Birinci hissə, yeddinci fəsil
Страница 2 из 4 · 25%
− Yaxşı eləmisiniz, Nurəddin müəllim. – İltifat Nurəddinin çayını içdiyini görüb ürəkləndi, o da stəkanı götürdü, bir qurtum vurub: - Tamamilə düz deyirsiniz, Nurəddin müəllim. Bizim şöbə son vaxtlar, daha doğrusu, siz direktor təyin olunandan sonra məni də narahat eləməyə başlayıb. – dedi. – Düzü, mən bir şeyə yaman heyrət eləyirəm.
− Nədir o?
− Vallah, adamın dili də gəlmir, amma gərək deyəm.
− De, de. Mən hər şeyi bilmək istəyirəm, İltifat. Bu idarədə kimin nəynən nəfəs aldığını, qarnının altında nə olduğunu bilməsən, əsla işləmək mümkün olmaz. Mən dostumu, düşmənimi tanımalıyam.
− Tamamilə düz deyirsiniz… Mənim demək istədiyim budu ki, bizim şöbənin əsas adamları hesab olunanlar – başda Salman olmaqla, sizin direktor gəlməyinizdən yaman əsəbiləşiblər. Hərdən mənə elə gəlir ki, Salman özü direktor olmaq istəyirmiş. Nə isə planı varmış – siz pozubsunuz. «Canım, belə direktorluq olmaz axı?» – deyir tez-tez Salman. Lap elə siz birinci gün işə çıxanda, balaca bir çıxış elədim ey mən, hə, bax, onda kişi az qalırdı məni öldürsün. Düzdü, üzümə bir söz demədi, ancaq gözlərindən oxudum ki, məni tikə-tikə eləməyə hazırdı. Paxıl adam imiş. Müsəlman paxıllığı içini gəmirir Salmanın. Nadirə də ərindən geri qalmır. Partkom kimi, az qalır hər şeyə burnunu soxsun. Peşimansan bir söz deyəsən. O saat başlayır ki, nə bilim kommunist prinsipiallığı belə gəldi, vicdan elə getdi.
− Hə, o irəli mənim üçün də elə bir vəzzariyyət oxudu. Bilirəm, onu Salman qızışdırır. Mən partkomam, mən cavabdehəm, nə bilim nə… hayıf, o vaxt Salmanın məsələsini bir yana çıxarda bilmədiniz. Yoxsa, atasını yandıracaqdım onun. Əgər o vədə Mirzə Yanar məsələsini sübuta yetirə bilsəydik, Nadirənin də dili gödək, gözü kölgəli olardı yanımızda, eləyə bilmədik, çox heyif… Mən nə isə Gülmirənin dediyi versiyaya daha çox inanıram.
− Mən də, professor. Əgər elə olmasaydı, Salman ondan sonra da bir fərli-başlı, yadda qalan əsər yazardı. Amma yoxdu, xırda-xuruş məqalələrlə başını girləyir… Son on beş-iyirmi ildə bir dənə sanballı kitab üzə çıxarda bilməyib.
− Elədi. Sən mənim fikirlərimi bir az da qüvvətləndirir-sən, İltifat. Mən də hiss eləmişdim Salmanın könlündən direktorluq keçirdi. Ancaq o, boynunun ardını görəndə, direktorluğu da görər. Bu il partkom seçkilərində Nadirəni də qoyacağam yeşikdə… Bu ər-arvad çox özbaşınalıqlar eləyirlər. – Nurəddin çayını içib qurtardı, yenə siqaret yandırdı. Bu, İltifatın nəzərindən qaçmadı:
− Nə çox siqaret çəkirsiniz, ay Nurəddin müəllim. Ziyandı sizə, canınıza hayıfınız gəlsin… Siz bizim elmimizə lazımlı adamsız. Özünüzü qoruyun…
− Əsəbdəndi. Hər gün əsəbiləşirəm. Hərənin ağzından bir avaz gəlir. Çəkməsəm, ürəyim partlar.
− Partlasın səni istəməyənlərin ürəyi. – İltifat bu sözləri büzülüb söylədi və sifətində elə bir ifadə yarandı ki, elə bil bu dəqiqə həqiqətən Nurəddinin ürəyi partlayacaqdı. – Elə deməyin, iraq canınızdan…
Nurəddin ayağa qalxdı, gəlib pəncərədən küçəyə ani bir nəzər yetirib geri döndü və:
− Bəs o qız, nədi onun adı, hə, Gülmirə, o neyləyir? – deyə İltifatdan ətraflı məlumat almaq mümkün olduğunu qət edib mətləb üstünə gəldi. – O necədi?
− Gülmirə tamamilə Nadirənin təsiri altındadı, Nurəddin müəllim. Nadirə hansı havanı çalsa, o da qol götürüb o havaya oynayandı.
− Amma o dəfə, Salmanı ifşa eləmək istəyəndə, nə isə mənə cəsarətli adam təsiri bağışladı o qız.
− Zahirən elə ola bilər. Ancaq savadsızın, kütbeyinin biridi. Həm də özbaşınadı, professor. Deyəsən sizin xəbəriniz yoxdu, təzə bir kitab çap elətdirib.
− Nə kitab? – deyə Nurəddin tələsik soruşdu.
− Orxanın şerlər kitabını çap elətdirib. Toplayıb, müqəddimə yazıb, Orxanı az qala klassik kimi qələmə verib. Toplayır deyəndə ki, heç yerdən toplamayıb. O şerləri Orxan onun özünə yazıb, hamısını ona yazıb. Bilmirəm, bilirsiniz, ya bilmirsiniz, Orxan onu sevirmiş…
− Hə?
− Bəli. Hamısı şəxsi şerlərdi, arxiv üçün yazılmış çiy, sanki cəfəngiyyatdı. Bunları götürüb nəşr etdirib. Heç kəsə də deməyib. Nə Salmana, nə Nadirəyə. Heç olmasa mənə desəydi, bir az əl gəzdirərdim, ağzın-burnun düzəldərdim. Necə olmasa, o, professional deyildi də. Mənə də göstərməyib. Biz heç, bir direktor kimi gərək sizə mütləq deyəydi. Bu, saymazlıqdı, məncə. Ümumiyyətlə, o qız, böyük-kiçik yeri bilən deyil…
− Bəs niyə o bir adama ərə getmir? Mən bilən, neçə ildi onun əri ölüb…
− Ərini sevmirmiş, deyilənə görə. Orxanı sevirmiş. İndi də oturub onun xəyalı ilə yaşayır.
− Qələmi, qabiliyyəti nə təhərdi o qızın?
− Nə deyim, Nurəddin müəllim. Elə bir kəsərli qələmi yoxdu. Adi bir elmi işçidi mən bilən. İstedadı, alim müstəqilliyi olsaydı Cəfərin Füzuli avtoqrafı kəşfini öz adına çap etdirməyə qətiyyən razılıq verməzdi. Mən inanmıram Salman bu işdə onu məcbur eləmiş olsun – böhtana oxşayırdı. Salmana da atdığı böhtanı sübut eləyə bilmədi. Demək, ona-buna böhtan atmaq o qızın təbiətində var. Səhər mənə də, sizə də yalandan bir şər ata bilər. Mən bir şeyə təəccüb elədim: - o vaxt Salman niyə onu məhkəməyə vermədi? Gülmirəyə bu şərinə görə əməlli-başlı cəza düşürdü. Ancaq Salman nə üçünsə susdu. Guya alicənablıq elədi…
− Yox, o, Nadirə ilə çox yaxındı. Yəqin Nadirə qoymayıb.
− Axı bu, təkcə şəxsi iş deyil, professor. Bu, həm də ictimai məsələdir. Gərək institutun müdiriyyəti onu cəzasız buraxmayaydı – ona yaxşıca bir dərs verəydi. Bu, onun özünə də, başqalarına da ibrət olardı. Sabah o da, onun kimiləri də belə qələt eləməzdilər. Sözü demə, dedin sübut elə. Mən belə başa düşürəm, professor.
Nurəddin gəlib oturdu:
− Bu, çox mürəkkəb məsələdi, İltifat. Sən, görürəm, yaxşı oğlansan, ancaq təcrübən hələ azdı, bir çox şeyləri hələ bilmirsən. Daha doğrusu, bir tərəfini bilirsən, bir tərəfini yox. Salman sənin, mənim düşündüyüm kimi ağılsız adam deyil. Yerin altını da bilir, üstünü də. Yüz ölçməsə, bir biçmir. Deyirsən, niyə məhkəməyə vermədi Gülmirəni. Axı burda təkcə Gülmirə məsələsi deyil, bala. Bax, sən, Gülmirə, Gülalı əlyazmalarını oxuyub rəy yazmışdınız. Min faiz əmin idiniz ki, Salman oğrudu və buna məni də inandırmışdınız. Rəyə siz qol çəkmişdiniz, mənə də o özü lap axırda qol çəkdirdi – rəy də bu. Saat da ondadı. O, Gülmirəni məhkəməyə versəydi, deməli, bizim hamımızı da məhşər ayağına çəkməli idi. Deyəcəkdilər, yaxşı Gülmirə bizim adlı-sanlı professorumuza böhtan atıb – siz də onu müdafiə eləmisiniz. Demək, siz də böhtançısınız, böhtanın ayaq tutub yeriməsinə kömək eləmisiniz. Onda biz də cavab verməli olacaqdıq…
− Deməli, bu işi eləməməklə Salman bir güllə ilə iki dovşan vurub, hə?
− Bəli, bala. Məhz bir güllə ilə iki dovşan. O elə bir diplomatik xod eləyib ki, hələm-hələm adamın ağlına gəlməz. İndi Gülmirənin də onun yanında dili gödəkdi, sizin də. Qol çəkdiyimə görə elə mənim də…
− Belə de… Burasını mən heç fikirləşməmişdim, professor.
− Çox güman ki, o, bizim kimi belə primitiv düşünməyib. Ola bilər o daha dərin düşünüb – buna Salman qadirdi. Həmin rəyi Salman yəqin ki, qarovulda saxlayıb. Vaxtı gələndə... ortalığa çıxarda bilər.
− Mənə elə gəlir ki, o, bu məsələdən bərk yapışardı. Oğlunun ölümü başını qarışdırdı. Yoxsa Salman yıxdığının başını kəsməsə, ayağa duran adama oxşamır… Düz tapmısınız, Salman həyatda hamı ilə, hətta arvadı ilə də mürəkkəb kombinasiyalarla dolu şahmat oynayır. O Sakit də təxminən elə adamdır.
− Hə? – Nurəddin Sakitin adını eşidən kimi yerində dəbərişdi, qurcalandı – Mən onu yaxşı tanımıram. Kənardan fikir verirəm, sakit adama oxşayır.
− Yox, yox, professor. Onun buynuzları içəridədi, ürəyindədi. Deyirlər, boyu balaca adamın ürəyindən gündə üç dəfə allahlıq iddiası keçər – Mənə elə gəlir ki, gündə yox, saatda üç dəfə allahlıq iddiası keçir Sakitin ürəyindən. Özü barədə çox yüksək fikirdədi. Elə bil, alçaq dağları bu yaradıb. Dörd-beş dənə kitabçası çıxıb, heç bilmir neyləsin… Yazdıqları da bir şey olsa, adamı yandırmaz. Cəfəngiyyatdı hamısı.
− Elmi necədi onun?
− Sıfır. Alim deyil, boş yer tutur institutda. Hökumətdən ayda filan qədər pul alır, elmi iş görmək əvəzinə, oturub roman yazır. Nə vaxt gəlirsən, görürsən oturub elə hey yazır. İstəyirsiniz, bax elə bu saat duraq gedək şöbəyə, onun qabağındakı kağızları götürək, baxaq. Onların arasında bir səhifəlik elmi iş tapsanız, mən adımı dəyişərəm, Nurəddin müəllim. Bir sözlə, nə alim kimi alimdi, nə yazıçı kimi yazıçı. Ümumiyyətlə, heç ziyalı deyil Sakit!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yusifin ili çıxmışdı. Ehsanını da vermişdilər. Səbihə arvadla olan söhbətdən sonra Əfsanənin ürəyində, beynində bir qarışıqlıq, narahatlıq yaranmışdı. Ruhi, mənəvi sıxıntıların əzib-solğunlaşdırdığı, taleyinin həmişəlik qara dumanlara büründüyünü zənn edib düşkünləşən, həyatda hər şeyə qarşı marağını itirən gəlinin tutqun fikirlərinə qayınanasının o vaxtkı sözləri sanki nur səpələmişdi. Demək, hələ hər şey qurtarmamışdı. Bu fikir onun özünün kimsəsizliyi, gərəksizliyi haqqındakı düşüncələrinə son qoymuş və gəlində bir canlanma, dirçəliş əmələ gətirmişdi. Birdən-birə alovlanıb şahə qalxmış, sonra birdən-birə rəhmsizcəsinə üstünə su çilənib söndürülmüş duyğuları, o anlaşılmaz, şirin, əzablı duyğuları yenidən baş qaldırmışdı.Əfsanə indi vaxt-bivaxt Elməddin barədə düşünməyə başlamışdı. Aşkarda qayınanasının yanında o, Elməddinlə danışıb kəlmə kəsə bilmirdi, amma ürəyində həmişə onunla həsbi-halda idi. Elməddini görən kimi, lap qız vaxtlarında olduğu təki uçunur, özünü itirir, qızardığını hiss eləyirdi. Qeyri-iradi olaraq, ürəyi sevinc qarışıq bir qüssə ilə dolurdu. Elməddindən mehriban, xoş söz eşitmək istəsə də, o, daş kimi susurdu. Susmağı o yana qalsın, kirpik qaldırıb, ona baxmaq da istəmirdi. Dəftərxanaya gedir, evə qayıdır, Əfsanəyə isə məhəl qoymurdu. Elə bil o burada yox idi. Bu, Əfsanəni yamanca sıxırdı. Bəlkə o, qardaşının dul qalmış qadınına evlənməyəcəkdi. Beləcə qeyri-müəyyənlik içində günləri, həftələri, ayları yola salır, gələcək taleyini dumanlıqlar içində görə-görə yaşayırdı.
İkinci hissə, altıncı fəsilGünlərin birində, səhər yeməyini yeyib hərə öz işinin dalınca gedəndən sonra Nazənin doqqazda göründü. Qəm-qüssə əlində ürəyi sıxılıb havası çatışmayan, dərdləşmək, məsləhətləşmək üçün yanında canıyananı olmayan Əfsanə Nazənini görəndə anası gəlmiş körpə uşaq kimi sevindi. Kövrəlmiş Əfsanə Nazəninin qabağına qaçdı, qolunu boynuna salıb o üzündən-bu üzündən hərarətlə öpdü; səkidəki həsirin üstünə döşəkcə, mütəkkə atdı, əziz qonağı kimi əyləşdirdi. Əslində ona Nazənin anadan, bacıdan əskik deyildi. Nazənin bu yaşda cavanlar üçün az görünən mehribanlığı, istiqanlığı ilə Əfsanənin ürəyində yetimliyin yaratdığı boşluğu müəyyən dərəcədə doldurmuş, sınıq könlündə işıqlı bir inam doğurmuş və beləliklə onu həyata bağlamışdı.– Allah səni hayandan yetirdi, bacı? Yamanca darıxmışdım. Ürəyim hövl eləyib partlamaq istəyirdi.
İkinci hissə, yeddinci fəsilElməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.
İkinci hissə, səkkizinci fəsilHavanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:
Стихи других поэтов
Xəstə düşdüm, gələn yoxdur üstümə,Qərib öldüm, bikəs öldüm, yad öldüm,
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,