Страница 2 из 2 · 50%

− Orxan bəlkə də yaxşı alim olub, bilmirəm, ancaq bir şair kimi çox zəifdi! – söylədi. Qəribə idi ki, onun bu sözləri kimə dediyi bəlli olmadı. Nadirə başını qaldırdı, cavab vermək istəyirdi ki, Gülmirə onu qabaqladı – çünki Gülmirə onun əlindən yanıqlı idi, bu özündən müştəbeh, ancaq özünə vurulan – dəyanət deyilən, mərdlik söylənən yüksək insani keyfiyyətlərdən uzaq olan bu «şairciyəz» şöbədə hamı kimi onun da gözündən düşmüşdü. Bəlkə bir az da artıq. Üz-gözündən sırtıqlıq, yaltaqlıq yağırdı. Üstəlik də çatana çatıb, çatmayana bir daş atan – hərəyə bir eşq elan eləyən İltifat, Gülmirənin fikrincə, daxilən çürük adam idi. Ona görə İltifata tutarlı cavab vermək, birdəfəlik susdurmaq lazım idi.

− Səhv eləyirsən, İltifat. Başqalarını deyə bilmərəm, amma o, səndən yaxşı şair idi. Sən hövsələni bas, o şerləri diqqətlə oxu, bizə açıq deməyə cəsarətin çatmasa da, öz vicdanınla təkbətək qalanda etiraf edəcəksən ki, Orxan səndən yaxşı şair olub. Halbuki, o, heç vaxt şairlik iddiasına düşməyib, ürəyi deyəndə, qəlbi dolu olanda yazıb bu şerləri.

İltifatın gözləri sola-sağa axdı, istehza ilə qımışdı, burnunu çəkib:

− Deyəsən sənin sevər yerinə toxundum, Gülmirə xanım – dedi.

Nadirə xanım bu dəfə Gülmirəni qabaqladı:

− Gülmirə düz deyir, İltifat. Orxan həm yaxşı alim idi, həm də yaxşı şair idi – səndən güclü şair idi. Səni aldadıblar, heç olmasa sən özün-özünü aldatma, bala. Həqiqətin gözünə dik baxmağa çalış. Mən xatırlatmaq istəmirdim, ancaq özün məcbur edirsən – Salmanın o vaxt sənin haqqında yazdığı məqalə başdan-başa yanlış idi, sənin yazıların barədə həqiqətdən çox uzaq idi. Əsil söz – o vaxt mənim dediyim sözdü, İltifat. Yadındadırsa, bunu özün də mənə yazdığın məktubunda etiraf eləmişdin o zaman. Orxan bir meteor idi, təəssüf ki, tez yandı, tez söndü, getdi. Təəssüf ki, Orxan bu nöqtədə dayandı, onun daha bir addım demirəm, heç yarım santimetr də irəli getmək imkanı yoxdu. Sənin isə var, sən hələ cavansan, hansınızın yaxşı şair olduğunu gələcək göstərər. Bir də açığı, mən özündən bədgüman, müştəbeh adamlara nifrət eləyirəm – bu, hər cür təvazökarlıqdan, etikadan, mədəniyyətdən uzaqdı. Mən başqa bir həqiqətə də inanmışam, İltifat. O da budur ki, şəxsiyyəti bütöv olmayandan, əqidəsi-məsləki aydın olmayandan, yaltaq, külək ha tərəfdən əsdi, yaş çubuq kimi o tərəfə əyilən adamdan yaxşı şair olacağına qətiyyən inanmıram. Acığına gəlməsin, mən səndən yaşca böyüyəm və elə bilirəm bu sözləri sənə deməyə haqqım var. İnciyirsən inci, amma inciməyib düşünsən xeyrinə olar.

Nadirə stulda yerini bir az da möhkəmləndirib ani fikirdən sonra əlavə etdi – hayıf ki, səndə müstəqillik deyilən şey yoxdur.

− Nadirə xanım… - o nə isə cavab vermək istədi, ancaq Nadirə əlilə susmasına işarə elədi:

− Qulaq as, İltifat… Mən hər dəqiqə belə danışan deyiləm. Baxıram, yığıram, dözürəm, sonra bir dəfə öz sözümü deyirəm. Ağıllı adam olsa başa düşür, ağıllı adam olmasa… özü bilər. Bax, sən… səni Salman gətirib bu instituta. Özün bilirsən niyə, kimin xatirinə. Özün də bir neçə müddət «Salman bizim böyük alimimizdir» deməkdən yorulmurdun iclaslarda. Aslanzadənin yanında Aslanzadəni tərifləyirdin. O gedəndən sonra – işdən çıxarılandan sonra onun adını yaxşılığa bircə dəfə də çəkməmisən. Hələ fikir vermişəm – ondan söz düşəndə ağız da büzməyə başlamısan… İndi tərif və mədh gəminin üzünü ona tərəf döndərmisən. Mən demirəm ona hörmət eləmə. Yox! Ancaq… belə olmaz, İltifat. Sən cavansan, indidən özünü necə tanıtdırdınsa, ölənəcən o adı üstündən götürə bilməzsən, bala. – Nadirə səsini alçaldıb sözünü bitirdiyini bildirdi. İltifat qıpqırmızı pörtmüşdü, elə bil, indicə hamamdan çıxıb gəlmişdi. Hələ indiyə qədər ona camaat yanında belə toy tutan olmamışdı. Az qalırdı ürəyi partlasın. Elə sarsılmışdı ki, cavab verməyə belə söz tapa bilmirdi. Tərs kimi, Nadirənin yadına nə düşdüsə, təzədən üzünü ona tutdu:

− Hələ bir sıra başqa məsələlər də var ki, onlardan da əl çəkməyini məsləhət görürəm.

İltifat çaşdığından:

− O hansı məsələlərdi, Nadirə xanım? – deyə soruşdu və dərhal da səhvə yol verdiyini anladı. Soruşmasaydı, bəlkə də heç o, açıb ağartmayacaqdı. Ancaq gec idi:

−Bu kollektiv bizim ev-eşiyimizdi, İltifat. Burda izzət-hörmətlə oturub durmaq hamımızın borcudur. Bunlar – o, sağ əlilə oturan qadınları – Gülmirəni, Ümmügülsümü, Faziləni, Sarışını göstərdi – Bunlar sənin bacılarındı, bala.

İltifat Nadirənin nəyə işarə elədiyini o saat başa düşdü, özünü bir az da itirdi. Ümmügülsüm bu zaman «pıqq» elədi, Fazilə qımışdı. Gülmirə isə açıq bir fərəh içində gülümsünüb ağ, yaraşıqlı dişlərini göstərdi. İltifat civə kimi oynayan gözlərini dalbadal onların üzündə gəzdirdi, başını aşağı saldı. Söz güləşdirməyi yersiz sayıb susdu. Otağa dərin bir sükut çökdü. Gülmirənin ürəyindən Nadirə xanım tikan çıxartmışdı. O özü belə sərt deyə bilməyəcəkdi. Fərəh içində bayaqdan bu söhbətlərə sakitcə qulaq asan Sakit Aranlıya baxıb mehribanlıqla gülümsündü. Nadirənin sözləri ona da ləzzət eləmişdi. Bir vaxt, İltifat Nurəddinə şer həsr eləyəndə Sakit də ona öz sözünü söyləmişdi, ancaq imkan daxilində yumşaq, həlim, bir qələm yoldaşı kimi ürəyi yana-yana asta bir səslə. Lakin Sakit onun baxışlarından oxumuşdu ki, İltifat başa düşmədi dediklərinin mənasını. «Özündən küssün, mən onu istədiyimdən dedim bu sözləri». İndi, aradakı sükutu Sakitin səsi pozdu:

− Çox xeyirxah iş görmüsən, Gülmirə. Sağ ol, Orxanın ruhunu şad eləməkdən başqa, oxucularımıza da yaxşı bir töhfə bağışlamısan. Nadirə xanıma, sənə baxanda bayaqdan ürəyin dağa dönüb, inanın. Bir çox kişilərimiz ziyalılığı, prinsipiallığı sizdən öyrənsin gərək.

Salman qələmi yerə qoyub Sakitə baxdı, ancaq heç nə demədi. Bayaq da, Nadirə onun adını çəkəndə də söhbətə qarışmaq istəmişdi, lakin susmuşdu…

Salman o gün bağdan qayıdandan, Nadirə çox tərəddüddən, götür-qoydan sonra, Ceyhunun təzə lent yazısının tapıldığını deyəndən, kişi inanmayıb o səsə, o söhbətə qulaq asandan bəri lal-dinməz olmuşdu – oğlunun səsini eşidib elə bil dili tutulmuşdu. Az danışardı, söz-söhbətə qulaq asardı, həssas adam, belə hallarda o dəqiqə kəsdirərdi ki, Salmanın özü burdadı, fikri başqa yerdədi. Neçə gündən sonra Salmanın belə qaradinməz olduğunu tutan Nadirə özünü hey danlayırdı – «Niyə dedim bunu ona?» − deyə təəssüflənirdi.

Ancaq iş-işdən keçmişdi.

İndi də Salman Orxanın təzə kitabını görəndə və bu kitabı heç kəslə, xüsusən onunla gənəşmədən Gülmirənin çap etdirdiyini biləndə ürəyində qəribə hisslər baş qaldırdı. Bu işi gərək o özü görəydi, hamıdan qabaq o Orxanın bədii yazılarını toplayıb çap etdirmək barədə düşünəydi. Necə olub ki, bu onun ağlına gəlməyib, ax, necə olub? Bunu Salman heç cür özünə bağışlaya bilmirdi. O, bu barədə düşünərkən Nadirə də, Sakit də gör nələr danışır. «Sənin belə olmağında Salman günahkardı.» − deyir Nadirə. «Bəzi kişilərimiz ziyalılığı, prinsipiallığı sizdən öyrənsin gərək.» – söyləyir Sakit. Adamlar qəribə olub, vallah.» – deyə ürəyindən keçirtdi və ayağa qalxıb otaqdan çıxdı. İltifat isə qarşısındakı vərəqdən başını qaldırmırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xoş gəlmisən, Nərgizim

(Dramatik roman)MƏN – İş saatı yenicə qurtarmışdı. Evə – ailəsinin, uşaqlarının yanına, dükana-bazara tələsən şöbə əməkdaşları beş-altı stol, iki şkaf qoyulmuş, iri lay pəncərələri şəhərin ən gözəl, axar-baxarlı küçələrindən birinə açılan otağı tərk edib getmişdilər. İdarədə təkcə Toğrul qalmışdı. Buna o, uzun illərdən bəri adət eləmişdi. Hamı çıxıb gedəndən, gəl-get azalandan sonra o, redaktə etdiyi əsərin əlyazmasını təzədən qabağına çəkər, səbrlə, təmkinlə, düşünə-düşünə oxuyar və düzəlişlərini edərdi. Yorulanda qələmini yerə qoyub siqaret yandırar, qızarmış, yorğun gözlərini qənşərində qoyulmuş stola ⎯ Nərgizin stoluna dikər, hər səhər hamıdan qabaq gəlib suladığı dibçəkdəki «aşdım-daşdım» gülünə baxar-baxar, xəyalında Nərgizi öz yerinə gətirib oturdar və ürəyində, səssiz-səmirsiz onunla dərdləşərdi.

2 ч 15 мин
Birinci hissə, birinci fəsil

Dünyadan köçəndən sonra daürəklərdə və xatirələrdə yaşamağa

7 мин
Birinci hissə, ikinci fəsil

Gecə keçirdi...Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. İpək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı...

6 мин
Birinci hissə, üçüncü fəsil

Gülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimi yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.

6 мин

Стихи других поэтов