Страница 2 из 4 · 25%

O gecə çox şeydən danışdıq — kitablarında məni maraqlandıran suallarıma cavab aldım, sevindim, rahatlandım. Sonra o mənimlə maraqlandı:

– Yaxşı, sən cavan qızsan, necə olub bu şəkər xəstəliyi səni tutub, Sahibə xanım? — deyə soruşduqda:

– Mən bu xəstəliyə doqquz yaşında ikən mübtəla olmuşam, Sakit müəllim, — söylədim.

– Doqquz yaşında? — heyrətlə içini çəkdi.

– Bəli.

– Maraqlıdı. — O, fikrə getdi, siqaretini sümürdü. Qəribə idi, mənə nədənsə elə gəldi ki, o, mənə çox yaxın adam oldu birdən-birə məhrəmləşdi, sandım ki, məni çoxdan, lap çoxdan tanıyır, mən də gözümü açıb onu görmüşəm — dostuq, aramızda iyirmi beş-otuz il fərq olmasına baxmayaraq biz lap yaxın adamlarıq. Bir böyük kimi, əziz insan kimi ona hər şeyi, ən gizli sirləri də etibar edib danışmaq olar. Və mən heç özüm də bilmədim ki, nə vaxt öz dərdli həyatımı ona nağıl eləmişəm.

– Hər şey bankadan başladı, müəllim — dedim.

– Necə yəni bankadan?

– Mənim altı yaşım tamam olandan az sonra anam bu dünyadan köçdü. Evdə atam və özümdən on yaş böyük qardaşım qaldı. İlk aylar çox istədiyim anamın kürlüyünü elədim, ağladım, sıtqadım — ancaq anam qayıtmadı. Sən demə, bu yol elə bir yolmuş ki, gedən geri qayıtmırmış. Bu acı həqiqəti dərk eləyəndən sonra gözümü darvazadan çəkdim, o, vaxt hələ, anlamadığım tale deyilən şeylə barışıb oturdum. Ev işlərinin çoxu mənim boynuma düşdü. Qardaşım məktəbə gedirdi, atam neft mədənlərində işləyirdi. Səhər çıxıb axşam qayıdırdı.

Çay qoymaq, süfrə salıb yığışdırmaq, ev-eşiyi silib süpürmək... bütün bu işləri mən görürdüm. Onda evimiz Bilgəhdə idi

– ayrıca həyətimiz vardı. Atam boş vaxtlarında öz yeməyimiz üçün göy-göyərti əkərdi, balaca bağımızda əncirimiz, üzümümüz vardı. Dolanışığımız yaxşı idi.

Mən ikinci sinfə keçəndə atam bir gün axşam evə elə təxminən qardaşım boyda bir oğlanla qayıtdı — həyətin o başındakı balaca otağımızı ona verdi və bizə dedi:

– Bu oğlan — adı Mir Sahibdi — burda yaşayacaq, mənim şəyirdimdi.

Oğlan başıaşağı, utancaq bir oğlan idi — rayonlu balası idi. İmişlidən gəlmişdi. Səhər atamla bir gedər, axşam da bir yerdə qayıdardı. Atam nədənsə onu çox istəyirdi. Qardaşımdan heç ayırmazdı. Əvvəllər çay-çörəyini bizimlə birgə yeyərdi. Yatmağa isə öz hücrəsinə çəkilərdi.

Bir gün atam işdən həmişəkindən tez qayıtdı. Gözümə yorğun dəyirdi. Mir Sahib işdəydi, qardaşım məktəbdə. Kişi çox halsız idi. Dedi: «Qızım, mənə yer sal, xəstələnmişəm. Kürəyimə də banka qoy — kürəyim nə isə yamanca ağrıyır». Mən o deyən kimi elədim. Atamın çarpayısında yorğanını qaldırıb kürəyinə özü istəyən təki iki yarımkiloluq banka qoydum. Bir azdan bankaları çəkdim. Kişi yatmışdı. Heç xəbəri yox idi. Sən demə kişi elə banka altında keçinibmiş. Sən demə infarkt imiş. Həmin gün atamın öldüyünü biləndə qorxmuşam və elə o vaxtdan da o şəkər zəhrimar məni tutub. Bunu sonra həkimlər başa saldı.

– Ərə getmisən?

– Hə.

– Kimdi yoldaşın?

– Elə həmin oğlan, atamın şəyirdi. Kişi rəhmətə gedəndən az sonra qardaşım evləndi, mən yetimin müsibətli günləri başlandı. Gəlin əzazilin biri idi, hər gün bir şeyi bəhanə edib məni döyürdü, qardaşıma da məndən nə deyirdisə, o da döyürdü məni. Bir dəfə, axşam ər-arvad məni o ki, var kötəklədilər. Mən qışqıra-qışqıra həyətə qaçdım — bu zaman Mir Sahib harayıma çatdı və məni onların əlindən aldı, öz hücrəsinə gətirdi, ağzımın-burnumun qanını yuyub mənə təsəlli verdi və dedi:

– Bir də ora getmə, elə qal burda. — Başqa kimim-kimsəm, sığınacaq yerim olmadığından Mir Sahibin hücrəsinə sığındım. Burada cəmi bir çarpayı vardı. — Oğlan mənə verdi o çarpayını, özü isə döşəmənin üstündə yatırdı. Yeməyim, palpaltarım da ondan idi. Qardaşım bir-iki dəfə kişiləşib Mir Sahiblə dava da eləmişdi. Mir Sahib ona demişdi: — Sənin bacın, mənim bacım, — heç fərqi yoxdur, qoy qalsın burda. Gəlin o uşağı yola vermir, qoy qalsın.

Nə isə qardaşım dinib-danışmırdı.

Beləliklə, mən onuncu sinfi bitirənəcən Mir Sahibin yanında qaldım — həqiqətən mənə bacısı kimi baxdı. Tez-tez həkimə aparırdı, dava-dərman alırdı. Mən həyatımda hələ elə yaxşı adam görməmişəm, müəllim. Allah onun ömrünü uzun eləsin.

– Bəs nə cür oldu, evləndiniz? — deyə Sakit müəllim məndən soruşdu.

– On səkkiz yaşım tamam olan günü mənə təzə paltar aldı, bir dəstə qızıl gül gətirdi və utana-utana mənimlə ailə həyatı qurmaq istədiyini bildirdi. Əgər razısansa... mən səni məcbur eləmirəm. Mən bu təklifi qəbul elədim, — o isə yeni bir alicənablıq göstərdi. Fəhlə yoldaşlarını yığıb qardaşımın qapısına el adətincə elçi göndərdi. Nişanlandıq. On gün sonra toyumuz oldu. Sakit Aranlıya mənim bu söhbətim o qədər xoş gəldi ki, sevinc içində var-gəl eləməyə başladı.

– Halal olsun o oğlana, doğrudan yaxşı insan imiş, —dedi

– neçə uşağınız var?

Mən başımı aşağı saldım, bu mənim yaralı yerim idi və ömrümün ən böyük nisgili idi.

– Uşağımız yoxdur, müəllim. Olmayacaq da... şəkər... O, bu sualı verməyinə peşman oldu və mütəəssir halda:

– Bağışla, — dedi.

Mən onun pərtliyini aradan qaldırmaq üçün zarafata salıb söylədim:

– Mir Sahibə deyirəm neynirsən məni, boşa. Uşağım olmur, özüm də həftə səkkiz, mən doqquz—xəstəxanalardayam. Səkkiz ildir iş-ev-xəstəxana arasında həlak-büryansan. Boşa get, bir cavan qız al, oğul-uşaq sahibi ol. Deyir yox, nə danışırsan, Sahibə. Mən heylə vicdansızlıq eləyə bilmərəm.

Kişi elə mənim danışığımdan Mir Sahibə vurulmuşdu:

– Səndən xahiş edirəm, o, yanına gələndə məni tanış elə. Qəribə insandı.

– O da sizi çox istəyir, müəllim. Görməzə-bilməzə heyrandı sizə mənim kimi, heç bilirsiniz sizinlə tanış olmağa nə qədər sevinəcək?

Nə başını ağrıdım, ay bacı, bir də ayıldıq gördük səhərə az qalır. Xudahafizləşib gedib yatdıq — düzü mən heç çimir də eləyə bilmədim. O gecə elə xoşbəxt idim ki, heç olmayan kimi.

Ertəsi günü, axşamüstü, Mir Sahib yanıma gələndə onları tanış elədim. Sakitin ilk sözü bu oldu.

– Mən səninlə görüşməyimə çox şadam, qardaş. Xanımın mənə sənin haqqında çox danışıb — halal olsun sənə, eloğlu. Sən kitab qəhrəmanı olmağa layiqsən. — Söhbətləri tutdu, Gülü. Az bir müddət içində dostlaşdılar. Mən xəstəxanadan çıxandan sonra da Mir Sahib onun yanına gedib-gəlirdi. Bir-iki dəfə də mən getmişdim. O xəstəxanadan çıxandan sonra əlaqələrimiz kəsildi. Amma heç vaxt unuda bilmirik onu.

Bayaqdan Sahibənin vəcdlə söylədiklərinə qulaq asan Gülmirə birdən dikəlib:

– Dayan, dayan! — dedi. — O kitabı mənə görüm! — Və əl atıb Sakitin kitabını Sahibənin dizi üstdən götürdü və tələsik vərəqləməyə başladı. Heç nə demirdi, Sahibə də heç nə başa düşmürdü. Mat-mat rəfiqəsinin üzünə, hərəkətlərinə tamaşa eləyirdi. O isə, «bu dəqiqə» deyə-deyə kitabdan nə isə axtarırdı. Sahibə gördü ki, Gülmirə qalxıb oturub, kürəyi, çiyinləri açıqdı, sözsüz-sovsuz yorğanının bir ucunu çəkib onun ağ çiyninə örtdü və yavaşdan:

– Təzədən soyuqlayarsan, sən allah, özünü qoru! — dedi. Gülmirə sevinc içində:

– Aha, tapdım — dedi və şən-şən Sahibənin üzünə baxdı

– Yazıb. Sakit Aranlı sizin haqqınızda yazıb. — Sənin də, Mir Sahibin də.

– Elə şey olmaz, Gülü! Sən allah düz deyirsən?

– Vallah, bax, budur. Özü də gör nə qədər yazıb!

Sahibə bilmədi neyləsin — çarpayının qırağından qalxdı, təzədən oturdu. Solğun sifətinə indi qəribə bir qızartı çökmüşdü. İri gözlərindəki kədər silinib getmişdi, bütün vücudu sevinc selində üzən bir kiçik qayıq kimi yüngül idi, yüyənsiz idi.

– Aman allah, biz kimik ki, o, bizdən də yazıb.

– Oxuyuram, görürəm Sahibə, Mir Sahib... Amma heç ağlıma da gəlmirdi ki, bu, siz olarsız... Sən bayaq banka söhbətindən sonra nə isə tutuldun.. Məni fikir götürdü ki, bu qız niyə belə eləyir — gah deyir yaxşı bankə qoyuram, gah da deyir... yox... Şübhələndim... Sakitin kitabı yadıma düşdü... Ancaq uzatmadım...

Sahibə kitabı Gülmirənin əlindən almaq istədi:

– Aman allah, gör həyatda necə qəribə-qəribə işlər olur. Heç ağlıma da gəlməzdi ki. Ver, sən allah, ver oxuyum, görüm nə yazıb, Gülü!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, beşinci fəsil

Qoca Cəfər hər dəfə Gülmirə ilə üzbəüz gələndə onun sıxıldığını, yaraşıqlı, son illər kədərin daha da gözəlləşdirdiyi gözlərini baxışlarından qaçırdığını, danışanda başını aşağı saldığını çoxdan hiss eləmişdi. Lap o, «tarixi iclasdan» — şöbə iclasında Gülmirənin ağzından od saça-saça, boğazını qəhər boğa-boğa çıxış edərək professor Salman Qurbanzadəni «yıxıb sürüdüyü» gündən, Cəfərin Füzuli avtoqrafının taleyini açıb-ağartdığı vaxtdan sezmişdi. Ömründə çox adamlar görmüşdü, çox çətin sınaqlardan çıxmışdı. Cəfər haqsız, vicdansız insanlarla qarşılaşmışdı, Kominin, Maqadanın adamın iliyinə belə işləyən, hərəkətsiz dayanarsa qulağını, burnunu şüşəyə döndərən şaxtasının qılıncı altından sağ-salamat çıxıb gəlmişdi qoca Cəfər. Ancaq həyatın min bir sərt sınağı, heç nə və heç kim onun polad əqidəsini qıra bilməmişdi, xeyirxahlığa, təmizliyə, gözəlliyə olan inamını öldürə bilməmişdi. İlk gənclik illərində, təkatlı faytonla səfalı Mərdəkandan qaynar şəhər həyatına qədəm basdığı çağlarda necə saf, təmiz, mehriban və qürurlu idisə, başı üzərindən qırx ildən çox tufanlı, kəşməkəşli vaxt qanad açıb sürətlə uçaraq keçsə də, yenə eləcə idi. Anası onu şəhərə nə cür göndərmişdisə, indi də, qocalıb saçlarını ağartsa da, eləcə idi — ana uşağı idi sanki. Əlli il bundan qabaqkı kimi, indi də ağlabatmaz, onun təsəvvür dairəsini vurub dağıdan, yaxud ağlına sığışmayan şeylərə uşaq heyrətiylə baxar, qəribə bir şey eşidən kimi «Yox əşşi!» deyib təəccüblənər, əhvalatı təfərrüatı ilə öyrənəndən sonra «Vay sənin!» deyib duruxardı. Əvvəllər yoldaşlarına, düşdüyü məclislərdəki adamlara tez-tez məzəli lətifələr danışıb hamını ürəkdən güldürərdi, xarici yumor nümunələrini toplayıb tərcümə edərək müxtəlif qəzet və jurnallarda çap etdirərdi. İndiyə qədər əl-əl gəzən, vərəqləri oxunmaqdan, çevrilməkdən tökülən, insanlara gülüş və təbəssüm bəxş edən iki-üç kitab da nəşr etdirmişdi. Onun həyatına, güzəranına yaxından bələd olan adamlar təəccüb içində qalmışdılar: həyatı uğursuzluqlarla dolu, ağlı-qaralı günlər görmüş, şəxsi ömrünün kitabına çox az sevincli-gülüşlü anlar yazılmış Cəfər, bədbinliyə qapılmadan, ruhdan düşmədən insanlara gülüş bəxş etməkdən əvəzsiz zövq alırdı. Və bu ləzzət onun öz qəlbini də cavanlaşdırır, çiçəkləndirirdi.Lakin son illər belə şeylərə vaxt sərf eləməyə ürəyi gəlmirdi, bunları «xırda-xuruş» iş sayırdı. Bəlkə bu ondan irəli gəlirdi ki, ömrün qürub çağının yaxınlaşdığını hiss eləyirdi? Hər gün yox, hər saat, hər dəqiqə ona əvəzsiz bir xəzinə kimi görünürdü. «Ömür-gün keçib gedib, ay aman, mən dünyanın çoxunu zarafatla yola salmışam. Görməli, vacib, yadda qalan, yaşada bilən o qədər işlər var ki. Onları qabağa salmaq lazımdı, kişi!» — deyə öz-özünə, kənar bir adama öyüd-nəsihət verirmiş kimi, müraciət edirdi. Odur ki, gecəni gündüzə qatıb çalışırdı, dincliyi tutmayan, bir yerdə qərar tutub üç-dörd saat otura bilməyən bəzi cavanlar onun səbrinə heyran qalıb həsəd aparırdı. Yazıb pozurdu, özündən sonra xoş bir yadigar qoymaq istəyirdi. Əlyazmaları fondunda, Dövlət arxivində qədim cüngləri, bəyazları, topluları, arxiv materiallarını yorulmadan, bezib-usanmadan mütaliə edir, bununla da doymaq bilmir, iştirak etdiyi toylarda, yas məclislərində xanəndələri, mollaları, ağsaqqalları dindirir, şair, şer soraqlayırdı. Bu işi o hələ cavanlıq illərində — Darülmüəllimində oxuduğu zaman başlamışdı. Bakıda və onun ətrafında yaşayıb-yaradan şairlərin, el sənətkarlarının əsərlərini toplayırdı. Arada iyirmi iki il fasilə olmuşdu, ancaq o, bu niyyətindən dönməmişdi. Yığdığı əsərlər üç cild idi. Birinci cild — səksən səkkiz şairin əsərinin toplandığı bu cildi «Deyilən söz yadigardır» adı ilə çap etdirmişdi. Bu, onun həyatında duyduğu ən böyük sevinc idi. O tərəfdə — Maqadanda qırx yaşı tamam olan gün evlənəndə də, ilk övladı — Venera qızı dünyaya gələndə də belə sevinməmişdi. Bu sevincin böyüklüyü onda idi ki, az qala yaddan çıxıb gedən, ürək sözləri, şerləri az qala itib batmaq üzrə olan səksən səkkiz sənətkarı «diriltmişdi» «yaşatmışdı». Hərəsinin iki-üç, ən uzağı beş-on şeri qalmış bu şairləri çətin ki, axtarıb nəşr edən olacaqdı. Cəfərin özünün fikrincə, bu sevincin böyüklüyü bir də onunla bağlı idi ki, şerimizi tarixində ana dilimizdə yazılmış və bizə gəlib çatan yeganə şer təklikdən qurtarırdı. O, şeri Həsənoğlu Xorasan yaxınlığındakı Əsfəraində söyləmişdi. Cəfərin tapdığı şer isə Bakıda yazılmışdı

11 мин
İkinci hissə, altıncı fəsil

Cəfərlə söhbət eləyib ayrılandan sonra, Gülmirənin içi, bütün vücudu işıqla dolmuşdu elə bil. Ürəyindən dağ götürülmüşdü. Cəfərin alicənablığı, həssaslığı, dediyi müdrik sözlər ona qol-qanad vermişdi, düşüncəsinin düyün düşmüş kələfini açmışdı. Cəfər Gülmirə üçün sanki bir məktəb olmuşdu. O ağsaçlı kişidən zəhmətkeşlik, dözüm-dəyanət, təmizlik öyrənmək olardı. Tək bircə cəhətindən xoşlanmırdı Cəfərin. Onda pislikdən, pis adamdan küsmək xasiyyəti vardı — küsürdü, vəssalam. Halbuki pisliyə, pis adamlara qarşı mübarizə aparmaq lazım idi, barışmaz olmaq lazım idi. Görünür, qocanın həyat fəlsəfəsi belə idi, daha onu dəyişmək olmazdı: görünür, onun bu üsulu da, pisliklə, pis adamlarla mübarizə aparmağın bir yolu idi. Cəfər, məsələn, professor Salman Qurbanzadədən küsmüşdü. Salman daha ona pislik eləyə bilməzdi– ancaq başqalarına ki, pislik, yamanlıq eləməyə qadir idi. Cəfər bu üsulla ancaq özünü müdafiə mövqeyi tutmuş olurdu. Yox, bu yol düzgün deyildi. Gülmirənin fikrincə — Salmanlara, Dombagözlərə, lap Nurəddin kimilərə qarşı sərt olmaq lazımdı, onların mövqeyindən, qələmindən qorxmaq, geri çəkilmək, onların «yaxşılıq», «yaxşı olmaq» pərdəsi altında kimin və ya kimlərinsə haqqını tapdalamasına yol vermək qətiyyən olmaz, olmaz! «Ancaq mənim kimi də yox. Belə də mübarizə aparmaq olar? Başla, get, de, sonra da sözünü sübut eləyə bilmə, axırda da üzr istə!.. Bu da yaramaz Gülmirə!» — deyə o, atdığı o qətiyyətli addımlarda yenə haradasa səhv etdiyini etiraf etmək istəyirdisə də, qəribə idi ki, bundan da ehtiyatlanırdı. Bu döyüşdə — Salmanla olan döyüşdə o, sınıq çıxmışdı və ona görə əzab çəkirdi. Orxana inanmışdı. İnanmaya bilməzdi. Orxan onun üçün büt idi, yerdə allah idi. Heç ola bilməzdi ki, Orxan bu boyda səhv eləsin və çox sevdiyi Gülmirəni belə pis vəziyyətdə qoysun. Yox, burada başqa nə isə var idi; hələ Gülmirənin aça bilmədiyi, başa düşmədiyi nə isə var idi. Nə idi bu «nə isə»? Necə açmaq olardı bu müəmmanı, düyünü? Görünür, heç cür. Çünki Orxan yox idi, ondan heç nə soruşmaq, dəqiqləşdirmək mümkün deyildi. Salman gözübağlıca idi, nə idi ki, Orxanın Mirzə Yanarın əsəri kimi ona verdiyi qovluğu dəyişə biləydi?...

10 мин
İkinci hissə, yeddinci fəsil

Direktor öz əsil kabinetində oturmuşdu, katibəsi Şərqiyyəyə tapşırmışdı ki, heç kəsi içəri buraxmasın, işləyirəm. Amma düz demirdi — o, direktor olandan sonra nəinki burda, heç evdə də bircə cümlə də yaza bilməmişdi. Ürəyi yazmaq istəyirdi, ancaq fikrini cəmləşdirə bilmirdi. İnstitutun problemləri, qayğıları başını elə qatmışdı ki, gecələr yerində də rahat yatmaqdan məhrum olmuşdu. Əslində narahat olmalı, yuxunu ərşə çəkən heç nə yox idi. Nurəddin təbiətən narahat və bədgüman adam olduğundan, heç bir şeydən özü üçün «problem» yaradırdı, «qayğı» yaradırdı. İnstitutda laborantlardan başqa hamının fərdi planı vardı, mövzusu vardı. O gələnə qədər hər kəs — kim necə bacarırdısa, başını aşağı salıb öz işini yazır, müdafiə eləməyən əsərini bitirməyə, monoqrafiya yazan monoqrafiyasını tamamlayıb çapa verməyə çalışırdı. Onda heç bir qorxu yox idi. Lakin indi işləyənin də, işləməyinin də başının üstündən bir qəribə qorxu qılıncı asılmışdı. Bu qılıncın haçan, harada, kimi kəsəcəyi kimsəyə bəlli deyildi. Maraqlı idi ki, işləyən də, məhsulu olan da qorxurdu, işləməyən də, məhsulu — kitabı, məqaləsi olmayan da. Kənardan baxan soruşa bilərdi ki, daha işləyən, yazıb-yaradan niyə qorxmalıdı, nədən qorxmalıdı? Yox, təkcə bununla iş bitmirdi. Nurəddinin gözünə xoş görünüb görünməmək məsələsi burada mühüm cəhət idi. Doğrudur, o, hər iclasda, elmi şurada açıq deyirdi: «İşləməyən mənim gözümün düşmənidir!». Bəli, bunu o, açıq söyləyirdi. Ancaq «xoşum gəlməyən mənim gözümün düşmənidir!» fikrini aşkar bildirmirdi — yalnız bu düşüncə ilə hərəkət edirdi. Adamlar, institut əməkdaşları isə bunu aydın görür və başa düşürdü. Hamının başı üzərində asılan o qorxu qılıncını hərəkətə gətirən Nurəddinin subyektiv mülahizələri idi. Məhz buna görə işləyən də, işləməyən də qorxu içində idarəyə gəlib gedirdi.Nurəddin özü bu barədə düşünmürdü, bunu «yenilik», «işləmək» kimi anlayıb qələmə verirdi. Lakin kollektiv bu cür idarəetmənin fəna nəticələri barədə ciddi narahat idi. Nurəddin gələndən idarəni bu və ya başqa adla tərk edib gedənlərin sayı getdikcə çoxalırdı. Özü də o alimlər getmişdi, yaxud işdən uzaqlaşdırılmışdı ki, institutun aparıcı, nüfuzlu adamları idi, hamı onları ciddi, məhsuldar, savadlı alim kimi tanıyırdı. Bunların elə vaxtı idi ki, artıq uşaqlarını böyütmüş, ev-eşik sahibi eləmiş, elmə, yazıb-yaratmağa mane olan məişət qayğılarından tamam azad olmuşdular. Vaxtlarını yeyib-içməkdə, gəzməkdə, qonaqlıqlarda keçirən çağları da çoxdan keçib getmişdi. İndi yalnız bircə işləmək, yazıb-yaratmaq qalmışdı onlara. Yalan olmasın, hərəsinin başı bir dolu kitabxana idi. Nə soruşsaydı cavanlar, yeriylə, yatağıyla, nadir və qədim kitabların şifrinəcən, hətta bəzən səhifəsinəcən deyirdilər. Onların adicə institut kollektivinin arasında olması cavanlar üçün nümunə məktəbi idi. Ancaq Nurəddin iş başına keçən kimi, birinci onlardan başladı. «Təqaüd vaxtınız çatıb, ərizə verin, gedin!» — söylədi. Ən müdrik çağlarını yaşayanlardan professor Səlim Səlimzadə, Şamil Nəsirzadə, — bu təmiz və ziyalı adamlar bu adla institutdan uzaqlaşdırılmışdı. Professor Namiq Kamal, kiçik bir şeyin üstündə yazılı töhmət aldığı üçün, elmlər namizədi Abbas Quluzadə «Mən sözün düzünü adamın düz gözünün içinə deyənəm, bununla isə — Nurəddinlə bir yerdə oxumuşam, yaxşı tanıyıram — mənim kimilərdən əsla xoşu gəlmir!» — deyərək institutdan «könüllü surətdə» çıxıb getmişdi.

14 мин
İkinci hissə, səkkizinci fəsil

Yüngül dəniz küləyi əsirdi. Suları qırçın-qırçın sahilə çırpıb sındırırdı. Sahildən xeyli aralı iki gəmi lövbər salıb dayanmışdı. O tərəfdə, gündoğan səmtdə dənizin içinə doğru taxta qol kimi uzanan körpünün kəlləsində «Sadko» kafesinin pəncərələrinin şüşələri, qüruba enən günəşin şüaları altında şəfəqlənirdi.Dəniz qırağında adam seyrək idi. Sakit əllərini paltosunun cibinə qoyub lap sahildə, daş məhəccərin yanında dayanmışdı, ora-bura uçuşan ağ qağayılara tamaşa eləyirdi. Yorğun gözlərini dənizin maviliyi oxşayıb dincəldirdi. Bütün günü işləmişdi, başı dumanlı idi elə bil. Barmaqları qələm tutmaqdan keyimişdi, kötüyə dönmüşdü. Son vaxtlar çox ciddi işləyirdi. Düşündüyü roman gecə-gündüz ona rahatlıq vermirdi. Yazdığı adamlar yanındaydı, talelər gözünün qabağındaydı, heç nəyi quraşdırmaq, düzüb qoşmaq lazım deyil. Hadisələr elə sürətlə inkişaf edirdi ki, Sakit yazıb çatdıra bilmirdi. Qəribə idi ki, Nurəddinin hərəkətlərinin kollektivdə doğurduğu qəzəb artdıqca Sakitdə də ona qarşı anlaşılmaz bir kin əmələ gəlirdi. Nurəddin Sakitə şəxsən heç nə eləməmişdi — ancaq Sakit hiss edir və görürdü ki, o, institutu idarə etməyə layiq adam deyil; o, alimləri — bu «qələm fəhlələrini» həvəsləndirmək, qanadlandırmaq əvəzinə, qamçılayır» ruhdan salır, qol-qanadını sındırır, əsəbi və gərgin şərait yaradır və ən dəhşətlisi bu idi ki, o, bunu işləmək və tələbkarlıq sayırdı. Alim zəkası, alim beyni — məmləkətin qızılından da, neftindən də, yeraltı-yerüstü xəzinələrinin hamısından qiymətlidir və üstəlik də çox zərifdir. Ona qayğı ilə, həssaslıqla yanaşmaq lazımdır. O, ağıllı adamın əlində dürr-gövhər saça bilər. Nadanın əlinə düşsə, qəzəb və nifrət püskürə bilər. Nurəddin kimi üzdəniraq «rəhbərlərin» kobudluğu, özbaşınalığı alim beyninin düşünmə düzümünü, saf niyyətini pozub qaralda bilər, inamını öldürə bilər. Ona görə Nurəddinləri — tək-tük olsalar da — ifşa etmək, başa salmaq, bu yanlış və əyri yoldan döndərmək hamının, birinci növbədə qələm sahiblərinin borcu olmalıdır. Belə adamları ictimaiyyətə tanıtmaq vacibdir ki, gələcəkdə vəzifə başına qoyanda səhv etməsinlər və özləri isə öz əməllərinə baxıb utansınlar.

20 мин

Стихи других поэтов