ləzzət al, ömrün uzansın. Bir qulaq ver, sən allah, eşidirsənmi, nəfəsini, hənirtisini? Hə, sən bir az bizim bu yatmış gözəlin nəfəsini dinlə, mən də qapını açım.
Aslan dabanı üstə geri çevrilib getdi. Leyla isə çiynini daş sütuna söykəyib gecənin sakit qoynunda səssiz-səmirsiz uyuyan bağların üstündən dənizə tərəf baxmağa başladı. Hava doğrudan da təmizdi, safdı, adamın nəinki bütün vücudu, bəlkə bütün düşüncələri, nə qədər ağır olsa belə, dincəlib büllurlaşır: «Ağıllı kişilər olublar bizim milyonerlərimiz. Əbəs yerə burda dam-daş tikib, bağ-bağat salmayıblar ki? Doğrudan da o yandan, dəniz səmtdən udduqca ciyərlərini genişləndirən hava axıb gəlir, alnına, sifətinə, saçlarına sığal çəkirdi sanki. Bayaqdan çiskinləyən yağış indicə, onlar eyvana qalxandan sonra güclənmişdi. «Payız öz taxtına minib artıq, öz hökmünü göstərir yavaş-yavaş havalar soyuyur, dalıyca əli soyuq qılınclı qış gəlir. Mənim isə… heç nəyim yoxdu. Nə başımın üstündə bir damım, nə isti ocağım, nə qalın paltarım. Qış sərt olacaq deyəsən». Xəyallarından, qayğılarından uzaqlaşmaq, xatırlayıb pərişan olmamaq üçün dönüb açıq qapıdan içəri keçdi. Bu, böyük, yaraşıqlı və işıqlı bir otaq idi. Ortalıqda bir iri qədimi stol qoyulmuş, yanlarına yumşaq stullar düzülmüşdü. Pəncərələrdən Leyla xanımın çox xoşladığı mavi rəngli pərdələr asılmışdı. İki pəncərə arasındakı servant zərif, bahalı qab-qacaq, vaz, büllur fujerlər və qədəhlərlə doluydu. Divarın dibində yumşaq divan, o biri divarın qabağında isə taxta bir çarpayı gözə dəyirdi. Aslan yan otaqda kostyumunu dəyişmiş, mil-mil, qalın parçadan tikilmiş stolun üstünün güllü müşənbəsini silirdi. Arxada hənirti duyub dikələndə Leyla xanımı böyründə görüb gülümsündü:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-mocuze-birinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Стихи других поэтов
Sabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,